525.Az

Əli Əhmədov məcburi köçkün yataqxalarında baş verən yanğınlardan danışdı


 

Əli Əhmədov məcburi köçkün yataqxalarında baş verən yanğınlardan danışdı<b style="color:red"></b>

“Mən kimisə günahlandırmaq istəmirəm. Amma bir neçə ay ərzində Azərbaycanda məcburi köçkünlərin məskunlaşdığı ictimai binalarda 5 yanğın hadisəsi baş verib”.

ONA-nın Qarabağ bürosunun məlumatına görə, bu barədə baş nazirin müavini Əli Əhmədov deyib. O, sonuncu yanğın hadisəsinin Kürdəxanı qəsəbəsində məcburi köçkünlər üçün yeni tikilən yaşayış məskəninin istifadəyə verilməsindən bir neçə gün sonra qeydə alındığını xatırladıb.

“Azərbaycan Prezidentinin göstərişi ilə məcburi köçkünlərin mənzil problemlərinin həlli üçün lazim addımlar atırılır. Bu məsələlər pillə-pillə aparılır. Amma görünür ki, kimlərsə növbəsini qabağa salmaq üçün, belə deyək ki, daha tez ev almaq üçün cəhdlər göstərirlər”, - deyə Ə. Əhmədov əlavə edib.

Baş nazirin müavini qeyd edib ki, binalar tikildikcə məcburi köçkünlər köçürülür: “Mənə belə gəlir ki, Azərbaycan xalqı məcburi köçkünlərin rifahının yaxşılaşdırılması üçün özünün malik olduğu sərvətlərin bir hissəsinin onlara xərclənməsini arzulayırsa, bunu dəstəkləyirsə, məcburi köçkünlər də bu illərə qədər dözüblərsə, bundan sonra da müəyyən qədər dözsünlər, binalar tikildikcə, istismara verildikcə onlar da köçürülsünlər. Amma hansısa vasitələrlə özünü qabağa salmağa çalışanda bizim həyata keçirmək istədiyimiz starategiyada, planlarda problem yaranır. Bu da hamının işinə ziyan vuracaq. O zaman növbə gözləyən bizim məcburi köçkünlərimizinə də problem yaranacaq. Azərbaycan Prezidenti çalışır ki, bütün məcburi köçkünlər yeni tikilmiş, hərtərəfli şəraiti olan mənzillərlə təmin olunsunlar. Bunun üçün zaman lazımdır. Daha çox ehtiyacı olanlar birinci növbədə, nisbətən gözləyə bilmək imkanı olanlar isə yeni binalar tikiləndə köçürüləcək”.

Qeyd edək ki, bu gün Ağcabədidə “Məcburi köçkün və şəhid ailələrinin sosial müdafiəsi Pprezident İlham Əliyevin siyasətində mühüm yer tutur” mövzusunda regional müşavirə keçirilib. Baş nazirin müavini Əli Əhmədovun iştirak etdiyi müşavirədə Yevlax, Goranboy, Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Laçın, Beyləqan və Mingəçevir rayonlarının İcra Hakimiyyəti başçısılarının müavinləri və Milli Məclisin deputatları iştirak edib.

 





11.04.2019    çap et  çap et