525.Az

“Xalq Əmanəti”nin daha bir təntənəsi – bu dəfə Nizami Yurdunda


 

“Xalq Əmanəti”nin daha bir təntənəsi – bu dəfə Nizami Yurdunda<b style="color:red"></b>

Azərbaycan ədəbiyyatı  və incəsənətinin təbliğinə yönələn “Xalq Əmanəti” layihəsi çərçivəsində son illərdə  ardıcıl olaraq bir sıra uğurlu tədbirlər həyata keçirmiş  Xalq Bank bu silsilədən növbəti – 9-cu nəşrin təqdimatını sentyabrın 18-də Gəncədə gerçəkləşdirdi. Həmin gün Xalq Bankın “Gəncə” filialında həyat və yaradıcılıqları Nizami Yurdu ilə bağlı olan beş sənətkara – rəssamlar Rza Məmmədov (1918-1994), Xalidə Səfərova (1926-2005), Gennadiy Brijatyuk (1935-2008), Fazil Əliyev (1947-1993) və heykəltəraş Qorxmaz Sücəddinova (1932-2010) həsr edilmiş bədii albomun təqdimatı keçirildi.

Mədəniyyətimizin zənginləşməsinə, inkişafına böyük töhfələr vermiş, incəsənətimizin tərəqqisi naminə mühüm xidmətlər göstərmiş bu görkəmli sənətkarların yaradıcılığı xalqımızın tarixi və milli mədəni irsi ilə qırılmaz tellərlə bağlıdır. Onların yaratdıqları dəyərli əsərlər hazırda şəxsi kolleksiyalarda, dünyanın müxtəlif qalereya və muzeylərində layiqli yerlər tutmaqdadır. “Xalq Əmanəti” silsiləsindən təqdim olunan “Gəncə rəssamları” adlı bədii albomda R.Məmmədov, X.Səfərova, G.Brijatyuk, F.Əliyev və Q.Sücəddinovun müxtəlif illərdə yaratdıqları misilsiz sənət nümunələri, onların gündəliklərindən parçalar, eskizlər və digər maraqlı məlumatlar öz əksini tapıb.

Diqqətəlayiq hadisədir ki, albomun təqdimatının keçirildiyi Xalq Bankın “Gəncə” filialının yeni binasının bədii qalereyası bundan sonra daim fəaliyyət göstərəcək və burada Azərbaycan sənətkarlarının  əsərləri sərgilənəcək. Açılış günündə Gəncənin beş sənətkarının müxtəlif muzeylərdən və şəxsi kolleksiyalardan toplanmış əsərlərinin sərgisi təşkil olunmuşdu. Maraqlı və önəmli məqamlardan biri də budur ki, sərgi üçün heykəltəraş Qorxmaz Sücəddinovun səkkiz əsəri uzaq xaricdən doğma yurda gətirilmişdi.

Bu əlamətdar hadisə  münasibətilə, “Xalq Əmanəti” üzrə növbəti nəşrin təqdimatında və sözügedən sərginin açılış mərasimində  iştirak üçün, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov başda olmaqla, ölkənin adlı-sanlı rəssamlarından, heykəltəraşlarından ibarət geniş bir heyətin Gəncəyə səfəri təşkil edilmişdi.

Tədbirin aparıcısı  – tanınmış telejurnalist Yusif Günaydın öncə  şəhər rəhbərliyinin və yerli ictimaiyyət nümayəndələrinin timsalında gəncəliləri salamladı, Nizami yurdunda belə bir mühüm mərasimə qatılmağın hər kəsdə fərəh hissi doğurduğuna əminliyini vurğuladı. “Xalq Əmanəti” layihəsinin əhəmiyyətini xüsusi qeyd edən Y.Günaydın bu layihə çərçivəsində həyata keçirilən tədbirlərin Azərbaycan mədəniyyətinin təbliği işinə qiymətli töhfələr olduğunu bildirdi. O, layihə üzrə bu növbəti tədbirin Gəncədə keçirilməsini “Xalq Əmanəti”nin, bölgələr də daxil olmaqla, artıq bütövlükdə Azərbaycanı əhatə etməsinin bariz təzahürü kimi səciyyələndirdi.

Xalq Bankın Müşahidə  Şurasının sədri Asim Məmmədli öz çıxışında Azərbaycanda ölkə rəhbərliyinin iradəsi ilə nail olunan yüksək sosial-iqtisadi inkişafın, böyük quruculuq işlərinin Gəncədə də hərtərəfli şəkildə özünü göstərdiyini önə çəkdi. Bu şəhərin Azərbaycanın mədəni həyatında da xüsusi yer tutduğunu deyərək, “Xalq Əmanəti” layihəsi çərçivəsində növbəti tədbirin Gəncədə təşkilinin sevindirici hal olduğunu bildirdi.

Gəncə şəhər  İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Azərbaycanın dəyərli sənət adamları ilə görüşdən, belə  bir tədbirdə iştirakdan duyduğu məmnunluğu dilə gətirdi. Şəhərdə mədəniyyət, incəsənət və ədəbiyyatla bağlı keçirilən tədbirlər, yubiley mərasimləri, eləcə də nəzərdə tutulan digər mədəni hadisələr barədə danışan E.Vəliyev ölkə rəhbərliyinin bu sahəyə göstərdiyi diqqət və qayğının Gəncədə də layiqincə öz əksini tapmasına çalışdıqlarını qeyd etdi.

Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov “Xalq Əmanəti” layihəsi üzrə görülən işləri, gerçəkləşdirilən tədbirləri yüksək dəyərləndirərək, bu mərasimin də onların uğurlu davamı, eyni zamanda gəncəli sənətkarlara ehtiram nümunəsi olduğunu diqqətə çatdırdı: “Mən bu gözəl təşəbbüsün, uğurlu layihənin davam etdirilməsini arzulayıram. Çünki “Xalq Əmanəti” layihəsi Azərbaycan mədəniyyətinin, incəsənətinin, xüsusən rəssamlıq sənətimizin həm gələcək nəsillərə, həm də bütün dünyaya çatdırılması baxımından böyük əhəmiyyətə malikdir. Ustad sənətkarlara, əsl istedad sahiblərinə layiqincə qiymət verilən bu layihənin indi də Gəncənin sənət mühitini, bu qədim şəhərlə bağlı olan rəssamları əhatə etməsi çox mühüm hadisədir”.

Albomda və sərgidə  yaradıcılığına yer verilən rəssamlardan Rza Məmmədovun və  Fazil Əliyevin ailə üzvləri söz alaraq, sənətə, sənətkarlara göstərilən bu diqqətə görə minnətdarlıq etdilər.

Mərasimin sonunda ekspozisiya baxış keçirildi, iştirakçılar sərgiyə çıxarılan əsərlərlə tanış oldular.

Xatırladaq ki, “Xalq Əmanəti” layıhəsi milli mədəni irsin qorunub gələcək nəsillərə çatdırılması, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədi ilə Xalq Bank tərəfindən 2010-cu ildə yaradılıb. Üç il ərzində Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova və Mahmud Tağıyevin əsərlərindən ibarət bədii albomlar nəşr edilib. Həmçinin Xalq şairləri Məmməd Arazın, Hüseyn Arifin, eləcə də ədəbiyyatımızın, poeziyamızın unudulmaz nümayəndəsi Mikayıl Müşfiqin seçilmiş əsərləri və görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı çap olunub. Bu seriyadan olan nəşrlər hədiyyə üçündür, kitablar üç dildə – azərbaycanca, ingiliscə və rusca işıq üzü görür. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evlərinə və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, eləcə də sənətsevərlərə hədiyyə olunur. Layihə Azərbaycan mədəniyyətinin parlaq simalarının yaradıcılığına müraciət olunması və onların təbliği baxımından mədəni ictimaiyyətin, sənətsevərlərin dərin rəğbətini qazanıb. Nəşr olunan kitabların yüksək bədii dəyəri və nəfis tərtibatı onların istənilən kitab rəfində layiqli yerlər tutacağına əminlik yaradır.

Gəncə sənətkarlarının  əsərlərindən ibarət sərgi Xalq Bankın Gəncə şəhəri, Zərrabi küçəsi 4, ünvanda yerləşən “Gəncə” filialında sentyabrın 19-dan dekabrın 20-dək fəaliyyət göstərəcək. Sərgini iş günləri saat 18:00-dan 21:00-dək, şənbə və bazar günləri saat 10:00-dan 16:00-dək ziyarət etmək mümkündür. Ekspozisiyaya giriş sərbəstdir.

S.SƏFƏROV

 





23.09.2013    çap et  çap et