525.Az

İntiqam - Aqşin Babayevin hekayəsi


 

İntiqam - <b style="color:red">Aqşin Babayevin hekayəsi </b>

Ucqar kənd məktəbinə Qarabağ uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuş  İlqar Vəliyevin adı verilmişdi. Bir həftə sonra qəhrəmanın vaxtilə oxuduğu həmin məktəbin qarşısında onun büstü açılacaqdı. Məktəbin direktoru Bayramov bu tədbirə ciddi hazırlaşırdı. İcra hakimiyyətinin nümayəndəsi Kərəm ona tez-tez zəng vurur, tapşırıqlar verirdi. Bu gün də elə oldu. Bayramov, Kərəmin kal səsinə öyrəşmişdi. O dəqiqə tanıdı.

- Bəli Kərəm müəllim. Eşidirəm sizi...

- Sən çox vacib bir şeyi unutmusan!

- Nəyi unutmuşam, Kərəm müəllim?

- Mənim doğma məktəbimdə büstün açılışında kimlər çıxış edəcək?

- Kərəm müəllim, mən...

- Sözümü kəsmə! Siyahını tez hazırla. İcra başçısına göstərim, təsdiq elətdirim.

Bayramov uca səslə dedi:

- Siyahı hazırdır, Kərəm müəllim.

 Oxuyum?

- Oxu! - dedi Kərəm.

- Əvvəla siz açacaqsınız mərasimi. Sözü verəcəksiniz İcra başcısına. Sonra İlqarın müəllimi Yusif Ələsgərov danışacaq. Sonra...

- Saxla! - deyə çığırdı Kərəm. - Tədbiri sən açacaqsan. Bu, bir! İkincisi də odur ki, sən bu kaftar Yusif Ələsgərovu naftalindən çıxarmaqla nə demək istəyirsən? Belə olmaz! Gəlləm, danışarıq.

Kərəmin, Yusif müəllimi görən gözü yox idi. Şagirdi olmuşdu onun. Həmişə də aşağı qiymət almışdı ondan. Yusif müəllimin günahı yox idi. Kərəm pis oxuyurdu, tənbəl idi.

Bayramov çıxılmaz vəziyyətdə qalmışdı. Axı o, Yusif müəllimə demişdi ki, hazırlaş, çıxış edəcəksən. Yusif müəllim də evə gəlib bunu həyəcanla, sevinə-sevinə ömür dostuna demişdi:

- İlqara Milli qəhrəman adı veriləndə məktəbdə iclas çağırdılar. Hamıya söz verdilər, məndən başqa. İlqara bir saat da dərs deməyənlər dil-boğaza qoymadılar. İndi görəsən, gün hayandan çıxıb? Direktor mənə dedi ki, büstün açılışında sən çıxış eləməlisən. Bir həftə vaxtım var. Gərək yaxşı hazılaşım.

Yusif müəllim yaxşı hazırlaşırdı. Səhərlər sübhdən durub mətbəxdə çıxışını əməlli-başlı məşq edir, İlqar haqqında xatirələrini danışır, kövrəlirdi. Bir dəfə Yusif müəllimin həyat yoldaşı tezdən yuxudan ayılıb səs eşitdi, elə bildi radiodur. Mətbəxə boylanıb gördü ki, yox, kişi öz-özüylə danışır. Qulaq asdı, başa düşdü mətləbi. Mane olmamaq üçün qayıtdı yataq otağına. Sonra da fikirləşdi ki, açılış gününü qızına da desə, yaxşı olar. Qoy nəvələr də gəlib görsünlər ki, onların babaları necə hörmət sahibidir. Yoxsa bədxahlardan kimsə söz çıxarmışdı ki, Yusif müəllimi yaşının çoxluğuna görə işdən çıxarıblar.

Kərəmsə öz aləmindəydi. Siyahı tamam təzədən tutulmuşdu. Kərəm, Yusif müəllimin siyahıdakı adını elə pozmuşdu ki, kağız cırılmışdı. Bayramov soruşmuşdu ki, Yusif müəllimi xəbərdar edim ki, ona söz verilməyəcək? "Yox!" - demişdi Kərəm.

Büstün açılışı günü gəlib çatdı. Yusif müəllim yaxşıca geyinib keçindi. Ürək dərmanı da içdi. Bəli, təntənə başladı. Xeyli adam gəlmişdi. Yusif müəllimin qızı, qızının həyat yoldaşı, hətta nəvələri də tədbirdə iştirak edirdilər. Bakıdan televiziyadan çəkiliş qrupu da gəlmişdi. Kərəm onların yanında idi.

Məktəbin direktoru mərasimi açdı. İcra başçısına söz verildi. Sonra çıxışlar başladı. Məktəbin tarix müəllimi Əhədov Qarabağ şəhidlərindən danışandan sonra, çıxışını bu sözlərlə bitirdi:

- Düzdür, mən İlqara - bizim Milli qəhrəmanımıza dərs deməmişəm. Amma uzaqdan-uzağa ona baxanda həmişə hiss edirdim ki, o, qəhrəman olacaq!

Əl çaldılar. Növbəti çıxışçıya söz verildi. Bu, məktəbin gənc coğrafiya müəllimi Qüdrətov idi. Onun ilk cümlələri belə oldu:

- Mən İlqarı görməmişəm. Bizim Milli qəhrəmanı! Mən bu məktəbə işləməyə gələndə o, Bakıda hərbi məktəbdə oxuyurdu.

Yusif müəllimin ürəyi çırpınırdı. "Gərək mənə əvvəldə söz verəydilər". Nəinki əvvəldə, heç axırda da söz vermədilər ona. Kərəm Yusif müəllimə baxdı, gördü ki, kişinin sifəti kağız kimi ağappaqdı, çox sevindi. Öz aləmində intiqamını almışdı. Sevincindən gözləri gülürdü. Axırda qəhrəmanın atasına söz verdilər.

Sonra büstü açdılar. Əl çaldılar. Hamını məktəbin böyük zalına dəvət etdilər. Bədii hissə başlayacaqdı. Yusif müəllimin böyük nəvəsi yaxına gəlib babasından soruşdu:

- Sən niyə danışmadın, baba?

- Gələn dəfə danışacağam, - dedi Yusif müəllim.

Zala doluşdular. Birinci sıranın adamları gəlib oturdular. Bədii hissə başlandı. Yusif müəllim pərt olmuşdu. Amma büruzə vermirdi. Ömür dostu yavaşca pıçıldadı:

- Bəs onda niyə demişdilər ki, çıxış eləməlisən?

- Nə bilim, - dedi Yusif müəllim.

- İstəyirsən gedək.

- Yox, ayıbdır. Axıracan oturaq gərək.

- Ürək dərmanı götürmüsən?

- Götürmüşəm.

Evə gəldilər. Axşam televizorda büstün açılışına baxdılar. Kərəmi üç dəfə göstərdilər. Elə sevinirdi ki... Elə bil onun büstünün açılışı olmuşdu.

... Səhər kənd adamları eşitdilər ki, Yusif müəllim yuxuda keçinib.

 





11.04.2019    çap et  çap et