525.Az

Xalq yazıçısı Elmira Axundovanın iki kitabının təqdimatı keçirildi - Fotolar


 

Xalq yazıçısı Elmira Axundovanın iki kitabının təqdimatı keçirildi - <b style="color:red">Fotolar </b>

Dünən Beynəlxalq Mətbuat Mərkəzində Milli Məclisin üzvü, Xalq yazıçısı Elmira Axundovanın "Həmkarlarımla üz-üzə" və rus dilində nəşr olunmuş "Bizim tanıdığımız Elmira..." ("Elmira, kakoy mı eyo znayem...") kitablarının təqdimat mərasimi keçirildi.

E.Axundovanın bədii və publisistik yaradıcılığına həsr edilən "Bizim tanıdığımız Elmira..." kitabında son 15 ildə müəllif haqqında dərc edilmiş əhəmiyyətli materiallar - məqalə və esselər toplanıb. Kitabın ilk səhifələrində müəllifin kiçik qeydi var. O, kitabın ərsəyə gəlmə səbəblərini izah edir, kimlərdən ilham aldığını sadalayır, yazıçı kimi onlara olan mənəvi borcunu diqqətə çatdırır: "Bu tipli "yubiley" kitabçalarına həmişə bir qədər şübhə ilə yanaşmışam. Fikirləşirdim ki, bu, kimin üçün maraqlı ola bilər? Amma sonra, ötən 15 il ərzində mənim və yaradıcılığım barədə yazılmış bütün materialları bir yerə toplayıb onları bir daha oxuyanda, səmimi deyirəm, həm təəccübləndim, həm sevindim, həm də ruhlandım. Axı, Anar, Vaqif Səmədoğlu kimi sanballı yazıçıları, Natiq Rəsulzadə kimi populyar belletristi, akademik İsa Həbibbəyli kimi alimi, jurnalistikanın Elmira Əliyeva və Qalina Mikeladze kimi korifeylərini və bir çox başqalarını mənim barəmdə ətraflı, dərin, səmimi məqalələr yazmağa heç kəs məcbur etməyib. Deməli, əməyim, kitablarım, publisistika sahəsində səylərim onları bu cür məqalə və oçerklər yazmaq üçün vaxt və qüvvə sərf etməyə sövq edib. Buna görə də mətbuatda haqqımda çıxan ən diqqətəlayiq və əlamətdar materialların hamısını küll halında dərc etdirməyi qərara aldım. Hər halda, bu, başqa yazıçı və publisistlər, ədəbiyyat tədqiqatçıları üçün, eləcə də çoxsaylı dostlarım və həmkarlarım üçün bir növ örnək ola bilər. Ailəm də öz yerində..."

İkinci kitabı açıram. Gözümə ilk dəyən Ümummilli lider Heydər Əliyevdən sitat olur: "Yaz, Elmira, yaz, bu səndə pis alınmır..." Ardınca Ekzüperidən sitat gəlir: "Yalnız ürək aydın seçir. Başlıca olanı gözlə gözməzsən". Yazıçı Natiq Rəsulzadənin yazısındandır gətirilən sitatlar. Həmkarının yaradıcılığından, onun ictimai fiqur kimi tutduğu yerdən, qazandığı uğurlardan danışılır...

... Dünənki tədbiri Xalq yazıçısı Elmira Axundova özü açaraq yaradıcılığını, ictiami-siyasi fəaliyyətini diqqətdə saxlayan, işıqlandıran jurnalistlərə, qələm adamlarına təşəkkürünü bildirdi: "Bu tədbirdə məhz sizi - jurnalistləri görmək istəyirdim. Xüsusən, bu kitabın ərsəyə gəlməsində əməyi olanları. Bu kitab tək mənim yox, sizin də kitabınızdır. Biz həmmüəllifik". Xalq yazıçısı vurğuladı ki, bütün statuslara rəğmən, o, özünü jurnalist hesab edir: "Bu, hərdən mənə gündəlik həyatımda problemlər yaradır. Çünki sözü həmişə birbaşa deyirəm. Əhatəmdə olan insanlar bunu irad da tuturlar ki, bir qədər diplomatik davranmaq, sözü yumşaq da demək olar. Cavab verirəm ki, bu, mənim jurnalistlik fəaliyyətin nəticəsidir. Bu Jurnalistika məni həm "korlayıb", həm də yetişdirib".

E.Axundova daha sonra ölkəmizdə jurnalistika sahəsinin inkişaf etməkdə olduğunu bildirdi: "Əvvəllər jurnalistika sahəsi bir qədər diqqətdənkənar qalmışdı, inam yox idi. Amma indi həmkarlarımız o inamı, diqqəti bərpa etməyi bacarıblar. Artıq jurnalistika yenə dördüncü hakimiyyətdir. Öz sözünü eşitdirə bilir. Bəlkə də regiondakı ən güclü jurnalistika institutu bizim ölkədədir. Xüsusən, hazırkı dövrün çətinliyini nəzərə alsaq, bunun hansı zəhmətlərin hesabına başa gəldiyini anlamaq çətin olmaz. Hətta iqtidaryönümlü media qurumları belə, kifayət qədər tənqidi materiallara yer ayırır. Bir müddət əvvəl elə mən özüm də gənclərin problemləri haqqında məqalə yazmışdım, bir neçə nazirliyi tənqid etmişdim. Əvvəl müraciət etdiyim sayt çap etməyə çəkindi, başqa qurum, hakimiyyətə yaxınlığı ilə tanınan saytsa onu yayımladı. Bu misalı niyə çəkdim? Hazırkı jurnalistikamızın heç də kimlərdənsə asılı olmadığını, öz mövqeyini açıq şəkildə ortaya qoya bildiyini göstərmək üçün".

E.Axundova Jurnalistlər evinin yaradılması məsələsinə də toxundu: "Bunu xüsusi qabartmağınızı istəyirəm. Ölkədə yaradıcı insanlara xüsusi qayğı göstərilir. Məsələn, Yazıçılar evi, Rəssamlar evi var. Amma təəssüf ki, Jurnalistlər evi yoxdur. Mən hökumət nümayəndələrinə səslənmək istəyirəm ki, buna bir əncam çəkilsin. Düzdür, dövlətimiz jurnalistlərə kifayət qədər qayğı ilə yanaşır, müxtəlif media qurumlarına maddi yardım ayrılır, jurnalistlər üçün mənzillər tikilir, yüzlərlə jurnalistin ev problemi artıq həllini tapıb. Amma elə jurnalistlər var ki, işləmək üçün lazımi şəraiti yoxdur. Jurnalistlər evi yaradılsa, bu cür problemlər xeyli azalmış olar, həmkarlarımız rahat şəraitdə orada öz fəaliyyətlərini davam etdirərlər".

E.Axundova onu da vurğuladı ki, həmkarları ilə bağlı geniş yazılar yazmağı planlaşdırır: "Həmişə deyirəm, insanlara sağlığında qiymət vermək lazımdır. Siz də bunu bacarırsınız. Bəzən biz sizi, siz də eyni zamanda, bizi tənqid edirsiniz. Amma tənqidlərdən incimirəm, həmişə də qapım həmkarlarıma açıqdır".

Tədbirdə çıxış edən yazıçı Natiq Rəsulzadə bildirdi ki, Elmira Axundova elə yazıçılardandır ki, istedadı onu əzir, məcbur edir ki, o, daha çox işləsin: "Onun şah əsəri Heydər Əliyev haqqında yazdığı 6 cildlik kitabıdır. Elmira xanım bu kitabların üzərində 11 il çalışıb. Heydər Əliyev Elmira Axundova yaradıcılığının daimi mövzusu olub. Çünki nə qədər yazırsan-yaz, kifayət etmir. Arzu edirəm ki, bu kitabların sayı artsın..."

Yazıçı Səfər Alışarlı qeyd etdi ki, Elmira Axundova bugünkü ədəbiyyatımızın dəyərlərindəndir: "Təkcə yazıçı, publisist kimi deyil, bütövlükdə mənəvi dünyası, intellekti ilə hər zaman ədəbiyyatın, yaradıcılığın içində olub".

Daha sonra "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, "Kaspiy" (rusca) qəzetinin baş redaktoru İlqar Hüseynov, deputat Sahib Alıyev və başqaları çıxış edərək müəllifin yaradıcılığından danışdılar, ona bu yolda uğurlar arzuladılar.

Tədbir sual-cavab formatında davam etdi.

Cavid QƏDİR

 





13.04.2019    çap et  çap et