525.Az

Paşinyan öz vətəndaşlarının ləyaqətini necə alçaldır?


 

"168 JAM": "BAŞ NAZİRİN DAVRANIŞI HAKİMİYYƏTİN GÜCÜNÜN DEYİL, ZƏİFLİYİNİN ƏLAMƏTİDİR

Paşinyan öz vətəndaşlarının ləyaqətini necə alçaldır? <b style="color:red"></b>

Ermənistanın baş naziri Nikol Paşinyanın vətəndaşlarla davranışı, onları təhqir etməsi, ləyaqətlərini alçaltması ölkədə ciddi tənqidlərlə qarşılanıb. Vətəndaşları küçələrə çağırıb, onların dəstəyi ilə hakimiyyətə yiyələnən Paşinyan, bu gün ictimaiyyət qarşısında öz vətəndaşını alçaltmaqdan çəkinmir. Bununla yaxşı iş gördüyünü, nüfuzunun artacağını düşünsə də, əksi ilə qarşılaşıb.

Paşinyanın son davranışları, daha dəqiq  Dövlət Gəlirləri Komitəsinin nəzdindəki Noraqavit gömrük postunda baş verən utancverici hadisə Ermənistanda  ən çox müzakirə olunan mövzuya çevrilib. Bu hadisə erməni mediasında kəskin tənqid olunmaqdadır. Belə ki, bir neçə gün əvvəl Paşinyan Noraqavit gömrük postunu ziyarət edib və özü növbəsini gözləyən vətəndaşlarla birlikdə təxminən 15 dəqiqə ərzində avtomobillərin gömrük rəsmiləşdirilməsi prosesində iştirak edib.

O, ərazidəki natəmizlikdən və prosesin özündən narazılığını ifadə edib: "Ərazinin təmizliyi utancvericidir, bu, bizim bayrağımıza və gerbimizə olan münasibətdir. Və bu, qəbuledilməzdir. Mükafatları ixtisar edin".

Kabinetlərdən birində bayrağı çirklənmiş formada görən Paşinyan isə həmin ofisdə çalışan hər kəsin işdən qovulmasına göstəriş verib.

Əlbəttə ki, bu, ölkəyə rəhbərlik edən şəxsin küçə qaydaları ilə idarəetmə üsulunun daha bir nümunəsi olmaqla yanaşı, vətəndaşına, onun taleyinə olan saymazyana münasibətidir. Paşinyan bundan əvvəl də dəfələrlə eyni üsuldan istifadə edib. Problemi araşdırmadan "qovulma" əmrini verib. Ermənistanda onsuz da işsizlik maksimum həddədir, onun "ixtisar siyasət"i isə vətəndaşlarının həyatını daha da çətinləşdirir. 

Paşinyanın burda başqa bir oyununun da üstü açılıb. Belə ki, o, növbədə olarkən vətəndaşlarla söhbət etməsi görüntüsünü yaradıb. Amma məlum olub ki, onun söhbət etdiyi şəxs ölkənin sabiq deputatı, birinci prezident Levon Ter-Petrosyanın hakimiyyəti dövründə müxtəlif vəzifələrdə çalışmış Armen Kirakosyandır. Ermənistan KİV-i yazır ki, birgə keçiş zamanı bu seçimin nə qədər təsadüfi olduğunu söyləmək çox çətindir: "Amma bizim məlumatımıza görə, Armen Kirakosyan Paşinyanı kifayət qədər yaxşı tanıyır".

"168 jam" yazır ki, Nikol Paşinyan tərəfindən gömrük məmurunu alçaldılması, insan ləyaqətinə qarşı qeyri-etik davranışları Ermənistanda müxtəlif qiymətləndirmə və tənqidlərə məruz qalıb. Bu hadisə dövlət - vətəndaş, hakimiyyət - vətəndaş münasibətləri ilə əlaqəli çox incə və dərin qatların olduğunu ortaya qoydu.

"Nikol Paşinyan bu hərəkətlə hakimiyyətin və dövlətin vətəndaşa olan münasibətini nümayiş etdirdi. O göstərdi ki, vətəndaş inqilab ideologiyasında müəyyən etdiyi kimi bir məqsəd deyil, yalnız vasitədir. Əslində, Nikol Paşinyanın davranışı heç bir halda hakimiyyətin güclü olmasının deyil, zəifliyinin əlamətidir.

Vətəndaşlar olmadan hakimiyyət heç nədir. Üstəlik, söhbət vətəndaşların mübarizəsi ilə təsdiqlənmiş və hələ də vətəndaşların kifayət qədər etimadından istifadə edilən bir hakimiyyətdən gedir. Və vətəndaşla Nikol Paşinyan kimi davranan hakimiyyətə vətəndaşların etibarı itirəcək, çünki vətəndaşlar öz ləyaqəti hesabına hakimiyyətə etibar etməyə hazır deyillər.

Beləliklə, vətəndaşların köməyi ilə hakimiyyətə gələn Paşinyan öz "qüdrətini" göstərmək üçün onların ləyaqətini də satın almaq istəyir. Çoxsaylı video kameralar qarşısında, Paşinyan tərəfindən ifa edilən bu səhnə bütün televiziya kanallarında nümayiş olundu, bütün media bunu yaydı. Deməli, inqilab sevgisi və dözümlülük tədricən hakimiyyətin kobud və ləyaqətsiz gücünə çevrilir. Və istənilən hərəkət məlum olduğu kimi qarşıdurmaya gətirib çıxarır. Nikol Paşinyan gözəl bir gündə vətəndaşların özünün şərəf və ləyaqətini bərpa etməyə çalışacağına hazır olmalıdır. Hər bir belə hadisə isə Paşinyanı həmin günə daha da  yaxınlaşdırır", - deyə "168 jam" yazıb.

Xatırlatmaq yerinə düşər ki, Noraqavit gömrük postunda Paşinyanın təhqir etdiyi gömrük əməkdaşlarından biri Ayk Martirosyan artıq işdən azad olunması üçün ərizə yazdığını bildirib. Yuxarıda vurğuladığmız kimi, Paşinyan daha bir neçə əməkdaşın işdən azad olunması üçün ərizə yazmalarına göstəriş verib. A.Martirosyan yalnız iki ay əvvəl işə başlayıb.

Bu arada vəziyyətin ciddiliyini, daha doğrusu, Paşinyanın özbaşnalığını anlayan  Dövlət Gəlirləri Komitəsinin rəhbəri David Ananyan deyib ki, baş nazirin işdən çıxmaqla bağlı bəzi əməkdaşlara ərizə yazmaq barədə göstərişləri bir çağırışdır: "Mən əməkdaşın ərizəsini imzalamışam, bu, onun seçimidir. Gömrük idarəsinin rəhbəri Ayk Mirzoyan da işdən getməklə bağlı ərizə yazıb, mən onun qərarına hörmət edirəm. Məsələn, mən özüm istefa vermək barədə düşünmürəm".

Ermənistanda cərəyan edəcən hadisələr əslində, dövlət - vətəndaş, hakimiyyət - vətəndaş münasibətlərinin açıq şəkildə göstəricisidir. Paşinyanın  vətəndaşı istədiyi vaxt heç bir əsas olmadan belə işsiz qoyacağını elan etməsi insanlara qarşı hədə-qorxu gəlməsi və təhdid siyasətinin aparılmasıdır. Ermənistan mətbuatının yazdığı kimi, Paşinyan vətəndaşların bir gün bu cür münasibətə qarşı kütləvi şəkildə çıxacaqlarına hazır olmalıdır.

PƏRVANƏ

 





13.04.2019    çap et  çap et