525.Az

Müəllim ömrünün işığında


 

Müəllim ömrünün işığında<b style="color:red"></b>

Müəllim ömrü çırağa bənzəyir. Onun nuru başqalarının da ömrünə paylanır, həyat yollarını işıqlandırır. Elə bir peşə sahibi yoxdur ki, müəllim qədər öz biliklərini yetirmələrinə dərindən öyrətməyə, mənimsətməyə çalışsın, həyata hazırlayıb istiqamətləndirmiş olsun.

Təsadüfi deyil ki, Məhəmməd peyğəmbər bilikləri öyrətməyi bütün ibadətlərdən üstün hesab edib, müəllimlik sənətinə yüksək dəyər verib. Mənalı ömürlərini bu şərəfli peşəyə həmişəlik bağlamış insanlar ikiqat hörmət və ehtirama layiqdirlər. Ağcabədi rayonundakı Mehrablı kənd tam orta məktəbinin riyaziyyat müəllimi, tanınmış ziyalı Bahadur Baxışov məhz belələrindəndir. Adıçəkilən kənddə dünyaya göz açan, orta təhsilini müvəffəqiyyətlə başa vuran Bahadur yüksək biliyə malik gənc nəsil yetişdirmək üçün müəllim olmaq qərarına gəlib.

Bu məqsədlə o, sənədlərini Gəncə Dövlət Pedaqoji İnstitutuna təqdim edərək,  fizika-riyaziyyat fakültəsinə daxil olub. İstedadlı gənc 1974-cü ildə ali təhsilini uğurla başa vurub, riyaziyyat müəllimi ixtisasına yiyələnib. Elə həmin il də təyinatla yüksək ixtisaslı pedaqoji kadr kimi doğma Mehrablı kənd məktəbinə göndərilib. O dövrdə Ağcabədidə, xüsusilə Mehrablı kənd məktəbində riyaziyyat müəlliminə böyük ehtiyac olub.

Burada əmək fəaliyyətinə başlayan gənc pedaqoq məktəbə yeni bir əhval-ruhiyyə gətirib, şagirdlərdə qədim riyaziyyat elminə böyük maraq və həvəs yaratmağa nail olub. Onlara riyaziyyatın sirlərini öyrədib. Bahadur Baxışov sevdiyi sənətə, dərs dediyi məktəb kollektivinə elə bağlanıb ki, daha başqa iş yerində çalışmağa ehtiyac yaranmayıb. Özünün dediyi kimi, Mehrablı kənd məktəbi onun həyatına yeganə iş yeri kimi daxil olub. Buna görə də Bahadur müəllim taleyindən çox razıdır.

B.Baxışov yaşadığı kəndin və bölgənin ictimai həyatında da yaxından iştirak edib böyük hörmət və nüfuz sahibinə çevrilib. Səriştəli, bacarıqlı pedaqoq kimi həmişə diqqət mərkəzində olub. Elə bu səbəbdən də çalışdığı məktəbdə direktor müavini, sonralar isə direktor vəzifələrinə irəli çəkilib. Bu illərdə Mehrablı kənd məktəbi rayon təhsil müəssisələri arasında fərqlənib, yüksək nəticələrə imza atıb, bölgədə müəllim kadrların hazırlanmasında öz sözünü deyib. Məktəbin yetirmələri respublikada və onun hüdudlarından kənarda ali təhsil alaraq müəllimlərinin adını layiqincə doğruldublar. Onların çoxu hazırda alim, həkim, rəhbər kadr kimi müxtəlif vəzifələrdə işləyirlər. Bahadur müəllim səmərəli pedaqoji fəaliyyətinə, əldə etdiyi nailiyyətlərə görə dəfələrlə respublika təhsil nazirliyi, rayon təhsil şöbəsi tərəfindən fəxri fərmanlarla mükafatlandırılıb.

Bahadur Baxışov ömrünün ən müdrik çağlarını yaşayır. Xeyli vaxtdır ki, pedaqoji fəaliyyətini müəllim kimi davam etdirən təcrübəli riyaziyyat müəllimi respublikamızda təhsilə yüksək dövlət qayğısından minnətdarlıqla danışır. Təhsilimizin uğurları onu çox sevindirir. Bu günlərdə onun 65 yaşı və pedaqoji fəaliyyətinin 45 illiyi tamam olub. Bununla əlaqədar rayon təhsil şöbəsinin dəstəyi ilə Mehrablı tam orta məktəbində yubley tədbiri keçirilib. Ziyalılar, iş yoldaşları, valideynlər, ağsaqqallar yubliyarı bu münasibətlə təbrik edib, ona gələcək həyatında və fəaliyyətində uğurlar arzulayıblar.

 





11.04.2019    çap et  çap et