525.Az

Aprel qazisi: “Bu protez ayaqla Lələtəpədəki posta da çıxmışam” - Video


 

Aprel qazisi: “Bu protez ayaqla Lələtəpədəki posta da çıxmışam” - <b style="color:red">Video </b>

2016-cı ilin aprel döyüşlərində Azərbaycana qələbə qazandıran oğullardan biri də aprel qazisi, cəbhə bölgəsində briqada komandirinin müavini olmuş Eldəniz Sadıqovdur. Onun hər iki ayağı minaya düşüb. Bir ayağı amputasiya edilib, bir ayağı isə daban nahiyəsindən yenidən qurulub.

E.Sadıqov üst-üstə 12 dəfə əməliyyat olunub: “Əsgərlərdən qabaqda idim. Bütün əsgər və zabitlər qışqırdı ki, rəisimiz minaya düşdü, köməyə gəlmək istədilər. Mən minalı sahənin içində idim. Əlimi atdım silaha ki, kim mənə tərəf gəlsə, onu vuracam, hamı çöksün aşağı. Çünki düşmən öz snayperləri ilə məqam gözləyirdi. Mən özümdə güc tapıb sürünməyə başladım. Özümü şoka düşməyə qoymadım. Fikirləşdim ki, mən daha minaya düşmüşəm. Bəs mənim tabeliyimdə olan əsgər gözümün qabağında minaya düşsə, nə olacaq? Minalı sahədən özüm sürünərək çıxdım. Mən 12 dəfə əməliyyat olunmuşam. 2 ayağım da minaya düşmüşdü. Biri pəncədən yox idi. O biri də daban sümüklərim qırılıb tamam sıradan çıxmışdı”.

Eldəniz Sadıqov 1977-ci ildə Tovuzun Əsrik Cırdaxan kəndində dünyaya göz açıb. Evlərinə düşən düşmən mərmisi onu qəti surətdə hərbçi olmaq qərarına gətirib. Və bu qərar onu cəbhə bölgəsində polkovnik-leytenant rütbəsinə qədər yüksəldib: “Aprel döyüşündə ən mühüm hal o oldu ki, xalqla ordu birləşdi. Yaralı olan zabitlər və əsgərlər yaralı olanda belə öz yarasını gizlədirdi. Düşmən isə əksinə, öz çıxış ərazilərində postlar qurmuşdu ki, qaçanları güllələsin”.

Bütün bu uğurlarımız bizə nə göylərdən əta oldu, nə də hansısa xarici ölkənin dəstəyi ilə baş tutdu. Azad olunan torpaqlar neçə-neçə oğullarımızın canı-qanı bahasına başa gəldi. Bir də maddi-mənəvi qayğısını onlardan əsirgəməyən dövlət siyasəti nəticəsində...

“Torpaq uğrunda ölən varsa, vətəndir” deyirlər. Müharibə itkisiz olmur. Qarabağ uğrunda 1992-ci ildən bu yana minlərlə şəhidimiz olub. Hamımızın onların ruhu və anaları qarşısında borcumuz var. Onların ailələri, anaları bizə əmanətdir. Elə bu müstəvidə aprel döyüşlərindən az sonra Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid anaları ilə görüşü, aprel qazilərinin problemləri ilə maraqlanması dövlətin vətəndaşına göstərdiyi yüksək diqqətin nümunəsidir.

Bu il aprelin 3-də Mehriban xanım Əliyevanın aprel qaziləri ilə növbəti görüşü ondan xəbər verir ki, zaman keçsə də, bu torpaq uğrunda əməyi olan hər bir kəs daim diqqət və qayğı ilə əhatə olunacaq. 2017-ci ildə Mehriban xanımın göstərişi ilə əzalarını itirmiş hərbçilərlə bağlı layihə onlarla insanı həyata yenidən bağladı. Yüksək texnologiyalar əsasında hazırlanmış protezlər qaziləri yenidən normal məişət həyatına, əmək fəaliyyətinə qaytardı.

Reabilitasiyadan sonra həyatları normal axarına qayıdan qazilərimiz yüksək texnologiyalı protezlərin sayəsində sıxıntı və depressiyadan yaxa qurtardılar. Eldəniz Sadıqov deyir ki, 5 ay protezsiz olduğu müddətdə hər şey çox çətin görünürdü: “Biz inanmırdıq ki, gəzə biləcəyik. Məsələn, mən 5 ay yatılı qalmışam. Amma vitse-prezident Mehriban xanım biz qazilərlə görüş keçirdi. Biz gördük ki, vətən üçün canından keçən, şəhid olan, qazi olan insanlara o, necə dəyər verir?! Onun tapşırığı ilə protezlər qoyuldu. Hətta protezlərin güdüllərində problem olursa, dərhal müdaxilə edirlər. Bu gün qazilərimiz normal həyatdadırlar. Hətta mən hərbi xidmətdəyəm. Mən hələ də o əsgərlərin yanındayam. Protez olan ayağım ondan yaxşıdır. Bütün yükü onun üstünə verirəm. Mən bu ayaqla Lələtəpədəki posta çıxmışam. Bir az sol ayağımdakı sümüklər incidir. Amma toyda oynayanda belə heç kim bilmir ki, protezdəyəm. İki ildir bu protezlə gəzirəm. Bu layihə yaxşı oldu deyə, istəyirlər bütün qazilərimizi bu protezlərlə təmin etsinlər. Hərbçilərdə belə bir ümid yaranır ki, mən vətən üçün canımdan keçməli olsam, mənim ailəmdən baxımsız qalmayacaq. Qazi olsam, bədənimin müəyyən hissəsini itirsəm, mən əlil qalmayacam”.

Geri qaytarılan ərazilərimizdə postlardan birinə Eldəniz Sadıqovun adı verilib. Polkovnik-leytenant Eldəniz Sadıqov hazırda da hərbi xidmətini davam etdirir. Və 16 il xidmət etdiyi cəbhə bölgəsindən uzaq düşməyib. Minaya düşüb ayağını itirdiyi həmin ərazilərə və hətta geri qaytardığımız posta qədər özü çıxıb.

Bütün bunlar göstərir ki, Qarabağ qazilərinin yüksək texnologiyalı protezlərlə təmin edilməsi layihəsi özünü doğruldur. Azərbaycan dövləti ordusunu öz silahları ilə təmin etdiyi kimi, qazilərini də yüksək texnologiyalı protezlərlə təmin etməyi bacarır. Tanrı dövlətimizi qorusun!

 





09.04.2019    çap et  çap et