525.Az

Hüseyn Abdullayev məhkəmədə ifadə verməkdən imtina etdi


 

Hüseyn Abdullayev məhkəmədə ifadə verməkdən imtina etdi<b style="color:red"></b>

Bu gün Bakı Hərbi Məhkəməsində sabiq deputat Hüseyn Abdullayev, onun anası Zeynəb Abdullayeva, Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

ONA xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Hüseyn Abdullayev ifadə verməkdən imtina edib.

Onun anası Z.Abdullayeva isə ifadəsində özünü təqsirli bilmədiyini deyib. Bacısının pasportu ilə sərhədi keçdiyi barədə ittihama münasibət bildirən Z.Abdullayeva bunun doğru olmadığını deyib: "Sərhədi həmişə öz pasportumla keçmişəm. Sadəcə, məni saxlayanda bacımın pasportu çantamda idi. Səhvən pasport məndə qalmışdı. Burada saxlanılan sərhədçilərin də heç bir günahı yoxdur, mən heç kimə rüşvət verməmişəm. Nazim Əliyev isə taksi sürücüsü olub, məni tanımır".

Dövlət Sərhəd Xidmətinin sabiq əməkdaşı Pərviz Kazımov deyib ki, Z.Abdullayevanın pasportuna baxış zamanı oradakı fotoşəkildə ziddiyyət olduğu üzə çıxıb: "Şəkildəki adama oxşamırdı. Buna görə mən bu barədə Həbib İbrahimova məruzə etdim".

Həbib İbrahimov isə bu barədə ona məlumat verilmədiyini qeyd edib: "Mənə deyilsəydi, mən tədbir görərdim, ən azı digər şəxslərə məlumat verərdim".

Proses aprelin 16-da davam etdiriləcək.

Qeyd edək ki, cinayət işi üzrə Hüseyn Abdullayev və anası Zeynəb Abdullayevadan başqa Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyev də təqsirləndirilən şəxs qismində tanınıb. Onlar Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq), 182.3.1-ci (hədə-qorxu ilə tələb etmə), 192.2.2; 192.2.3; 193-1.3.2 və 193-1.3.1-ci (qanunsuz sahibkarlıq), 213.2.2 və 213.2.1-ci (vergidən yayınma) 228.1-ci (qanunsuz silah saxlama), 312-1.2-ci (rüşvət vermə) 313-cü (vəzifə saxtakarlığı), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 326.1-ci (rəsmi sənədləri məhv etmə), 318.2-ci (qanunsuz sərhədi keçmə), 342.2-ci (qulluğa səhlənkarlıqla yanaşma); 341.2.3-cü (Hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə), 339.2-ci (Sərhəd xidməti qaydalarını pozma) maddələri ittiham olunur.

Xatırladaq ki, təqsirləndirilən H.Abdullayev Türkiyə Respublikası ərazisində tutularaq, 22 aprel 2018-ci il tarixdə Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarına təhvil verilib.

 





11.04.2019    çap et  çap et