525.Az

Millət vəkillərindən telekanallarla bağlı sərt sözlər


 

NUŞİRƏVAN MƏHƏRRƏMLİ: "ONLARI MİLLƏT VƏKİLLƏRİNDƏN DƏ DAHA ÇOX TƏNQİD EDİRƏM"

Millət vəkillərindən telekanallarla bağlı sərt sözlər<b style="color:red"></b>

Milli Məclisin (MM) Mədəniyyət komitəsinin növbəti iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin təyin edilməsi məsələsinə baxılıb.
 
Komitənin iclasına sədrlik edən sədr müavini, professor Jalə Əliyeva deyib ki, Yayım Şurasının üzvlüyünə, yəni 3 yerə 5 şəxsin namizədliyi irəli sürülüb: "Yəni idman federasiyaları tərəfindən Yusif Babanlı ilə Orxan Muxtarovun, dini konfessiyalardan Salman Musayevin, yaradıcılıq təşkilatlarından Zemfira Qafarova ilə Cəmilə Həsənovanın namizədliklərim irəli sürülüb. Bu şəxslərdən 3-ü Yayım Şurasının üzvü olmalıdırlar". Millət vəkili həmçinin, bədii şuralar məsələsinə toxunaraq, bunun qaçılmaz olduğunu deyib. Bildirib ki, bu məsələ dövlət başçısının yaradıcı şəxslərlə görüşündə də səsləndirilib: "Artıq AzTV-də bu istiqamətdə addımlar atılıb. İstərdik ki, digər kanallarda da bu məsələ reallaşdırılsın. Bədii şuralar heç də keçmiş senzura, "qlavit" demək deyil və belə olmamalıdır. Bunlar yalnız inkişafımıza müsbət təsir göstərən bir səviyyədə olmalıdır".

İclasda iştirak edən Milli Tele-Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli ilk öncə bildirib ki, Yayım Şurasının 3 üzvünün vaxtı, müddəti aprelin 19-da başa çatır: "Ona görə həmin vaxta kimi, onların yerinə 3 nəfər seçilməlidir". Bədii Şuralar məsələsinə gəlincə, N.Məhərrəmli deyib ki, özəl telekanallar buna laqeyd, dırnaqarası baxırlar: "Onlar bu məsələdə etinasızlıq göstərirlər. Ancaq hesab edirəm ki, onlar bu mövqedən əl çəkməlidirlər. Özəl kanallarda bu gün bayağı, şit verilişlər gedir, insanların zövqləri korlanır". N.Məhərrəmli hesab edir ki, özəl kanallar artıq öz proqram siyasətlərinə yenidən baxmalıdırlar.

"Özəl kanallarımıza baxanda adamın əti tökülür. Başdan-ayağa səviyyəsizlik, qeyri-peşəkarlıq hökm sürür". Bunu isə  iclas zamanı yazıçı, millət vəkili Hüseynbala Mirələmov deyib. Onun sözlərinə görə, özəl telekanallara baxmaq olmur: "Gəlin Türkiyənin telekanallarına fikir verək. Baxırsan, nə qədər maraqlı verilişlər, filmlər, teleseriallar göstərilir. Amma gəlin özümüzə dönüb baxaq, görək bizdə durum necədir, tək sözlə, biabırçılıq. Teleseriallar çəkirlər guya, başdan-ayağa səviyyəsizlik, əttökənlikdir. Hansısa veriliş gedir, iki saat efir zəbt olunur, amma baxırsan ki, heç nə yoxdur, qeyri-peşəkarlıqdır. Ona görə hesab edirəm ki, Milli Tele-Radio Şurasının səlahiyyətləri artırılmalıdır. Hətta, onlara elə bir səlahiyyət verilməlidir ki, televiziyaları birbaşa bağlaya bilsinlər. Artıq bəzi özəl telekanalların bağlanmasına ehtiyac duyulur".

Bu fikirlərdə digər yazıçı və millət vəkili Elmira Axundova tərəfindən də dəstəklənib:  "Onları izləmək, onlara baxmaq mümkün deyil. Bütün günü şit, bayağı verilişlər efirləri zəbt edir, zövqlər korlanılır. Ona görə düşünürüəm ki, doğrudan da Milli Tele-Radio Şurasının səlahiyyətlərinin genişləndirilməsinə ehtiyac var".

Yenidən söz alan N.Məhərrəmli bildirib ki, Türkiyə telekanalların çəkdiyi teleseriallar nəinki Azərbaycanda məşhurdur, həm də dünyanın hər bir yerində maraqla izlənilir: "Türk seriallarına maraqlı və baxımlı olduğuna hər bir ölkədə baxılır. Onlara maraq həddindən artıq çoxdur". O qeyd edib ki, Türkiyə dövləti, Türkiyə büdcəsi ildə ən azı bu seriallardan 350 milyon dollar pul qazanır, qazanc əldə edir: "Bu, az, balaca rəqəm deyil. Bizdəki seriallara gəlincə, onlar haqqında bunu heç cür söyləmək mümkün deyil. Özünüz də bilirsiniz ki, teleseriallar bağlı kanallara büdcədən vəsaitlər belə ayrılır, amma hələ də istənilən nəticə yoxdur. Mən bu yöndə, eləcə də, digər məqamlarla bağlı telekanallara öz narazılığımı bildirirəm. Hətta, onları millət vəkillərindən də daha çox tənqid edirəm. Bəzən deyirəm ki, sizə görə bizə söz gəlir, biz sizin yerinizə cavab verməli oluruq. Ancaq onları da anlamaq lazımdır. Onların da haqlı arqumentləri var".

Kamil HƏMZƏOĞLU

 





12.04.2019    çap et  çap et