525.Az

Sahil Babayev: “E-sosial” portalına bugünədək 100 mindən çox baxış olub”


 

Sahil Babayev: “E-sosial” portalına bugünədək 100 mindən çox baxış olub”<b style="color:red"></b>

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ötən ilin noyabr ayından istifadəyə verdiyi “www.e-sosial.az” internet portalına bugünədək 100 mindən çox baxış olub. Portalın aktiv istifadəçilərinin sayı 20 mini ötüb”.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev KİV-ə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, prezident İlham Əliyevin 5 sentyabr 2018-ci il tarixli fərmanına əsasən hazırlanan portal vətəndaşlara onlar barədə toplanmış sosial məlumatlar (əmək müaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat növləri, torpaq-pay mülkiyyəti, əlillik, reabilitasiya və s. üzrə) bazasına çıxış imkanı verib:

“Vətəndaşlar bu portal vasitəsilə öz sosial-əmək hüquqlarının təminatı prosesinə mütəmadi nəzarət edə bilirlər. Şəxsin portalda əmək müqaviləsi varsa, bu, onun əmək hüquqlarının olduğunu, fərdi hesabı varsa, orada pensiya kapitalı toplanırsa, bu, onun gələcək pensiya təminatı hüququnu, əlilliyi varsa, bu, onun əlilliyə görə sosial müavinət və ya pensiya hüququnun olmasını göstərir. İstifadəçi özü barədə portalda toplanmış məlumatları daim izləyə, yoxlaya bilir, öz məlumatları və yaranan hüquqlarının təminatı prosesinə ictimai nəzarəti həyata keçirmək funksiyasına malik olur”.

S.Babayev deyib ki, portalın “android” əməliyyat sistemi üzərindən mobil tətbiqi də istifadəyə verilib. Yaxın günlərdə “İOS” əməliyyat sistemi üzərindən də mobil tətbiq təqdim olunacaq. 

CEYHUN

 





15.04.2019    çap et  çap et