525.Az

“Elə doğulandan söz adamıyam!” - Nəsib Nəbioğlunun şeirləri


 

“Elə doğulandan söz adamıyam!” - <b style="color:red">Nəsib Nəbioğlunun şeirləri </b>

Moskva qışı

Çöldə həzin-həzin narın qar yağa,
Ağ örtük sərilə bağçaya, bağa,
Şirin gülüş qona incə dodağa,
Bahardan, rüzgardan söhbət edəsən.

Vahid Çəmənli

Aləm ağ donunu geyib bu səhər,
Ağaclar açıbdı qar çiçəkləri.
Çillə şələsini çəkib gedəcək,
Təzədən açacaq bar çiçəkləri!

Belə gözəlliyə qıymaq çətindi,
Yarını şaxtada imtahana çək.
Baharda sevməyə nə var, bilirsən,
Qışın oğlan çağı sevəsən gərək.

Narın-narın yağdı bu qar səhərdən,
Bildi ki, vətənə səfərim durur.
Məni ləngitməyə bahənə gəzir,
Hər kola, budağa min naxış vurur!

Yanır qış səhəri, yanır sinəmdə,
Gör necə kövrəkdir könlümün simi.
Soyuqdan nazlanan çılpaq ağaclar,
Bəzənib həyalı gəlinlər kimi.

Uçur qar dənələr kəpənəkdimi?
Ehmalca başımın üstünə qonur.
Xəyal Dəlidağa aparır məni,
Üzümdə, gözümdə təbəssüm donur!

Dərdimin öz qışı, öz baharı var,
Şaxtada, ayazda sınandı ömrüm.
Könlümə Kəlbəcər havası düşüb,
Ta bəsdir qürbətdə talandı ömrüm.

Mən baharı sevdim, qışdan bezənəm,
Bezmişəm çoxunun buz nəfəsindən!
Üzümü tutacam bahar mehinə,
Çıxıb öz yurduma gedəcəyəm mən.

Qürbətdə bir şair ömrü yaşadım

Yağdı leysan-leysan yağış ömrümə,
Görən kim elədi qarğış ömrümə,
Kənardan boylan bax, bu qış ömrümə,
Qürbətdə bir şair ömrü yaşadım!

Onda da naşıydım, yenə naşıyam,
Yüküm elə ağır çətin daşıyam,
Qoymadılar insan ömrü yaşıyam,
Qürbətdə bir şair ömrü yaşadım!

Cəsarət tapmadım aşam Murovu,
Saçımda Kəpəzin qarı-qırovu,
Mən özüm dağların qərib girovu,
Qürbətdə bir şair ömrü yaşadım!

Dünya yalan imiş, nədir vecinə,
Cənnət yaradarmış heçin heçinə,
Qoşula bilmədim durna köçünə,
Qürbətdə bir şair ömrü yaşadım!

Qəlbimin nisgili necə silinsin,
Yuxuma gəlginən gecə silinsin,
Çətin bu ayrılıq düzələ bilsin,
Qürbətdə bir şair ömrü yaşadım!

Qürbət el adamı salır nə kökə,
Deyirdim bu dünya düzələ bəlkə,
Yaşadım birtəhər, qəm çəkə-çəkə,
Qürbətdə bir şair ömrü yaşadım!

Həsrəti qəlbimdən silə bilmədim,
Dərdimi bir kəslə bölə bilmədim,
Deyirdim gələrəm, gələ bilmədim,
Qürbətdə bir şair ömrü yaşadım!

Dağlardır, dilimin sözü, kəlməsi,
Tale naxışımın qaçıb ilməsi,
Getdi bir şairin deyib gülməsi,
Qürbətdə bir şair ömrü yaşadım!

Murovdağ, 2018

Sən hardan biləsən bənövşə nədir

Bir neçə il əvvəl yaşlı bir şairin bənövşə şeirini oxudum, xoşuma gəlmədi

Köksümdə sırsıra bağlayıb bahar,
Vədəsiz ələnib saçlarıma qar,
Könlümdən yol salıb boynuburuqlar,
Sən hardan biləsən bənövşə nədir!

İtib o həvəsim, o nəşəm mənim,
Solub göy çəmənim, göy meşəm mənim,
Hər kəsə inanmaz bənövşəm mənim!
Sən hardan biləsən bənövşə nədir!

Tənhadır, yalqızdır, küsgündür, təkdir,
Qoynuna sığınıb dərdini çəkdi,
Sən məftun olduğun ayrı çiçəkdir,
Sən hardan biləsən bənövşə nədir!

Qəlbimdə mən ayrı gül bitirmərəm,
Özümlə ətirsiz gül götürmərəm,
Onsuz bu dünyadan əl götürmərəm,
Sən hardan biləsən bənövşə nədir!

Dağlar həsrətindən yaradı könlü,
Nisgildən, xiffətdən paradı könlü,
Xal düşüb, görən yox qaradı könlü,
Sən hardan biləsən bənövşə nədir!

Talesiz çiçəyə, gülə neyləyim,
Yanaqda leysana, selə neyləyim,
Bənövşəyə dönən elə neyləyim,
Sən hardan biləsən bənövşə nədir!

Həyası, isməti bənizindədir,
Xəyalı gül-çiçək dənizindədir,
Küsübdür, dağların o üzündədir,
Sən hardan biləsən bənövşə nədir!

Moskva, 2017

Dolanım

Sənlə qoşa çəkilibdi, yar, adım,
Bu sevdadan çələng hördüm, daradım,
Hər gələndən soraqladım, aradım,
Harda qaldın, gəl başına dolanım!

Dözəmmirəm, bu istidə, bürküdə,
Çox ağırdı həsrətinin yükü də,
Saralıbdı gözlərimin kökü də,
Harda qaldın, gəl başına dolanım!

Bənövşətək yana əymə başını,
Meh qurudar gözlərinin yaşını,
Gəl bir ataq ayrılığın daşını,
Harda qaldın, gəl başına dolanım!

Üz çevirmə, inciyərəm, küsərəm,
Yollarını baxışımla kəsərəm,
Sadiq çıxaq əhdimizə bu kərəm,
Harda qaldın, gəl başına dolanım!

Sənsiz göydən, asimandan yağır qəm,
Sən harayla qanad açıb gələrəm,
Bu eşqimiz dastan olar bilirəm,
Harda qaldın, gəl başına dolanım!

Bu sevdanın həsrət imiş qurğusu,
İslanmışın nədən olar qorxusu,
Kaş Nəsibin gerçək ola yuxusu,
Harda qaldın, gəl başına dolanım!

Söz adamıyam

Yaradan yaradır belə düz əhli,
Belədir qürbətin alov, köz əhli,
Biri şair deyir, biri söz əhli,
Elə doğulandan söz adamıyam!

Çeşmələr təzədən oxutmaz məni,
Girib qılığıma ovutmaz məni,
Dumanı, çiskini qorxutmaz məni,
Elə bu dağların öz adamıyam!

Nadanlar əlində ləlik olmuşam,
Haqsızlıq önündə necə lalmışam,
Görürsənmi, fələk düzdə qalmışam,
Çünki mən Allahın düz adamıyam.

Dünyada qalası malım qalmadı,
Əlləşdim, çalışdım yolum qalmadı,
Dağlarsız dözümüm, halım qalmadı,
Əzəldən mən təpə, düz adamıyam!

Apardım belədən belə dərdimi,
Danışaram gülə-gülə dərdimi,
Bir oğul gərəkdi bölə dərdimi,
Salmışam, pozulmaz iz adamıyam!

Sinəmin yarası, çarpaz yerində,
Çarəsi dağlardı dərdi dərində,
Çıxıb gedəcəyəm günün birində,
Bilirəm bir arşın bez adamıyam!

Düşür

Baxıram sağıma, soluma hərdən,
Səmtimə dünyanın yaltağı düşür.
Vədəsiz gələndə,vaxtsız gələndə,
Budaqdan talesiz yarpağı düşür.

Olanın quruca ada verəndə,
Sevdiyi torpağı yada verəndə,
Kişi namusunu bada verəndə,
Hellənir başından papağı düşür.

Baharım nisgilli, qışım bəlalı,
Qartallı dağlarım, daşım bəlalı,
Elə yaranandan başım bəlalı,
Ömrümün gündə bir varağı düşür.

Hər çiçək ömrümün naxış ilməsi,
Bir nəkam sevdamın dilə gəlməsi,
Keçmişdən bir qızın baxıb gülməsi,
İlk eşqin könlümə sorağı düşür.

Çoxları tutulub söz azarına,
Tab gətirmək olmur ahu-zarına,
Hayana fırlasan son məzarına,
Hərənin bir ovuc torpağı düşür.

Səni

Uçan durnaların sırasındasan,
Vurğun gözlərimin sırasındasan,
Dedim çiçəklərin arasındasan,
Çıxmışam çəmənə axtaram səni!

Yoxsa qeyb olmusan sən bilə-bilə,
Haradan yazılıb bu qismət belə,
Səni küləklərdən soruşdum hələ,
Qış keçər baharda taparam səni!

Qoymaram bir namərd toxuna birdə,
Bələnim ətrinə, qoxuna birdə,
Yüyürüb gələrəm yaxına birdə,
Həsrətin əlindən qoparam səni!

Bu sevda bir əzab, bu sevda zülüm,
Gəlim ayağının altında ölüm,
Gözümün içindən çıxarıb, gülüm,
Köksümün içinə ataram səni!

Mənsiz o çiçəyi dərən olmaya,
Qulac hörükləri hörən olmaya,
Yolumu, izimi görən olmaya,
Tutub uzaqlara aparam səni!

Düşüb

Ay bulaqdan su gətirən el qızı,
Unutmusan çiynin üstə şal düşüb.
Al yanaqdan elə bildim üzümə,
Şərbət axıb, şəkər süzüb, bal düşüb.

Nənəm məni qınayır ki, - ay bala,
Dəlisənmi atı saldın bu hala,
Nədən çapdın köhlənini dördnala?
Görmürsənmi ayağından nal düşüb?!

Sərin külək sığallardı üzümü,
Canımdaydı o dağların dözümü,
Kənd qızına göstərirdim özümü,
Eh yadıma o keçilməz yal düşüb.

Eşqdən uca de nə olub, qəlbi nə?
Necə duyum bu gözəlin qəlbi nə?
Nəsib adlı bir şairin qəlbinə,
Həsrətindən bir çərasız xal düşüb!

Kəlbəcər, 1978

Gəlmişəm

Keçən yay Göygölün Çaykənd kəndində  bir yas yerində şair Əlqəməyə məni göstərib dedilər ki, bu kişini tanıyırsanmı?  Dedi yox! Deyəndə ki, bu Nəsib Nəbioğludur. Əlqəmə boynumu qucaqlayıb, - Ay Allah Murova Murov gəlibdi, - dedi və kövrəldi.

Kəlbəcərə necə gedim, Əlqəmə,
Yolum bağlı boran, çəndə gəlmişəm!
Gülüş donub gözlərimdə əzəldən,
Yas içində yaman gündə gəlmişəm!

Ürəyimdə qınayıram Murovu,
Saçlarımda donub qarı, qırovu,
Qoy mən olum bu yerlərin girovu,
Tor qurublar düşüb bəndə gəlmişəm!

Nə vaxtacan qürbət eldə göynəyim ,
Kaş bir qanlı bayraq olsun köynəyim,
İlk baxışdan tanımadın neyləyim,
İstəyimi qoyub gendə gəlmişəm.

Qoşma söylə o yerləri əzizlə,
Gəraylı de, ruhumuzu təmizlə,
Öz Çaykəndim əsir qalıb o üzdə,
Çaykənd adlı başqa kəndə gəlmişəm!

 





11.04.2019    çap et  çap et