525.Az

Açıq cəmiyyət, plüralizm və mətbuat


 

Açıq cəmiyyət, plüralizm və mətbuat FİLOLOGİYA ÜZRƏ FƏLSƏFƏ DOKTORU, “TƏFƏKKÜR” UNİVERSİTETİNİN PROFESSORU TOFİQ YUSİFOVLA SÖHBƏT 

Demokratiya və aşkarlığın mühüm vasitəsi kimi kütləvi informasiya vasitələrində fikir, söz və məlumat azadlığının kifayət qədər işıqlandırılması həmişə cəmiyyətin maraq dairəsindədir.  Plüralizm, açıq cəmiyyətinin formalaşmasında mətbuatın rolu, Azərbaycan mətbuatının hazırkı problemləri, inkişaf meylləri və perspektivləri, publisistikamızın hazırkı durumu ilə bağlı suallarımızı tanınmış jurnalist, filologiya üzrə fəlsəfə doktoru, “Təfəkkür” Universitetinin jurnalistika kafedrasının professoru Tofiq Yusifova ünvanladıq. T.Yusifov söhbətə bu yaxınlarda Mətbuat Şurasında ictimaiyyətə təqdim olunan, daha sonra isə Ali Media Mükafatına layiq görülmüş “Açıq cəmiyyət və mətbuat” kitabı haqqında oxucularımızı məlumatlandırmaqla körpü saldı.   

– Bu kitabın ərsəyə gəlməsinin maraqlı tarixçəsi var. Onu dəyərləndirmək üçün yaxın tarixə ekskursiya etmək gərəkdir. Ölkəmiz müstəqillik qazandıqdan sonra-1991-ci ildən istər kütləvi informasiya vasitələrində, istərsə də siyasi kuluarlarda demokratiyadan bəhs olunur, geniş diskussiya və debatlar gedirdi. Uzun illər boyu istər nəzəri, istərsə də praktiki olaraq çalışdığım media sahəsinə münasibətim birmənalı idi: demokratiyanın ən real,aktual, optimal və güclü daşıyıcısı məhz kütləvi informasiya vasitələridir. Mənim üçün maraqlı, qəribə və bir az da ağrılı məqam ondan ibarət idi ki, bunu sanki heç kəs görmürdü və ya görməməzliyə vururdu. Əslində bütövlükdə kütləvi informasiya vasitələri haqqında birmənalı olmayan rəy mövcud idi.  Bütün bu düşüncələrimi Azərbaycan jurnalistlərinin ağsaqqalı, professor Şirməmməd Hüseynovla məsləhətləşərək açıq, vətəndaş cəmiyyəti cəmiyyət, demokratik proseslər və mətbuat mövzusunda araşdırma aparmaq istədiyimi dedim. Dedi ki, yazılmamış, işlənməmiş, həm də çox maraqlı, böyük və çətin mövzudur, bu mövzunu araşdırmaq pis olmazdı. Şirməmməd müəllimin etibarı mənim üçün çox böyük önəm daşıyırdı. Onda o, “Təfəkkür” Universitetinin jurnalistika kafedrasının müdiri idi. Bu söhbət təxminən 2002-ci ildə olub. Bu söhbətdən sonra mən mövzu ilə bağlı materiallar toplamağa başladım. Azərbaycan mətbuatında, elmi dairələrində açıq cəmiyyət və mətbuat, onların qarşılıqlı əlaqələri ilə bağlı demək olar ki, heç bir material yox idi. Onda çox ciddi mənbə, məxəz çatışmazlığı ilə üzləşdik. Dissertasiya mövzusu kimi dünya ölkələrinin təcrübəsinə müraciət edərək, onların bu fakta yanaşma prinsipləri əsasında yazılan tədqiqatları, araşdırmaları təhlil elədik.  Maraqlı bir fakt deyim: o vaxt Açıq Cəmiyyət İnstitutu-Soros Fonduna sırf publisistik mənbə köməyi ilə bağlı müraciət etdim. Onlar mənə təxminən bir vərəqlik informasiya verdilər. Bundan da ümumiyyətlə istifadə etmək mümkün deyildi, çünki məlumat yalnız qrant ayrılan mövzularla bağlı idi və elmi araşdırmaya heç bir dəxli yox idi. AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Nizami Cəfərovun rəhbərliyi ilə elmi araşdırmalara başladıq. Araşdırmanı 2009-cu ildə bitirməyimizə baxmayaraq əlavələr, düzəlişlər 2012-ci ilə qədər davam elədi. Həmin kitab bizim təxminən 10 il ərzində apardığımız, 1991-2004-cü illəri əhatə edən araşdırmaların, tədqiqatların nəticəsidir. 

– Müəllif kimi necə düşünürsünüz, mövzunu tam əhatə eləmisinizmi, yoxsa hələ gələcəkdə mövzunu davam elətdirmək fikriniz var?

– Bu kitabda açıq cəmiyyətin formalaşmasında vətəndaş cəmiyyətinin elementləri əsasında mətbuatın rolunu araşdırılıb. Açıq cəmiyyət vətəndaş cəmiyyətinin ən yüksək formasıdır və təbii ki, onların qarşılıqlı vəhdəti və vətəndaş cəmiyyətinin mahiyyəti haqqında daha geniş araşdırmalara ehtiyac var. Yenə təkrar edirəm, bizdə açıq cəmiyyətlə bağlı, demək olar ki, mənbə, məxəz, istinad nöqteyi nəzərindən elmi heç bir şey yoxdur, demək olar, yox səviyyəsindədir. Başqa sözlə deyilsə, vətəndaş cəmiyyətinin praktik mövcudluğu onun nəzəri kontekstindən çox-çox uzağa gedib. Kitabın müzakirəsi zamanı mənə belə bir fikir ünvanladılar. Mən bunu gözləyirdim: “Axı Azərbaycanda açıq cəmiyyətin formalaşmasının elementləri o qədər də güclü deyil!” Cavab verdim ki, bu, sizin rəyinizdir. Açıq cəmiyyət özündə çoxpartiyalılığı, konstitusionalizmi, azad mətbuatı və vətəndaş cəmiyyətini ehtiva edir. Bunlar açıq cəmiyyətin tərkib hissələridir. Vətəndaş cəmiyyətinin tərkib hissələri isə  siyasi partiyalar, azad mətbuat, özəl sektor və qeyri-hökumət təşkilatlarıdır. “Opponent”ə təklif etdim ki, 1991-ci ildən 2004-cü ilə qədərki dövrü siyasi, hüquqi, tarixi, hətta fəlsəfi aspekdən nəzərdən keçirək. Deyirsiniz ki, açıq cəmiyyətin elementləri özünü göstərmir. Açıq cəmiyyət quruculuğunun elementi kimi 1992-ci ildə Azərbaycanda ilk dəfə olaraq “KİV haqqında” Azərbayan Respublikası qanunu qəbul edildi. Düzdür, həmin dövrdə- 1992-ci ildə KİV-də hərbi senzura, 1993-cü ildə siyasi senzura tətbiq edildi. Son məqamları birmənalı olaraq qəbul edərək həmin dövrdəki hakimiyyətin günahı kimi dəyərləndirmək düzgün deyil. Həmin dövrdə Qarabağ müharibəsi gedirdi, ölkədəki hərbi-siyasi şərait bunu tələb edirdi və istənilən kütləvi informasiya vasitəsi – sovet imperializminin buxovundan yeni qurtulmuş Azərbaycan mətbuatı konkret olaraq istənilən sərbəst mövzuda yazılar dərc eləyə bilərdi. Müharibə şəraiti olan bir ölkədə adıçəkilən senzuraların tətbiqi hökmən zəruri idi. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra, 1994-cü ildə atəşkəs haqqında müqavilə imzalanandan sonra ölkənin demokratikləşdiriməsi istiqamətində yeni quruculuq prosesləri başlandı. 1995-ci ildə Konstitusiyamız qəbul olundu, parlament seçkiləri keçirildi. 1998-ci ildə senzura birmənalı şəkildə ləğv olundu. 1996, 1999, 2000-ci illərdə KİV haqqında qanuna bir sıra əlavə və dəyişikliklər edildi. Və təxminən 2000-ci ildə Azərbaycanda 3000-dən artıq QHT var idi. Bunun özü vətəndaş cəmiyyəti quruculuğunun ən böyük şərtlərindəndir. Və bu dövr ərzində 2004-cü ilə qədər olan müddət ərzində Azərbaycanda kütləvi informasiya vasitələrinin hüquqi bazasının möhkəmləndirilməsi məqsədilə 11 fərman və sərəncam verilib. Müəlliflik hüququ, dövlət sirri, nəşriyyat işinin təşkili haqqında və sair. Bunlar hamısı mətbuatın inkişafına xidmət edən amillərdir. Ona görə də bizim iradəmizdən asılı olmayaraq müstəqilliyimizin ilk illərindən Azərbaycanda açıq cəmiyyət, vətəndaş cəmiyyəti quruculuğu prosesi təşəkkül tapmağa, formalaşmağa üz tutmuşdu.

Bu proses Azərbaycan müstəqillik qazandıqdan dərhal sonra reallaşdığı üçün kortəbii də ola bilərdi, planlaşdırılmamış da ola bilərdi, amma praktik olaraq açıq cəmiyyətinin ünsürləri açıq-aşkar göz önündə idi. Biz kitabda çoxlu faktlarla sübut etməyə çalışmışıq ki, vətəndaş cəmiyyəti quruculuğunun ən başlıca vasitəsi, vəsiləsi və daşıyıcısı kütləvi informasiya vasitələri olub. Bu nədən irəli gəlir? İllər keçdikcə, zaman dəyişdikcə kütləvi informasiya vasitələrinin rolu, funksiyası və fəaliyyət istiqamətləri birmənalı olaraq dəyişir. Ötən əsrin ortalarında olan vəziyyətə diqqət yetirsək, yəni sovet dönəmində bizim informasiya aldığımız mənbələr qəzetlər, jurnallar və televiziya sadəcə mətbuat kimi dəyərləndirilirdi. XX əsrin ortalarından yapon alimi Xayasi informasiyalı cəmiyyət terminini işlətdi. İnformasiyalı cəmiyyət termini siyasi və sosial tədavülə girəndən sonra sanki kütləvi informasiya vasitələrinin fəaliyyət prinsipləri müəyyən qədər dəyişməyə başladı. Ötən əsrin 90-cı illərinin əvvəllərində- cəmi-cümlətanı bir neçə onillik sonra mətbuat artıq bütün dünyadakı tendensiyaya uyğun olaraq kütləvi informasiya vasitələri adlanmağa başladı. Bu dövrdən sonra KİV-lərin inkişafı elə bir vüsət aldı ki, hal-hazırda biz özümüz də hiss eləmədən, fərqinə varmadan yaxşı mənada onun əsirinə çevrilmişik. Bu gün deyirlər ki, ən bahalı əmtəə neft, yaxud qızıl deyil, informasiyadır. İnformasiya kimin əlindədirsə, güclü odur, dünyaya da sahiblik edən odur. Bu gün dünyada soyuq müharibə, qaynar döyüşlər yalan söhbətdir, informasiya savaşı gedir. İnformasiyaya sahib olan tərəf dünyaya öz iradəsini diqtə edir. 2003-cü ildə Amerikanın İraqa hücumu reallaşdı. Həmişə demokratiyanın mövcudluğundan, zəruriliyindən danışan ABŞ bütün KİV-lərə döyüş bölgəsindən məlumat verməsini qadağan elədi: təkcə CNN bu məlumatları yaymaq hüququna malik idi..  Bu tendensiyaya fikir verin. İllər keçib, dünyada baş verən ABŞ-ın və yaxud da Qərbin qoşulduğu bütün proseslərin içərisində informasiya monopoliyası var. Bu gün dünya hadisələrini işıqlandıran əsas kütləvi informasiya vasitələri bunlardır: CNN, BBC, “Reughters”, bir də “Əl-Cəzirə”. Son vaxtlar buraya “Euronews” da əlavə edilib. Bu beşindən başqa siz dünyada siyasi, iqtisadi, sosial prosesləri işıqlandıran başqa kanal görə bilməzsiniz. Və ərəb baharında əsas rolu onlar oynadılar. Qərb KİV-in, medianın təsir etmək gücünü ilk olaraq anladı və bunu real həyatda tətbiq etdi. Yəmən, Misir, Liviya və Suriyada əslində tamam fərqli proseslər gedir.

– Belə çıxır ki, biz oradakı proseslərlə bağlı əsl həqiqətlərdən bixəbərik...

...İllər keçib, dünyada baş verən ABŞ-ın və yaxud da Qərbin qoşulduğu bütün proseslərin içərisində informasiya monopoliyası var. Bu gün dünya hadisələrini işıqldandıran əsas kütləvi informasiya vasitələri bunlardır: CNN, BBC, “Reughters”, bir də “Əl-Cəzirə”. Son vaxtlar buraya “Evronyus” da əlavə edilib. Bu beşindən başqa siz dünyada siyasi, iqtisadi, sosial prosesləri işıqlandıran başqa kanal görə bilməzsiniz. Və ərəb baharında əsas rolu onlar oynadılar. Qərb KİV-in, medianın təsir etmək gücünü ilk olaraq anladı və bunu real həyatda tətbiq etdi. Yəmən, Misir, Liviya və Suriyada əslində tamam fərqli proseslər gedir. – Belə çıxır ki, biz oradakı proseslərlə bağlı əsl həqiqətlərdən bixəbərik... – Bəli, biz əsl həqiqəti, əslində nələrin baş verdiyini dəqiqliklə bilmirik. Biz Qərbin Afrika, eləcə də Asiyada baş verən proseslərə nöqteyi-nəzərini görürük. Sonrakı hadisələr göstərdi ki, səhih informasiyanı çağdaş dünyada tam olaraq gizlətmək də qeyri-mümkündür. Sözügedən bölgələrdə çoxlu sosial-siyasi, iqtisadi problemlər var. Gəlin baxaq, Yəməndə, Misirdə, Liviyada nə oldu? Liviyada bu saat da qəbilələrarası qırğın gedir. Bəs onda inqilabı edən kimlər imiş? İnqilab kimə qarşı imiş? Qəddafinin getməsi üçün idisə, niyə onun getməsindən sonra ölkə idarəçiliyi üçün bir konsepsiya yaradılmadı? Ona görə də bu gün də Liviya pis vəziyyətdədir. Liviyanın səhiyyə naziri Fatimə Hüruşi öz ölkəsindəki vəziyyəti dəyərləndirərkən maraqlı bir ifadə işlədib. “Evronyus” kanalına müsahibə verən yeni xanım nazir bildirir ki, Qəddafi dövründə hər yerdə qayda-qanun vardı, amma indi Liviyada rejim dəyişib, amma indi qayda-qanun yoxdur, ölkədə hərc-mərclik, xaos baş alıb gedir. Və yaxud Misirdə Mübarək hakimiyyətdən getdi, amma baxaq görək bu inqilabdan sonra Misir xalqının vəziyyəti hansı istiqamətdə dəyişdi? Az ya çox dərəcədə Hüsnü Mübarək müasir düşüncəli zabit, hərbi pilot idi. İndi isə Misirdə hakimiyyətə hələ dəst-xətti heç kəsə bəlli olmayan islamçılar gəlib. Bu ABŞ-ın ən çox qorxduğu nəticə idi. Bəzən hadisələri düzgün proqnozlaşdırmamaq, informasiya blokadası, monopoliyası belə səhv nəticələr verə bilir, nəticədə KİV-ə inam itir. Liviyada da belə oldu, hazırda Suriyada da həmin proseslər yaşanır. Bütün bunlar sübut edir ki, bu gün dünyada ən bahalı şey informasiyadır. Ona görə də informasiya, mətbuat ətrafında həmişə ajiotaj olub. Sivil ölkələrin əksəriyyətində, bütün siyasi xadimlər, dövlət rəhbərləri istəyir ki, sözügedən, nüfuzlu KİV-in rəhbərləri və aparıcı jurnalistləri ilə xoş münasibətləri olsun. Onlar mütəmadi olaraq media nümayəndələrini dəvət edirlər, onlara eksklüziv müsahibələr verirlər. Bu, siyasi quruluşundan asılı olmayaraq bir çox ölkələrdə birmənalı şəkildə belədir. 

– Deməli, sivil ölkələrdə media “dördüncü hakimiyyət” kimi nüfuzunu bu gün də qoruyur? 

– Şübhəsiz! 1776-cı ildə ingilis nəzəriyyəçi Edmund Berk ilk dəfə olaraq mətbuatı “dördüncü hakimiyyət” adlandırıb. Bu ad müəyyən mənada şərtidir. Mətbuatın “dördüncü hakimiyyət “olması şərti olmaqla bərabər, özündən əvvəlki-qanunverici, icraedici və məhkəmə hakimiyyəti qolunu çox cəsarətlə, bacarıqla yerinə yetirir. Söhbət nədən gedir? Adını çəkdiyimiz üç hakimiyyət qollarının hər birinin özünün funksiyaları, nəzarət mexanizmləri var. Mətbuat belə deyil, mətbuat sadəcə olaraq hakimiyyətlə xalq arasında münasibətləri tənzimləyən bir vasitədir, əlaqələndiricidir, körpüdür. Vəssalam. Onun özünün məcburetmə gücü yoxdur. Necə ki, BMT-nin bəzi qərarları deklorativ xarakter daşıyır, icra mexanizmi yoxdur. Mətbuat deyə bilər, xatırlada bilər, tənqid edə bilər, həyəcan siqnalı qaldıra bilər. Amma heç kəsin, cəmiyyətin problemlərinə laqeyd qalan məmurlar haqqında heç bir inzibati ölçü götürmək qabiliyyətində və səlahiyyətində deyil. İnkişaf etmiş ölkələrdə mətbuatın gücü daha bariz şəkildə özünü göstərir. 

– Ölkədə plüralizmin hazırkı durumu, fikir və söz azadlığı ilə bağlı ümumi mənzərə bir jurnalist, bir pedaqoq və nəzəriyyəçi kimi sizi qane edirmi?

– Azərbaycanda plüralizm, sözün azad ifadə edilməsi, şəffaflıq sahəsində vəziyyəti ümumilikdə normal qiymətləndirmək olar. Mənim fikrimə etiraz edənlər ola bilər və bu təbiidir.  İstənilən şəxsi, strukturu, hətta hakimiyyəti də tənqid eləmək olar, amma proses əsaslandırmalarla, faktlarla müşayiət olunmalıdır. Və həm də səndən faktın haradan əldə olunduğunu soruşanda mənbəni təqdim etməyi bacarmalısan. Bizim mətbuatımızda çox qıcıqlandırıcı, mücərrəd, basmaqəlib, çox vaxt məsuliyyətsiz işlədilən bir ifadə var: mötəbər mənbənin verdiyi məlumata görə. Kimdir bu “mötəbər mənbə”? Səmimi deyirəm, bunların “mötəbər mənbələrinin” 70 faizi ya özlərinin heç də intellektlə öyünə bilməyəcək beyinlərinin, ya da avtobusda kimdənsə eşitdiklərinin məhsuludur. Mövcud qanunvericiliyə görə, haqqında söhbət gedən şəxsin ixtiyarı var ki, məhkəməyə müraciət edərək həmin mötəbər mənbənin açılmasını tələb etsin. Məlumat hər hansı insanın həyatı üçün, yaxud ictimai-siyasi cəhətdən təhlükəlidirsə, dövlətin təhlükəsizliyinə xələl gələrsə, jurnalist mənbəni məhkəmədə deməyə borcludur. Demokratiyanın birinci göstəricisi azad mətbuatdır. İndiyə qədər ABŞ-ın konstitusiyasına təxminən 28 əlavə edilib. Onun birincisi mətbuat və söz azadlığı haqqındadır. Yəni ölkədə heç kəs insanların mətbuat və söz azadlığı haqqını məhdudlaşdıra bilməz. Azərbaycanda isə plüralizmdən bəzən həddən artıq sui-istifadə xaos yaradır. Çünki bəziləri plüralizmi ağzına gələni danışmaq və məsuliyyətsiz bəyanatlar vermək kimi anlayır. Amma danışılanların, yazılanların arxasında məntiq, qərəzsizlik, vicdanlılıq dayanmalıdır. Plüralizm ölkənin, cəmiyyətin, xalqın inkişafı, tərəqqisi naminə olarsa əladır, amma plüralizm populizmə, münasibətlərin gərginləşməsinə, qarşıdurmaya xidmət edəcəksə, bu fitnəkarlıqdır.

– Hazırda cəmiyyətdə “Diffamasiya haqqında” qanunun qəbulu ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bu qanunla bağlı Sizin də mövqeyinizi bilmək maraqlı olardı...

–Nə qədər paradoksal olsa da, şəxsən mən hazırkı şəraitdə Azərbaycanda “Diffamasiya haqqında” qanunun qəbul edilməsinin tərəfdarı deyiləm. Təəccüblənə bilərsiniz. Amma mənim kifayət qədər arqumentim var, bununla bağlı mülahizələrimi sizinlə bölüşmək istərdim. Diffamasiyanın hərfi mənası latıncadan tərcümədə “ləkələmək, qaralamaq” deməkdir. İndi haqqında çox söhbət getməyə başlasa da, diffamasiyanın çox dərin tarixi kökləri var. Hələ 1819-cu ildə Fransada diffamasiya elementlərini özündə ehtiva edən qanunlar mövcud idi. Ondan bir az sonrakı İngiltərə qanunvericiliyi tarixinə nəzər salsaq, orada da diffamasiyanın rüşeymlərinə rast gələ bilərik. Amma İngiltərə tam olaraq diffamasiya qanununu neçənci ildə qəbul eləsə yaxşıdır – 1996-cı ildə. Deməli, tarixilik nöqteyi-nəzərdən yanaşsaq, lap bu yaxınlarda. Yaxud Rusiyaya nəzər salaq. Diffamasiya ilə bağlı Rusiya bəlli mövqeyi olan ölkələrdəndir. Lakin bu yaxınlarda Rusiyada dövlət səviyyəsində böhtan haqqında qanunvericiliyə yenidən baxılması tövsiyə edilib. Bunlar artıq diffamasiyanın əleyhinə olan faktlardır. Bu gün “Diffamasiya haqqında” qanunu qəbul etmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Mülki Məcəlləsinə, hətta deyərdim ki, Konstitusiyaya dəyişikliklər lazımdır. Çünki diffamasiyanın ümumi aurası, məğzi belədir ki, jurnalist dediyi sözə görə məsuliyyətə cəlb edilə bilməz: əslində diffamasiyanın elə qayəsi budur. Jurnalistika fakültəsinin bitirmiş və uzun illər mətbuat çalışan jurnalist, fərd olaraq mən buna hazıram. Amma cəmiyyətimiz, bütöv KİV ordusu buna hazırdırmı? Fikrimcə, bizim cəmiyyətimiz, cəmiyyətdəki ictimai təbəqələr arasındakı münasibətlər buna hazır deyil. Bəzi jurnalistlər elə bilirlər ki, diffamasiya ilə bağlı qanun qəbul olunarsa nə istəsə yaza və deyə bilərlər. Diffamasiyanın ümumən əsas prinsiplərindən biri belədir: – təhqir edə bilməzsən, amma ləkələyə bilərsən. Diffamasiya qanunun müddəalarında da göstərilir ki, diffamasiya qaydalarını pozan insanlar məsuliyyətə cəlb edilməlidir. İndi mən sual edirəm? Diffamasiya prinsiplərini pozmaq nə deməkdir, bu hansı hallarda olur? Əgər sən müsahibini ləkələyirsənsə, nə bilim bu ləkələmə necə baş verib? Burada yazıldığı kimi, bilərəkdən, yoxsa bilməyərəkdən? 

– Yəni nəticədə qeyri-müəyyənlik, anlaşılmazlıq yaranacağını nəzərdə tutursunuz?

Bəzən jurnalistlər elə bilirlər ki, diffamasiya ilə bağlı qanun qəbul olunarsa, nə istəsə yaza və deyə bilərlər. Diffamasiyanın əsas prinsiplərindən biri belədir: təhqir edə bilməzsən, amma ləkələyə bilərsən. Göstərilir ki, bu prinsipləri pozan insanlar məsuliyyətə cəlb edilməlidir. İndi mən sual edirəm? “Diffamasiya prinsiplərini pozmaq” nə deməkdir, bu hansı hallarda olur? Əgər sən müsahibini ləkələyirsənsə, nə bilim bu ləkələmə necə baş verib? Burada yazıldığı kimi, qəsdən, yoxsa bilməyərəkdən? 

– Yəni nəticədə qeyri-müəyyənlik, anlaşılmazlıq yaranacağını nəzərdə tutursunuz?

– Təbii. Azərbaycanın publisistika, jurnalistika mühitində hələ də müəyyən bir qarışıqlıq hökm sürür. Diffamasiya yüksək inkişaf etmiş cəmiyyətlərə – Qərb ölkələrinə və ABŞ-a daha çox aiddir. Onların dövlət quruculuğu təcrübəsi də böyükdür. Bu cəmiyyətlərdə kifayət qədər möhkəm birgəyaşayış qaydaları formalaşıb. “Diffamasiya haqqında” qanunu qəbul etmək üçün cəmiyyətimiz daha da inkişaf etməlidir. Bizim hələ cəmi 20 illik müstəqillik təcrübəmiz var. Ona görə də hesab edirəm ki, sözügedən qanunla bağlı bir qədər tələsməmək gərəkdir. Qərbin demokratiya institutları bizi tələsdirir, amma bu tələsiklik əslində özü xaos yarada bilər. Mən bununla bağlı Azərbaycan hökumətinin mövqeyi ilə tam razıyam ki, hələ bu məsələnin vaxtı yetişməyib. Hamımızın qəbul elədiyi bir faktdır ki, Azərbaycanda “reket jurnalistikası” deyilən bir cərəyan var. Başqa cür adlandırmaq istəməzdim. Professor Qulu Məhərrəmli doğru buyurur ki, reket jurnalistika ictimai təzahür, meyl deyil, nəsə keçici bir şeydir. Bununla razılaşıram, amma onu da əlavə etmək istəyirəm ki, bu tendensiya ilə reket jurnalistikası heç keçiciyə oxşamır, getdikcə inkişaf edir. Jurnalistikaya qeyri-professionalların axını da bu amillər sırasındadır. Reket jurnalistikaya axın da deməzdim, maraq var. Bu gün də o maraq ölməyib. Cəmiyyətdə ümumi maarifçilik səviyyəsinin, ümumi intellektin müəyyən dərəcədə aşağı olması ilə bağlıdır. Bu istər dövlət strukturlarına, istər də idarə, müəssisə və təşkilat rəhbərlərinə, istərsə də adi vətəndaşlara aiddir. Reket jurnalistikanın sıradan çıxmaması idarə və təşkilatların rəhbərlərinin işlərində hansısa çatışmazlığın olmasından və KİV-lə iş sahəsində elementar təsəvvürlərin olmamasından irəli gəlir. Heç kəsə sirr deyil ki, 30-40 manata görə ayrı-ayrı strukturların qapısının dabanını çıxaran üzdəniraq “jurnalistlər”, “müxbirlər” var. Bu “jurnalistlərin” arı şirəyə yığılan kimi dövlət və özəl strukturlara daraşmasının əsas səbəbkarları onları ələbaxım öyrədən məmurlardır, iş adamlarıdır. Mental “xüsusiyyətlərimizdən” biri də budur ki, idarəmizə, müəssisəmizə gələn müxbirdən vəsiqəsini tələb etmirik.
 
Sizə maraqlı bir əhvalat danışım: Əvvəllər çalışdığım strukturların birinə özünü jurnalist kimi təqdim edən iki nəfər gəlmişdi. Onlardan baş redaktorlarının adını soruşdum. Biri adını dedi, soyadını xatırlaya bilmədi, o birisi onun sözünü təkzib edib dedi ki, yox, sənin dediyin baş redaktorun müavinidir, baş redaktor filankəsdir. Yəni jurnalistikamız üçün bündan böyük dəhşət olarmı ki, təşkilata “yoxlama”ya gedən “müxbir” öz baş redaktorunu tanımır? Gülməli də olsa, onlar deyirdilər ki, qəzetin ilk sayının nəşri üçün iki ildir material toplayırlar. Onlarla söhbət zamanı məsləhət gördüm ki, ləyaqətlərini və mətbuatın adını alçaltmasınlar. Bildirdim ki, bu yolun sonu yoxdur. Bax, bu cür üzdəniraqlar jurnalistikanı ucuzlaşdırır. Amma onu da deyim ki, belə üzdəniraqlar həyatın bütün sahələrində mövcuddur. Şou-biznesdən tutmuş, səhiyyə, təhsil, biznesəcən. Sadəcə mətbuat göz önündə olduğu üçün belələri burada daha çox gözə çarpır, özünü büruzə verir. Xalq bu gün reket jurnalistlə peşəkar jurnalistin arasında heç bir fərq görə bilmir. Çox təəssüf ki, bu gün jurnalist ifadəsi xoşagəlməyən bir ironiya doğurur, istehza ilə qarşılanır. Bu isə əsl jurnalistlərə ciddi şəkildə toxunur.

– Belə çıxmırmı ki, bu məsələ ilə bağlı xeyli bədbinsiniz?

– Bədbin deyiləm. Amma səmimi olaraq deyim ki, Azərbaycanda jurnalistika qədər köməksiz, imkansız, müdafiə olunmayan ikinci bir sahə yoxdur. Bu gün də jurnalistikaya kütləvi axınla bağlı belə bir qanun hazırlandı ki, ali təhsili olmayan insanlar redaktor işləyə bilməzlər. Əvvəl də bu vardı: Ədliyyə Nazirliyinin qərarına əsasən mətbuat orqanı buraxmaq istəyən şəxsin ali təhsili olmalıdır. Qanunların işləkliyi təmin olunmalıdır. Bu gün jurnalistikanın sıralarını təmizləmək lazımdır.

– Bu proses necə həyata keçirilməlidir? Hansı konsepsiya əsasında iş aparılmalıdır? 

– Jurnalistika fakültələrini hansısa ali təhsil müəsisələrində bağlayıb, hansındasa yenisini açmağı mən doğru mövqe hesab eləmirəm. Yəni bu lazım idi, etdik, amma ən asan, problemsiz üsuldursa da, prinsipial həll yolu deyil. Problem var idi, bağladın, guya problem yox oldu? Heç bir peşə sahibinin xətrinə dəymədən demək istəyirəm ki, niyə rejissorluq, aktyorluq və digər bu kimi fakültələrə qəbul olarkən qabiliyyət imtahanı verirlər, amma jurnalistikaya daxil olanda yox? Axı jurnalistika sırf qabiliyyətlə bağlı olan peşədir. Təxminən 15-20 il bundan qabaq var idi. Bu gün jurnalist olmaq istəyən gəncdən hansısa şəkildə niyə jurnalistikanı seçdiyi öyrənilmir? Müsahibələr, testlər və yaxud sərbəst yazı işlərinin yoxlanması yolu ilə? Həmişə birinci kurslarda dərs deyərkən ilk dərsdə sualım bu olurdu ki, kim bura jurnalistikanı sevərək buraya gəlib? İnanın, 70 faiz cavab verir ki, təsadüfən bu fakültəyə qəbul olunub. Hüquqşünaslığa, yaxud hansısa başqa sahələrə imtahan veriblər, balları çatmayıb jurnalistikaya qəbul olunublar və sairə. Deyirlər ki, buranı bitirəndən sonra tamam başqa sahədə işləyəcəyik. Bu, jurnalistikaya olan münasibətin göstəricisidir. Bəs nəyə görə biz, düşünülmüş “əngəllər”mi deyək, “baryer”mi deyək, nəsə bir metod hazırlamayaq ki, istəməyə-istəməyə 4 il jurnalistika fakültəsində təhsil alan və heç vaxt jurnalistikada çalışmayacaq adamlara dövlət, valideynlər bu qədər vəsait xərcləməsin? Bunun üçün xüsusi qaydalar işləyib hazırlamaq lazımdır.
 
Elə hesab edirəm ki, jurnalist kadrların hazırlanması ilə bağlı dövlət konsepsiyası işlənib ortaya qoyulmalıdır. Niyə Azərbaycan Tibb Universiteti, Bədən Tərbiyəsi Akademiyası olduğu halda, ayrıca Jurnalistika Universiteti olmasın? Lap institut olsun. Jurnalistikanın çoxlu sahələri var: qəzetçilik, nəşriyyat, radio, televiziya, tənqidçilik, redaktor, tərcüməçi, internet jurnalistikası, sosial media və sair. Bu gün deyirik ki, ən öndə gedən media şəbəkə jurnalistikasıdır. Konkret desək, şəbəkə jurnalistikası ilə bağlı harada kadr hazırlanır? Heç bir yerdə. Biz özümüz özümüzü təkzib edirik. Paradoksal bir vəziyyət yaranır.

- Mətbuat Şurasının fəaliyyətini, bu qurumun mətbuatın, curnalistikanın inkişafı yönündə gördüyü işləri necə qiymətləndirərdiniz?
- Bu gün Azərbaycan Mətbuat Şurası çox lazımlı və unikal işlər görür. Amma onun da imkanları məhduddur. Mətbuat Şurası dövlət təşkilatı deyil. Səlahiyyətləri məhduddur. Hesab edirəm ki, Mətbuat Şurasının dövlətin himayəsinə ehtiyacı var. Bəzən bu fikrə irad tuturlar ki, əgər Mətbuat Şurası dövlətin himayəsinə keçsə, onda müstəqil olmayacaq. Razılaşmıram. Mətbuat Şurası kifayət qədər azaddır və yaxşı işlər görür, çoxşaxəli fəaliyyət göstərir. Dövlət dəstəyi olsa, daha çox işlər görə bilər.

Mətbuat üzrə Müvəkkil strukturunun yaradılmasına da müsbət baxıram. Çünki bu, mətbuatın hörmətinin, nüfuzunun qalxmasına səbəb olardı. Bu sadaladığımız tədbirlər yalnız buna xidmət edən amillərdir. Doğrudur, Azərbaycan hökuməti, prezidentimiz bu gün mətbuatın inkişafı üçün kifayət qədər səy göstərir. Hələ ümummilli lider Heydər Əliyevin dövründə qəzet və curnalların borcları bağışlanıldı. Sonra Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradıldı, hazırda curnalistlər üçün bina tikilir. Bütün bunlar qəzetlərin normal inkişafı, curnalistlərin rifahı üçün zəmin yaradır. Bunların hamısı yaxşıdır. Amma daha yaxşı olardı ki, bütün bunlar hamısı haqqında danışdığımız konsepsiya çərçivəsində toplansın. Qoy sabah o konsepsiyada olsun ki, hazırki bina istifadəyə veriləndən sonra növbətiləri tikiləcək. Biz də curnalistikaya aid nəsə axtaranda həmin konsepsiyanın müddəalarına müraciət edək. Gələcəkdə həmin konsepsiyanın müddəalarına uyğun olaraq qanun və sərəncamlar da vermək olar.

- Məhkəmələrdə qəzetlərə kəsilən fantastik cərimələrə münasibətiniz və sizcə, niyə məhkəmələrdən həmişə qəzetlər borclu çıxır?
- Qəzetlərin cərimələnməsi məsələsi bir curnalist kimi məni də ciddi narahat edir. Məhkəmələrin bununla bağlı çıxardıqları qərarların əleyhinəyəm. Sizin təbirinizcə desək, rəqəmlər doğrudan da fantastikdir. Heç bir reallığı əks etdirmir və bu rəqəmlərin haradan götürüldüyü də məlum deyil. Şərəf və ləyaqətin təhqiri konkret rəqəmə bağlanmır. Heç kəs deyə bilməz ki, mənim şərəf və ləyaqətimin qiyməti 30 min manatdır, filankəsinki 100 manat. Bu, absurd bir məsələdir. Anlayışım yoxdur o rəqəmlər haradan çıxır, necə müəyyənləşdirilir. Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri var. Orada təhqir və böhtana görə cərimə dərəcələri və cərimə olmazsa, azadlıqdan məhrumetmə və həbs cəzası nəzərdə tutulur. Bu gün Azərbaycanda rəsmi rəqəmlər bunlardır. Yəni minimum əməkhaqqının müəyyən misli qədər. Nə qədər olsa da həmin fantastik rəqəmlərə gətirib çıxarmaz. İclasların birində ulu öndərimiz üzünü məmurlara tutub dedi ki, heç ömrünüzdə görmüsünüzmü mən hansısa qəzeti məhkəməyə verəm? Bir az mətbuata qarşı dözümlü olun. Açıq şəkildə bununla məmurları tolerant olmağa çağırmışdı. Lakin bir məsələ var ki, bəzi qəzetlər ölkənin təhlükəsizliyi, vətəndaş qarşıdurması və yaxud hansısa məsələ ilə bağlı məsuliyyətsiz bəyanatlar verirsə, onları nəinki məhkəməyə vermək, ümumiyyətlə, bağlamaq lazımdır. Amma butun hallarda qəzetlərin astronomik cərimələnməsini məqbul saymıram.

- Mətbuatımızın problemlərdən qurtulması, inkişaf etməsi üçün hansı tədbirlərin görülməsini zəruri hesab edirsiniz?
- Onu demək istəyirəm ki, bəzilərinin hesab etdiyi kimi, yalnız Qərbə baxaraq güclənməyin, ölkədə qayda-qanun yaratmağın əleyhinəyəm. Hər bir ölkənin, məmləkətin özünün mental xüsusiyyətləri, öz inkişaf perspektivləri və tarixi inkişaf yolu, modeli var. Biz kimlərinsə xoşuna gəlmək üçün, təqdirini qazanmaq üçün fəaliyyət göstərməməliyik. Öz inkişaf yolumuzu, perspektivimizi özümüz müəyyən eləməliyik. Uurnalistka yaradıcılıq sahəsidir.

Ölkənin bütün zamanlarda da öndə gedənləri ziyalılar olub. Bu nöqteyi-nəzərdən də özündə dəyərli ziyalıları birləşdirən sahə kimi hər bir dövlətin, hökumətin borcu mətbuatı inkişaf etdirməkdir. Bizim indiki gənc nəsil kitaba, mütaliəyə o qədər də həvəsli deyil. İnternet və televiziya daha çox gənclərimizin maraq dairəsindədir. Elektron kütləvi informasiya vasitələrinin fəaliyyətinin təşkilində elə bir qayda-qanun yaratmalıyıq ki, onlar cəmiyyətin yetişməsinə, gənc nəslin düzgün formalaşmasına stimul versin, onu səfərbər eləsin. Mətbuatın maarifçilik funksiyasını bu gün əyləncə əvəzləyib. Bu, normal deyil. Hər bir hökumətin kütləvi informasiya vasitələri ilə bağlı konsepsiyası olmalıdır. Bu konsepsiya cəmiyyətin firavan yaşaması üçün sosial cəhətdən daha da təminatına xidmət eləməlidir. Bunun üçün də lazımdır: maarifçilik, maarifçilik, maarifçilik. Bölgələrdə, eləcə də paytaxtda yaşayan insanları sivil birgəyaşayış qaydalarına öyrətməliyik. Bunun birinci yolu qəzet-curnaldır. Ona görə də bu məqsədlə Azərbaycan mətbuatının cəmiyyətə təsirinin maksimum səmərəliliyini təmin etmək üçün reket curnalistikaya son qoyulmalıdır, QHT adı ilə fəaliyyət göstərən şübhəli qurumlar sıradan çıxarılmalıdır. Hamımız cəmiyyətdə birgə fəaliyyət göstərməliyik. Biz hələ yenicə keçid dövründən sıyrılıb çıxan gənc dövlətik, bir xoşbəxtliyimiz var ki, sosial-iqtisadi göstəricilərimiz yüksəlir, xalqın rifahı artır.

İstər neft, istərsə də qeyri-neft sektorunda inkişaf gedir. Bu resurslardan istifadə edilərək Azərbaycan cəmiyyətində rifah təmin edilməlidir, bunlar bütövlükdə insan resursunun inkişafına xidmət eləməlidir. Azərbaycanın infrastrukturu, makrostrukturu, hökumətimizin bütün siyasəti insan amilinin rifahına yönəlib. Orta təbəqənin fəallaşmasına, Azərbaycanın, xalqın taleyi, inkişafı üçün, cəmiyyətdə öz yeri, rolu barəsində bir məsuliyyət hiss eləməsinə, çalışmaq lazımdır ki, bu insanlar ölkənin taleyi üçün çiyinlərində bir məsuliyyət olduğunu hiss eləsinlər. Bu da mətbuatın işidir. Yenə buna qayıdıram, mətbuatı gücləndirmədən, müasir tələblər səviyyəsinə qaldırmadan cəmiyyət qarşısında duran qlobal məsələlərin həllinə heç cür nail ola bilməyəcəyik. Mətbuatın keyfiyyəti yüksəldilməlidir. Burada peşəkar kadrların yetişdirilməsinə nail olmalıyıq ki, gələcəkdə bizim yeganə informasiya mənbəyimiz olan curnalistikanın hörmət, inamı və nüfuzu artsın. Fikirləşirəm, daha doğrusu ümid edirəm ki, zaman-zaman üzdəniraq “curnalistlər” də bu işin perspektivsizliyini görüb əl çəkəcəklər. Bu problem “Qordi düyünü” deyil ki, bir zərbəyə həll edəsən. Vətəndaş cəmiyyəti tam oturuşandan sonra bu problemlər aradan qalxacaq. 

- Gələcəyin jurnalistlərini hazırlayan pedaqoqlardan biri kimi mətbuatımızın gələcəyini necə görürsünüz? 
- Azərbaycan mətbuatının gələcəyinə çox nikbin baxıram. O nikbinliyin də əsasını tanıdığım yaşlı, orta nəsil və gənclərin olması təşkil edir. Yaxşı analitik təfəkkürü olan, gözəl qələmi və rəhbərlik qabiliyyəti olan insanları görəndə məmnunluq hissi keçirirəm və sevinirəm ki, bunların sayı az deyil. Onların üzə çıxarılması da biz pedaqoqların borcudur. Çox istedadlı gənclərimiz var, sadəcə onlara sahib çıxmağı bacarmalıyıq. Onlara stimul vermək lazımdır. Dövlət də müxtəlif vasitələrlə buna çalışır. Gələcəkdə bu tendensiyanın daha da genişləndirilməsini arzu edərdik. Dövlət mətbuatın inkişafı üçün çox çalışır. Pessimist olmağa dəyməz, ümumilikdə, curnalistikamızın vəziyyəti pis deyil, ümid edirəm ki, gələcəkdə daha yaxşı olacaq.
Sevinc MÜRVƏTQIZI
 





04.09.2012    çap et  çap et