525.Az

Darıxmaq və qəfil gələn hədiyyə - Türkan Turan yazır


 

Darıxmaq və qəfil gələn hədiyyə - <b style="color:red">Türkan Turan yazır </b>

Eşq, xoşbəxtlik, ayrılıq, yalnızlıq, hüzün, darıxmaq... Həyatımızın əsas periodu bu ardıcıllıqdan ibarətdir. Biri bitir, digəri başlayır, o biri başa çatır, bu biri hərəkətlənir.

Bunların içərisində bircə darıxmaqdır ki, o, heç vaxt keçmir. Bədəninə yerləşir və həm özünü, həm də səni idarə etməyə başlayır. Qədərini, gücünü özü müəyyənləşdirir. İstər ən xoş anında, istərsə də şad günündə namərd bıçağı kimi kürəyinə saplanır. Bəzən isə koramal ilan kimi künc-bucaqdan, gizlin-gizlin sivişərək gəlib astaca çalıb yoxa çıxır. Zəhər qana işlədikcə təngənəfəslik, üşütmə, nəbzin artması, başağrısı başlayır, soyuq tər basır, qalırsan qıvrıla-qıvrıla. Darıxmaq dəhşətli hissdir! Adamı gündə neçə yol quyunun dibinə salıb-çıxardır, bilmirsən.

Dodağında, dilində son öpüşündən bir iz axtarırsan. Cavabsız suallar, təsdiqsiz şübhələr içini didib-parçalayır. Qərar verirsən, silib atacam, kəsib tullayacam, artıq düşünməyəcəm deyirsən, bir də baxırsan ki, barmaqlarınla şəklinin üstünə süzülən göz yaşını qurutmaqla məşğulsan.

Nə evin içinə sığırsan, nə çölünə. Heç dünyada da özünə yer tapa bilmirsən. Darıxmağın böyüdükcə kainat gözündə kiçilib kibrit qutusu boyda olur.  Artıq gündüzlərin də gecədən fərqi olmur, ikisinə də zülmət çökür.

Hə, darıxmaq dəhşətli hissdir! Toxunmaq istəyirsən, amma əlin çatmır. Elə indicə günəş kimi saçılan təbəssümü ilə hardansa çıxacağını zənn edirsən, amma gözləntin içində boğulur. Çünki heç vaxt gəlməyəcəyini yaxşı bilirsən.

Gecə özünə söz verirsən, səhər oyanacam, hərarətini, qoxusunu, öpüşünü, dadını unudacam deyib, yatırsan. Səhər açılır, nə verdiyin sözlər, nə çəkdiyin sədlər yadına düşür. Xatırladığın bircə O olur.

Bəzən özündən elə uzaqlaşırsan ki, nə qədər qaçsan da, çata bilməyəcəyini görürsən. İzdihamın içinə qarışıb minlərlə insanın üzündə onu axtarırsan. Bəlkə indi arxamdan gələnlərdən biridir deyib, qarmaqarışıqlığın arasında dəli kimi dövrə vurursan. İndi, elə bu an ətrafdakı binaların hansınınsa balkonundan, pəncərəsindən baxırmı deyə, hər yeri baxışınla ələk-vələk edirsən. Sən özünə dərdli, hamı sənə dəli kimi baxır!

Nə musiqiyə qulaq asa bilirsən, nə şeir oxumağa güc tapırsan. Bircə sözdən büdrəyir, bir cümlədən yıxılırsan. Bəzən ayağını yerə vura-vura ağlamaq istəyirsən. Sonra uşaqlaşmağına hirslənir, öz qulağından tutub tənbeh etmək, ağıllan deyib küncə qoymaq istəyirsən. Amma özünə sözün keçmir, bütün cəhdlərinin hamısı hədər olur. Bəzən isə dünya yaranandan sən də varmışsan kimi nimdaş bir hissə qapılırsan. Bax, özünü o qədər yorğun, köhnəlmiş hiss edirsən. Özünə təsəlli verə-verə bütün ümidlərinin axırına çıxırsan. Azalırsan, tükənirsən, bitirsən!

Dedim axı, darıxmaq dəhşətli hissdir!

Bir gün içib harada gecələdiyini yaddan çıxardırsan, bir gün evinin yolunu unudursan. Başını yastığına qoyub, rahatlıqla yuxuya getdiyin günlər çoxdan buxarlanıb getmiş olur. İki nəfərlik olan o bumbuz yataq sənə məzar kimi görünür. Orada özünü isitmək məcburiyyəti sənə qəbir əzabı kimi gəlir. Aynalara küsürsən, bir gün qarşısına keçib özünlə göz-gözə gələndə saçından kirpiyinə qədər süzülüb tökülən acizliyinə yanırsan. Düşdüyün vəziyyətə dəfələrlə üsyan edib, intiharı düşünürsən. Sənin üçün lənətdən fərqi olmayan dünyadan qaçıb canını qurtarmaq istəyirsən. Milyonlarla insanın arasında təklik əzabı çəkirsən. Dəvaların içərisində çarəsizcə oturub, başını dizlərinə söykəyib, qollarınla ayaqlarına sarılırsan. Təkliyin nə demək olduğunu özünü qucaqlamağa başlayanda öyrənirsən! Saysız uğurların, geniş imkanların səni zərrə qədər həyəcanlandırmır, yarım-yamalaq olduğunu hiss edirsən. Ən böyük ehtiyacının O olduğu hər addımda üzünə çırpılır. Göynəmələr ürəyini rahat buraxmır. Əzələlərin o qədər sızıldayır ki, az qalırsan ətini sümüyünün üstündən parça-parça qopardıb atasan.

Nə yediyindən dad alırsan, nə içdiyindən, nə oxuduğun kitabları qavraya bilirsən, nə ağzından çıxan sözlərə nəzarət edirsən. Sənə həyatının ən böyük yoxluğunu göstərənə nifrət edirsən. Arxayın olduğun gücünün, söykəndiyin qüdrətinin çəkdiklərinin yanında necə zəif göründüyünə şahid olanda öz gözündən düşürsən. Ümidin oturaraq saatlarla gözünü bir nöqtəyə zilləyib, həmin an onun qarşına dikilməsi üçün bir möcüzə diləməyə qalır. Yoxluğuna savaş açır, həyatını alt-üst edirsən. Bir gün bu muharibədə qalib gələcəyinə inanır, amma məğlub və yaralı çıxırsan. "Kaş, gərək" sözləri qurduğun cümlələrin başından əskik olmur. Peşmançılıq yaxandan əl çəkmir. Xatirələr kölgə kimi arxanca sürünür. Qaçıb getmək istəyirsən, dünyanın insan yaşamayan yerləri ilə maraqlanmağa başlayırsan. Zaman hər şeyi həll edər deyirlər. Amma gün-günə calandıqca bu sözün cəfəngiyat olduğunu dərk edirsən. Bir müddətdən sonra taqətdən düşürsən. İçindəki fırtına, gözündəki kədər, canındakı ağrılarla yaşamağa öyrəşirsən. Sənə elə gəlir ki, dünyaya gələndən əlin, qolun, ayağın kimi onlar da sənin bir parçan olaraq doğulublar. Başına sığal, üzünə tumar çəkdiyin kimi əzablarını da əzizləyirsən.

Aradan illər keçir, yavaş-yavaş baxışların, bir gün gözünü unudursan. Bircə darıxmaq canını rahat buraxmır. Ən şad günündə, ən xoş anında namərd bıçağı kimi kürəyindən sancılır. Ta ki həyatına sehirli dəyənək toxunana qədər... Bir gün qapın döyülür. Açıb görürsən ki, qarşında hədiyyə qutusu var. Ehmalca götürüb, yavaş-yavaş açırsan. Gözlərinə inana bilmirsən, içindən çıxan xilasa heyrətlə baxırsan. O gündən sonra günəş yenidən bərq vurmağa başlayır, həm göy üzündə, həm təbəssümündə!

 





10.04.2019    çap et  çap et