525.Az

"Məhkəmə islahatlarında yeni mərhələ" mövzusunda tədbir oldu


 

"PREZİDENTİN MÜVAFİQ FƏRMANI MƏHKƏMƏ-HÜQUQ SİSTEMİNƏ KOMPLEKS YANAŞMANIN BARİZ NÜMUNƏSİDİR"

"Məhkəmə islahatlarında yeni mərhələ" mövzusunda tədbir oldu<b style="color:red"></b>

Dünən Ədliyyə Nazirliyi və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində "Məhkəmə islahatlarında yeni mərhələ" mövzusunda tədbir keçirilib.

Tədbirdə Ədliyyə Nazirliyi, Məhkəmə-Hüquq Şurası, Vəkillər Kollegiyası və Mətbuat Şurasının rəhbər şəxsləri, Milli Məclisin deputatları, hakimlər, hüquqşünaslar, vətəndaş cəmiyyəti və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Aynur Sabitova Prezident İlham Əliyevin aprelin 3-də imzaladığı "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" fərmanın əhəmiyyəti barədə geniş ictimai müzakirələrin aparıldığını vurğulayıb, hazırkı tədbirin bu mühüm sənədin mahiyyətinin və istiqamətlərinin əhaliyə daha dolğun və ətraflı çatdırılmasında önəmini qeyd edib.

Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli isə ölkədə aparılan institusional islahatlardan danışıb, bu xüsusda məhkəmə-hüquq sistemini əhatə edən yeniləşmə tədbirlərinin önəmini vurğulayıb. Bildirilib ki, Prezident İlham Əliyevin müvafiq fərmanı bu sahədə islahatların yeni mərhələdə müasir çağırışlara uyğun və sistemli həyata keçirilməsinə şərait yaradıb.

Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin rəisi Elçin Qasımov qeyd edib ki, ədliyyə və məhkəmə sistemi üçün mühüm yol xəritəsi olan fərmanın artıq icrasına başlanılıb, bu mühüm sənədin müstəsna əhəmiyyəti barədə ardıcıl maarifləndirmə tədbirləri, ictimai müzakirələr davam etdirilir.

Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Cavid Hüseynov isə bildirib ki, prezidentin sözügedən fərmanı proqram xarakterlidir. O deyib ki, fərman çox geniş məsələləri əhatə edir: "Sənəddə hakimlərin, məhkəmə işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı məsələlər də var. Bu, məhkəmə işinə kompleks yanaşmanın bariz nümunəsidir".

Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsinin rəisi Adil Əliyev fərmanda qanunvericiliyin təşkili və icra məsələləri barədə danışıb. Qeyd olunub ki, normativ-hüquqi aktlara yenidəm baxılacaq, ekspertiza keçirilib aktların yenidən hazırlanması həyata keçiriləcək: "Biz islahatların dərinləşdirilməsi tapşırığını almışıq. İslahat təkcə məhkəmə sistemini yox, ümumilikdə vətəndaş, o cümlədən, sahibkar məmnunluğunun təmin olunmasına hesablanıb".

Daha sonra nazirliyin İcra baş idarə rəisi, baş icra məmuru Nurəddin Mustafayev elektron icra informasiya sistemi barədə danışıb.

Nazirliyin Məhkəmə Ekspertizası Mərkəzinin rəis müavini Hamlet Musayev fərmanın icrası istiqamətində dünya təcrübəsinin öyrənildiyini, ciddi hazırlıq işlərinin aparıldığını qeyd edib.

Nazirliyin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə, "Elektron məhkəmə" və "Elektron icra" informasiya sistemləri barədə məlumat verib. O qeyd edib ki, ölkə üzrə mövcud olan 111 məhkəmədən 60 faizi bu informasiya sistemi ilə təchiz olunub.

Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov isə mediasiya məsələlərin həlli mövzusunda çıxış edib, vahid məhkəmə təcrübəsinin formalaşdırılması məsələsinin vacibliyinə toxunub.

Nərimanov Rayon Məkhəməsənin sədri Tofiq Paşayev fərmanın icrası istiqamətində həyata keçiriləcək tədbirlərin məhkəmə sistemini gücləndirəcəyinə əminliyini ifadə edib.

Vəkillər Kollegiyası Aparatının rəhbəri Fərhad Nəcəfov isə məhkəmə-hüquq sistemində aparılan islahatlar və bu islahatların dərinləşməsində fərmanın əhəmiyyətini qeyd edib, qanunvericilik və institusional yeniliklər, alternativ mexanizmlərin təşviqi, vəkilliyin fəaliyyətinin gücləndirilməsi məsələlərinə toxunub.

Tədbirdə bildirilib ki, dövlət başçısının rəhbərliyi ilə son illər ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə ardıcıl tədbirlər davam etdirilir, məhkəmə sistemi müasirləşdirilir, vətəndaşların məhkəmələrə əlçatanlığı asanlaşdırılır, işlərə daha operativ və keyfiyyətlə baxılması, məhkəmələrdə şəffaflığın artırılması və elektron məhkəmə sisteminin tətbiqinin genişləndirilməsi ilə bağlı mühüm işlər görülür. Bununla əlaqədar məhkəmə fəaliyyətini tənzimləyən qanunvericilik daim təkmilləşdirilir, təkcə ötən ilin sonunda dövlət başçısının qanunvericilik təşəbbüsü ilə Mülki Prosessual Məcəllədə və "Məhkəmələr və hakimlər haqqında" Qanunda məhkəmələrin işinin səmərəliliyinin artırılması, məhkəmə icraatının elektron qaydada aparılması, işlərə daha tez və sadələləşdirilmiş qaydada baxılması, həmçinin, məhkəmə qərarlarının yayılmasının, məhkəmə statistikasının elektronlaşdırılması, vətəndaşların məhkəmələrə onlayn müraciət imkanlarının yaradılması məqsədilə əsaslı dəyişiklərin edilməsi barədə yeni qanunlar qəbul olunub.

Diqqətə çatdırılıb ki, sözügedən fərman dövlət başçısının məhkəmə hakimiyyətinə verdiyi müstəsna əhəmiyyətin növbəti təzahürü olmaqla məhkəmə-hüquq sistemində həyata keçirilən islahatların tərkib hissəsidir. Kompleks qanunverici, institusional və praktiki tədbirlərin görülməsini nəzərdə tutan fərmanın icrasının təşkili məqsədilə Ədliyyə Nazirliyi tərəfindən aidiyyəti qurumlarla birgə Əlaqələndirmə Komissiyası yaradılıb, tədbirlər planı təsdiq olunaraq həyata keçirilir.

Həmçinin, fərmanla Ədliyyə Nazirliyinin üzərinə düşən bir sıra mühüm vəzifələrə toxunulub, o cümlədən, ədliyyə və məhkəmə fəaliyyəti, cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı yeni qanun layihələrinin hazırlanması, beynəlxalq arbitraj prosedurlarının təşviqi, icra və ekspertiza fəaliyyətinin alternativ mexanizmlərinin tətbiqi təcrübəsinin öyrənilməsi ilə bağlı tədbirlərin həyata keçirildiyi vurğulanıb.

C.ABASOV

 





12.04.2019    çap et  çap et