525.Az

Unudulmaz müəllim, xeyirxah insan


 

Unudulmaz müəllim, xeyirxah insan<b style="color:red"></b>

İnsanlar həyata gəlir, yaşayıb yaradır. Dünyadan köçəndə, o, öz əməlləri, etdiyi yaxşılıqlarla insanların yaddaşında yaşayır.

Belə xeyirxah, ürəyi insanlığa məhəbbətlə dolu olan insanlardan biri də  ömrünün əksər hissəsini pedaqoji fəaliyyətlə məşğul olan və beləliklə də işlədiyi kollektivdə böyükdən kiçiyə hamının rəğbət və məhəbbətini qazanan unudulmaz müəllim Nadir Hüseynov idi. İndi yazıram, çünki o, artıq aramızda yoxdur. Amansız ölüm Nadir müəllimi öz dostlarından və həmkarlarından ayırmışdır. O, 2013-cü il avqustun 14-də əbədiyyətə qovuşmuşdur.

Hüseynov Nadir Meydan oğlu 1942-ci il fevralın 1-də Gəncədə anadan olmuşdur. 1958-ci ildə orta məktəbi bitirdikdən sonra yüngül sənaye texnikumuna daxil olmuş oranı bitirdikdən sonra Səmərqənd şəhərindəki Kooperativ İnstitutuna daxil olaraq 1964-cü ildə oranı müvəffəqiyyətlə bitirmişdir. Bir müddət öz ixtisası üzrə müxtəlif təşkilatlarda fəaliyyət göstərən gənc mütəxəssis 1970-ci ildən həyatının sonunadək Azərbaycan İqtisad Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur.

Nadir müəllim Səmərqənd Kooperativ İnstitutunun “İaşə Məhsullarının Texnologiyası” ixtisasını bitirib vətənə dönmüş ilk azərbaycanlı mütəxəssis olmuşdur. “Azərittifaqa” ictimai iaşə məhsullarının texnologiyası üzrə ilk mütəxəssis kimi işə cəlb olunmuş, az sonra Qarabağ vilayətinə mühəndis-texnoloq vəzifəsinə göndərilmişdir.

1970-ci ildən pedaqoji fəaliyyətə Azərbaycan İqtisad Universitetində baş  müəllim kimi başlayan Nadir müəllim ömrünün sonunadək həmin İnstitutda çalışmış və fəaliyyət göstərdiyi illər  ərzində tələbə və müəllimlərin böyük hörmət və məhəbbətini qazanmışdı. O xeyirxah əməlləri ilə yüzlərlə arxasız insana qayğı göstərməsi və insanlığına görə böyük bir kollektivin sevimlisi olmuşdu.

Azərbaycanda “İctimai-iaşə məhsullarının texnologiyası” ixtisası üzrə ilk buraxılış Nadir müəllimin rəhbərliyi altında olmuşdur.

Respublikamızda “İaşə Məhsullarının Texnologiyası” üzrə ilk ali təhsilli mütəxəssis olmaqla yanaşı Nadir müəllim ali məktəbdə  işlədiyi müddətdə bir sıra dərsliklərin, metodik vəsaitlərin, normativ texniki təlimatların, iaşə məhsullarının aktual sahələrinə həsr olunmuş çoxlu sayda elmi məqalələrin müəllifi olmuşdur. Monoqrafiya və dərslikləri bu sırada xüsusi qeyd etmək lazımdır.

Nadir müəllimin tələbələri onu prinsipial, tələbkar, qayğıkeş müəllim və işgüzar, təcrübəli pedaqoq kimi həmişə dəyərləndirmiş və ona böyük hörmət və sevgi ilə yanaşmışlar.

N.Hüseynov 40 ildən  çox fəaliyyəti ərzində böyük məktəb keçmişdir. O, Azərbaycanda öz ixtisası üzrə ilk mütəxəssis olmuş, ictimai iaşənin bir çox fənnlərini, o cümlədən ictimai iaşənin texnologiyası, təşkili, avadanlıqları, layihələşdirilməsi və s. tədris etmişdir.

Nadir müəllim bir müddət kafedra müdirinin müavini, dekan müavini və ümumi işlər üzrə prorektor, sonralar isə “Qida Məhsullarının Texnologiyası” kafedrasında dosent vəzifələrində çalışmışdır.

O vətənpərvər bir müəllim olmaqla respublikanın təhsil sisteminin inkişafında, iaşə məhsullarının texnologiyası və sahə avadanlıqları  elminin yüksəlişində, gənc nəslin müstəqillik ruhunda tərbiyə  olunmasında, beynəlxalq səviyyəli kadrların hazırlanması sahəsində bilik və bacarığını əsirgəməmişdir. Nadir müəllim bir sıra fəxri fərmanlarla təltif olunmuşdur.

Tanınmış pedaqoq və xeyirxah insan Nadir Hüseynovun  əziz və parlaq xatirəsi onu tanıyanların qəlbində daim qalacaq və həmişə səmimiyyətlə xatırlanacaqdır.

Nizami Musayev
Azərbaycan Dövlət Universiteti
“Ərzaq Malları  Əmtəəşünaslıq və
Ekspertiza”  kafedrasının dosenti

 





23.09.2013    çap et  çap et