525.Az

“Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycanı yüksək qardaşlıq əlaqələri birləşdirir” (Müsahibə)


 

“Səudiyyə  Ərəbistanı Krallığı ilə Azərbaycanı yüksək qardaşlıq əlaqələri birləşdirir” <b style="color:red">(Müsahibə)</b>

Sentyabrın 23-də  Səudiyyə Ərəbistanı Krallığı mühüm tarixi hadisəni, Milli Gününü qeyd edir. Bu münasibətlə Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Musaid bin İbrahim Əl-Suleym “525-ci qəzet”ə müsahibə verib. 

–Cənab səfir, qarşıdan Səudiyyə Ərəbistanı üçün mühüm tarixi gün gəlir. Öncə sizi bayram münasibətilə təbrik edirəm. Bu tarix xalqınız və dövlətiniz üçün hansı əhəmiyyəti daşıyır?

–Bu gün biz Səudiyyə  Ərəbistanı Krallığının vətəndaşları üçün əlamətdardır. İllər öncə belə bir gündə böyük şəxsiyyət Kral Əbdüləziz bin Əbdürrəhman (Allah Ona rəhmət eləsin!) əmin-amanlığın olmadığı, kasıbçılığın vüsət aldığı çox çətin bir şəraitdə ölkəmizi Səudiyyə Ərəbistanı Krallığı adı altında birləşdirib.

Bu qəhrəmanın gördüyü  işlərin nəticəsində və İki Müqəddəs Məscidin Xadiminin rəhbərliyi ilə Səudiyyə Ərəbistanı Krallığı Allaha şükürlər olsun ki, geniş miqyaslı və böyük sıçrayışlı inkişafa nail olmuşdur. İstər ictimai, istər iqtisadi, istərsə də digər bütün sahələrdə gedən və davamlı olaraq beşillik proqramlarla həyata keçirilən bu inkişaf Səudiyyə vətəndaşının rifahını ən yüksək səviyyəyə qaldırmaq məqsədini daşıyır. Bunun sayəsində təhsil, səhiyyə və sosial xidmətlər kimi bir çox əsas xidmət növləri Krallığın hər yerində tamamı ilə pulsuzdur.

– Azərbaycanda çalışacağınız müddətdə iki ölkənin münasibətlərinin inkişafı baxımından əsas prioritetləriniz nədən ibarət olacaq? Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında hazırkı münasibətləri necə dəyərləndirirsiniz?

–Səudiyyə  Ərəbistanı Krallığını Azərbaycan Respublikası ilə yüksək qardaşlıq əlaqələri birləşdirir. Bu əlaqələr qarışılıqlı hörmətə, səmimi qardaşlığa, iki ölkənin mənafeyinə xidmət edən məsələlərdə əməkdaşlığa və bu əlaqələri daha da gücləndirən İslam irsinə və müştərək tarixə əsaslanır və hamımız üçün bir qürur mənbəyidir. Qeyd edilən münasibətlər İki Müqəddəs Məscidin xadimi Kral Abdulla bin Əbdüləziz və onun qardaşı Prezident İlham Əliyevin diqqət və qayğısı əsasında inkişaf edir.

Hazırda Azərbaycan Respublikasındakı qardaşlarımızla birgə ölkələrimiz arasındakı ticarət və investisiya sahələrindəki əməkdaşlığın  səviyyəsini qaldırmağa çalışırıq. Bu məqsədlə yaxın vaxtlarda bir neçə müvafiq sazişlər imzalanacaq. Allahın izni ilə bu hədəfə çatmaq üçün iş adamları və investorların qarşılıqlı səfərləri təşviq olunacaq.

–Cənab səfir, enerji sahəsində əməkdaşlığı necə dəyərləndirirsiniz?

–Dünyada ən böyük neft ixrac edən ölkə kimi Səudiyyə Ərəbistanı Krallığı dünya iqtisadiyyatına qarşı böyük bir məsuliyyət hissi daşıyır. Bununla əlaqədar olaraq Səudiyyə Ərəbistanı Krallığı, Azərbaycan Respublikası da daxil olmaqla, dünya enerji bazarının sabitliyi üçün istehlakçı və ixracatçılarla əməkdaşlıq edir. Belə ki, Krallıq bundan öncə də 2004-cü ildə neft sahəsində ortaq bir bəyannamə imzalayıb.

–Müqəddəs Həcc ziyarətinin vaxtı yaxınlaşır. Zəvvarların təhlükəsizliyi ilə bağlı hansı tədbirlər görülüb? Yeri gəlmişkən, Səudiyyə Ərəbistanında tənəffüs yolları sindromu (MERS-CoV) olan yoluxucu virus yayılıb. Bundan zəvvarların qorunması üçün hansı tədbirlər həyata keçirilir?

–Səudiyyə  Ərəbistanı Krallığının rəhbəri, hökuməti və xalqı  – İki Müqəddəs Məscidin Məkkeyi-mükərrəmədəki Müqəddəs Allah Evinə, Mədineyi-Münəvvərədəki Peyğəmbər Məscidinə hər il dünyanın müxtəlif yerlərindən gələn həcc və ümrə ziyarətçilərinə qayğı göstərməkdən qürur duyur.

Digər sualın cavabına gəlincə isə, Səudiyyə Ərəbistanı Krallığı zəvvarların təhlükəsizliyi və səhhəti üçün bütün tədbirləri icra edib. Şükürlər olsun ki, indiyə kimi müqəddəs torpaqlarda heç bir yoluxucu virus təzahür etməyib.

–Cənab səfir, ölkələrimiz arasında turizm sahəsində əməkdaşlığı necə dəyərləndirirsiniz? Bu sahədə əlaqələrin inkişafı üçün nə kimi addımların atılmasına zərurət var?

–Azərbaycanın bu gün yaşadığı inkişaf heyrətamiz və sürətlidir və hazırda Azərbaycanda dünyaca məşhur olan 5 ulduzlu otellərin olması burada turizmə olan maraq və qayğıdan irəli gəlir. Eləcə də Bakıdan kənardakı rayonlarda kurortların olması da buna sübutdur. Və ölkələrimiz arasında nəinki turizm, bir çox sahələrdə daimi əməkdaşlıq mövcuddur.

–Yeri gəlmişkən, iki ölkə arasında birbaşa reyslərin açılması məsələsi gündəmdə idi. Bununla bağlı nə kimi yenilik var?

–İki ölkə arasındakı hava nəqliyyatına dair saziş ətrafındakı danışıqlar son mərhələdədir. Allah qoysa bu saziş imzalandıqdan sonra, yerli hava şirkətləri birbaşa reyslər təşkil edə biləcəklər ki, bu da ticarət dövriyyəsinin və turistlərin sayının artmasına, Məscidül-həram və Peyğəmbər məscidinə həcc və ya ümrə ziyarəti yerinə yetirən zəvvarların rahatlığına səbəb olacaq.

–Burda çalışdığınız müddətdə regionlarımızda olmusunuzmu?

–Qəbələ və Quba şəhərlərinə çox qısa bir səfərim oldu. Və inanın ki, bu şəhərlərdəki təbiətin gözəlliyi, havanın təmizliyi və otellərdəki möhtəşəm xidmətlər, kənd ərazilərinin gözəlliyi, insanların təbəssümü, yardımsevərliyi və sadəliyini təsvir etməyə söz tapmıram. Çox maraqlı və xoş vaxt keçirdim və imkan olduqca digər şəhər və bölgələrə də səfər edəcəyəm.

Pərvanə

 





23.09.2013    çap et  çap et