525.Az

İldırım - Azərbaycan İstiqlal mücadiləsindən bir epizod


 

İldırım - <b style="color:red">Azərbaycan İstiqlal mücadiləsindən bir epizod</b>

Neçə min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini yaratmış, qısa müddətdə olsa da şərəflə yaşatmış və dünyaya tanıtmış istiqlal mücahidlərimiz məcburi fasilə dövründə mühacirətdə nələr yazmış, nə düşünmüş, bizlərə nəyi vəsiyyət etmişlər - oxuyaq, düşünək, onlarla və bu günümüzlə fəxr edək!

(Əvvəli ötən şənbə sayımızda)

İldırım

AZƏRBAYCAN İSTİQLAL MÜCADİLƏSİNDƏN BİR EPİZOD

- 6 -

Yusif Camal Bəyin qətlinə müsadif bir zamanda, Rusya, Lənkəran üsyanlarına qarşı külliyətli bir ordu sövq etmişdi. Eyni zamanda Lənkəran şəhəri qarşısında duran 4 hərb səfinəsi (gəmisi) Lənkəran ətrafına xüsusən Lənkəranı bürüyən orman və dağlara yağmur kibi top mərmisi yağdırıyordu. Hərb təyarələri Lənkəran və həvalisi üzərindəki ormanlar üstündə uçaraq atəş yağdırıyorlardı. Dağlara çəkilmiş olan İldırım və digər asi müfrəzələr ümumi komandanlıqlarından böylə bir əmr almışlardı:

"Milli qiyam və mücadiləyi yatırmaq üçün Qırmızı Rusya vətənimizə,mücahidlərimizə qarşı külli əskər qüvvəti sövq etmiş olduğundan bütün üsyan müfrəzələrinə dağlara çəkilmələri və keçidlərdə səngər tutaraq gizlənmələri və Qızıl Orduya içərilərə keçmək üçün yol vermələri əmr olunuyor. Rus ordusunun keçidlərdən tamamilə içərilərə keçdigindən sonra, yolları tutmaq və mühasirə halında qalan rus qitələrini o zaman məhv və tələf etmək lazımdır. Milli mücadiləmizin müvəffəqiyəti və vətənimizin müqəddəs hürriyəti naminə komandanlığın verdigi bu əmrə olduğu kibi riayət və əməl etmək hər bir çətə rəisinin vəzifəsidir".

Rus ordusu müvəffəqiyətlə ilərliyor, tarixi həyatında müharibəsiz təslimin nə olduğunu bilməyən Lənkəran Talış mahalı yer yer təslim oluyordu.

Şimdi artıq köylərdən, obalardan çıxaraq ruslar ormanlara və dağlara keçiyorlardı. Fəqət intizar etdikləri müavimətə hala şahid olamıyorlardı.

Derkən ruslar arxadan atəş və tüfəng səsləri eşitdilər. Döndülər, top gülləsi yağdırmağa başladılar, fəqət kimsə yoxdu. Halbuki arxadan gələn atəş davam ediyor və bir-birinin arxasınca rus saldatları yerə səriliyordu.

Rus əskəri ilərlədikcə parçalanmış, dərələrdə, keçidlərdə bir-birindən aralanmışdı. Onları hər tərəfdən ormanlar, buludlar və qarlı dağlar əhatə ediyordu. Rus ordusu pusquya düşmüşdü. Ricat əmrini alaraq geri dönən saldatlar 2 tərəfdən atəşə məruz qalınca böyük şaşqınlıqla intizam və disiplini qeyb edərək qaçışıyorlardı.

Axşam oluyordu. Dağlardakı duman qalınlaşıyor, ağırlaşıyor, ağırlaşdıqca aşağı enərək dərələri, ormanları hətta obaları bürüyordu. Qarşısındakı düşməni görməyən rus saldatı tut kimi tökülürdü. Həyəcan və başsızlıq hər tərəfi bürümüşdü. Kecə yarı idi. Göy yenə gurluyor, dağlar yenə titriyor, ildırım yenə çaxıyordu.

Böyük rus ordusundan sabaha qədər çox az adam canını qurtarmış, Lənkərana yetişə bilmişdi. Asilər isə dağlardan çıxıyor, böyük bir müvəffəqiyətlə Lənkərana yaxınlaşıyorlardı. Mücadilə, müdafiə vəziyətindən çıxaraq təərrüz hökmünü almış idi. Hücum edən qiyamçılar, qaçanlar isə ruslar idi.

Bu zamanda idi ki İldırım igid atlıları ilə birlikdə Lənkərandan çox uzaq olan "K"yı mühasirə etmiş və oradakı rus qitəyi-əskəriyəsinin təslimini tələb ediyordu. O, ailəsinin burada olduğunu "K" kəndindən çəkilərkən əsir götürdüyü bir Malakandan öyrənmişdi. "K"dakı rus əskəri qitəsinin komandanı İldırıma böylə bir cavab göndərmişdi:

"Qırmızı Ordu Moskvadan buraya qədər kəsə, qıra gəlmiş çıxmışdır. Onun heç bir yerdə düşmənə təslim olduğu görülməmişdir. Sizin təklifinizə ancaq top və tüfənglə cavab verə biliriz. Onu da bilməlisiniz ki, ağır vəziyətdə olduğumuzu etiraf edəcək degiliz. Biz doğrudan da Rusiyanın dirilməsi yolunda məhv olan rus saldatlarının sırasına qeyd olmaq ehtimalından uzaq degiliz. Fəqət bunu bilməlisiniz ki, biz sizin ailənizə çocuqlarınıza varıncaya qədər məhv etdikdən sonra məhv olacağız. Və bizdən sonra ən yaxın günlərdə gəlib yetişəgəginə şübhəmiz olmayan yeni rus ordusu sizdən olmasa da sizin qardaşlarınızdan qanlı bir intiqam alacaqdır. Əgər bu qətliamların olmamasını istərsəniz, İldırım bila-qeydü şərt bizə təslim olmalı, ta ki biz də müqabilində onun ailəsini sizə təslim edəlim".

Aydəmir düşündü.

Xayır, bu sadə bir qorxutmadır.  Onlar heç bir zamanda günahsız yavruları məhv edəməzlər. Hərb və hücum vəssəlam. İştə yeganə çarəyi-nicat budur - dedi və bu xüsusda əmr verdi.

Hər bir tərəfdən "K"ya hücum başladı. Ruslar kəndilərini müdafiə ediyorlardı. Ətrafda ara-sıra yanğınlar çıxıyor, atəş yavaş-yavaş qonşu evlərə yayılıyordu.

İldırımçılar "K"nın yarısını zəbt etməyə müvəffəq olmuşlardı. Ruslar "K"da mühüm bir təpədən başqa ricət edəcək bir yerə malik degildilər. Matvey, bir cəsus sifətilə "K"da Qırmızı Ordu içərisində bulunuyordu. O, an - qəsdin (işə başlayanda) İldırım müfrəzəsinə əsir düşmüş və kəndisini Aydəmirə yetirəcək xəbər vermişdi ki:

- Ailənizin, çocuqlara varıncaya qədər məhv edilməsi xüsusundakı əmri kəndim oxudum. Qırmızılar kəndiləri məhv olmaqdan əvvəl bu zalımanə fikirlərini icra etmək əzmində idilər.

Aydəmir durdu. Müfrəzə qalib ikən birdən əmr aldı:

- Təərrüz mövquf, müdafiə vəziyəti alınız.

Hərb durdu. Matvey sordu ki

- Nə yapmaq fikrindəsən?

- Təslim olmaq.

- Nə üçün?!

Günahsızları xilas etmək üçün.

- Bənim fikrim başqadır.

- Nasıl?

- Məsələyi mənə buraxınız.

- Pəki, buraxdım... İstədiyini yapa bilirsən. 

- 7 - 

Matvey, yenə ruslar içərisinə keçmiş məsul bir vəzifə tutuyordu. O, İldırımlara bir müddət əsir düşüb etibar qazanmış olduğunu və onları tamamilə tanıdığını gizləmişdi.  Rus olduğuna görə kəndisinə etibar edilmiş, ona məsul bir vəzifə dəxi verilmişdi. Fürsət gəldikcə o İldırımla daima görüşüyor və məşvərətdə bulunuyordu.

Şimdi o, komunistlərə söylüyordu ki qərarınızı İldırıma bildirin. İldırım pək rəqiq (həssas) qəlbli bir adamdır. O, sizin bu işi görəcəginizə inanmıyor. Fəqət bunun həqiqət olduğuna qənaət gətirirsə duramaz, gəlir və təslim olur.

Qırmızılar böylə də etdilər. Matveydən sonra bu xəbərin həqiqəti digər vasitə ilə də İldırıma yetişmiş idi. O, artıq buna inanıyordu.

Köyün hər tərəfində bu cinayətkar qərardan bəhs olunuyordu. İxtiyar bir Malakan "K" inqilab komitəsi rəisi idi. Fəqət o əqidəcə komunist degil, yalnız köylərinin mənafeini gözləmək üçün bu vəzifənin uzaqdan gəlmələr əlinə düşməsinə razı olmamışdı. Bir axşam idi, Qırmızı Ordu komandanı onu çağırdı. Kəndisinə dedi ki:

- Yarın ertə İldırımın ailəsini çıxarıb təpə başında qətl etdirəcək. Qətldən əvvəl isə bütün əhali bu xüsusda ixbar olunub tamaşaya çağrılacaq.

İxtiyar Malakan şaşaladı:

- Ailəsinimi?! - dedi.

- Əvət, İldırımın ailəsini!...

- Demək yalnız qarısını?...

- Xayır, bütün ailəsini.

- Çocuqlarınımı da?

- Əvət, əvət... Kiçik oğluna varlncaya qədər - həpsini!..

- Fəqət çocuqlar ki günahsızdır...

- Sən inqilab ordusunun əmrini icra etməlisən. Böyüdükcə başımıza müdhiş bir İldırım olacaqlarında şübhə olmayan çocuqlara rəhm etmək bir rus inqilabçısına yaqışırmı?

İxtiyar Malakan dışarı çıxdı. Gözləri yaşla dolu idi. Dərdini lehli bir (polyaka) zabitə açdı. Zabit qızdı:

- Böylə iş olmaz. Bən buna qətiyən inanmam. Biz müharibə ediyoruz. Qarşımızda müəyyən siyasi və milli məqsədlərə malik bir millətin asi mücahidləri duruyor. Onların əlində olan Malakan rus köylərində qadın və çocuqlara əl dəyilmədiyi kibi, biz də beynəlmiləl ədalət qanunlarına riayət etməliyiz. Xüsusən günahsız çocuqların qətlinə heç bir səbəb və ehtiyac yoxdur.

Zabit bu sözündən sonra komandanlığa getdi və bu qərara etiraz edərək çocuk və qadınların qətlindən vaz keçilməsini, ədalət və müsavat dünyası qurmaq istəyən firqə naminə tələb etdi. Komandanlıq Lehli zabit ilə ixtiyar Malakanı dərhal həbs və edam etdirdikdən sonra vəzifənin ifasını başqa rusa həvalə etdi.

***

Sabah olmuşdu. Hərb durmuşdu. "K"nın yüksək bir təpə təşkil edən və hər yerdən görünən meydançasına xalq dolmaqda və qrupqrup olaraq, şiddətli və əsəbi surətdə bugünki qətl vaqeəsi üzərinə söyləşməkdə idi. Bəzisi bu qərarı bir nümayiş adı ilə İldırımı təslimə məcbur edəcək bir vasitə kibi tələqqi ediyor, komunistlərin günahsız yavruları qətl etmiyəcəklərini təxmin ediyor, buna digərlərini də inandırmaq istiyordu. Fəqət öylələri vardı ki bu əməliyənin yapılmasını lazım biliyor və yapılacağına inanıyordu.

"İştə gəliyorlar!..." Bu şayiə ildırım sürətilə yayıldı. Xalq üzərinə dərin bir sükut çökdü. Zehinlər durdu. Məğzlər (beyinlər) döndü. Qəlblərə təvəqqüf (dayanma) gəldi. Hər kəsi bəht (narahatlıq) aldı. Həqiqətən də gəliyorlardı. 10 saldat onları əhatə etmiş gətiriyordu. Çarşafına bürünmüş olan qadının zəyif və solğun üzü, ala və məhzun gözləri, alnına dağılmış siyah pərişan saçları ürəkləri oxluyordu. O dinmiyor, gəliyordu. Kiçik oğlunu, zəif və xəstə olduğu üçün anası qucağına almış, o da zəif başını qadının omuzuna dayayaraq məlul və məhzun bir halda saldatlara və əhaliyə baxıyordu. Kiçik bir yaşmaqla başlarını və omuzlarını gizləyən qızlardan birini anası əlindən tutmuş və digəri də qadının o biri tərəfində anasının örtüsündən sıxıca tutaraq iləriyor, ətrafına degil, gah anasına, gah da qardaşına baxıyordu. Qızlar məlul və məhzun sifətlərilə, rast və mütənasib qamətlərilə analarının birər qopyası idi. Onları meydanın ortasına gətirdilər. Malakanlardan biri əyilib yoldaşının qulağına dedi ki:

- Keçərkən çocuqla qadının söhbətini eşitdinmi?

- Xayır, nə diyorlardı?

- Çocuq diyordu hanıya sən diyordun ki babam gəlmiş bizi xilas edəcək. Yenə dağlara getdimi?

Qadın dedi ki: Xayır oğlum atan buradadır. İndi gələcək bizi xilas edəcək. Çocuq yenə sordu: hanıya, bunlar bizi öldürüyorlar. Qadın cavab verdi: kafirin gülləsi adamı öldürməz.

Derkən, böyük bir həyəcan başladı.

- İldırım gəliyor, İldırım təslim olmaq istiyor... dedilər. Qoca bir Malakan türkcə olaraq söylədi ki:

- Şükür sənə Allah. Günahsızlar xilas oldu!

Hər kəsin baxışında bir şadlıq və məmnuniyət görünüyordu. Bu məmnuniyət 2 cəhətdən idi. Bir qisim əhali diyordu ki:

- İyi oldu ki təslim oldu. Kəndini fəda etməklə günahsızları qurtardı.

Digər qismi isə:

- İyi oldu ki gəldi, şimdi Sovet hökuməti təhlükə təşkil edən bir ailəyi bütün əfradı ilə ortadan qaldırmağa müvəffəq olacaq deyə fərəhləniyordu. Hər nədənsə sevinc ümumi idi. 

- 8 - 

Filhəqiqə meydanda İldırım, mücahidləri qiyafəsində, o qəddü-qmətdə tənumənd (cüssəli) bir mücahid göründü. O, xəlqi yara-yara iləriləmiş iri yapılı gəlmişdi. Fəqət nə qadın, nə də çocuqlar iləriləyib boynuna sarılmamışlardı, mat və məbhut durmuşlardı. Halbuki, əhali, hətta qızıl saldatlar bunu bəkliyordular. O, qətli icra edəcək komisara müraciətlə dedi ki:

- Biz hərbi onun üçün durdurduq ki, siz günahsızları qətl etmiyəsiniz, bən də onun üçün təslim oldum ki, onları xilas edəsiniz!...

Komisar saldatlara bir şeylər söylədi və sonra onun yeganə silahı olan "mavzeri"ni alaraq:

- Siz kimsiniz, deyə sordu.

- Bən İldırım deyə tanınan Aydəmirəm!

Komisar Aydəmirin qadınına döndü:

- Bu sizin qocanızmıdır, dedi. Qadın:

- Əvət, deyə cavab verdi.

Komisar bununla da iqtifa etmədi. Matveyi çağırdı və mücahidi göstərərək.

Bu, doğrudanmı İldırımmıdır, deyə sordu.

Əvət, kəndisidir.

Onu ərkani-hərb dairəsinə götürdülər. Ordu komandanına təslim etdilər. Komandan müraciətini və səbəbi təslimini dinlədikdən sonra:

- Mücahidlərin silah altında durduqca nə sənə nə də ailənə nicat yoxdur, deyə elan etdi.

Şimdi bir əmr yazarsınız onlar da silahlarını verir tamamilə təslim olurlarsa, o zaman biz də sizin ailəyi buraxırız.

Fəqət bu təklifi-malə-yutaqdır. Bən onlara, bənim ailəm üçün məhv olunuz deyəməm ki!... Xüsusi işlərim üçün bən yalnız kəndimi qurban edə bilərdim. Onu da yapdım. Qalib bir mücahid ordusu müzəffər ikən təslim olmağı nasıl qəbul edər?

Öylə isə siz də ailənizlə bərabər qətl ediləcəksiniz.

Hanıya sizin vədiniz...

- Biz ancaq dostlarımıza verdiyimiz vədləri icra edəriz. Siz bizim dostumuz degilsiniz ki, düşmənimizsiniz!..

Mücahid bir az düşündü, sonra:

Çox gözəl bən yazaram, yalnız qəbul və icra edilib edilməyəcəyinə əmin deyiləm.

O zaman xilas olub olmayacağınıza da əmin olamazsınız.

Mücahid bir məktub yazdı və təklifləri anlatdı. Bir saat sonra cavab olaraq İldırımçıların şiddətli bir surətdə hücuma keçdikləri göründü.

Mücahid qapalı bir evdə saxlanıyordu.

Bir hücumda qiyamçılar təpəyə yetişdilər. Fəqət öylə bir vaxtda yetişdilər ki, qadın ölmüş, qızların biri parçalanmış, digəri də çocuqla bərabər ağır surətdə yaralı olduğu halda analarını qucaqlamış, inildiyordu.

Xalq çoxdan dağılmışdı. Rus qitəsi tamamilə məhv edilmişdi. Komisar ilə komandan son dəqiqədə mücahidin qapalı olduğu odaya gəldilər və onu qətl etdikdən sonra intiharı qərarlaşdırmışlardı. Fəqət mücahid saxlandığı odada yox idi. Onlar heyrətlə yekdigərinə baxdıqdan sonra "revorver"lərini çıxararaq qafalarına dayadılar və eyni zamanda iki qurşun səsi odayı titrətdi, tüstüsü ilə barıt qoxusu, ortalığı doldurdu. Bir az sonra qərargaha girən mücahidlərin başında İldırım kəndisi duruyordu.

Bu, həmən o mücahidmi idi? Əgər o idiysə hansı yol və hansı vasitə ilə xilas oldu? Yoxsa o mücahid cümləyə məchul olan İldırımı təbdil ediyordu? Qəziyyə böylə olsa dəxi kəndisi nə oldu? Bu suallara hala kimsə cavab verəməmişdir. İldırımçılar qənimətlərini aldılar, ölənlərini və yaralılarını götürdülər. Təkrar çəkildilər. Dağlara getdilər. Onlar böylə yapmaq məcburiyətində idilər. Çünki bu zaman Lənkərana, gərək dənizdən və gərəksə qaradan imdad qüvvəsi gəldiyi xəbəri alınmışdı. Ümumi əmr üzərinə üsyan müfrəzələri yenə dağlara çəkiliyor, buludlu yuvalarını təhkimə başlıyorlardı.

Dağdakı "İldırım Qalası"nda Aydəmir kiçik qızı ilə oğlunu tədavi etdirməkdə idi. Təmiz və saf dağ havası onların sağalmalarına çox yardım ediyordu. "İldırım Qala" qarşısında Aydəmir sevgili zövcəsilə cigər parəsi qızı üçün məzar yapdırmış və bu bir ziyarətgah halına gəlmişdi.

Aydəmir, övladını öylə böyütmək fikri ilə bəsliyordu ki nəticədə onu təbdil etsin və bu dağlar durdukca onun ismini yaşatsın. Azərbaycanda rus hakimiyyəti davam etdikcə bu dağlardan kəndilərinə ildırımlar yağdırmaqdan çəkinməsinlər. 

- 9 - 

Nəhayət Rusya Lənkəran qəzası ilə Muğanı daimi surətdə idarəyi-örfiye (bilavasitə idarə) elan etmək və burada qüvvətli qitəatı-əskəriyə ilə bəhriyə bulundurmaq məcburiyətini hiss etmişdi. Digər tərəfdən əskəri imdad alamayan və mal yardımından məhrum qalan asilər, hücumdan əl çəkərək, dağlara çəkilmiş, gizlənmişlərdi. Ortalığa sükut gəlmişdi.

Məəmafih İldırım və onun ilqa (təsir) eylədigi dəhşət, ora əhalisinin ağlından bir türlü çıxmıyordu. Hər dəfə dağları duman bürüdükdə, göy gurulduyub ildırımlar parladıqda xalqın mühayyiləsində (diqqətində) dərhal İldırım Aydəmir uyanıyor, onun hücum edəcəgi gözləniyordu.

Doğrudan da bu kibi təbii hadisələr zühurunda daima onun əlaməti görnüyor bir rus qitaəsi, bir rus köyü mütləqa basılıyordu. Kim bilir bəlkə bunların həpsini o yapamıyordu. Fəqət xalqın bunu təfriq ilə işi yoxdu. O, bunu yalnız ondan görürdü. Xalq diyordu ki: Dağlarımızda daima duman, ildırım və yağmur var. Binaənileyh orada daima üsyankar İldırım yaşamaqdadır. O hala səlamətdədir. Fəqət o, ölsə belə, kəndisini oğlu təbdil edəcəkdir. Şu surətlə təbii ildırım dağlarda olduqca üsyankar İldırım da yaşayacaq. Göy kişnəyib bulud ağlamaqda davam etdikcə, İldırım dəxi gurlayıb qəsib ruslar üzərinə atəşlər yağdırmasında davam edəcəkdir. Bu mübarizə bəlkə də pək uzun sürəcək. İnsanın təbiətlə mübarizəsi kibi daimi olacaqdır. Topraq və qarlı dağlar ildırımla mübarizə etməkdə aciz olduqları kibi, ruslar da üsyankar İldırıma təslim olmadıqca o susmayacaq, atəşlər yağdırmaqdan bir an təğafül etməyəcək. Çünki o haqdır. O təhəkküm (hakim olma) və təğəllübə (zorakılığa) qarşı çıxıyor, çünki o, milli hürriyət və istiqlal üçün qan axıtıyor.

Göy kişnər, onu mütəaqib daima bulud ağlar. Bu göz yaşları insanların rifah və səadətini təmin edər, bir bolluq və məhsul gətirir. Dağlar, dərələr, yaşıllaşır, bağlar, ormanlar yapraqlanıyor, çiçəklənir, təbiət bir bahar içərisində gülər, sevinir. Üsyankar İldırımın gurultusu da öylədir. O guruldar, parlar, atəş və qığılcım yağdırır və nəticədə qan yağmuru sellər vücuda gətirir. Hürriyət bağları canlanır, istiqlal və milli hakimiyət məhsulları bitirməklə bir millətin səadət və tərəqqisini təmin edər.

Dağlar durduqca ildırım da duracaq və insan onu kəndinə tabe etmədigi kibi, buzlu şimalın tamahkar ayıları da oraya dırmaşmayacaq, üsyankar İldırımı kəndilərinə təslim edəmiyəcəklərdir.

Xalq buna inanıyor, millət buna etiqad ediyordu.

Doğrudan da ruslar aldıqları acı zərbələrdən sonra bir daha dağlara getmiyor, obalarda və muzareə müsaid sahillərdə dolaşıb duruyorlar, buralarda yaşıyorlardı.

Son. 

M. Mirzə Bala
Ənzəli
8-9 Mayıs 1924

"Yeni Qafqasya"
28 Mayıs, 15 Həziran (iyun),
1 Temmus (iyul)1924, №№17, 18, 19 

BUGÜNKÜ BAKI 

I 

Bu gün, başlıca olaraq, 3 növi və ya 3 Bakı vardır: AzNeft Bakısı, Baksovet Bakısı, Azərbaycan Bakısı... Bu, zahiri mənada, həyat və məişətə görə... Həqiqətdə isə yalnız bir Bakı vardır: Moskva Bakısı!... Rusya, Rus Bakısı! Əsir və məhkum Bakı!

Əvət, yalnız bir Bakı vardır ki bu da bilavasitə Moskvaya mərbutdur, Moskvadan əmir alır. Moskva qarşısında məsuldur. Moskvaya izahat və məruzələr verməkdədir, Gəncənin, Şirvanın, Naxçıvanın, hətta "Qarabağ Muxtariyyətinin" büdcələri Azərbaycan icraiyəsinə gedərkən zahiri də olsa Gəncə, Qarabağ, Naxçıvan Azərbaycana tabe ikən, Bakının büdcəsi Tiflisdə degil, Azərbaycan mərkəzi icraiyəsində də degil, bilavasitə Moskvada, SSR Komisarlar Şurasında müzakirə və təsvib edilməkdədir.

Bakı mətbuatını təqib edənlər görürlər. Bakı Sovetinin büdcəsini təsvib edən baş müəssisə nə Azərbaycan Komisarları Şurası, nə Azərbaycan Mərkəzi İcra Heyəti, nə Azərbaycan qurultayı, nihayət nə də Mavərayi Qafqasya Mərkəzi İcra Heyəti ilə Komisarlar Şurası degil, doğrudan doğruya Moskvadır.

Demək bir Bakı vardır. O da feilən Moskva Bakısıdır, Rusya Bakısıdır: Azəri, Qafqas Bakısı degil, rus əsarətində inləyən məhkum Bakıdır. Onun müqəddəratı Moskvanın əlindədir. Onun sərvəti və idarəsi Moskvaya aiddir. Onun büdcəsini Moskva təyin qılmaqdadır. Fəqət yalnız bu qədərmidir? Bakı ətrafında mədən dairələrində, Abşeron yarımadasında, Türk köyləri önündə rus köyləri salınmaqdadır. Bu köyləri təqib ediniz! Montin qəsəbəsi, Stanka Razin qəsəbəsi, 26-lar, Lenin, Oşamov, Şaumyan ilx.

Bakı cəddələrinə diqqət edilsin: Trotski cəddəsi, Zinovyev cəddəsi, Şaumyan, Trotski, Buxarin, Karganov, Vorovski və sairə isimləri gözə çarpar.

Moskvanı Bakıda təmsil edən 2 müəssisə vardır: Azərbaycan Neft Komitəsi (AzNeft) və Bakı Soveti (Baksovet) ki birincinin rəisi Serebrovski (Aleksandır Pavloviç), ikincinin də Konuşkindir.

Bunlar bəlli. Bunları təkrar etmək məlumu elan etmək olur. Ən maraqlısı Bakının həyatıdır. Bakıya girincə, insan 3 müstəqil Bakının simasını görməkdə çətinlik çəkməz:

Sahil boyu cəddəsinin intihasında, şəhər bağı ilə bulvarın sonunda, sabiqdə Azərbaycan Heyəti Vükəla binası olan bina AzNeft səltənətinin paytaxtıdır. Bakının ətrafındakı mədənlər, fabrikalar, dəmir yolları, iskələ və vapurlar, hətta şəhərin Bayıl ilə Qara və Ağ şəhərləri bu AzNeft idarəsinin "dairəi-səltənətində" bulunuyor. Bu səltənətin imperatoru Kospodin Serebrovskidir. O, Bakıda oturduğu halda Kremlindən başqa heç bir mərcəyi (yeri, adamı) tanımaz. Hətta bu 6 il müddətində Serebrovski Bakıda Azərbaycan Komisarlar Şurası ilə Azərbaycan Mərkəzi İcra Heyəti mövcud olub olmadığını belə bilmiyor. AzNeftin "kəndi nazirləri", "kəndi qüvveyi-təşriyəsi", kəndi "icraiyəsi", kəndi ordusu, maliyəsi, ədliyəsi, polisi və nəqliyəsi vardır. Hətta gündən günə artan rus mujiklərindən ibarət bir "milləti" dəxi mövcuddur. Bu "dövlət"in Bakıdakı digər 2 hökumətlər ilə işi yoxdur. Hətta bu dövlətin təəbələri belə kəndi "dünyalar"ında keçinər, kəndi səhiyyəsinə, kooperatifinə, məktəb və teatrosuna gedər. Baksovet və Azərbaycan Bakısının heç bir müəssisəsinə ehtiyac göstərməz.

Baksovet Bakısı bu dövlətdən ayrı bir Bakıdır. Onun da qüvveyi-aliyəsi - bir qurultayı, onun içərisindən seçilən bir sovyet, sovyetdən müntəxab bir icraiyə şöbə və müəssisələri vardır. Rəisi Konuşkin, maliyə müdüri Andreyev, maarif rəisi Gepşteyndir... Onun da polisi, maliyəsi, səhiyyəsi, nəqliyəsi vardır. O da bir hökumətdir. Onun da əhalisi, ərazisi və bu 2 amildən vücuda gələn səltənəti - hökuməti vardır... O da hakimdir. Rus dramı, Rus operası, Rus sinemaları adı ilə mütəəddid teatroları vardır. Onun institut, universitet adı ilə ali məktəbləri... Saysız ilk və orta məktəbləri... nəhayət mütəəddit qəzetə, məcmuə və nəşriyatı vardır. AzNeftin dairəvi-səlahiyətinə girməyən vəzifələr Baksovet hökumətinə aiddir. AzNeft hakimiyəti bitdigi yerdən Baksovet hakimiyəti başlar. Onun paytaxtı, sabiq Nikolay, İstiqlal dövründə "Parlaman", şimdi isə Komunist cəddəsində duran gözəl Bakı bələdiyəsi binasıdır...

Sovet Azərbaycan Bakısının mərkəzi isə 2, bəlkə 3 binada toplanmışdır. Komunist cəddəsində olan sabiq Mirzə Beqyan binasında, sabiq xariciyə nəzarəti binasında və bir də "Komunist" qəzetəsi idarəxanəsində... Bunlardan 1-cidə Azərbaycan Heyəti İcraiyəsi, 2-də Azəri Komisarları Şurası, 3-də Azəri mühərrir və ədibləri otururlar... Bu hökumətin də "Komunist", "Şərq Qadını" və sairə kibi Türk mətbuatı Gepşteyndən asılı. Binaənileyh Baksovetə tabe məktəbləri vardır, fəqət şu qədər... Məktəb, mətbuat və bir də teatro məktəblərində komunizm dərsləri oxunur, mətbuatında Moskva mətbuatı tərcümə edilir və ara-sıra "Yeni Qafqasya"ya küfürlər sovrulur, teatrolarında da əski hamam əski tas...

Bu deyilənlərdən başqa bir həqiqi Bakı vardır. O da bu 3 Bakıdan heç birini tanımayan əsil Bakı, Türk Bakısıdır. O inləyən, sızlayan, əsir və məhkum Bakıdır. Onun kədərlərini, ələmlərini, iztirablarını, matəm və qüssələrini təsvir etmək, onun bu əsarət həyatı içərisindəki təxəyyülat və təxəssüsatını not edərək saxlamaq, bəncə pək lazımdır. Bunun üçün bu məhkum həqiqi əsil Bakının içinə girməli, o kütlənin içərisində dolaşmalı, onun ruhuna, qəlbinə daxil olmalı, onun ürək döyüntülərinə, tənəffüslərinə diqqət etməlidir.

Bu Bakının da hakim bulunduğu yerlər, hökmran olduğu məhəllələr vardır. Onun da dairei-səltənəti hüdudu, qüvveyi-aliyeyi-təşriyə, icraiyə və ədliyəsi vardır. Onun dəxi toplaşdığı, görüşdüyü və anlaşdığı məhafillər vardır. Biz mümkün olduğu qədər bu məhafilləri, bu səltənəti, bu gün olduğu kibi, bugünki Bakının bugünkü çöhrəsini təsvir etmək istiyoruz. Bu təsvir bizə zalım Moskva Bakısı ilə məzlum Türk Bakısı arasında bir müqayisə yapmaq imkanı verəcəkdir.

Bakı
Daşdəmir
"Yeni Qafqasya"
1 təşrini əvvəl (oktyabr), 1926, № 1(69) 

DARÜLFÜNUN TÜRKLƏŞDİRİLİYORMUŞ 

Bakı qəzetələrində görüldügünə nəzərən bu sənədən etibarən darülfünundakı pedaqoji fakültəsi ilə tarix, ictimaiyət, təbiət və riyaziyat şöbələrində ilk sənəyi tədrisiyədən etibarən dərslərin Türkcə tədrisinə qərar verilmişdir.

Bu qərarı şübhəsiz Sovet propağandaçıları əzəmi surətdə istifadə edəcəklərdir. Yalnız möhtaci-izahdır ki pedaqoji fakültəsi deyilən müəssisə sabiq Azərbaycan Darülmüəllimindən ibarətdir ki 5 sənədən bəri Azərbaycan Pedaqoji İnstitutu şəklində davam ediyor. Bu müəssisə anlaşılan bu sənədən etibarən darülfünundakı rus professorlarına tabe bir fakültə halını iqtisab ediyor. 1925-1926 tədris sənəsi əsnasında III sırf türkcə təhsil görmüş müəllim nəşət etdirdiyi halda, fakültə şəklində ancaq ilk sinifdən etibarən türkləşəcəyi elan olunuyor. 

Şərq Fakültəsi 

Şərq fakültəsinin proqramı genişliyormuş Məmləkətin türkcəyə vaqif hüquqşünaslara olan ehtiyacını nəzərə alaraq "Zarya Vastoka" qəzetəsinin yazdığına görə Şərq Fakültəsi hüquq dərsləri Moskva Hüquq Fakültəsindəki sistemə müvafiq bir surətdə tədris ediləcəkmiş. Siyasi və ictimai dərslərin təqviyəsi üçün Moskvadan rus professorları cəlb olunacaqmış. Eyni zamanda ruscası zəif tələbələrə məxsus olmaq üzrə Şərq Fakültəsində ruscanın tədrisi dəxi təqviyə ediləcəkmiş. Bu məqsədlə fakültədə bir sənəlik xüsusi kurs təsis ediləcəkmiş. Bu maddədən anlamaq qabildir ki, Şərq Fakültəsinə hazırlanan türkcə bilir hüquqiyunun qismi mühümmi qeyri türklərdən ibarət olacaqdır.

"Yeni Qafqasya"
1 təşrini əvvəl (oktyabr) 1926, № 1(69) 

Ali məktəblərə tələbə qəbulu 

236 nömrəli "Komunist" qəzetəsində oxunduğuna görə bu sənə (1927) ali məktəblərə qəbul olunan tələbənin miqdarı belədir: Əmələ fakültəsindən çıxan 200 tələbədən başqa 1300 tələbə fakültələrə girmək üçün ərizə vermişlərdir. Bunlardan ancaq 400 tələbə qəbul edilmişdir. Qəbul olunan tələbənin fakültələr arasında təqsimi aşağıdakı üzrədir:

50 tələbə Tib fakültəsinə. Tibbiyəyə qəbul olunan tələbələrdən yüzdə 46-sı türkdür.

60 tələbə Şərq fakültəsinə. Bunlardan yüzdə 65-i türkdür.

80 tələbə Pedaqoji fakültəsinə qəbul edilmişdir. (Bu fakültə sabiq Pedaqoji məktəbindən ibarətdir).

221 tələbə Politexnik məktəbinə. Bunlardan 29-u türkdür.

"Yeni Qafqasya"
3 qanuni sani (yanvar) 1927, № 7(76)

(Ardı var)

 





08.04.2019    çap et  çap et