525.Az

Elina xatirinə... - Pərvin yazır


 

Elina xatirinə... - <b style="color:red">Pərvin yazır </b>

Sözüylə, intellektiylə böyüdüyüm adam təxminən iki ay öncə bir məsələyə elə reaksiya verdi ki, mat qaldım.

Deməliyəm ki, ömrünü kitablar, ədəbiyyat içərisində, mütaliə ilə keçirən, oxuduğu əsərlərin sayını itirən bu adam özünü mənə təmkiniylə sevdirib. Ən qəliz vəziyyətdə səsinin tonu aşağı düşüb, kritik durumda "sakit ol" - deyib, günahı olmasa belə, az qala, pıçıltıyla "bağışla" gəlib dilinə və mən ona baxıb başa düşmüşəm ki, kişilik budur. Hirslənəndə də səsini qısmaq, səbrlə davranmaqdı kişilik. Düzdür, sonra o səsi qısıb səbrli olmağın ömürlük fəsadları da qaçılmazdır. Məsələn, durduğun yerdə ürək partlaya bilər... Əslində, adamlara elə gəlir ki, bu, birdən baş verdi, düşünürlər: "Aaa buna nə oldu?! Gülərüz adamdı, birdən-birə niyə düşdü?" Heç kəs birdən-birə düşmür, heç kim durduğu yerdə xəstələnmir. İllərlə içini yeyən düşüncələrdir səni xəstə salan, çiyninə yerləşməyib ürəyindən, gözlərindən, barmaqlarından asılan yüklərdir çökdürən. Sən qabağa addım atmaq istəyəndə beşi bir ayağından, onu o biri ayağından tutub geriyə dartırsa, yıxılmamaq - düşməmək mümkünsüzdür.  Hə, məqsəddən uzaqlaşmadan deyim ki, o təmkin etalonu, kişi idealı "nə olur-olsun övladın tərəfini tutmalısan" - deyəndə təəccübləndim. Məktəbdən şikayət gəlmişdi, valideyn çağrılırdı, uşağını müttəhim kürsüsündə görməkdən ötrü getməliydi məktəbə. Və birdən bu sözü eşidəndə heyrətləndim; get məktəbə, dinlə şikayətləri, amma uşağını müdafiə elə...
 
Doğrusu, böyüklərimlə mübahisə etmək xasiyyətimdə yoxdur. Amma nədisə dözmədim. Necə yəni "nə olur olsun?", məgər gündə bir cinayət edib millətə yuxarıdan aşağı baxan "papalarının gül balaları deyilmi?", elə onlar da arxalarında dağ kimi, imkanlı atanı görməyiblərmi?! Heç halını pozmadan, "səhv salma" - dedi, anlamadığımı görüb davam etdi: "O dediklərin uşağa arxa olmamaq üçün pulu qabağa veriblər, valideyn missiyasını pulla sadələşdiriblər..." Və dərin bir sükut... No komment! İndi də yaza-yaza düşünürəm ki, valideyn olmaq ayrıca sənətdir, incəsənətdir, elmdir. Yaradan öz işini görüb, təbiət də onun kimi, içilən su, yeyilən yemək, hər şey təsirini göstərir. Mühit, tarixi şərait, elmi-texniki tərəqqi, nə bilim zodiak hamısı dünyaya gətirdiyini yönləndirməklə məşğuldur. Və sən bütün bunlara baxıb nə qədər aciz olduğunu anlayırsan. Səndən asılı çox az şey var, o uşaq sənin kserosurətin olmalı deyil və olmayacaq da... Elə isə işin nədən ibarətdir?! Məncə, redaktədən və dostluqdan! Sadəcə, təbiətin yaratdığını redaktə edə, yönləndirə bilərsən, bir də dostluğunu əsirgəməməlisən. Bax məhz bu cümlədə "nə olur olsun, övladını müdafiə et" fikrini anlamağa başlayıram. Düz deyir, axı dost səni darda görəndə kimin haqlı, kimin haqsız olduğunu düşünməyəcək, verəcək kürəyini zərbələrə... Yaxud dost "düşünməliyəm" deyib gedib başını atıb yatmayacaq, bir də ayılanda gec olduğun görüb boğula-boğula qalmayacaq. Dost ən xaotik fikirlərinə, mənasız əndişələrinə belə qulaq asacaq, özü də axıra kimi... Dost "sən eləsən, mən belə", "sən elə danışdın, mən də belə dedim" fikirləriylə yeməyəcək ömrünü. Hə, övladına valideyn olmağı sadəcə, dostluq etmək kimi qəbul etsən; danışmağı, dinləməyi və birgə yaşamağı, heç nə ummadan, sadəcə, qayğısını çəkərək ömrünü keçirməyi səadət saysan, işin böyük hissəsi həllini tapar. Yalnız o zaman böyüyəndə, "sənə ömrümü verdim, sənin üçün bunu etdim, səninçün yaşadım" - kimi düşüncələrlə bezdirməyəcəksən övladını, çünki anlayacaqsan ki, əslində, sən onun üçün yaşamaqla özünü, səhvlərini, ağrılarını düşünməkdən sığortalanmısan. Bəli...

Çox sevirəm e Anton Pavloviç Çexovu... Bumbuz dialoqlarda nələr demir bu insan?! Xüsusən pyeslərində ən sevdiyim priyomu qəhrəmanlarının əsas dərdi, problemi deməməkdən, dilə gətirməməkdən ötrü az qala hər şeydən danışmalarıdır. İndi mən də Çexovun qəhrəmanlarına bənzəyirəm, eləmi?! İstəmirəm deyim ki, Elina öldü! İstəmirəm son günlər mətbuatı zəbt etmiş videolardan, xəbərlərdən yaranan düşüncələrimi bölüşüm. Ümumiyyətlə, nədirsə, mən Elinanın ölümünü etiraf etmək  istəmirəm. Çünki o qızcığazı həmin vəziyyətə gətirən zamandır və elə mən də bu zamanın içində yaşayıramsa... Nədənsə mənə belə gəlir ki, yaxşı yazıçı heç kimi qınamamalıdır. Yaxşı yazıçı olacam, ya yox, bilmirəm. Amma heç kimi qınamamağı özümdə tərbiyə etməyə çalışıram. Ən murdar əməli də anlamağa, hətta ona bəraət tapmağa cəhd edirsənsə, səninlə yola çıxmaq olar. Ancaq bu vəziyyətdə nə bəraət, nə anlayış?! Aylarla həyəcan təbili çalan, doğmalarına özünü lazımsız əşya kimi hiss etdiyini deyən, dünyadan üz çevirib getməyə çalışan, ya da bununla hədələyən gözəl üzlü, ölümə atılmazdan qabaq da corablarını səliqəyə salmağı unutmayan Elina intihar edib... Nə qədər uşaqsayağı işdir, deyilmi?! Axı, hansımız uşaq olanda "ölərəm, onda bilərsiz" - deməmişik böyüklərimizə, axı hansımız valideynin diqqətini çəkmək üçün yerə sərilib "mən öldüm" söyləməmişik? Hə, ciddiyə almayıblar, gülüblər, ya da dava-dava oynayanda ölümü uşaq oyun-oyuncağı kimi təqdim ediblər bizə. Amma Elinanın etdiyi uşaq oyunu deyil... Dünyanın ən cəsarətli qadınlarının nəyisə dəyişmək, nəyisə düzəltmək uğrunda mübarizəsinin davamıdır Elinanın bu addımı. Bəli, valideyn biganəliyinə, başı özünə qarışmış böyüklərə, sosial şəbəkəni "sinka-soska" piştaxtasına çevirən psixoloq-sosioloqlara, təqvimi 5 oktyabr və 8 martdan ibarət rüşvətxor müəllimlərə, villasının, maşınının sayını artırmağı qarşısına niyyət qoyan məmurlara, apteklərlə əlbir olub xəstələrin canından çıxanla varlanan həkimlərə qarşıdır bu aksiya. Elina böyük bir institutun işini görmüş oldu əslində, özü də anlamadı yəqin, hamımızın üzünə qapı çırpıb getdiyini, hələ getməzdən öncə qulağımızın dibinə bir şapalaq vurduğunu anlamadı.

Xalası qızı deyir ki, bir neçə ay öncə də buna bənzər hadisə olmuşdu, oğlan Elinaya sataşdığı üçün bütün məktəb ona "quş" demişdi, qız da özünü pəncərədən atmağa cəhd etmişdi, amma o vaxt bədbəxtçiliyin qarşısını ala bilmişdilər. Bir müddət öncə də gizli kameraya düşən hərəkətlərinə, sosial mediada yayılan videoya görə başqa bir yeniyetmə qız özünü öldürmək istəmişdi, damarlarını kəsmişdi. Onu xilas etmək mümkün olmuşdu, amma bunu olmadı. Bütün bu problemlərin bir ciddi səbəbi də var. Qeybət, başqasının həyatını, uşağını, ailəsini müzakirə etmək. Elinanı da bu hərəkətə sürükləyən kütləvi qeybətdir. Əslində, bəlkə "qeybət" sözü yerinə düşmür. Yəni orta məktəb uşaqları necə qeybət edə bilərlər ki?! Təəssüf ki, evdə onun-bunun sözünü danışa-danışa böyüdürsünüz övladlarınızı, öz gözündə tiri görməyənlər hətta uşağının da yanında süddən çıxmış ağ qaşıq kimi aparır özünü. Və bu, artıq millətin genetikasına hopur. Yoxsa Üzeyir bəy Hacıbəyli "Leyli və Məcnun" operasında "Ah, görün bu azğınlar dərsdən qaçıb nə edirlər?!" xorunu yazmazdı. Hə, XVI əsr Füzuli dövründə də, XX əsr Üzeyir bəy zamanında da, XXI əsr Elinanın mühitində də ən böyük bəlamızdır bu. Qeybət adı altında ümumiləşdirdiyim bəla; başqasını müzakirə etmək, başqalarına bəxtəvərlik oxumaq, hər yaxşı əməlin arxasında məkr, hiylə axtarmaq, yüzsifətli ola-ola min riyakarlıqla başqalarının qüsurlarını axtarıb tapmaq və ictimailəşdirmək və s. və s. Və "Elina faciəsinin" məndən ötrü dəhşətli tərəfi üçüncü mərtəbədən atılmış, hər tərəfi sınıq-sınıq olmuş uşaqla bağlı belə qeybət intonasiyasında danışılmasıdır. O uşağı sorğu-suala tutan adamın kimliyini bilmirəm, səsindən aydındır ki, qadındır. Axı, necə ola bilər, o anda adamın yadında başqa nə isə olsun. Qadın istintaq materialı toplayırmış kimi, bilərəkdən məktəbin adını çəkir, direktorun, məktəbin necəliyini soruşur: "Kak tam bilo obstanovka?!" İlahi, suala bax, seçilmiş sözlərə bax və sonda can verən qızcığaza "yaxşı iş görmədin sən" - deyilməsi... Bax, bu danışıq tərzi də, yarımcan adamla, mələk üzlü balaca ilə bu cür davranılması da qeybət içində boğulan mühitin göstəricisidir. Hər şeydən danışırıq, hər şeyi müzakirə edirik, hər cür murdarçılığı dibinəcək təhlildən çəkinmirik, ilahi, müqəddəs heç nə qalmayıb. Ona görə insan, İNSAN deyirəm ha, heç olub, təcrübə dovşanına çevrilib...

O jurnalistin, canlı yayım açıb Elinanın reanimasiyasına kimi gedib çıxan və həkimləri ifşa etməyə çalışan xanımın kimliyini bilmirəm.  Amma o nəcib əməlinə görə təşəkkür edirəm ona... Həmin görüntülərə baxdıqca, başa düşürdüm ki, heç bir sənət bunları yazmaq, anlatmaq gücündə deyil. Bir il öncə universitetdə oxuyan bir tələbənin təhsil haqqı problemini öyrəndik, tələbələr xeyriyyə aksiyası keçirməyə, məsul şəxslər necəsə kömək etməyə çalışırdılar. Məlum oldu ki, tələbənin ailəsində iki xərçəng xəstəsi var, özü də bundan böyük bacısı və qardaşı. Bütün gəlirləri onların müalicəsinə gedir. Ürəkparçalayan hadisəni dinlədikcə düşünürdüm ki, heç bir yazıçı bu faciəni yaza bilməzdi, yazıçı o uşaqlardan birini xəstə edərdi yəqin... İkisini də etməzdi, bəlkə. Amma həyat belədir, bütün janrların və sənət kriterilərin fövqündədir. İndi də Elinanın hekayəsini izlədikcə, 2 litrlik natrium-xlorid qoşmasını əlində bayraq edən primitiv həkimi dinlədikcə, ölmüş uşağı aparata qoşub valideynləri aldatmağa çalışan tibb işçiləri, jurnalistlərə "yazın ki, ailəsi pozğundur, ona görə olub bu hadisə" deyən direktorun sözlərini beynimdən silməyə çalışdıqca başa düşürəm ki, biz HEÇik... Sənət Elina faciəsinin qarşısında acizdir. Elə həyat da...

Xalası qızı ağlaya-ağlaya "onu qaytarmaq istəyirəm" - deyir, amma mümkün deyil. Amma düşünürəm, bəlkə, bu qızcığaz nəyisə düzəltmək uğrunda özünü qurban verib. İnanmaq istəyirəm ki, silkələnəcəyik, ürəyimizi açıb ağzımızı yumacayıq. Başqalarına vedrə bağlamağa yox, yaralarını sarımağa çalışacağıq. Bir də Allah xatirinə susun... Xeyirxah danışmaq gəlmirsə əlinizdən, bağlayın o üfunət püskürən ağzınızı... Elina xatirinə, susun!  

 





13.04.2019    çap et  çap et