525.Az

Qarışqanı tapdama(ma)q... - İlqar Kamil yazır


 

Qarışqanı tapdama(ma)q... - <b style="color:red">İlqar Kamil yazır </b>

Etiraf edirəm, qızımın, suallarını məndən yox, özündən cəmi 2 yaş böyük qardaşından soruşması əvvəllər yaman qıcıqlandırardı məni. Zalımın balası hətta ən dərin, ən böyük suallarını belə ona ünvanlayırdı: İsi, səncə, ağacların yarpaqları niyə tökülür? İsi, görəsən, quşlar da gülə bilir? İsi, səncə, Allah hardadı?.. Sonralar naəlac, sülh bayrağı qaldırmalı oldum: uşaq zəkası yaxşı bilir, nəyi kimdən soruşur.

Bir dəfə də yollardakı zolaqlar haqda soruşmuşdu qardaşından, yadımdadı, səfərdəydik, maşındaydıq və əlimizdə avqust dəryazı, yolları biçə-biçə, biçə-biçə gedirdik. Qayıtdı ki, İsi, səncə, asfaltın üstündəki bu xətlər niyə belə fərqlidi; bir yerdə uzun, bir yerdə qırıq-qırıq, bir yerdə qoşa..? Oğlum cavabı şeş qoşa kimi çırpdı nərd taxtasına:

Bezməyək, darıxmayaq deyə!

Əlbəttə, fikri maraqlı idi oğlumun, gerçəkdən də, xətlərsiz yollar bəlkə daha darıxdırıcı olardı, amma xətlərin fəlsəfəsi bu deyildi axı, bu idi? İndi qonşumuz Canpolad kişi də oğlum kimi düşünsəydi, yəqin ya maşınıyla birgə kəlləmayallaq olacaq, ya da ayın axırı DTP-dən bir qucaq cərimə (oxu: sevgi) məktubu alacaq və haqlı olaraq təəccüblənəcəkdi: bıyy, a qardaş, mən neyləmişəm ki!

Həyat yollarımızda da fərqli-fərqli xətlər, zolaqlar, kodlar var, əzizim və sən inanma qızımın qardaşına, bu "minalar" heç də darıxmayaq deyə düzülməyib buralara. Hərəsinin öz hikməti, hər birinin öz dərin mənası var. Sən ömrünü maşın kimi istədiyin yerdən, istədiyin kimi sürüb sonra həyatdan aldığın cərimlərdən gileylənə bilməzsən. Olmaz, bu zolaqları saymamaq, tapdamaq olmaz!

Ömrümüzün yarıqəzalı vəziyyətdə olmasının da səbəbi, bəlkə elə budur? O zolaqlar, o xətlər, o vacib və həyati xətlər! Bizə isə yalnız qarışqaları tapdamamağı öyrətdilər, vəssəlam!

 





15.04.2019    çap et  çap et