525.Az

Bir Orxan Vəli vardı... - Şahanə Müşfiq


 

Bir Orxan Vəli vardı... - <b style="color:red">Şahanə Müşfiq </b>

Misralarda İstanbul gəzintisi...

Yadıma gəlir, Bakı Dövlət Universitetində oxuyurdum onda. İkinci kursda. Ədəbiyyatşünas Məti Osmanoğlunun dərsində söhbət Türkiyə poeziyasından düşdü. Daha doğrusu, ordakı İstanbul obrazından. Və Məti müəllim əvvəllər eşitsəm də, diqqətimi çəkməyən, müəllifini belə xatırlamadığım o misranı dedi: "İstanbulu dinliyorum, gözlerim kapalı..." Deyirlər, şeir ovqat məsələsidir. Həmin gün həmin dərsdə hansı ovqatda idim, dəqiq yadımda deyil, amma görünür, bir misradan təsirlənib onu ömürlük yaddaşıma həkk edəcək ruh halında imişəm. Misranın Orxan Vəliyə aid olduğunu deyəndə bu adı xatırladım, şeirlərini ("İstanbulu dinliyorum, gözlerim kapalı..." da daxil olmaqla) daha öncələrdə də oxumuşdum. Mən onun oxuduğum və xəyalımda Orxan Vəli obrazını yaradan misralarını xatırlamağa çalışsam da, Məti müəllimin səsi mən o dünyadan bu dünyaya çəkib gətirir, söylədiyi misralar isə burada heç ləngitməyib başqa dünyalara aparırdı:

İstanbulu dinliyorum, gözlerim kapalı,
Önce hafiften bir rüzgar esiyor;
Yav aş-yavaş sallanıyor
Yapraklar ağaçlarda;
Uzaklarda, çok uzaklarda,
Sucuların hiç durmayan çıngırakları
İstanbulu dinliyorum, gözlerim kapalı.

Hələ onda İstanbulu görməmişdim. Əsrlərə, neçə-neçə müharibələrə meydan oxuyan bu əzəmətli şəhərin bütün tarixi, yaşanmışlıqları, qədimliyi, müasirliyi və hardasa yaşadığım ölkənin əhalisi qədər nüfusa sahibliyi çoxları kimi mənim üçün də maraqlı idi. Görəsən, nə zamansa o şəhəri gedib görə bilərəmmi deyə düşünərkən qəfildən bir şeir sayəsində özünü o əzəmətin ağuşunda tapmaq poeziyanın fantastik gücünün daha bir göstəricisi idi. Sonralar öyrənəcəkdim bu şeirin İstanbul şeirləri arasında ən çox xatırlanan və oxunanı  olduğunu.

O səsi bir də illər sonra İstanbul Boğazındakı gəmi səyahətimizdə gözlərim bağlı İstanbulu dinləyərkən eşitdim:

İstanbulu dinliyorum, gözlerim kapalı;
Başımda eski alemlerin sarhoşluğu,
Loş kayıkhaneleriyle bir yalı;
Dinmiş lodosların uğultusu içinde,
İstanbulu dinliyorum, gözlerim kapalı.

Bir şəhəri dinləmək olar. Onunla söhbət etmək də. Dərdinə şərik çıxmaq da. Sevincini paylaşmaqda. Amma bütün bunları oxucuya dinlətmək, səninlə birgə onun da sən eşidənləri eşitməsinə nail olmaq artıq şairlikdir.

Budur, Orxan Vəli..!

Türk şeirinə yeni nəfəs, yeni ruh gətirən, onu bütün tabulardan çəkib alan, beyinlərin ta alt qatına hopmuş ənənələri yerlə bir edən şairdir Orxan Vəli. Onun haqqında danışarkən: "Bir neçə nəslin ard-arda tamamlaya biləcəyi dəyişikliyi o bir neçə ilə tamamladı"- demişdi Oqtay Rıfat.

Bir neçə il öncəyə qədər azərbaycanlı oxucuya çox da yaxşı tanış olmasa da, qısa ömrünə sığdırdığı yenilikləri, dünyaya, insana, şeirə, ədəbiyyata fərqli baxışı, ən əsası isə səmimiyyəti və sadəliyi ilə türkiyəli poeziyasevərlərin ilk xatırladığı isimdir o. Bioqrafiyasına və keçdiyi ədəbi yola nəzər salarkən görürük ki, bəlkə də haqqında ən təzadlı fikirlər olan, bəzən qəbul, bəzən inkar edilən, bəzən təriflənib, daha sonra tənqidlərə məruz qalan şairdir həm də Orxan Vəli. Yəqin onu bir az da bu qəribəliyi tanıtmışdı, sevdirmişdi oxucuya. Sait Faik bu faktı belə təsdiqləyir: "Orxan Vəli üzərində ən çox durulmuş, zaman-zaman lağ edilmiş, zaman-zaman özünü qəbul etdirmiş, təkrar inkar, təkrar qəbul edilmiş; zamanında həm yaxşı həm pis şöhrətə nail olmuş bir şairdir". O, Orxan Vəlini belə təsvir edir: "İki incəcik ayaq, qısaca bir trençkot, sarıbülbül sarısı bir şərf, üçbucaq formalı bir üz, şişirdilmiş bir sinəyə bənzəyən bir kürək, - Budur görünüşcə Orxan Vəli".

105-36=Əbədiyyət!

Siz bu məqaləni oxuduğunuz gün Türkiyənin ən məşhur və yenilikçi şairlərindən olan Orxan Vəlinin 105 yaşı tamam olacaq. Düz 105 il öncə- 1914-cü ilin 13 apreli bazar ertəsi günü İstanbulun Beykoz səmtinə bağlı Yalıköydə yerləşən İshak Ağa yoxuşundakı Çayır küçəsində 9 nömrəli evdə doğulub. Əsl adı Əhməd, atasının adı Vəli olduğundan, soyadı qanunundan (1934) əvvəl Orxan Vəli olaraq tanındı.

Hərbi xidmətdə olan zamanlardakı qeydlərinin birində həyatını qısa şəkildə belə şərh edib: "1914-cü ildə anadan oldum. Bir yaşımda qurbağadan qorxdum. Doqquz yaşımda oxumağa, on yaşımda yazmağa maraq göstərdim. 13 yaşımda Oqtay Rıfatı, 14-də isə Məlik Cevdəti tanıdım. 17 yaşımda bara getdim. 18-də içkiyə başladım. 19-dan sonra avaralıq dövrüm başlayır. 20 yaşdan sonra isə pul qazanmağı və səfalət içində yaşamağı öyrəndim. 25-də bir avtomobil qəzası keçirdim. Çox aşiq oldum. Heç evlənmədim. İndi isə əsgərəm..."

1950-ci ildə 36 yaşında vəfat edərkən bu qısa bioqrafiyada demək olar ki, elə də ciddi dəyişiklik olmamışdı. O, yenə də evlənməmiş, yenə də əsgər olaraq qalmışdı. Amma bu dəfə keşiyini çəkdiyi Türkiyə ədəbiyyatı, poeziyası idi.

Özü Ankarada, sevdiyi qadın İstanbulda olan şair bir az da bunun təsiriylə fikri buludlar üzərində idi. 1950-ci ilin bir axşamı keçirtdiyi qəza nəticəsində başından yaralansa da, əhəmiyyət vermir. Təcili İstanbula getməyin xəyalını qurur. Və bir neçə gün o, artıq sevdiyi qadının nəfəs aldığı havanı udur. Xoşbəxtdir! Axı:

Bu şehirdedir işim gücüm,
Ekmek param.
Fakat bütün bunlara mukabil
Yine budur başka bir şehirdeki
Bir kadın yüzünden
Bıraktığım şehir.

Qismətə bax ki, onun bu xoşbəxtliyi çox çəkmir. Noyabrın 14-ü alkoqolizmdən müalicə olunan şair birdən-birə yıxılır. Sən demə, əhəmiyyət vermədiyi zədəsi ciddi imiş, beyin qanaması keçiribmiş. Və həmin gecə dünya bir istedadını da əbədiyyətə yola saldı, ürəyində sevdiyi qadın, cibində 28 quruşla...

"Öləndə biz də yaxşı adam olarıq..."

"Bugünkü dünyanı dolduran insanlar yaşamaq haqqını mütəmadi bir didişmənin sonunda tapırlar. Hər şey kimi, şeir də onların haqqıdır, onların zövqünə xitab edəcəkdir. (...) Məsələ bir sinfin ehtiyaclarının müdafiə etmək deyil sadəcə zövqünü axtarmaq, tapmaq, sənətə onu rəhbər tutmaqdır"- deyən Orxan Vəlinin yaradıcılığının Qərib dövrü köhnəlikdən tamamilə imtina ilə yadda qaldı. Bu, onun yaradıcılığına da təsirsiz ötüşmədi. Bütün dəyərlərdən imtina edən şair sanki birdən-birə boşluğun içərisinə düşdü. Həyat, ölüm, heçlik, pessimizm onun yaradıcılığının ilkin mərhələsi üçün xarakterik mövzulardır.

Ölürüz diye mi üzülüyoruz?
Ne ettik, ne gördük şu fani dünyada
Kötülükten gayri?

Ölünce kirlerimizden temizlenir,
Ölünce biz de iyi adam oluruz;
Şöhretmiş, kadınmış, para hırsıymış,
Hepsini unuturuz.
Və ya başqa bir şeirində deyir:
Bilmezler yalnız yaşamayanlar,
Nasıl korku verir sessizlik insan;
İnsan nasıl konuşur kendisiyle;
Nasıl koşar aynalara,
Bir cana hasret,
Bilmezler.

Bu qədər böyük pessimizm, sonsuz ümidsizlik, yalnızlığın insanın iliyinə işləyən ağrısı türk şeirində çox az rastladığımız bir durumdur. Əslində, İkinci Dünya Müharibəsindən sonrakı dünyanın mövcud vəziyyəti idi Orxan Vəli şeirlərindəki. O dövr dünya ədəbiyyatında həyatın mənasızlığı fikrinə qapılan, hər şeyi boş, gərəksiz adlandıran, faniliyi bir an belə olsun ağlından çıxarmayan insan əsas obraz idi. Həmin insan Türkiyə ədəbiyyatında daha çox Orxan Vəli yaradıcılığına yol tapa, ayaq aça bilmişdi.

Bir dövrdən sonra isə Orxan Vəli həyata, insanlara başqa gözlə baxmağa başladı. Bu zaman sanki o, ruhuna hopmuş pessimizmdən, ümidsizlikdən silkinərək arınmaq istəyirdi. Amma bu, bir anda olmayacaqdı. Oxucu onun ruhunda baş verən təlatümü elə şeirlərdəncə oxuyub hiss edəcəkdi:

Biliyorum, kolay değil yaşamak;
Ama işte
Bir ölünün hala yatağı sıcak,
Birinin saati işliyor kolunda.
Yaşamak kolay değil ya kardeşler,
Ölmek de değil;
Kolay değil bu dünyadan ayrılmak.

Onun sevgi lirikası da özünəməxsus idi. Onun yaradıcılığında birbaşa sevgiliyə yazılmış şeirləri çox azdır. Adətən, sevgini, eşqi, sevdanı təsvir edir. Onun insan həyatındakı yerindən söz açan şair eşqdən sanki bir qorxuyla bəhs edir. Çünki o da bilir sevginin insanların başına gətirdiyi sıxıntıları, qəlbində açdığı yaraları. Axı, o, çox aşiq olmuşdu. İlk dəfə sevgiylə tanışlığında keçirdiyi təlaşı "Sevdayamı tutuldum?!" şeirində belə ifadə edir:

Benim de mi düşüncelerim olacaktı,
Ben de mi böyle uykusuz kalacaktım,
Sessiz, sedasız mı olacaktım böyle?
Çok sevdiğim salatayı bile
Aramaz mı olacaktım?
Ben böyle mi olacaktım?

Orxan Vəli Vətənə də bir başqa yanaşırdı. Özündən öncəki və ya müasiri olan şairlərdən fərqli olaraq, onun Vətən anlayışında pafosa, gərəksiz qışqırtıya yer yox idi. Ruhunda çılğınlıq daşıyan şair vətəni səssiz-sədasız sevirdi, qəlbində saxtakarlıq daşınırdı. Çünki əsl sevgilərin səssiz olanına inanırdı o:

Neler yapmadık şu vatan için!
Kimimiz öldük;
Kimimiz nutuk söyledik.

"Məni bu gözəl havalar məhv etdi..."

Orxan Vəli təbiətə ayrı bir sevgi ilə bağlı şair idi. Günəş, yağış, buludlar, külək, dəniz onun şeirlərinin əsas obrazıdır. O, bu təbiət hadisələrinə hər kəsin yanaşdığı kimi yanaşmır, sanki onları şəxsləşdirir. Sakit, insan duyğularını ehtizaza gətirən mülayim havalar onun vazkeçilməzidir. Buludunun yağışla Günəşi eyni ağuşda gizlədiyi yaz havası onun şair təbiətinə daha doğma idi. Bu şeirlərdə o, yaradıcılığının ilk illərində gördüyümüz qaranlıqdan qurtulur, sanki xoş havalarla birgə onun da ümidsiz ruhuna yeni nəfəs, yeni can gəlir. "Baharın ilk sabahları" şeirində o, özü də bunun fərqinə varır:

Tüyden hafif olurum böyle sabahlar
Karşı damda bir güneş parçası,
İçimde kuş cıvıltıları, şarkılar;
Bağıra çağıra düşerim yollara;
Döner döner durur başım havalarda.

Sanırım ki günler hep güzel gidecek;
Her sabah böyle bahar;
Ne iş güç gelir aklıma, ne yoksulluğum.
Derim ki: 'Sıkıntılar duradursun!'
Şairliğimle yetinir,
Avunurum.

Onun təbiətə qarşı bu həssaslığı heç də təsadüfi deyildi. Çünki o da havalar kimi bir anda tutulub, bir anda küləklənib, bir anda durulub, bir anda Günəş aça bilirdi. Ona görə də həyatı ilə təbiət (hava) arasında bir bağlılıq, bir vəhdət görür:

Beni bu güzel havalar mahvetti,
Böyle havada istifa ettim
Evkaftaki memuriyetimden.
Tütüne böyle havada alıştım,
Böyle havada aşık oldum;
Eve ekmekle tuz götürmeyi
Böyle havalarda unuttum;
Şiir yazma hastalığım
Hep böyle havalarda nüksetti;
Beni bu güzel havalar mahvetti.

Bizim üçün...

Sonralar Orxan Vəli yaradıcılığı həm janr, həm də mövzu etibariylə dəyişikliklər yaşadı. Çünki o, durmadan özünü yeniləyən şair idi. Zaman keçdikdə onun həyata baxışı da dəyişirdi. Artıq hər xırda məsələni özünə dərd edən şair deyil, onu dəli zənn edənlərə belə gülümsəyən insan vardı:

sokakta giderken, kendi kendime
gülümsediğimin farkına vardığım anlarda
insanların beni deli zannedeceğini düşünüp
gülümsüyorum...


Cəmi 36 il yaşayan şairin 12 ədəd kitab formasında çap olunan tərcümələrindən əlavə, biri uşaqlar üçün olmaqla 6 şeir kitabı vardı. Və qəfil gələn ölümdən az öncə o, bəlkə də ən böyük həqiqəti dərk etmişdi:

Sizin için, insan kardeşlerim,
Her şey sizin için;
Gece de sizin için, gündüz de...
...Alınlardan akan ter,
Cephelerde harcanan kurşun;
Sizin için mezarlar, mezar taşları,
Hapishaneler, kelepçeler, idam cezaları;
Sizin için;
Her şey sizin için.

 





14.04.2019    çap et  çap et