525.Az

Çingiz Abdullayevin "Eramızın əzəlində sui-qəsd" əsərinin təqdimatı olub


 

Çingiz Abdullayevin "Eramızın əzəlində sui-qəsd" əsərinin təqdimatı olub<b style="color:red"></b>

Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, Xalq yazıçısı Çingiz Abdullayevin yenidən nəşr olunmuş "Eramızın əzəlində sui-qəsd" ("Zaqovor v naçale grı") əsərinin təqdimatı keçirilib.

Mədəniyyət Nazirliyindən bildirilib ki, əsər tanınmış ədibin 60 illik yubileyi ərəfəsində "Bank VTB-Azərbaycan" tərəfindən nəşr olunub.

Bankın idarə heyətinin rəhbəri Yevgeni Kirin çıxış edərək Çingiz Abdullayevin dünya şöhrətli yazıçı olduğunu bildirib. Qeyd edib ki, bir sıra ölkələrdə böyük oxucu auditoriyası olan yazıçı Rusiyada da çox yaxşı tanınır. Bu gün təqdim olunan kitab da müəllifin geniş oxucu kütləsi olan əsərləri arasında xüsusi yer tutur.

Tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev Çingiz Abdullayevi 60 illik yubileyi münasibətilə təbrik edib, xoş diləklərini çatdırıb. Bildirib ki, aprelin 9-da Prezident İlham Əliyevin Sərəncamı ilə Çingiz Abdullayev Azərbaycan ədəbiyyatının inkişafı və təbliğində xidmətlərinə görə "Şərəf" ordeni ilə təltif olunub: "Buna görə də mən böyük yazıçımızı təbrik edirəm. Çingiz Abdullayev Azərbaycanı dünya miqyasında tanıdan, təbliğ edən şəxsiyyətlərimizdəndir. Müxtəlif xarici ölkələrdə səfərdə olduğum zaman hər hansı bir mehmanxanada balaca bir kitab guşəsi varsa, orada Çingiz Abdullayevin bir kitabına rast gəlmək olur. Bu da o deməkdir ki, Azərbaycan ədəbiyyatı öz hüdudlarını aşaraq dünya səviyyəsində təqdim edilir, rəğbətlə qarşılanır".

Əbülfəs Qarayev ədibin yubileyi ərəfəsində geniş oxucu auditoriyası olan əsərinin yenidən nəfis şəkildə nəşr olunmasını yüksək dəyərləndirib. Buna görə "Bank VTB-Azərbaycan"a öz minnətdarlığını ifadə edib.

AYB-nin sədri, Xalq yazıçısı Anar və Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli çıxış edərək Çingiz Abdullayevin həyat və yaradıcılığından, onunla dostluq münasibətlərindən söz açıblar. Qeyd olunub ki, dünya şöhrətli yazıçının əsərləri milyondan çox tirajla çap olunaraq müxtəlif ölkələrdə oxucuların rəğbətini qazanıb. Yubilyara xoş arzularını dilə gətirən natiqlər yazıçıdan bundan sonra da neçə-neçə gözəl əsərlər yazmağı gözlədiklərini bildiriblər.

Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov da yazıçını yubileyi münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

Sonda çıxış edən Çingiz Abdullayev yubileyi ərəfəsində onu "Şərəf" ordeni ilə təltif etdiyinə görə Prezident İlham Əliyevə öz minnətdarlığını bildirib. Qeyd edib ki, yazıçının əsas istəyi onun əsərlərinin oxunmasıdır: "Rəssam istəyir ki, əsərlərini hər kəs görsün. Bəstəkarın, şairin və bütün yaradıcı insanların istəyi birdir. Maraqlıdır ki, dünyada detektiv janrda kitabları 60, 70 faiz kişilər oxuyur. Mənim əsərlərimi isə, əksinə, 70 faiz qadınlar oxuyur".

Çingiz Abdullayev vurğulayıb ki, müəllif yazıçı olduğunu sübut eləməlidir: "Kitablar janr üzrə bölünmür. Mən bəzən eşidirəm barəmdə deyirlər bu, detektiv yazıçısıdır. Amma bu gün təqdim olunan əsərim tarixi romandır. Bu əsəri 14 ilə yazmışam. Tarixi romanlar belədir ki, gərək orada dəqiqlik olsun. Kitabın nəşrinə görə də "Bank VTB-Azərbaycan"a öz minnətdarlığımı bildirirəm".

Daha sonra yazıçının yeni nəşri tədbir iştirakçılarına hədiyyə edilib.

 





12.04.2019    çap et  çap et