525.Az

Söz-söz xırdalanan şair - Şahnaz Şahin yazır


 

Söz-söz xırdalanan şair - <b style="color:red">Şahnaz Şahin yazır </b>

... Onda dünya belə deyildi, ilahi qanunlar hələ pozulmamışdı, Tanrı adlandırdığı varlığı da insan çölündə deyil, öz içində arayıb tapırdı. Eləcə fərqinə də varmadan insanın ruhu tanrı daşıyırdı. O da məmnun idi, tanrısı da... Dünya öz kefinə fırlanmağında, insan da öz aləmində...

Nə biz bu dünyanın vecinə idik,
Nə dünya alırdı bizi vecinə... (Ş.Ş)

Onda ki, şeiri hıqqana-hıqqana icad etmirdilər, sirli aləmin səsini duyub yazırdılar, yazdığı sətirləri oxuyub heyrətlənirdilər. Məhəmməd peyğəmbərin şeir haqda söylədiyinə baxın bir: "Şeirin bir hissəsi hikmətdir!"
Yadıma mərhum şair Tofiq Bayram düşür. Bir dəfə haqqında radio verilişlərinin birində dinlədiklərim heyrətləndirmişdi məni. Şair  hələ ilk şeirlərini yazanda qəribə hallar keçirirmiş, gecə səhərəcən otaqda ora-bura vurnuxur, dodaqaltı nəsə öz-özünə danışır, başını əllərilə tutub sıxır, saçlarını dartıb yolurmuş... Onun bu halını görən atanın ona yazığı gəlirdi! Bəli, şeir asan doğulmur, yaradıcılıq, məncə, ədəbi hadisə olmaqla yanaşı, həm də kosmik hadisədir. Axı əlahəzrət SÖZ də yer məhsulu deyil.

Hansı müdriksə deyib ki, adi şairlər şeir yazır, dahilər isə poeziya yaradır... Niyə yazdığını bilməz ki, şair, bəzən yolda, bəzən yuxuda "yaxalayar" sahibini SÖZ... Azca ləng tərpəndisə, üzünə xoş baxmadısa... ta heç nə, getdi gedəli... Nə izini bular, nə tozunu taparsan!..

Ədəbiyyata ürəkdən qulluq edən, poeziya yaradan şairlərimizdəndir Xatirə Rəhimbəyli! Ömrünü, həyatını heç bir təltif, tərif gözləmədən xərc edən, qələmiylə "öz gününü qaralayan", amma getdiyi yola işıq saçan şair. Sənəti müəllim, vəzifəsi böyük bir məktəbin dərs hissə müdiri, dünyası poeziya..! Özü etiraf edir ki, məni heç nə onun qədər cəzb eləmir. Vaxtı az olur, elə şeirlərini də çox vaxt ev-iş arası yolda ipə düzüb ortaya çıxarır. Ev, ailə, iş qayğıları bəzən başını elə qatır ki, neçə şeir balasını gün işığına çıxara bilmir!..
Mən onu ilk dəfə təxminən 1998-ci ildə "525-ci qəzet"də dərc olunan şeirlərindən tanıyıb sevdim. Elə bircə şeirindən, lap dördcə misrasından basdım bağrıma:

Deyim ortalığa, bəlkə də çatdı
Sözümün sədası ürəyinizə...
Yüz dəfə sevən var, bir yol ölmədi,
Məcnunun qadası ürəyinizə...

... On bir uşaqdan biri idi Xatirə, amma elə uşaq yaşlarından fərqlənirdi, qələm ona munis, o qələmə dost idi. Bilənlər bilir, kənd uşaqlarının qayğıları çox olur. Bura həyət, ev işləri əlavə olunanda dərs oxumağa da vaxt çatmır az qala. Amma gələcəyin yaxşı şairi işinin çəmini "tapmışdı", hamı yatandan sonra, özü də qaranlıq otaqda əlhavasına yazırdı şeirlərini... Ta ki, ilk şeirləri yerli qəzetdə dərc olunanadək yazdıqlarını gizləməli oldu. Qəzeti alıb qızının imzasını görən atası evdə sərt qayda qoydu və ondan daha ev işləri tələb olunmadı!.. İndi o, rahat yaza bilərdi... Bu yolun ağırlığını, məsuliyyətini dərk edir, amma yazmaya bilmirdi.
Təzəcə tikilib astar suvağı çəkilmiş otağı dörd dolanırdı, ruhundakı ağrılardan qurtarmaq üçün qeyri-ixtiyari əllərini divarlara sürtə-sürtə dəli kimi fırlanırdı. Bir də baxırdım ki, deyir, əllərimin içi soyulub, barmaqlarımdan qan tökülür!.. Ruh ağrıları o qədər güclü idi ki, cismani ağrıları hiss etmirdi, ta ki, İlahi göndərən payı dəstələyib yerə enənəcən... Onda da sevincindən oturub ağlayırdı. Və nəhayət, şairlik taleyinə təslim olub "MƏNİM ANAM GECƏLƏRDİ..." pıçıldadı.

Küsüb gündüzlərin nahaq qəmindən,
Çəkilib içimə yığılıram mən.
Əzab çəkə-çəkə, qəm çəkə-çəkə,
Hər gecə təzədən doğuluram mən -
Mənim anam gecələrdi...
Başımda, dişimdə sızıldayanda
Ağrı-acı mənim, qan-qada mənim.
Xoruz səsi ilə, it səsi ilə
İstəyir başımı aldada mənim -
Mənim anam gecələrdi...

Hər şeiriylə təzədən doğulur, Tanrı sanki onun sıxıb suyunu çıxarır, olmazın əzablar verərək əvəzində yeni insan formalaşdırırdı. Qəlibi ayrı, tutumu ayrı. Gecələr onun idi, o da gecələrin. O gecələr ki, onunla sübh açırdı, Azan çəkirdi, ozan olurdu. Beləcə poeziya kimi çətin yolun bir fədakar yolçusu hüzurunuza gəlirdi.
Gəlirdi ki, dirilik suyuna çəksin ürəklərinizi...

Dünyanın ən aparıcı duyğusu olan sevgi Xatirənin də yaradıcılığında öndə dayanır, şair həm də eşqi qaldırıb başı üstündə saxlamağı bacarır:

Mən elə bilirdim ruhun mələkdi,
Bu qoca dünyada nə çəksəm görür...
Və ya
...Ah mənə, ilanım, özün buğda dər,
Kim könüllü gedər öz cənnətindən...

Həyatın çətin sınaqlarından çıxa bilməyən, yolları yarıda qırılan aşiqlərin illər sonra qarşılaşma səhnəsi necə də təsirlidir.., amma  bitib tükənməyən, haqlı-haqsız maneələr bu dəfə daha sərtdir və daha hisslərini həmişəlik ürəklərində dəfn etməyə məcbur edir...

... Söhbət aç ailəndən,
Evdən, uşaqdan danış.
Gileylən güzərandan,
Yaxın, uzaqdan danış.
... Yox, yox, gəl toxunmayaq
Könüllərin yasına.
Sonra da sağollaşaq,
Hər kəs öz yuvasına...

Qəm, kədər, həsrət adi adamı da bir neçə misra yazmağa həvəsləndirər, amma qəmdən poeziya yaratmaq şair olana xasdır... Şair həm də şeirlərində eldən gələn təşbih və bənzətmələri elə məharətlə işlədir ki, oxucu heyran qalır...

Hamı "getdi" deyib haray qoparır,
Gedənlər hayana gedib ki, gəlmir..?
... Xatirə, bir ömür oldu bəkçisən,
Gözlərin cuvardı, sən çiçəkçisən.
Gəlməz, bir ömür də qəhrini çəksən,
Gedənin gedibdi...
Gedib ki, gəlmir..!

İnsanlardan, həyatın, dünyanın etibarsızlığından bezəndə üzünü dağlara tutur Xatirə Rəhimbəyli.

Sıranıza alın, noolar,
Dağlar məni. daşlar məni.
Susdum daha qoy öldürsün.
Bu ürəyi boşlar məni...

Vətən, ana, torpaq kimi müqəddəslər də onun yaradıcılığının bir hissəsidir, şairin hisslər süzgəcindən keçir... İtirilmiş torpaqlarımız, əsir şəhərlərimiz, Xocalı faciəsi ona rahatlıq vermir, amma o, dərdə ağlamağa yox, azca səbrə və mübarizəyə səsləyir oxucunu...

... Axdı şəhid qanları töküldü daşın üstə,
Qanla dolu bir tarix yazıldı yaşın üstə.
Nə vaxt dalğalanarsa bayrağım başın üstə,
Bax onda deyəcəyəm bəxtiyarsan, Xocalım,
Yaşayırsan bizimlə, hələ varsan, Xocalım...

İçində yaşadığımız sirli dünya, fanilik, əbədi ayrılıq və ruhuna çökən sarsıntıdan yorulduğunu hiss edərək kövrəlir və doğma saydığı insanlara üzünü tutub, bircə sirli düyününü belə aça bilmədiyi dünya ilə belə vidalaşır:

... Ey, varmı mənimlə gedən, gedirəm,
Yorulub əl-ayaq, bədən, gedirəm.
Bilməm niyə gəldim, niyə gedirəm...
Dad ola bilmədi damaqda dünya...

Amma biz səninlə vidalaşmırıq, Xatirə xanım, yeni şeirlər, təzə söz arzusuyla və bir də sənə yazdığım şeirin bir bəndi ilə hələlik deyir və əllərinini həmişə "Tanrının cibində" olmasını arzulayıram...

... Göydə silkələnir, bulud tökülür,
Yerə həmd yağır, şükür tökülür.
Söz-söz xərdalanır, bənd-bənd tökülür,
Hər səhər, hər axşamçağı Xatirə...

 





10.04.2019    çap et  çap et