525.Az

Zəlimxan Yaqubun yeni şeirləri


 

Zəlimxan Yaqubun <b style="color:red">yeni şeirləri</b>

Xalq şairi

 

YAŞASIN ÜRƏK

 

Şeir ürəkdən süzülüb gəlir, böyrəkdən yox. Şeir ürəkdə yazılır, böyrəkdə yox. Ürək dostumdu, böyrək düşmənim. Dostuma da, düşmənimə də sözümü deyirəm. Qoy hər ikisi öz payını götürsün. Ürək deyir ki, böyrəksiz yaşaya bilərsən, ürəksiz yox. Oğulsan ürəkli şeirlər yaz, ürəklə yaşa. Homerdən Aşıq Veysələ qədər gözsüz şairlər tanıyıram ki, onların əsərləri, səsi, sədası dünyanı silkələyib. Əlsiz şairlər tanıyıram ki, fələyin acığına dişiylə yazıb əsərlərini. Ayaqsız şairlər də tanıyıram. Şeir onlar üçün əl-ayaq olub. Qol-qanad olub, onları göyün yeddinci qatına qaldırıb. Əlsiz rəssamlar tanıyıram ki, zaman-zaman insanları öz bənzərsiz əsərləri ilə heyrətdə saxlayıblar. Mən də böyrəksiz şeirlər yazmışam. Onları əziz oxucularıma təqdim edirəm. Ürək varsa, hər şey var, ürək yoxsa, həyat yoxdur. Yaşasın ürək! 

 

ÖLDÜRSÜN

 

Qar yağırdı, qış günüydü 

mən olanda,

İndi məni qoy çiçəkli

yaz öldürsün.

Bir şairi dağa salsın,

daşa salsın,

Bir gözəlin canındakı 

naz öldürsün.

 

Donur ağac, solur yarpaq,

əsir külək,

Basılır göy, sınır qanad,

düşür lələk.

Zalımlığı yerə qoysun

zalım fələk,

Məni böyük dərdlərimlə 

az öldürsün.

 

Köçüm gedim əlim halal,

dilim halal,

Allahıma tez yetişsin

bu ərzi-hal.

Aşıq gəlsin, əli qızıl,

söhbəti bal,

Son nəfəsdə  qoy məni bir

saz öldürsün.

 

GÖNDƏRİŞ

 

Allah beşik göndərir

uyumağa, yatmağa,

Allah layla göndərir

qızılgülə  batmağa.

Ömrü boyu böyüyür,

ucaldıqca ucalır,

İnsan oğlu can atır

Allahına çatmağa!

 

Allah bələk göndərir,

körpəni qucmaq üçün,

Allah qanad göndərir,

ucalıb uçmaq üçün.

Allah ağıl göndərir,

idrak, düşüncə verir,

Bağlanmış qapıları 

açarsız açmaq üçün.

Əssə də soyuq külək,

yağsa da qar gözəldi,

Barlı payız, qarlı qış,

güllü bahar gözəldi.

Aç qoşa qollarını 

Tanrı üçün, ey insan,

Allahın bəndə  üçün 

hər nəyi var, gözəldi!

 

İNSAN SEVİLƏNDƏ,

İNSAN SEVƏNDƏ

 

Göy nə genişdi,

Günəş nə  işıqlıdı,

Ay nə nurludu,

Ulduz nə yaraşıqlıdı, 

Dünya nə şirindi,

həyat nə uğurludu,

Sular nə nurludu,

bulaq nə təmizdi,

Sevilənlər nə  gözəldi,

sevənlər nə  əzizdi,

İnsan seviləndə,

insan sevəndə!

 

Təpələr nə  ucadı, 

dağlar nə vüqarlıdı,

Bağlar nə bərəkətli,

bağçalar nə  barlıdı,

Kasıblar nə  dövlətli,

yoxsullar nə  varlıdı,

Dövran nə etibarlı, 

zaman nə ilqarlıdı,

İnsan seviləndə,

insan sevəndə!

 

Qədimlər nə  yenidi,

köhnələr nə  təzədi,

Gözəlliklər, gözəllər 

yer üzünü  bəzədi.

Yaxşılıqlar, yaxşılar

üz-üzə, göz-gözədi,

Həyat qəm-kədər deyil,

həyat meydi, məzədi,

İnsan seviləndə,

insan sevəndə!

 

SUAL

 

Yuxu şirin, həyat acı,

Yatmısanmı, oyaqsanmı?

Ey ruhumun ehtiyacı,

Gözlərimə  çıraqsanmı?

 

Yanımda qiymətin, qədrin,

Qəlbimdə hörmətin, xətrin,

Adamı öldürür  ətrin,

Çiçək dolu budaqsanmı?

 

Ömrüm-günüm yaşıl tağdı,

Sevgin sağlam, eşqin sağdı. 

Sinən üstü  ağdan ağdı,

Yazılmamış varaqsanmı?

 

İşıqlıdır odun, qorun,

Sevgidədir gücün, zorun.

Yandırırsan korun-korun,

Odu sönməz ocaqsanmı?

 

Birim, pirim, bircə  dənəm,

Sən sevilən, mən sevənəm.

Bu evin sahibi mənəm,

Sən bir qərib qonaqsanmı? 

 

İSTƏK

 

Damla da var, dərya da

mənim yaranışımda,

Mən adi bir damlayam,

dəryamı istəyirəm.

Dünya məni böyütdü, 

yaşatdı insan kimi,

Mən kiçik bir zərrəyəm,

dünyamı istəyirəm.

 

Gurlamışam, çaxmışam

şimşəklərin içində,

Zərif ömür sürmüşəm 

çiçəklərin içində.

Şipşirin bir arzu var

istəklərin içində,

Mənə “işığım”  deyən 

anamı istəyirəm.

Nə sözdən, nə nəğmədən,

nə bulaqdan doymadım,

Nə oddan, nə  alovdan,

nə ocaqdan doymadım.

Nə ana təbiətdən, nə 

torpaqdan doymadım,

Həyat adlı  güzgünü, 

aynanı istəyirəm.

 

ACLIQ

 

Ac gəlmişdim, ac gedirəm dünyadan,

Qismətimə düşən azdan doymadım.

Arı kimi güldən-gülə  dolaşdım,

Nə payızdan, nə də yazdan doymadım.

 

Can yandırdı  köz baxışlar, köz əllər,

Torpaq oldu, tez töküldü  xəzəllər.

Saymazyana gəldi-getdi gözəllər,

Nə işvədən, nə də nazdan doymadım.

 

Nəğmələrlə  ürəyimi aldılar,

Şirin-şirin xəyallara daldılar.

Min bir yerdə  min bir hava çaldılar,

Nə aşıqdan, nə də sazdan doymadım.

 

GÖZƏLLƏR

 

Gözəllər də  buz bulaqlar kimidi,

Öpüldükcə gözəlləşir, durulur.

Vurulanlar elə-belə  vurulmur,

Bir könüldən min könülə vurulur.

 

Gözəllər də  göy yaylaqlar kimidi,

Çəməni var, çiçəyi var, ətri var.

Sevənlərin ürəyində, ruhunda,

Sevilənin dağlar boyda xətri var.

 

Gözəllər də  gül dodaqlar kimidi,

Ləzzəti var, nəğməsi var, sözü var.

Yer üzünə  neçə insan gəlibsə,

Hamısının dodaqlarda gözü var.

 

Gözəllər də  gur ocaqlar kimidi,

İstisi var, işığı var, odu var.

Ürəkləri, könülləri isidən,

Damaqlardan heç  getməyən dadı var.

 

Gözəllər də  oyuncaqlar kimidi,

Aldanan var, aldadan var, atan var.

Gözəlliyin qiymətini bilməyib,

Dünyasını  beş qəpiyə satan var.

 

ARZU

 

Dolandıqca hey dolanam təbiəti,

Yola çıxam, bu yollarda izim ola.

Qayalardan sərtlik dərsi ala biləm,

Yoxuşlarda bükülməyən dizim ola.

 

Fərhad kimi dağlar yaram, qaya çapam,

Ucalmaqçün ucalıqla bir dil tapam.

Dağ başında bir dağılmaz qala yapam,

Zirvələrlə  görüşməyə üzüm ola.

 

Bülbül gərək dost bağında ötmək üçün,

Ürək gərək arzulara yetmək üçün.

Torpaq altda canı  sulu getmək üçün,

Can verəndə  canında bir dözüm ola.

 

Qollarıma qüvvət verə dostum, yarım,

Ürəyimi üşütməyə qışım, qarım.

Qalxan günü  Allah ola xilaskarım,

Enən günü  düzəngahım, düzüm ola.

 

Yer də, göy də  sağ-salamat durmaq üçün,

Qurduğunu sevdiyintək qurmaq üçün,

Yüz illərə, min illərə varmaq üçün,

Bizdən sonra dünya yenə bizim ola!

 

ŞAİRLİK

 

Bulaqların dilində  kövrək, həzin nəğmədi,

Yarpaqların dilində  pıçıltıdı şairlik.

Yaralı gövdələrdə  ağrıdı, göynərtidi,

Xəzəllərin dilində sızıltıdı şairlik.

Çəmənlərin dilində  çiçəklərin rəngidi,

Çiçəklərin içində təravətdi şairlik.

Yerlərin yaraşığı, göylərin ahəngidi,

Babalardan bizlərə  əmanətdi şairlik.

 

Çayların axarında nərədi, hönkürtüdü,

Sellərin dodağında şırıltıdı şairlik.

Göyləri silkələyər hirsi, qəzəbi tutsa,

Şimşəklərin dilində gurultudu şairlik.

 

Cəmiyyət ağlayanda ondan qabaq ağlayır,

İztirab, hıçqırtıdı, göz yaşıdı şairlik.

Böyüklərin qisməti edam, ya dar ağacı,

Ölümsüz bir ölümlə yanaşıdır şairlik.

 

Gözünə duz basıblar, heç azalmır ağrısı,

Heç zaman sağalmayan bir yaradı şairlik.

İnsanların dərdini o çatdırır Allaha,

Allah bəndə  arası bir aradı şairlik.

 

MƏN OLSAM DA, OLMASAM DA

 

Dünya hər gün tikiləcək,

söküləcək,

Dəniz hər gün qabaracaq,

çəkiləcək,

Bu dünyada mən olsam da,

olmasam da.

 

Göylər hər gün  ələk kimi

ələnəcək,

Torpaq hər gün bərəkətə 

bələnəcək,

Bu dünyada mən olsam da,

olmasam da.

 

Günəş hər gün paylayacaq

öz nurunu,

Dağ tutacaq şaxlığını, 

qürurunu,

Bu dünyada mən olsam da,

olmasam da.

 

Çətinləri qoy çevrilsin,

asand olsun,

Bu dünyanın hər bir işi 

avand olsun,

Bu dünyada mən olsam da,

olmasam da.

 

DÜNYA VƏ MƏN

 

Dayanmışıq yanaşı,

Dünyayla üz-üzəyəm.

Mən deyirəm, o deyir,

Dünyayla söz-sözəyəm.

 

Yeri yandırır, yaxır,

Göyü gurlayır, çaxır.

Mən baxıram, o baxır,

Dünyayla göz-gözəyəm.

 

Hey dalırıq xəyala,

Eh, kim ölə, kim qala.

O anadı, mən bala,

Dünyayla diz-dizəyəm.

 

GÖZƏLLİK

 

Nə nurludu, nə parlaqdı, nə gözəldi,

Nur payıdır insanların  ən gözəli.

Aydan alır, Gündən alır işığını,

Baş tacıdır vicdanların ən gözəli.

 

Uzun sürən  “Vətən-Qürbət dastanı” var,

Qəhrəmanlıq, sevgi, həsrət dastanı var.

Hər ürəkdə  bir məhəbbət dastanı var,

Məhəbbətdi dastanların  ən gözəli.

 

Gözəllikdi halal şöhrət, halal maya,

Şükür olsun yaradandan gələn paya.

Suyu öpür gözəlləşir sahil, qaya,

Dalğa doğur tufanların  ən gözəli.

 

Qoca dünya dadlı  olur, şirin olur,

Bir misaldı, axar sular sərin olur.

Dənizlərdən, dəryalardan dərin olur,

Göz yaşıdır  ümmanların ən gözəli.

 

Həyat orda, ən işıqlı  gün ordadı,

Nəğmə orda, səs ordadı, ün ordadı.

İnsaf orda, iman orda, din ordadı,

İnsanlıqdı irfanların ən gözəli.

BORCUM VAR MƏNİM

 

Yaxşılıq görmüşəm yaddan, yaxından,

Yaxına, uzağa borcum var mənim.

Ruhumu uyudan, laylamı  çalan,

Beşiyə, qundağa borcum var mənim.

 

Bu palıd ağacı, bu məğrur cökə,

İstəyir həmişə nazımı çəkə.

Sığallı gövdəyə,  şirəli kökə,

Meyvəli budağa borcum var mənim.

 

Hər barlı bağçaya, hər əlvan bağa,

Hər dolu sünbülə, hər yaşıl tağa,

Çəmənə, çiçəyə, ota, yarpağa,

Günəşə, torpağa borcum var mənim.

 

Zirvədi, ətəkdi, bənddi, bərədi,

Hər görüş cənnətdən bir mənzərədi.

Vurğunu olduğum dağdı, dərədi,

Hər elə, oymağa borcum var mənim.

 

Haqqın yaratdığı  rəngə, naxışa,

Buluda, şimşəyə, mehə, yağışa,

Alovlu ürəyə, odlu baxışa,

Nəğməli dodağa borcum var mənim.

 

Verdim öz  ömrümü  hissə, duyğuya,

Yaşadım dünyanı  mən duya-duya.

Udduğum havaya, içdiyim suya,

Öpdüyüm bulağa borcum var mənim.

 

Hər söz bir mətləbə, mənaya bağlı,

Hər daş bir guşəyə, xanaya bağlı.

Allaha, ataya, anaya bağlı,

Müqəddəs ocağa borcum var mənim.

 

NƏ YAXŞI 

 

Bizim gözümüzün qabağındadı,

İşıqda Allah var, Allahda işıq.

Allahı işığa yaraşdırmışıq,

İşığı Allaha yaraşdırmışıq.

 

Arzuda, xəyalda, həqiqətdədir,

Varlığın ləzzəti, varlığın dadı. 

Göylərə ucalmaq, yerlərə enmək,

Bizim ruhumuzun varlığındadı.

 

İşıqdan güc alır hər nəfəsimiz,

Qayalar yarmağa inadımız var.

Allaha yetişir uca səsimiz,

Nə yaxşı uçmağa qanadımız var.

 

ANA DÜNYA

 

Anamın yanına gəlmişəm Allah,

Bircə gün anasız eyləmə məni.

Ömrümün mənası varlığındadır,

Heç zaman mənasız eyləmə məni.

 

Zəhməti, cəfanı, dözümü görrəm,

Qaşımı, üzümü, gözümü görrəm,

Onun güzgüsündə  özümü görrəm,

Güzgüsüz, aynasız eyləmə məni.

 

O uca bir dağdı, mən kiçik təpə,

O coşqun dalğadı, mən həzin ləpə. 

Anasız ömürlər dəyməz bir çöpə,

Zərrəyəm, dünyasız  eyləmə məni.

 

Zirvənin ağı var saçın qarında,

Eşqin meyvəsi var bağça-bağında.

Üzmək istəyirəm ağ sularında,

Damlayam, dəryasız eyləmə məni.

 

Oğul ana üçün bəydi, paşadı,

Ananın eşqiylə  oğul yaşadı. 

Analı ömürlər toy-tamaşadı,

Toysuz, tamaşasız eyləmə məni.

 

AMAN ALLAH,

DÜNYA NECƏ  ŞİRİNDİ

 

Bu dünyadan doymaq olmur, İlahi,

Aman Allah, dünya necə şirindi.

Fəsil gözəl, həftə  gözəl, ay gözəl,

Aman Allah, dünya necə şirindi.

 

Kim bəxtindən, taleyindən yarıdı,

Kimin bəxti axıracan sarıdı. 

Dünya çiçək, insan oğlu arıdı,

Aman Allah, dünya necə şirindi.

 

Göylərə bax, göyü günlü, yağışlı,

Yerlərə bax, yeri güllü, naxışlı. 

Gözəlləri tülək tərlan baxışlı,

Aman Allah, dünya necə şirindi.

 

Baxmaq üçün bərəsi var, bəndi var,

Gəzmək üçün  şəhəri var, kəndi var.

Şəkəri var, pətəyi var, qəndi var,

Aman Allah, dünya necə şirindi.

Səsli gələn səssiz ölmək istəmir,

Heç bir canlı  ölüb itmək istəmir.

Hamı gəlir, gələn getmək istəmir,

Aman Allah, dünya necə şirindi.

 

NƏ DEMƏKDİR

 

Çox yeriyin, çox dolanın, çox gəzin,

Ot basmasın cığırları, izləri.

Gur suları darıxmağa qoymayın,

Yol çəkməsin bulaqların gözləri.

 

İnsan oğlu, qoy əlini qarşına,

Dolan hər gün doğma yurdun başına.

Güvənəndə  torpağına, daşına,

Yerə gəlməz pəhləvanın dizləri.

 

Yüz nədir ki, yüz  əllini haqlayın,

Gözəlliyi göz  üstündə saxlayın.

Ən müqəddəs ocaq kimi qoxlayın,

Çiçəkləri, çəmənləri, düzləri.

 

Gah ağlarsız, gah göz yaşın silərsiz,

Gündə yüz yol dirilərsiz, ölərsiz.

Susuz qalıb susayanda bilərsiz,

Nə deməkdir Zəlimxanın sözləri.

  

DAĞ OLMAĞIN ŞAN-ŞÖHRƏTİ

 

Dağlarındı  bu dərəlik, bu dağlıq,

Dağlarındı  bu sağlamlıq, bu sağlıq.

Dağlarındı  yüksəklərdə bu ağlıq,

Dağ olmağın şan-şöhrəti başqadı. 

 

Yazda qaçar çiçəklərin dodağı,

Çiçək açar gözəllərin yanağı.

Yayda gələr, sayagəlməz qonağı,

Dağ olmağın səxavəti başqadı.

 

Ətəyində çökəklik var, tala var,

Zirvəsində  əlyetişməz qala var.

Hər daş altda bir canlı var, bala var,

Dağ olmağın təravəti başqadı. 

 

Dizlər üçün qüvvəti var, heyi var,

Gözlər üçün min naxışlı göyü var.

Bulaqların nəğməsi var, neyi var,

Dağ olmağın əzəməti başqadı. 

 

Torpağında dürlü-dürlü  halı var,

Yaşılı var, sarısı var, alı var.

Süfrəsində  qaymağı var, balı var,

Dağ olmağın ziyafəti başqadı. 

 

Qorxusu yox nə  borandan, nə yeldən,

Qorxusu yox nə  yağışdan, nə seldən.

Ucadadı hər obadan, hər eldən,

Dağ olmağın güc-qüvvəti başqadı. 

 

Dastan bağla, əsər yarat, kitab yaz,

Dağlar üçün hər nə desən azdı, az.

Həm məclisdi, həm söhbətdi, həm də saz,

Dağ olmağın şeiriyyəti başqadı. 

 

İNDİ

 

Öldürdüm özümü  öz içərimdə,

Özüm öz canıma bir qəsdəm indi.

Nədən danışıram qırılır sözüm,

Sağlam ola-ola şikəstəm indi.

 

Göz var, ondan ötrü  ocaq olmuşam,

Göz var, ondan ötrü  bıçaq olmuşam.

Çətin ağrılara calaq olmuşam,

Dərmansız dərdlərə  peyvəstəm indi.

 

Qanlı kəfənimi özüm biçmişəm,

Sualı, Sıratı  çoxdan keçmişəm.

Dərdin şərabını  elə içmişəm,

Şərab içənlərdən çox məstəm indi.

GƏTİRİN

 

Ölüm ayağında dirildin məni,

Çəmənin ətrini gətirin mənə.

Qoy aşıq oxusun, qul Ələsgərin

Bir neçə sətrini gətirin mənə.

 

Zirvəsi ucadı, dərəsi dərin,

Sevgisi istidi, suları sərin.

Yaşıl yaylaqların, göy meşələrin

Kölgəlik çətrini gətirin mənə.

 

Uzaqdan, yaxından alım səsini,

Eşidim zilini, duyum pəsini.

Ana təbiətin hər müjdəsini,

Tükənməz xətrini gətirin mənə.

 

BULAQ

 

Elə bulaq dedim, bulaq eşitdim,

Nə var bu dünyada bulaqdan gözəl.

Axdı ürəyimə, axdı qəlbimə,

Yaxından yanğılı, uzaqdan gözəl.

 

Dərdləri, qəmləri vurdum, taladım,

Ömrümə-günümə  ömür caladım.

Bulaq kənarında ocaq qaladım,

Odlu duyğularım ocaqdan gözəl.

 

Yerlərə, göylərə  vurulur insan,

Saattək təzədən qurulur insan.

Sulara baxanda durulur insan,

Olur ləldən gözəl, dodaqdan gözəl.

 

Hər dərddən, xəbərdən, hər sirdən agah,

Sökülür dan yeri, açılır sabah.

Ana təbiətin nəyi var, Allah,

Bu sudan, havadan, torpaqdan gözəl.

 

YAZILMALIDIR

 

Nəsillər dəyişir, fəsillər ötür,

Qış getdi, dalınca yaz olmalıdır.

Bulaqlar başına çıxanlar bilər,

Harda söhbət düşüb, saz olmalıdır.

 

Ətrini yaydıqca yazın çiçəyi,

Artır düşüncənin, sözün çiçəyi.

Çiçəyin nazı var, nazın çiçəyi,

Çiçək olan yerdə naz olmalıdır.

 

Çox-çox yazıları pozuram indi,

Ölüb getməyə də hazıram indi.

Tale şeirləri yazıram indi,

Çox şeylər təzədən yazılmalıdır.

 

GÖRƏSƏN

 

Ömrün axırına nə qalıb görən,

Ömrü ömür kimi sürəcəyəmmi?

Ətirli çöllərin çıxıb qoynuna,

Yazda çiçəkləri dərəcəyəmmi?

 

Dünyaya dağılan şeirlərimi,

Ucalıb dağ  olan şeirlərimi,

Təzəcə doğulan şeirlərimi,

Qəlbin süfrəsinə  sərəcəyəmmi?

 

Qalmayıb dizimdə  taqətim, heyim,

Susub birdəfəlik kamanım, neyim.

Bu gün-sabahlıqdı  bəlkə taleyim,

Görəsən sabahı  görəcəyəmmi?

 

QOCA DAĞ

 

Ay qoca dağ, gəldim sənə baş çəkim,

Sevincimi qəm eyləmə, sən Allah.

Kövrəlirəm səni tutqun görəndə,

Üz-gözünü nəm eyləmə, sən Allah.

 

Fikir çəkim, duman çəkim, çən çəkim,

Qayğıları  tən daşıyım, tən çəkim.

Nə dərdin var, qoy çoxunu mən çəkim,

Sən kefini kəm eyləmə, sən Allah.

 

Yaxşı qoru mərd duruşu, şaxlığı,

Gözəl olur qocalığın  şuxluğu.

Bu vətəni, bu bolluğu, toxluğu,

İtə-qurda yem eyləmə, sən Allah.

XATİRƏ QALSIN

 

Gözümüz nəyi görür,

Yazın, xatirə  qalsın.

Bir sözü min bir yerə,

Yozun, xatirə  qalsın.

 

Baxın torpağa, daşa,

Bu dünya bir tamaşa.

Dünyanı başdan-başa,

Gəzin, xatirə  qalsın.

 

Vurun şirin xalları,

Geniş açın qolları. 

Yorun uzaq yolları,

Azın, xatirə  qalsın.

 

Dodaqda oynasın səs,

Ömür keçməsin əbəs.

Dünyada bir müqəddəs,

Həzin xatirə  qalsın.

 

MƏN SƏNİ GÖRƏNDƏ

 

“Mən səni ilk dəfə görəndə 

saçların qapqaraydı. 

Bu saç-saqqalı  nə tez ağartdın,

ay oğul.”

Həmayıl xanımın dediklərindən

 

Mən səni ilk görəndə 

qapqaraydı saçların,

Qızılından bahaydı 

şahlar qoyan tacların.

Ən şirin meyvəsiydin

bar verən ağacların,

İndi hanı o saçlar?

Hanı qapqara qaşlar?

 

Mən səni ilk görəndə 

üzdə qırış yoxuydu,

Qocalıq yollarında

bir çağırış yoxuydu.

Tutqun payız yoxuydu,

boranlı qış yoxuydu,

İndi hanı şahlığın?

Hanı o gümrahlığın?

 

Mən səni ilk görəndə 

bulaqlardan duruydun,

Alovlu baxışların 

atəşiydin, nuruydun.

Düzlərin bərəkəti,

dağların qüruruydun,

Heyif o heyranlığa,

Heyif o cavanlığa.

Gənclik dönüb gələydi

nola bircə anlığa.

 

Mən səni ilk görəndə 

əldə əsmə yoxuydu,

Ürəkdə bir titrəyiş,

bir tələsmə  yoxuydu.

Ağrı özü yoxuydu,

ağrıkəsmə  yoxuydu,

Sağlam bir an varıydı,

Ruhda, gözdə, fikirdə, 

bir həyəcan varıydı. 

 

İndi səni görürəm

qartalmış qoca kimi,

İndi səni görürəm

tüstüsüz baca kimi.

İndi səni görürəm

xocasız xoca kimi.

Xocasan, xocan hanı?

Yanar odun, alovun

tüstülü bacan hanı?

 

Səni görmək istərəm 

ucalan bir dağ  kimi,

Səni görmək istərəm 

qızılı bir çağ kimi,

Səni görmək istərəm 

millətə bayraq kimi.

Sənin bu ağ  saçların 

səni bizdən almasın,

Cavan saxla ürəyi,

ürəyin qocalmasın!

 

 





23.09.2013    çap et  çap et