525.Az

Fərqli 1 il


 

Fərqli 1 il<b style="color:red"></b>

Ötən ilin 11 aprelində xalqın etimadını qazanaraq yenidən dövlət başçısı seçilmiş İlham Əliyev prezidentlik dönəminin ötən 1 ilini tamamilə fərqli bir ilə çevirə bildi.
 
O, 15 ildən artıq prezidentlik dönəminin, xalqın alternativsiz Heydər Əliyev siyasətinə inamının arxayınlığına qapılmadı, tam əksinə, bu bir ili yeni hakimiyyətə gəlmiş qüvvə kimi daha səylə çalışdı. İlham Əliyev öz hakimiyyətinin müxalifətinə çevrilməklə çatışmazlıqların üzərinə getməyi bacardı, xalqı narahat edən bir sıra problemləri kökündən çözməyə nail oldu. İslahatları yeni dövrün tələbləri səviyyəsində davam etdirdi, verilən vədlər əməli işlərlə tamamlandı. İnsanlara yüksək qayğı prinsipinə əsaslanan sosialyönümlu siyasət strategiyasına yeni çalarlar əlavə olundu. Aztəminatlı təbəqənin maraqları mütləq şəkildə nəzərə alındı və ölkəmizin daha da inkişafı üçün atılan hər bir addımın bu təbəqənin maraqlarına vura biləcəyi ən xırda ziyan belə, təxirəsalınmaz sosial müdafiə tədbirləri hesabına kompensasiya olundu.

Nə işsizliyin, nə yoxsulluğun artmasına, nə də inflyasiyanın yüksəlməsinə imkan verildi. İlham Əliyev neft gəlirlərinin azalması fonunda Azərbaycanın ciddi çətinliklərlə üzləşəcəyi proqnozlarını da alt-üst etdi. Sübuta yetirdi ki, neft amili olmadan da özünün düzgün iqtisadi siyasəti hesabına əhalinin sosial rifahını daha da yaxşılaşdırmaq, onun problemlərini həll etmək gücündədir.

İqtisadi və sosial islahatların yeni mərhələsinə start verərək, əldə olunan vəsaitləri vətəndaşların rifah halının yaxşılaşmasına yönəltdi. Şəhid vərəsələrinə birdəfəlik müavinətlərin verilməsi, problemli kreditlərin həlli kimi məsələlər öz həllinə qovuşdu. Minimum əməkhaqqı, minimum pensiya təxminən 40 faiz, sosial müavinətlər orta hesabla 2 dəfə artdı. Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, məcburi köçkünlərə verilən müavinətlər, tələbələrin təqaüdlərində artımlara imza atdı. Müəyyən kateqoriyaların (məcburi köçkünlər, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri) dövlət hesabına mənzillərlə təminatı işi axsamadı, əksinə, daha da genişləndirildi. Gənc ailələrin, evsiz insanların mənzil ala bilməsi üçün sosial mənzillərin tikintisi və güzəştli ipoteka proqramı davam etdirildi.

Bir sözlə, hər hansı layihə təxirə salınmadan yeniliklər həyata vəsiqə qazandı. Hərbi xərclərlə bağlı siyasət, regionların inkişafı ilə bağlı proqramlar geriləmədi. Nəticədə İlham Əliyev Azərbaycanın öz resursları, iqtisadi rezervləri bahasına istənilən sınaqdan çıxmaq gücündə olduğunu isbatladı.

Bu bir ildə İlham Əliyev prezident kimi sadə vətəndaşa əlçatan olması ilə də yadda qaldı. Vətəndaşın ona şikayət, müraciət, xahiş  etmək imkanlarını genişləndirdi. Sosial şəbəkələri yaxından izləməklə, orada qaldırılan bir sıra problemlərin həllinə göstərişlər verdi. Bəzi hallarda əhali ilə əvvəlcədən planlaşdırılmayan görüşlərə şərait yaratdı, onların şikayətlərini səbrlə dinlədi. Hökumət üzvlərinin illərdir, bölgələrdə vətəndaşları qəbul etmək tapşırığının davamı olaraq, Prezident Administrasiyasının əməkdaşlarını da yerlərdə vətəndaş qəbullarına cəlb etdi.

Beləliklə, son 1 ilin sosial-iqtisadi yekunlarının təhlili göstərir ki, İham Əliyev səlahiyyətlərinin icrasına başladığı ilk gündən ölkənin qarşısında duran problemləri və onların həlli yollarını düzgün müəyyənləşdirə, bu yöndə əməli tədbirlər həyata keçirə bildi.

Azərbaycanın regionda böyük nüfuz sahibi kimi mövqelərinin qorunması, qlobal enerji və kommunikasiya layihələrinin ardıcıl surətdə həyata keçirilməsi, xarici investisiyaların cəlb olunması, ölkədə azad sahibkarlıq və biznes mühitinin formalaşdırılması kimi vacib məqamlar da İham Əliyevin ötən 1 ildə həyata keçirdiyi siyasətinin prioritet istiqamətləri sırasında yer aldı. Vətəndaş sülhünün, milli həmrəyliyin qorunub saxlanılması, ölkənin beynəlxalq arenada nüfuz və mövqelərinin möhkəmlənməsi, ictimai həyatın bütün sahələrində yeni dövrün tələblərinə uyğun islahatların aparılması siyasəti daha da inkişaf etdirildi. 

1 ildə cəmiyyət İlham Əliyev hakimiyyətinin digər uğurlarına da şahidlik etdi. Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalandı; Azərbaycanın üçüncü peyki "Azerspace-2" orbitə buraxıldı;  TANAP qaz kəməri istifadəyə verildi; Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirildi və s. Dünya Bankı kimi nüfuzlu qurum "Doing Business 2019" hesabatında Azərbaycanı 10 ən islahatçı dövlət siyahısına daxil edərək, ən çox islahat aparan ölkə elan etdi.

Bu bir il İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın mövcud baza əsasında sürətlə inkişaf edən iqtisadiyyata malik ölkəyə çevrildiyini sübuta yetirdi. İqtisadi inkişafın bilavasitə əhalinin sosial müdafiəsində əks olunması konsepsiyasının müddəaları uğurla həyata keçirildi. İqtisadi nailiyyətlər insanların maddi rifah halının yüksəlməsinə səbəb oldu. Azərbaycan iqtisadi, siyasi cəhətdən tam müstəqil ölkə olaraq qaldı, heç kimdən asılı vəziyyətə düşmədi. İlham Əliyevin "Biz yeni iqtisadi modelə keçid edəcəyik, bütün sosial məsələlərin həllinə çalışacağıq" vədi həyata vəsiqə qazandı.

Bunun nəticəsidir ki, indi cəmiyyətdə yaxın gələcəkdə digər problemlərin də tam çözüləcəyinə güclü inam var. İqtisadi, sosial sahələrdə, məhkəmə-hüquq, dövlət orqanları sahələrində bütün xoşagəlməz hallara son qoyulması üçün yeni islahatlara başlanılıb.

İlham Əliyev şəffaflığın tam təmin olunacağı bir Azərbaycan qurmaq üçün çalışdığını öz əməlləri ilə sübut etməkdədir. Əsas məqsədi həm də quruculuq, rifah, abadlıq, inkişaf olan İlham Əliyevin alternativsizliyini ölkə vətəndaşları da birmənalı başa düşür və bu siyasətin davamlı olmasına dəstək verirlər.

Elman BABAYEV 

 





12.04.2019    çap et  çap et