525.Az

Bakı - Xoşbəxt adamın yol qeydləri


 

Bakı -<b style="color:red"> Xoşbəxt adamın yol qeydləri</b>

Rəssam Kamil Kamalla söhbət edirik, təbəssümlə bildirir: "Axı mən kitab tərtibatçısı deyiləm!" Buna baxmayaraq, tərcümə kitabının üz qabığı üçün dalğın Çin qadınının təsvirini ustalıqla yaradır. Xatırladıram ki, bu yaxında onun Vətəni Azərbaycanda olmuşam. Gözlərinə təbii işıq gəlir.

- Nə vaxt?

- Sentyabrın ortalarında.

- Lap əntiqə vaxtda olmusan ki!

- Hə... Havalar mülayim idi, isti deyildi. Nar, feyxoa...

- Day demə! Haralarda oldun, nələri gördün?

- Bakı bulvarını, Xəzəri, Şirvanşahlar sarayını, Ədəbiyyat muzeyini, Xalça muzeyini...

- Belə de... Hələ bir adlarını da yadda saxlamısan, - yenə qılıqla gülümsəyir.

...Əlbəttə, necə yadda saxlamayasan axı! Səfərim çoxdan planlaşdırılmışdı, gözləmədiyim halda heyrətamiz və xoş oldu. Tez-tələsik çıxmaq, asudə səfər havası udmaq istəyirdim... Hələ üstəlik, qulaqlarımda da hansısa mahnının sözləri cingildəyirdi: "Biz də turistik - avantüristik!" Buna görə də mümkün qədər özümüzlə az şey-şüy, yalnız lazım olanları ("daraq-nəleyin-məleyin" triadasından olan ləvazimatları) götürmək istəyirdik...

Hava limanındakı pasport nəzarət məntəqəsində ciddi görkəmli qadın deyəsən, bizi ölkədən asanca buraxmaq istəmir - pasportda olduğu kimi imza atmağı, yaşadığın ünvanı, anadan olduğun günü, ayı, ili qeyd eləməyi, sənədin verildiyi yeri dəqiq yazmağı tələb edir. Mən də səbrsizəm, başlayıram əsəbiləşməyə; pəncərənin önündə deyinirəm, az qala, çığır-bağır da salmaq istəyirəm. Lakin çalışıram ki, əlində propeller tutan cazibəli kişi kimi "təmkinli" olum, özüm-özümə deyirəm: "Sakit ol, yalnız səbrli olmaq gərək!" Aha, təhlükə sovuşdu deyəsən! Lakin hər halda, pasportdakı şəklimi dəyişdirməyin vaxtıdır...

Göy rəngli "Azal" təyyarəsi havaya qalxır, yavaş-yavaş yüksəkliklərə baş vurur; gülərüz təyyarə bələdçiləri bizə konfet paylayırlar, sonra isə dadlı-ləzzətli nahar. Yanımızda əyləşən qonşularımız artıq konyak şüşəsinin ağzını açıblar; əynində nazik idman köynəyi olan qəşəng bir azərbaycanlı qız da nəsə zümzümə edir, nə oxuduğunu başa düşmürük, mən də şirin-şirin mürgüləyirəm, elə bil, başımın altındakı balış deyil, mənə yaxın görünən səmadakı yumşaq buludlardır. Budur, artıq enişdir və alqışlar... Bilmədim üç saat ha vaxt gəlib keçdi (təfərrüata görə bağışlayın).

Bizə otel təklif edən taksi sürücüsü nəzakətlidir, həm də çox susqundur, mənə həddən artıq "intelligent" kimi görünür; bizi Bakının geniş mərkəzi küçələri ilə aparır. Mən də tez-tez Denisin qolunu dürtmələyirəm, uşaq kimi heyrətlənirəm: "Palmalara bax!" Müxtəlif formalı daşları, mərmərləri göstərirəm. Axı "Briliyant əl" filmini məhz Bakıda elə-belə çəkməmişdilər! Xarici ölkədəki ekzotikanı tamaşaçıya göstərmək üçün eləmişdilər bunu.

Nəhayət, çatdıq. Biz xudmani hündürlükdə yerləşən kiçik bir oteldəyik, burdan bütün şəhər görünür. Otelin ətrafında şərablar, tərəvəz və meyvələr, həyata sevinc gətirən müxtəlif ərzaqlarla dolu mağaza və dükanlar var. Oralara baş çəkməyə hələ vaxtımız olacaq! Otağa girən kimi çarpayıya sərələnirik, kondisioner bərk vurur, məəttəl qalırıq, əlbəttə, axı bayırda 28 dərəcə isti var! Sonra tələsmədən pal-paltarlarımızı yerbəyer edirik. Qarşıda beş günümüz var. Bununla belə, gözləməyə səbrimiz çatmır! Və aşağıdakı kafeyə girib qəlyənaltı edirik. Azərbaycan mətbəxi qeyri-adi dərəcədə boldur - Azərbaycansayağı "Sezar" salatı doyumludur, içinə çoxlu tərəvəz və yumurta qatırlar.

Sonra şəhərin mərkəzinə yollanırıq, köhnə Bakının qala divarları boyu gəzirik, fontanları seyr edirik, sahil boyuna çıxırıq. Xəzər gecələr daha möhtəşəm və sehirlidir! Ay işığının yaladığı sular, uzaqda hərəkətsiz görünən gəmilər, dalğaların güclü, harmonik səsi... adamı tilsimləyir... Burda dənizin qırağında çoxları əlində gitara oxuyur, sadəcə, oxuyurlar. Və yaxşı ki oxuyurlar. Özü də duyumla, nəsə müasir bir mahnıdır deyəsən, şərq motivləri hiss olunur. Budur, açıq səmada konsert verirlər. Maraqla baxırıq, sonra bulvarla geri qayıdırıq, birdən parkda gözümüz şahmat oynayanlara sataşır. Yarışdır. Kişilər asfaltda şahmat xanaları çəkilmiş lövhələr üzərindəki iri taxta fiqurların yerlərini dərin düşüncələrlə dəyişdirirlər. Sən demə, burda ənənəvi  beynəlxalq "Baku Open" şahmat festivalı keçirilir. Buna görə də həvəskarlar üçün belə küçə meydançaları düzəldiblər. Gecə olsa da, xeyli tamaşaçı yığışmışdı. Biz də həvəskarlara qoşulduq... Hə, axı, təyyarədən və gəzintidən sonra yatmaq da lazımdır. Gün əməlli-başlı dolğun və məzmunlu alındı! Badımcan rəngli London taksilərindən birini saxlayırıq, taksi sürücüsü Natiq bizim birinci "intelligent" sürücümüzdən fərqli olaraq çox söhbətcildir. Yolboyu ordan-burdan danışırıq.

- Sənə paxıllığım tutur, yanındakı qız çox gözəldir! Bəs sən nə üçün belə saqqal saxlayırsan? Lap Rasputinə oxşayırsan... -  Denisə deyir.

Ürəkdən gülürük, axırda bir-birimizin telefon nömrələrini yazırıq, razılaşırıq ki, əgər əsl kabab yemək istəsək, Natiqlə əlaqə saxlayacağıq. Axı, Natiq elə bir restoran tanıyır ki, orda barmaqlarını da yalaya bilərsən!

Növbəti günün səhəri gözəl bir günəş vannasından soraq verir. Avtobusla mərkəzə gedirik. Maraqlıdır ki, Bakıda ictimai nəqliyyatda heç bir bilet satmırlar. Sürücünün böyründə iri bir yeşik qoyulub, yeşiyin xırda pulların nominallarına uyğun gözcükləri var, hər bir sərnişin girib-çıxanda (kimə necə rahatdır!) ora iyirmi qəpik atır. Camaata inanırlar! Daha bir məqam: burda qadınlara yaşından asılı olmayaraq oturmaq üçün hökmən yer verirlər. Bakıda istirahətdə olduğumuz bütün günlərdə (bir-iki hal istisna olmaqla, o da avtobus dolu olanda!) mən ayaq üstə qalmadım, oturdum. Avtobusda ayaq üstə durmaq o zaman çətin məsələydi! Bütün azərbaycanlılar, maşallah, qoçaq adamlardı, xüsusilə ayaq üstə duranlar! Yol hərəkəti qaydalarına, xüsusilə də işıqforlara çox bəsit yanaşırlar. Dayanıb baxır, görür ki, maşın yoxdu, keçir yolu!

Bu gün qərara aldıq ki, məşhur Qız qalasına baxaq - onun təsvirlərini açıqçalarda, fincanlarda, köynək və digər əşyalarda görmüşdük... Əlbəttə, Qız qalası barədə xeyli əfsanələr dolaşır, təbiidir. Əsas rəvayət də məqbul sayıla bilər, nakam məhəbbət barədədir. Rəvayətlərdən birinə görə, şah öz qızını sevmədiyi bir adama ərə vermək istəyir, qız da özünü qalanın başından dənizə atır. Məğrur qız olub! Bizdə və qonşularımızda da buna oxşar o qədər rəvayətlər var ki!.. Əslində, azərbaycanlıların özləri də məşhur Qız qalasının dəqiq yaşını bilmirlər. Tarixi çox qədimdir. Əvvəllər elə bilirdilər ki, 12-ci əsrə aiddir, sonralar məlum olub ki, yanlışdır, daha qədimdir. İndi məlum olub ki, bu qala İslamdan əvvəlki eraya aiddir. Və hesab edirlər ki, Qız qalası hətta atəşpərəstlik dövrünə təsadüf edir, axı Xəzər dənizinin suları onun divarlarını yuyurmuş və qalanı da mayak kimi tikiblər. Nə isə, hərə özünə maraqlı olanı seçir... Qız qalasının rəmzi və sirli tikintisinə həsr edilmiş hətta ilk Azərbaycan baleti də var! Və bu gün də onun yan-yörəsində sənət festivalları keçirilir.

Əyri pilləkənlərlə qalxmaq asan deyil, özü də uzunətəkli donda (əlbəttə, mən şərq qadınlarısayağı geyinmişdim!). Düzü, açıq danışsam, Azərbaycan qadınları geyimdə çox demokratikdir. Qızlar çox vaxt cins şalvarda və kedlərdə olur, bir qədər yaşca böyük qadınlar gözəl libaslar, yubkalar, dikdaban ayaqqabılar geyinirlər. Bir sözlə, çox yaraşıqlı geyimləri var! Mövzudan yayınmayaq, deməli, Qız qalasında əntiqə ekspozisiyalar gördük, bunlar hamısı azərbaycanlıların müxtəlif dövrlərdəki tarixindən, mədəniyyətindən, məişətindən və təbii ki, qalanın öz taleyindən danışır. İnteraktivlik çoxdur, sensor kitabları, holoqramlar da yetərincədir! Bakının o biri muzeylərində də belədir. Biz Qız qalasının hər mərtəbəsində ekspozisiyalarla tanış olandan sonra nəhayət, qalanın başına, açıq meydançaya çıxdıq. Ayağımızın altındakı şəhər necə də günəşli və mehriban görünür! Adam özünü heç atmaq istəmir! (Allah eləməsin!) Şəkil çəkirik və aşağı enirik. Sonra da macəralarımız başlayır!

Köhnə Bakıya gündüz də baxmaq istəyirik. Sirli-sehirli dalanlar. Açıq qapıların üstündə yad həyatın bər-bəzəkli fraqmentləri: xalçalar, qab-qacaqlar... Paltarları iplərdə sərib qurudurlar: rütubətli iqlimdə otağın içində qurutmaq olmur. Özümüz də buna əmin olduq. Dar küçə və dalanlarda o qədər sevimli pişiklər dolaşır ki! Bu kiçik çöl heyvanları gözümüzə xırda bəbirlər kimi görünür, gülürük. Görünür, burdakı pişiklərin cinsi belədir. Əlbəttə, özəl suvenir mağazalarından da yan keçmədik. Özüm üçün iri bir Şərq qolbağı aldım.

Çox keçmir ki, Azərbaycan gənclərinin daha çox olduğu yerə - Fontanlar meydanına çıxırıq. Burda dar şalvarda qəşəng bir qızcığaz heykəli də var. Bu da azad qız rəmzidir! Meydanda iri bir kafe - "Hard rock cafe" var, yaxşı pivə və qəlyənaltı verirlər, interyeri də yaraşıqlıdır. Bizə xidmət edən ofisiant qayğısız-qayğısız soruşur ki, hardan gəlmişik. Cavab alandan sonra emosiyalarına əsl fontan qatır:

- Minsk? Mən orda oxuyuram! Elə gözəl, maraqlı şəhərdir ki! Orda özümü evdəki kimi hiss edirəm! İndi akademik məzuniyyət götürmüşəm, mütləq qayıdacam!

Kefimiz kök, qarnımız tox otelə qayıdırıq, yolda meyvə, rahat-hülqum və nar şərabı alırıq - əntiqə şeydir! Nar şərabı çox tünddür, əla dadı var, bir qədər kəmşirindir. Otaqda televizoru açırıq, Azərbaycan dilində multiplikasiya filminə baxırıq, gülməli sarı pişik barədədir. Yadımızda qalan Qarfildin atmacalarını özümüzçün tərcümə edirik - bu da bizim improvizə olunmuş dil dərsimiz!

Biz beş gün ərzində maksimum emosiya almağa çalışdıq. Hərdən ayaqlarımız ağrıyırdı, başımız od tutub yanırdı - neyləmək olar! Özümüz üçün o qədər yaxşı şeylər kəşf elədik ki! Bura gəlməmişdən qabaq birlikdə mütləq bir proqram tərtib eləmişdik - Xalça muzeyində hökmən olacağıq! Axı bu möhtəşəm sənətin incə ilməli xallarının tarixi barədə bilməmək günahdır! Bu naxışlardan müasir dizaynerlər zinət əşyalarında indi də istifadə edirlər. Muzeyin binası bürmələnmiş iri naxışlı bir xalçaya bənzəyir. Burda Azərbaycanın bütün bölgələrindən olan xalçaların dolğun ekspozisiyası nümayiş etdirilir, müasir və qədim xalçaların hazırlanması texnologiyaları barədə təfərrüatlı məlumatlar verilir. Muzeyə gələn tamaşaçılar qarşısında əməksevər qızlar əyləşib - xalça toxuyurlar. Xarici turistlər telefonları ilə onları çəkir... Denis zarafatla deyir: "Bu sənin üçün ayı öldürmək deyil e! Gərək səbrin olsun!" Razılaşmamaq mümkün də deyil, burda qadının zəhmətinin misli yoxdur! Görün nə gözəl naxışlar alınır! Muzeyin sonuncu mərtəbəsində müasir xalçalar nümayiş etdirilir. Portretli, peyzajlı, hətta sürrealist rəsmli xalçalar! Təəssüf ki, baqajın ağır olacağı qorxusundan bu xalçalardan birini ala bilmədik! Bəlkə növbəti dəfə gedəndə aldıq!

Ədəbiyyat muzeyi də xoş təəssürat yaradır. Buranın əməkdaşları təhsilli və geniş dünyagörüşlü olmaları ilə fərqlənirlər. Bələdçi mənim ədəbi jurnalda işlədiyimi öyrəndikdən sonra səmimiyyətlə Belarus ədəbiyyatının tarixi ilə maraqlanır. Və özü də çox məharətlə Füzuli, Nizami, Vaqif, Mikayıl Müşfiq, Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı... və daha kimlərdən danışır. Mütəfəkkir şair Nəsiminin acınacaqlı taleyindən, əqidəsinə görə diri-diri dərisinin soyulmasından söhbət açır. Aleksandr Düma ilə şəxsi tanışlığı olan ensiklopedik bilikli Azərbaycan yazıçısı Natəvandan, Stalin repressiyasının qurbanlarından danışır... Biz muzeydən xoş təəssürat və düşüncələrlə ayrılırıq.

Modern, müasir üslubda tikilmiş Heydər Əliyev Mərkəzini ziyarət edirik. Bu Mərkəzdə düz yarm gün "asılıb" qalırıq. Hər bir mərtəbənin sərgisini diqqətlə seyr edirik. Muzey interaktivdir, burda mədəniyyətin ənənəvi predmetlərinin ekspozisiyası zəngindir, Azərbaycan musiqi alətlərinin səsinə qulaq asmaq, "mini Bakı"nın bütün komplekslərini - məşhur binaların kiçildilmiş modellərini görmək olar. Mərkəzdə müntəzəm olaraq təşkil olunan sərgilərdə nümayiş etdirilən müasir rəssamların maraqlı əsərlərindən ayrıca danışmaq lazımdır. Bizə Corc Kondonun yaradıcılığı ilə tanış olmaq xoşbəxtliyi nəsib oldu. Bu sənətkar xalq mədəniyyətindən, müasir cəmiyyətlərin stereotiplərindən və miflərdən istifadə edərək təsirli "həftəbecərlər" yaradan müəllifdir. O, müasir cəmiyyətin qüsurlarını kəskin şəkildə, estrada və kino ulduzlarının, sərxoşların, ruhi xəstələrin... rəsmlərini çəkib göstərir. Əlbəttə, bu əsərlərdən aldığımız emosiyalar müxtəlif idi, lakin son dərəcə maraqlı gəldi bizə!

Azərbaycan haqqında danışarkən onun mətbəxinin təsvirindən yan keçmək olarmı?! "Yeddi gözəl" restoranı bizi demək olar ki, hər dəfə qonaqpərvərliklə qarşılayırdı. Koloritli interyeri və heyrətedici zərif təamları ilə yadda qaldı. Sac içi badımcanlarıyla, qoyun və toyuq ətindən kabablar, müxtəlif cür salatlar, qarpız mürəbbəsi... daha nələr! Burda da ofisiant sarıdan bəxtimiz gətirir. Nərmənazik gülümsər qızın nənəsi belarusdur. Yenə Vətən yada düşür! Və ətirli çay süfrəsi arxasında söhbətlər qızışır, saatlar yel kimi uçur. Burda, yumorsuz-filansız, məxsusi çay dəstgahı var - sonra özünü quş kimi yüngül hiss edirsən, təzələnirsən... Özümüz üçün bir neçə çay paketi aldıq, indi Belarusda həm özümüz, həm də dostlarımız, doğmalarımız bu çaydan içib xoşhallanırıq.

Uçuş zolağı qarşısında dayanıb son dəfə gözəl Bakının ətrini içimizə çəkirik, düşünürəm ki, bəzən günəş lap dərinin altına da girə bilir... Bu isti duyğuları içinə  doldurmaqla, elə bil, özün də başlayırsan işıq saçmağa. Və maraqlıdır ki, sən bu günəşli isti sevgini yer kürəsinin hər hansı bir nöqtəsinə də bəxş edə bilərsən. Siz də sınayın bunu!

Yuliya ALEYÇENKO
Belarusda çıxan "Polımya"ədəbi jurnalının məsul katibi, şair
Tərcümə etdi: Kamran NƏZİRLİ

 





15.04.2019    çap et  çap et