525.Az

Mexikonun görməli yerləri - Telman Orucov


 

Mexikonun görməli yerləri - <b style="color:red">Telman Orucov </b>

(Əvvəli ötən şənbə sayımızda)

Mexiko şəhəri vaxtilə asteklərin göl üzərində tikdikləri paytaxt Tenoçtitlanın ərazisində - 2240 metr hündürlükdə yerləşir. Mexiko aqlomerasiyasında 21 milyon əhali yaşayır, dünyanın ən çox sakini olan iri şəhərlərindən biridir. Bu şəhərdə avtomobil də çoxdur. Yəqin ki, onların işlətdiyi benzin də ABŞ-da olandan fərqli olaraq, yaxşı təmizlənmiş deyildi. Həmçinin, dağ havası seyrək olduğundan daha tez çirklənməyə məruz qalır. Ancaq mexikolulara bu barədə həsəd aparmaq olar, onlar belə zərərli havaya da dözürlər.

Bizi şəhərin mərkəzində Paseo-de-la- Reforma küçəsində, İstiqlaliyyət abidəsinin lap yaxınlığındakı müasir oteldə yerləşdirdilər. Oteldən azacıq aralıda ABŞ səfirliyi yerləşirdi. Sovet səfirliyi isə şəhərin şimalında, vaxtilə vəhşi ördəklərin üzdüyü gölün yerində tikilmişdir.

Meksika - SSRİ dostluq cəmiyyətinin sədri, professor xanımla çox səmimi görüşümüz oldu və telejurnalistlər görüşü lentə aldılar. Mən dəvətə görə razılığımızı bildirməklə yanaşı, bu körpünü yaradanları xatırlamaqla, həmin ilk pontifiklərin işini davam etdirməyi özümüzə şərəf bildiyimizi də qeyd etdim. "Pontifik" latınca "kahin", "pont" isə - "körpü" deməkdr və "ponticus" sözü isə "körpücük" mənasını verir.

Axşam SSRİ-nin Meksikadakı səfiri Oleq Tixonoviç Darusenkovla görüşdük. Mehriban insan olan bu adam  xırda heyətdə bizə ziyafət verdi. Katoliklərdə olduğu kimi, özü stolun başında, arvadı isə ayağında oturmuşdu. Zifayətə vaxtilə Meksikanın SSRİ-də səfiri işləmiş yaşlı diplomat da dəvət edilmişdi. O, xeyli müddət keçsə də, yenə də vaxtilə işlədiyi ölkəyə böyük məhəbbət hissləri bəsləyir və maraqlı xatirələr danışırdı. Söhbət vaxtı o, məndən II Dünya müharibəsi illərində SSRİ-nin Meksikadakı səfiri işləmiş Umanskinin qohumu olub-olmadığımı soruşdu. Mən "yox" cavabı verdikdən sonra, Konstantin Aleksandroviç Umanski haqqında bəzi məlumatları bildiyimi də söylədim. O, ABŞ-da səfir işlədikdən sonra xarici işlər Xalq Komissarlığında rəhbər işə getmiş, sonra Meksikada diplomatik korpusun rəhbəri olmuşdu. 1943-cü ildə onun ailəsinə faciə üz vermişdi. 15 yaşlı qızı Nina aviasiya naziri A.İ.Şakurinin oğlu olan sevgilisi Vladimir tərəfindən güllə atəşi ilə öldürmüş, sonra oğlan özünü də intihar etmişdi. Tapançanı ona Serqo Mukoyan vermişdi və həmin silah isə onun atası, MK Siyasi Bürosunun üzvü A.İ.Mikoyana məxsus idi. Bu qətl hadisəsinin törədilməsinə silahla kömək edən Serqo və onun qardaşı Özbəkistana sürgün edilmişdilər. 1945-ci ildə isə K.A.Umanski arvadı ilə birlikdə Meksikadan, orada da həmçinin, SSRİ-nin səfiri kimi işlədiyi Puerto-Rikoya uçarkən təyyarə qəzasında həlak olmuşdu.

Meksikalı diplomat köhnə sovet səfiri ilə yaxın dostluğundan söhbət açdı, onunla indiki sovet səfirliyi binasının yerindəki göldə vəhşi ördək ovladıqlarını yada saldı. Həm də bildirdi ki, ona çox oxşadığınızdan,  onunla hansısa bir qohumluğunuzun olması barədə maraqlandım. Mən isə özümün azərbaycanlı, Umanskini isə rus olduğunu deyib, heç bir yaxınlığımızın olmadığını bildirdim. Sonra o, Moskva xatirələrindən söhbət açdı və indiyədək ən xoş illər kimi, o dövrü unutmadığını söylədi.

Səfir Darusenkov və onun xanımı səmimilikləri ilə fərqlənirdilər, bizə xüsusi diqqət verirdilər. Səhərisi gün isə bizim Mexiko ilə tanışlığımız başlandı. Mexiko olduqca böyük və sıx əhalisi olan şəhərdir. Ümumiyyətlə, Meksika, şəhər həyatına dair köhnə ənənələri olan bir ölkədir. Ölkə əhalisinin, demək olar ki, 3/4-ü şəhərlərdə yaşayır. Latın Amerikasının digər ölkələri olan Uruqvayda və Argentinada isə əhalinin böyük hissəsi ancaq bir şəhərdə - paytaxtlarda yaşayır. Meksikada iri mərkəzlər daha sürətlə böyüyür. Üç böyük şəhər arasında Mexiko xüsusilə seçilir. O, Meksika yaylasının cənub hissəsində yerləşir, dağların əhatəsindəki vadidədir. Bu dağların ən uca zirvəsi isə Orisaba vulkanıdır.

İndiki Mexikonun yerində Astek imperiyasının paytaxtı Tenoçtitlan yerləşirdi. Bu şəhər 1325-ci ildə mühüm ticarət yollarının üstündə bir qala kimi salınmışdı. Tenoçtitlan geniş gölün mərkəzindəki oval şəklində olan adada tikilmişdi. Ada ətrafdakı quru yer ilə üç bənd vasitəsilə birləşirdi. Asteklər bəndlər qurmaqla, öz ölkələrinin ərazisini xeyli, 1/3-i qədər böyüdən və ona görə bir sıra şəhərlərinin adında "dam" - "bənd" sözünün işləndiyi hollandlardan hələ iki əsr əvvəl bu mühüm hidrologiya qurğusunu yaratmağa başlamışdılar. Göldən ayrılan kanalların üstündən isə qaldırılan körpülər keçirdi. Bundan başqa, gölün üstündə terrakota boruları olan böyük akveduk tikilmişdi. Gölün suyu duzlu olduğuna görə qonşuluqdakı dağlardan həmin akvedukla şəhərə təmiz içməli su gəlirdi. Tenoçtitlanın təqribən 300 min nəfər əhalisi olmaqla, o vaxtlar dünyanın ən böyük şəhərlərindən biri idi, yalnız Çində daha iri şəhərlər var idi, Avropa şəhərləri isə onunla müqayisə oluna bilməzdi, o vaxtlar Londonun 200 min və ya 1,5 dəfə az əhalisi var idi. Gölün sahilləri boyunca isə digər kiçik şəhərlər yerləşirdi

İspan konkistadorları ilk dəfə 1519-cü ildə Ernan Kortesin başçılığı alltında şəhərə girib, onu dağıtmaqla yerlə yeksan etdilər. 1551-ci ildə isə on minlərlə hindunun qul əməyindən istifadə edərək, şəhərin xarabalıqları üzərində Mexikonu saldılar. Zaman keçdikcə onu mühasirəyə alan göl və kanallar quruduldu, onların yerində yollar çəkildi, evlər tikildi. İndi təsəvvür etmək də çətindir ki, nə vaxtsa həmin adada atsteklərin paytaxtı mövcud imiş.  

Mexikonun görməli yerləri 

Müasir Mexiko o qədər böyükdür ki, Federal mahalın bütün ərazisini, həm də eyni adlı ştatın yaxınlıqdakı torpaqlarını tutmuşdur. Bu aqlomerasiya, adətən, Böyük Mexiko adlanır. Bu şəhər ölkə idxalının 3/5-ni udur və özü də də dəyər ölçüsündə Meksika ixracının 1/3-ni verir. Burada ölkənin bütün sənayesinin yarıdan çoxu yerləşmişdir, Meksika körfəzinin sahilindən gətirilən neft və qaz buradakı müvafiq zavodlarda emal olunur.

Mexiko köhnə ispan şəhərləri kimi düz küçələr qaydasında planlaşdırılmışdır və sonralar da bu ənənə pozulmamışdır. XIX əsrin ikinci yarısının ilk iki onilliyində Sena prefekti Jorj-Yevgeni Osmanın Parisdə gördüyü nəhəng yenidənqurma və abadlıq işlərinin bənzər konturlarını burada da görmək olar. Eyni qəbildən olan bəzi işləri 1960-cı illərin əvvəllərində olkədə Bakının məşhur meri kimi tanınan Əliş Ləmbəranski paytaxtımızda aparmışdı. Jorj Osmanı isə vaxtilə cərrah adlandırırdılar, o, şəhərin bədənində həqiqətən də əməliyyat aparıb, onu tamam dəyişdirmişdi.  Şəhərə həm də kanalizasiya çəkdirmişdi, bu da vəba xəstəliyinin qarşısını almışdı. O, bu işləri əsasən 1855-1867-ci illərdə görmüşdü. Paris yeni arxitektura nümunələri hesabına dəbdəbə məkanına çevrilmişdi. Mexikoda da belə dəbdəbə elementləri az deyildir.  

Paytaxtımız Bakıya gəldikdə, şəhər Qərblə Şərqin uğurlu sintezini qoruyub saxlamaqla, XXI əsrin ilk iki onilliyində  iri miqyasda abadlaşmış və bütün ölçülərdə böyümüş, göydələnləri ilə əsl modern şəhərə çevrilməklə, ona gözəllik verən möhtəşəm binalar və digər arxitektura inciləri sərgisinə çevrilmişdir. Şəhərsalmanın dinamikası və nailiyyətləri ölkəmizin digər şəhərlərindən və rayon mərkəzlərindən də yan keçməmişdir. Keçmişinin qiymətli izlərini itirməməyə çalışan Bakı isə tikintidəki yeni meyllərə, novatorcasına aparılan dəyişikliklərə öz ağuşunu geniş açmışdır.

Meksika paytaxtı da sürətlə inkişaf edir, təsadüfi deyildir ki,  dünyanın ən çox əhalisi olan bir şəhərinə çevrilmişdir. Mexikonun göydələnlərlə dolu olan uzun və geniş küçələri bu inkişafın bariz nümunəsidir. Şəhərin tarixi mərkəzi Sokalo (bu söz "kürsü" mənasını verir) meydanıdır, indi bura Konstitutsiya meydanı adlanır. Burada asteklərin Teokalyi məbədi (Böyük Məbəd) vardır, bu məbəddə allahlara insan qurbanları verilirdi. Astek imperatoru Montesumanın saraylarından biri də burada idi. Meydanın digər hissəsində kafedral kilsənin binası ucalır. Prezidentin rəsmi iqamətgahı isə Palasio Nasyonal adlanır. Binanın daxili divarları məşhur rəssam Dieqo Rivera tərəfindən rəsmlərlə işlənmişdir. Bütün bunlar Sokalo meydanını Mexikonu müstəmləkə arxitekturasının özünəməxsus ansamblına çevirir.

Hər il bu meydanda ənənəvi bayram olan İstiqlaliyyət Günü keçirilir. Həmin gün - 15 sentyabr 1810-cu ildə keşiş Migel İdalqo kilsə zəngini çalmaqla Dolores şəhərciyinin sakinlərini ispan ağalığına qarşı üsyana çağırmşdı. Meksika müstəqillik qazandıqdan sonra zəng paytaxta gətirilmiş və Palasio Nasyonalın balkonundan asılmışdır. Hər il həmin gün, sentyabrın 15-də axşam saat 11-də respublika prezidenti balkona çıxıb zəngi çalır və məşhur "Qrito de Dolores" çağırışının "Meksikalılar, yaşasın Milli Müstəqillik! Yaşasın Meksika!" sözlərini təkrar edir.

Bu, həmin İdalqodur ki, atası onu cəza təhlükəsindən xilas etmək üçün mübarizədən çəkindirmək istədikdə, o, atasının məsləhətinə qulaq asmamışdı. Buna görə bu yaşlı adam onu məzəmmət edəndə, atasının sözündən çıxmağa haqqı olmadığını bildirəndə, Migel ona qısa, lakin tutarlı bir cavab vermişdi: "Patria est prima" - "Vətən öncədir". Biz Çapultensk parkındakı Tarix muzeyində olanda inqilabçı İdalqonun divara vurulmuş, iri hərflərlə yazılmış bu sözlərini plakatda oxuduq və belə qənaətə gəldik ki, yenilməz prinsipləri ifadə edən sözlər aforizmlərə çevrilərək. onların müəllifləri olan mübarizləri, vətənpərvərlik simvollarını, elə bil ki, əbədi həyata qovuşdurur. Digər qəhrəmanlar kimi o da mübarizə yolunu axıra qədər getməyə nail ola bilmədi. 1811-ci ildə ispanlar onu əsir götürmüş və güllələmişdilər.

(Ardı var)

 





16.04.2019    çap et  çap et