525.Az

"Opinion Way": Prezident İlham Əliyevin son bir illik fəaliyyəti


 

"AZƏRBAYCAN İCTİMAİ-SİYASİ SABİTLİK ŞƏRAİTİNDƏ DİNAMİK SOSİAL-İQTİSADİ İNKİŞAFINI DAVAM ETDİRİR"

"Opinion Way": <b style="color:red">Prezident İlham Əliyevin son bir illik fəaliyyəti</b>

Fransanın "Opinion Way" Yenilikçi Araşdırma Şirkəti prezident İlham Əliyevin seçkilərdən ötən bir il ərzindəki fəaliyyətini qiymətləndirmək üçün Azərbaycanda sorğu keçirib.

Sorğunun nəticələri ilə bağlı keçirilən mətbuat konfransında çıxış edən şirkət rəhbəri Bruno Janbar qeyd edib ki, sorğuda Naxçıvan Muxtar Respublikası istisna olmaqla Azərbaycanın bütün regionlarından ümumilikdə 2000 nəfər insan iştirak edib. Respondentlərin 51 faizi kişilər, 49 faizi qadınlar olub.

Sorğuda iştirak edən respondentlərin müəyyələşdirilməsi çoxmərhələli seçmə metodologiya əsasında aparılıb. Seçmə toplusunun formalaşdırılması prosesinin müxtəlif mərhələlərində sosial-demoqrafik göstəricilərə əsaslanan kvotlardan istifadə edilib, yekun seçmə vahidlərin müəyyənləşdirilməsi isə təsadüfi üsulla aparılıb. Sahə işləri bu cür tədqiqatlarda geniş təcrübi bilik və bacarıqlara malik tədqiqat qrupu tərəfindən strukturlaşdırılmış soğru anketindən istifadə edilməklə üz-üzə müsahibə formasında həyata keçirilib.

"Ölkədə baş verən müsbət dəyişikliklərdən hansılarını Azərbaycan prezidenti  İlham Əliyevin fəaliyyətinin uğuru kimi dəyərləndirirsiniz?" sualına cavab verən respondentlər 5 əsas dəyişikliyə münasibət bildiriblər. Soğruda iştirak edənlərin 80,1 faizi ölkədəki sabitliyi Prezident İlham Əliyevin fəaliyyətinin əsas uğurlarından biri kimi qiymətləndiriblər. Respondentlərin 61,4 faizi idmanın inkişafını qeyd edib. Ölkənin müdafiə qabiliyyətinin, ordunun güclənməsini respondentlərin 58,4 faizi yüksək qiymətləndirib. Sorğuda iştirak edənlərin 57,8 faizi son bir il ərzində əhalinin güzaranın yaxşılaşdığını, əmək haqları, təqaüdlər, müavinətlərin artdığını qeyd ediblər. Respondentlərin 52 faizi isə təhsil və səhiyyənin əlçatımlı olduğunu qeyd ediblər.

"Opinion Way" şirkətinin keçirdiyi soğruda əldə olunan bu və digər nəticələri qiymətləndirən Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədr müavini Elçin Əhmədov bildirib ki,  ölkəmizin əldə etdiyi bütün uğurlar Prezident İlham Əliyev düşünülmüş, uzaqgörən daxili və xarici siyasətinin nəticəsidir: "Məhz bu uğurlu siyasətin nəticəsidir ki, Fransanın "Opinion Way" şirkətinin bu ilin martında Azərbaycanda keçirdiyi rəy sorğusunun nəticələrinə əsasən, respondentlərin 80,1 faizi ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanılmasını Prezident İlham Əliyevin fəaliyyətinin ən uğurlu nəticəsi kimi dəyərləndirib. Dünyada və bölgədə yaşanan çoxsaylı mənfi proseslərdən asılı olmayaraq, Azərbaycan son bir ildə ictimai-siyasi sabitlik şəraitində öz dinamik sosial-iqtisadi inkişafını davam etdirib, xalqın əmin-amanlığı və rifahı naminə bütün zəruri addımlar atılıb, əhalinin firavan həyatı üçün ardıcıl tədbirlər görülüb. Keçən bir il ərzində qlobal və regional güclər arasında artan ixtilaflar, beynəlxalq münasibətlər sistemində davam edən gərginlik, o cümlədən, dövlətlərin suverenliyi və daxili işlərinə müdaxilələr, beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşma, həmçinin, beynəlxalq münaqişələr, birtərəfli iqtisadi sanksiyalar, dözümsüzlük və humanitar böhran vəziyyəti daha da kəskinləşdirib. Bütün bunlara baxmayaraq, keçən bir il, xüsusilə 2018-ci il ölkəmiz üçün uğurlu olub, dünyada və bölgədə gedən müxtəlif mənfi proseslərə baxmayaraq, Azərbaycan hərtərəfli və dinamik inkişaf edib, müstəqil və çoxşaxəli xarici siyasət kursu Azərbaycanın Cənubi Qafqaz regionunun aparıcı və ən inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin edib".

Professor bildirib ki, dövlət başçısının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsi və 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi haqqında imzaladığı sərəncamlar Azərbaycanın dövlətçilik tarixində çox mühüm və şərəfli bir mərhələ olan Şərqdə ilk parlamentli respublikanın əhəmiyyətinin hər zaman uca tutulduğunun, eləcə də dövlətçilik ənənələrinə böyük dəyər verildiyinin bariz nümunəsidir: "Prezident İlham Əliyevin məqsədyönlü xarici siyasəti nəticəsində keçən dövr ərzində Azərbaycan regional və qlobal əhəmiyyətli iqtisadi, siyasi və humanitar layihələrin mərkəzinə çevrilib, bir sıra əhəmiyyətli əməkdaşlıq formatlarının təşəbbüskarı olub. Müasir dövrdə Azərbaycanın beynəlxalq səviyyədə həyata keçirdiyi bərabərhüquqlu və qarşılıqlı maraqlar prinsiplərinə söykənən xarici siyasət strategiyası ekspertlər tərəfindən təqdir olunan model kimi qiymətləndirilib. Ümumilikdə, Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu həmişə öz dinamikliyi, intensivliyi və çevikliyi ilə xarakterizə olunub və daim milli maraqlara söykənib".

Politoloq Ramiz Alıyev isə qeyd edib ki, Fransanın "Opinion Way" şirkətinin Azərbaycanda keçirdiyi rəy sorğusunun nəticələri xalqımızın Prezident İlham Əliyevə inamının və etimadının bariz göstəricisidir: "Opinion Way" şirkətinin Azərbaycanın demək olar ki, bütün bölgələrində apardığı rəy sorğusunda iştirak edən respondentlərin böyük əksəriyyəti Prezident İlham Əliyevin yürütdüyü siyasəti dəstəklədiklərini qəti şəkildə bəyan ediblər. Bu, xalqımızın dövlət başçısına sevgisinin, onun yürütdüyü siyasətə dəstəyinin ifadəsidir. Əlbəttə, bu sevgi və inam asan əldə olunmayıb. Çünki ölkə əhalisinin dəstəyini qazanmaq üçün xalqa sədaqətlə xidmət etmək, əhalinin rifahını yaxşılaşdırmaq, daim islahatlar aparmaq, ölkəni dünyada baş verən siyasi və iqtisadi böhranlardan qoruya bilmək, vətəndaşların təhlükəsiz yaşayışını təmin etmək lazımdır. Dünya ölkələrinə baxsaq, çox az dövlət başçısının bu çətin vəzifələrin öhdəsindən gəldiyini görə bilərik. Bu gün Azərbaycanın dinamik inkişafı və əldə etdiyi uğurlar, ölkə əhalisinin rifah halının gündən-günə yaxşılaşması və digər amillər göstərir ki, Prezident İlham Əliyev yürütdüyü müdrik və qətiyyətli siyasətlə xalqımızın inamını, dəstəyini və sevgisini qazanıb".

"Bu gün ölkəmizdə hökm sürən möhkəm ictimai-siyasi sabitlik, ictimai asayişin yüksək səviyyədə qorunması həm vətəndaşlarımızın, həm də ölkəmizə gələn turistlərin rahat və təhlükəsiz yaşayışını təmin edib. Ölkəmizdə bütün sahələrdə həyata keçirilən dərin islahatlar, aztəminatlı ailələrin, o cümlədən, şəhidlərimizin və Milli qəhrəmanlarımızın ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, qaçqın və məcburi köçkünlərə göstərilən yüksək diqqət və qayğı, pensiyaların, təqaüdlərin, müavinətlərin artırılması xalqımızın bütün təbəqələrinin yaşayışında hiss olunur. Bu, Azərbaycan vətəndaşlarının dövlət başçısına inam, etimad və dəstəyini artırır. Bu, bir daha göstərir ki, xalq öz liderinə səs verib və onun yürütdüyü siyasəti fəal şəkildə dəstəkləyir. "Opinion Way" şirkətinin keçirdiyi rəy sorğusunun nəticələri də məhz xalqın bu inam və dəstəyini bir daha bütün dünyaya nümayiş etdirir", - deyə politoloq bildirib.

C.ABASOV

 





13.04.2019    çap et  çap et