525.Az

İnsan, din və inanc anlayışı: tarixin ibrət dərsləri


 

İnsan, din və inanc anlayışı: tarixin ibrət dərsləri<b style="color:red"></b>

İlk ibtidai din paleolit dövründə (qədim daş dövrü) meydana çıxdı. İnsanlar təbiət hadisələrini şərh və dərk etməkdə aciz idilər. Qorxu onların bütün içini bürümüşdü. Və bu qorxular inancları formalaşdırdı. Yəni, ibtidai insan qorxduğu və ona güc gələ bilmədiyi şeyləri ilahiləşdirdi. Onun şərəfinə qurbanlar verməyə, şənliklər təşkil etməyə başladı. İbtidai dinin ilk formaları yarandı: totemizm, animizm, fetişizm, şamançılıq...

Qədim insanın təsəvvürünə  görə hər şeydə Allah varıydı və hər  şeyin öz Allahı vardı: dəniz allahı, göy allahı, ölüm allahı...

Zaman keçdikcə  qədim insanın düşüncəsindəki allahların sayı azaldı. Daha əvvəlki kimi allahların şərəfinə dini mərasimlər təşkil etmir, onun şəninə qurbanlar vermir, ondan əvvəlki kimi qorxmurdular. Qədim insanın zaman-zaman inkişaf etməsi, öz qorxularına qalib gəlməsi onun Allaha qarşı qorxusunu azaltdı. Artıq təbiət hadisələrini dərk etməyə, daşqından, şimşək çaxmasından qorunmağın üsullarını tapan insan ilahiləşdirdiyi qüvvələrə ehtiyac duymadı.

Elə bir zaman gəldi ki, insanlar daha hər şeyin ayrıca öz Allahı yox, bircə Allahın olduğu qənaətinə gəldilər. Yəni, təktanrıçılıq yarandı. Bəlkə də, yüzlərlə Allaha sitayiş qədim insanı təktanrıçılığa, vahidə gəlməyi üçün hazırlıq mərhələsi idi. Şübhəsiz ki, bu mexanizm kortəbii surətdə yox, şüurlu şəkildə baş verib. Və bütün bunlar insandan yuxarıda duran İlahi varlıq tərəfindən təşkil olunub.

Orta dövrdə  din və dövləti bir-birindən ayrı təsəvvür etmək mümkün deyildi. Hakimiyyəti əldə saxlamaq üçün dindən istifadə  olunurdu. Dinin insanlara təsiri o qədər güclü idi ki, hətta əksər hallarda krallar belə kilsədən çəkinir, kilsənin könlünü xoş tutmağa çalışırdılar. Mərkəzi hakimiyyətin saxlanması naminə saray həmişə kilsəyə güzəştə gedirdi. Qısaca desək, bir ölkənin iki hökmdarı vardı – papa və kral. Bu cür vəziyyətdən istifadə edən kilsə insanlara qarşı daha amansız rəftar edir, onların var-dövlətini talayırdı. İnsanların içindəki inkivizasiya qorxusu onları susmağa vadar edirdi. Kilsənin bu cür rəftarı insanların dinə və Allaha olan inamını bir az da azaltdı.

Yeddinci əsrdə  yeni bir din yarandı – islam. Bu dinin şərtləri daha humanist, daha ədalətli idi. Və insanların bu dinə pənah gətirməsinin səbəblərindən biri də bu idi.

Peyğəmbərin vəfatından az sonra hakimiyyət uğrunda çəkişmələr başlayır. Xəlifələr dindən getdikcə uzaqlaşır, rəiyyətin üzərinə ağır vergilər qoyur, işğalçı müharibələr aparırdılar. Əməvilərin zamanında insanlara zorla islamı qəbul etdirir, vergiləri ədalətsiz olaraq artırırdılar. Vaxt o vaxt idi ki, Ərəb imperiyası dünyaya meydan oxuyurdu və elə bu işğalları başlamaqla artıq islamın bir şərtini pozmuşdu – zülm etməmək. Lakin digər tərəfdən Bizans-İran müharibəsi insanları yorduğundan onlar ərəblərə xilaskar kimi baxırdılar. Ərəb xəlifələri çox keçmədi ki, islamın digər şərtini də pozdular – könüllülük prinsipi. Əslində, bu prinsip zahirən qorunurdu. Ərəblər işğal etdiyi ölkələrdə müsəlman olmayanların mülklərini müsadirə edir, onların üzərinə artıq vergi qoyurdular. Bu səbəbdən mülkədar mülkünü qorumaq üçün, aşağı təbəqə isə can vergisindən (cizyə) azad olmaq üçün ərəblərin gətirdiyi yeni dini qəbul etdi. Yenə də insan Allaha məcburən “yaxınlaşdı”.

Bir məsələ  də vardı ki, ərəblərin arasında belə yeni yaranan dini dərindən bilən, işğal olunan yerlərdə onu təbliğ  edəcək gücdə olan adamlar az idi. Ancaq insanlar islam dininə yaxınlaşdıqca, bu dinin müqəddəs kitabı olan “Qurani-Kərim”i dərindən bilən adamların sayı artdıqca elm inkişaf etməyə başladı.

Bu din ədəbiyyata da təsirsiz ötüşmədi. Ənənəvi olaraq klassik əsərlər Allahın təkliyi (Tövhid), Allahın (Minacat) və Peyğəmbərin (Nət) mədhi kimi rəsmi hissələrlə başlayırdı. XII əsrin dahi şairi Nizami Gəncəvinin “Xəmsə”si Quranın ilk cümləsi ilə başlayır: Bismillahir-Rahmanir-Rahim (Mərhəmətli və Rəhmli Allahın adı ilə). Qərbdə isə əksinə – insanlar kilsədən uzaqlaşdıqdan sonra elm inkişaf etməyə başladı.

Kilsədən uzaqlaşmaq demişkən, elə bu yerdəcə yazımın ümumi süjetindən bir balaca uzaqlaşmaq istəyirəm. Bu uzaqlaşmaq sözü məni XVI əsrə qaytarır: problemdən qaçmaqla onu həll etmək olmur. Sən onlardan qaçırsan, onlar da ki, sənin dalınca. Və iş o yerə gəlib çatır ki, onlar getdikcə çoxalır və bir gün səni küncə sıxışdırıb təkləyirlər. Elə sözügedən əsrdə almanlar da problemdən qaçmağı yox, onunla vuruşmağı seçdilər. Kilsənin “cənnət qəbzi”nin satışını genişləndirməyi insanların içində çoxdan hazır olan üsyan dalğasını hərəkətə gətirdi. Martin Lüterin başçılıq etdiyi bu mübarizədə kilsə məğlubiyyətə uğradı. Çünki xalqın vahid məqsədi vardı – kilsəni devirmək. Kəndli borc içində üzdüyündən, cəngavər kilsə torpaqlarına göz dikdiyindən, feodal şəriksiz ağa olmaq istəyindən kilsəyə qarşı mübarizə aparırdı. Səbəblər fərqli olsa da, məqsəd biriydi. Bu qədər, qayıdaq yazımıza. Hələ insanın inancına vurulan kosmik, bioloji, psixoloji zərbələr haqqında söhbətimiz irəlidədir. Narahat olmağa dəyməz, adları belə adamı vahiməyə salan bu zərbələr haqqında qısaca danışıb yazını bitirirəm.

 

1. Kosmik zərbə

Qədim insan yaşadığı  yeri bütün dünyanın mərkəzi hesab edirdi. Çünki burada insan yaşayırdı. Çünki insan Allahın yaratdığı ən kamil varlıqdır və o, bu dünyanın mərkəzində yaşamalıydı. Lakin XVI əsrdə Kopernik bu düşüncələrə kökündən zərbə vurdu. O, apardığı araşdırmalara əsasən Yerin yox, Günəşin mərkəzdə olduğunu və bütün planetlərin Günəş ətrafına fırlandığını bildirdi. Kopernikin irəli sürdüyü heliosentirik (Günəşin mərkəz olması) sistem bir ucu Ptolomeyə gedib çıxan və kilsənin qəbul etdiyi geosentirik (Yerin mərkəz olması) sistemi ilə daban-dabana zidd idi. Bu sistem kilsənin avtoritetliyinə kölgə sala bilərdi. Heliosentrik sistemin kilsə tərəfindən kəskin narazılıqla qarşılanacağını bilən Kopernik “Göy cisimlərinin fırlanması haqqında” kitabını dostlarının təkidi ilə ömrünün sonuna yaxın (1543) çap etdirir. Beləliklə, Aristotel və Ptolomeyin zamanından Kopernikə qədər müqəddəsləşdirilmiş və kilsə tərəfindən qəbul olunmuş geosentirik nəzəriyyə alt-üst oldu. İnsanlar özlərini sonsuz kainatın bir zərrəsi kimi görməyə başladılar. Sonra isə Kepler Kopernikin fikirlərini daha da sadələşdirdi, günəş sisteminin uzaqlığını hesabladı və ulduzların hərəkət xəritəsini göstərən ilk astronomik təqvimi nəşr etdirdi. Q. Qalileyin araşdırmaları, Nyutonun ümumdünya cazibə qanunu və digər tədqiqatlar heliosentirik sistemin doğruluğunu şübhə altında qoymadı.

1616-cı ildə  Papa Beşinci Paul Qalileyin kitablarının tədqiqi üçün xüsusi komissiya yaratdı. Komissiya Qalileydən dünyanın öz oxu ətrafında fırlanması fikrindən imtina etməsini istədi və o da razılaşdı. Cordano Bruno isə kainatın sonsuz olduğunu, hətta günəşin belə dünyanın mərkəzi olmadığı fikrini irəli sürdü. Kilsə məhkəməsinin ona verdiyi səkkiz il həbs cəzası və ağır işgəncələrə baxmayaraq Bruno fikrindən dönmədi. 1600-cü ildə onu tonqalda yandırdılar.

2. Bioloji zərbə

İkinci zərbənin banisi Çarlz Darvindir. Darvinə qədər insan yaranışının yer üzündəki bütün canlılardan fərqli olduğunu düşünürdü. Darvinin nəzəriyyəsinə görə insan təbii seçmənin gedişində yaranan bir çox növlərin yalnız biridir. Yəni, insan da digər bioloji növlərin yarandığı yolla yaranmışdır. Bu fikir isə insanı digər canlı varlıqlara nisbətdə imtiyazlı mövqedən məhrum edir, onun digər bioloji bir növlə qohumluq əlaqələrini üzə çıxarırdı. İnsanın meymundan əmələ gəlməsi fikri isə insanın Allaha olan inamı bir az da sarsıtdı.

3. Psixoloji zərbə 

Heç bir şərh vermədən bu haqda sadəcə məlumat verib, nəticə çıxarmağı sayğıdəyər oxucuların ixtiyarına buraxıram. Yəqin ki, psixoloji zərbə dedikdə çoxunuzun yadına Ziqmund Freyd düşdü. Doğrudur. Psixoanalizin banisi Freydin apardığı uzunmüddətli araşdırmalardan sonra o, insanın bütün əməllərinin əsasında boğulmuş seksual motivlərin yatdığını deyirdi. Onun fikrincə, insanı alt şüur, heyvani instiktlər idarə edir. Yəni, hərəkətlərimiz bizə şüurlu görünə bilər, lakin şüurlu görünən tərəflər yalnız aysberqin üst hissəsidir. Aysberqin altı isə şüursuzluqdur.

Beləliklə, Kopernik, Darvin və Freyd əl-ələ verib insanın inancına atom bombası  atdıqdan sonra aldığı zərbələrdən başı gicəllənənlər də oldu, “ölənlər” də, müvazinətini saxlamağı bacaranlar da. Və bu zərbələrin fonunda Nitşenin dediyi kimi, insanlar Allahı “öldürdülər”. Hər şeydən öncə isə ağlımız kəsəndən bizə daha çox Allahı sevməyi yox, ondan qorxmağı öyrətdilər. Qədim insan da Allahı sevmədi, ondan qorxdu. Baş çıxara bilmədiyi təbiət hadisələri, onun iradəsindən asılı olmayanlar qədim insanı buna vadar etdi. Bir növ onların Allaha olan münasibəti zərurətdən yaranmışdı. Zərurət yox olduqdan sonra isə bu münasibət də pozuldu. İnsanın içindəki qorxu getdikcə böyüdü, nəticədə isə qisasa və inkarçılığa çevrildi.

Bütün bunlarla yanaşı inancın sarsılmasında dünya müharibələrinin də rolu az deyil. Bu müharibələr insanların içindəki az-çox inamı  da məhv etdi. Və bundan sonra insanların beynində bir çox suallar yarandı ki, heç kim barmağını qaldırıb bu sualların cavabını bildiyini deyə bilmədi: – Deyək ki, Allah yoxdur. Bəs, insan ki var, biz ki varıq və hər şeyi başa düşürüksə, niyə bir-birimizi öldürür, bu qədər qırğınlar törədirik?

Və sonda Keplerin dediyi kimi: “Yaradıcını anlamaq üçün sahib olduğunuz bütün duyğularınızdan istifadə edin”. İnsan Onu nə qədər inkar etsə də, Ondan nə qədər uzaqlaşsa da, bir şeyi yaddan çıxarmayaq ki, O bizə şah damarımızdan daha yaxındır.

 





23.09.2013    çap et  çap et