525.Az

Bakıda “İcbari tibbi sığortanın tətbiqinə hazırlıq ili” tədbiri


 

Bakıda “İcbari tibbi sığortanın tətbiqinə hazırlıq ili” tədbiri <b style="color:red"></b>

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşəbbüsü, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə “İcbari tibbi sığortanın tətbiqinə hazırlıq ili” mövzusunda tədbir keçirilib.

ONA xəbər verir ki, görüş Səhiyyə İşçiləri həmkarlar ittifaqı təşkilatlarının əməkdaşlarını icbari tibbi sığorta sistemi, sistem çərçivəsində tibb müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi, tibbi xidmətlərin keyfiyyətinin artırılması istiqamətində görüləcək tədbirlər barədə məlumatlandırmaq məqsədi ilə təşkil edilib.

Görüşdə 110-a yaxın Səhiyyə İşçiləri həmkarlar ittifaqı təşkilatının əməkdaşları iştirak edib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Emin Əfəndiyev icbari tibbi sığortanın tətbiqinin əhalinin sağlamlığının qorunması baxımından vacib islahat olduğunu bildirib.

E.Əfəndiyev qeyd edib ki, icbari tibbi sığortanın tətbiqi tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşmasına, tibb müəssisələrinin maddi-texniki bazalarının möhkəmlənməsinə müsbət təsir göstərəcək.

Agentliyin Tibbi sığorta departamentinin rəhbəri Vüqar Qurbanov icbari tibbi sığortanın mahiyyəti, sistemin tətbiqinin səhiyyənin inkişafına töhfəsi və pilot ərazilər üzrə (Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonları) tibbi statistik göstəricilər barədə iştirakçılara məlumat verib. O həmçinin, tibb işçilərinin nüfuzunun, sosial rifahının və peşəkarlığının artırılması istiqamətində pilot layihə çərçivəsində atılan addımlardan danışıb,  tibb personalının iş şəraitinin yaxşılaşdığını, xəstəxanalarda qeydiyyat sisteminin yenidən qurulduğunu və onların maddi-texniki bazalarının gücləndirildiyini diqqətə çatdırıb.

İcbari tibbi sığorta çərçivəsində tibb müəssisələrinin yeni maliyyələşdirilməsi qaydalarından danışan Agentliyin Monitorinq, təhlil və aktuari departamentinin rəhbəri Araz Nəsirov icbari tibbi sığorta modelləri, universal tibbi təminat, ölkəmizdə və digər ölkələrdə mövcud səhiyyə sistemləri barədə çıxış edib. Onun sözlərinə görə, icbari tibbi sığortahaqqı muzdlu işçilər üçün əməkhaqqından faiz tutulmaqla, digər vətəndaşlar üçün isə illik 120 manat müəyyənləşdirilib. A.Nəsirov eyni zamanda icbari tibbi sığortahaqqını ödəməkdən azad olunan əhali qrupları barədə də danışıb.

Agentliyin Səhiyyə siyasəti və kliniki kodlaşdırma şöbəsinin müdiri Şərafət İsmayılova mövzusunda danışıb. O bildirib ki, icbari tibbi sığortanın gələn ildən ölkə üzrə tətbiqi məqsədilə xəstəxanaların qeydiyyat sisteminin təkmilləşdirilməsi və təchizatının yaxşılaşdırılması, ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi vacibdir. Ş.İsmayılova həmçinin, icbari tibbi sığortanın xidmətlər zərfi  barədə də məlumat verib.

Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının direktoru Könül Ələkbərov icbari tibbi sığorta sistemində tibb müəssisələrinin yeni idarəedilməsi mexanizmlərindən danışıb. Direktor qeyd edib ki, rəhbərlik etdiyi tibb müəssisəsində çevik idarəetmənin təmin olunması üçün şöbələr yeni struktura uyğun formalaşdırılıb, kadrlar yeni struktura uyğun yerləşdirilib və tibb müəssisəsinin maddi-texniki bazası yenilənib.

 





12.04.2019    çap et  çap et