525.Az

Topçubaşı Rəşid bəy - Şirməmməd Hüseynov


 

İLK CÜMHURİYYƏTİMİZ: OLMUŞLAR VƏ DÜŞÜNÜCƏLƏR

Topçubaşı Rəşid bəy - <b style="color:red">Şirməmməd Hüseynov </b>

Neçə min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini yaratmış, qısa müddətdə olsa da şərəflə yaşatmış və dünyaya tanıtmış istiqlal mücahidlərimiz məcburi fasilə dövründə mühacirətdə nələr yazmış, nə düşünmüş, bizlərə nəyi vəsiyyət etmişlər - oxuyaq, düşünək, onlarla və bu günümüzlə fəxr edək!

(Əvvəli ötən şənbə sayımızda) 

TOPÇUBAŞI RƏŞİD BƏY 

Parisdən qara xəbər aldıq. Oradakı Azərbaycan heyəti mürəxxəsəsi rəisi Topçubaşı Əli Mərdan Bəyin oğlu Rəşid Bəy 5-6 ay əvvəl tutulduğu vərəm xəstəliyindən kanuni-əvvəl (dekabrın) 20-də Parisdə vəfat etmişdir.

Azərbaycan gəncliyi çox müqtədir və dəyərli bir üzvünü qeyb etdi. Rəşid Bəy həyata yeni atılmış hənuz 25 yaşında vətənpərvər, münəvvər gənclərimizdən idi. Mühacirət həyatının maddi və mənəvi bir çox məhrumiyət, sıxıntı və iztirabları... Paris banklarından birisində ufaq bir məmuriyət. Ayda 500 frank müqabilində sabahdan axşama qədər çalışmaq. Şimalın sərt naxoş havası, iqlimi nihayət mərhəmətsiz "Kox" basilləri və qürbət eldə, yeni bir məzar... Gənc Azəri məzarı.

Hənus qapanmış bu təzə məzarın üstündə, sözlərin bilməm nə dərəcəyə qədər təsəlli verici bir təsiri vardır. 1918 sənəsində burada Azərbaycan heyəti-mürəxxəsəsinin Pera Palas Otelində yaşadığını xatırlıyoram.

Rəşid Bəy o zaman Bakı real lisesini yeni bitirmiş və ali təhsil üçün babası ilə bərabər İstanbula qədər gəlmişdi. Oteldə daima görüşürdük. Gecə gündüz türkcə dərslərinə davam ediyordu.

Köprüdə bir gün təhsildar kəndisinə: "Buyurun kiçik mürəxxəs bəy" dedi və yol verdi. Sonra Rəşid Bəyə "Kiçik mürəxxəs bəy" deyərdik. Bəzən bu olayımıza o bir az qızar kibi olurdu.

Unudulmaz günlər... Burada, hər yerdə, hər kəsdə, bəlkə bütün qəlblərdə, bizlərə qarşı böyük bir məhəbbət, ciddi bir səmimiyət vardı. Çox uzun sürən ayrılıq dövründən sonra nihayət bir-birini bulmuş iki qardaş...

Birdən o məşum mütarikə günləri...
Türklük sanki bir röya idi, gördü, oyandı.

Averov zabitlərinə Pera Palasda verilən böyük balo gecəsi Arqadaşlardan birisinin odasında toplanıb məyus-məyus konuşurduq. Rəşid Bəy çox mütəəssir idi. Birdən: "Bən artıq burada qalmam. Burası bir Rum şəhri oldu" dedi və hiddətindən az qaldı ki ağlasın.

1922-də Parisdə Azərbaycan tələbələrinin bir çay ziyafətini xatırlayıram. Rəşid Bəy o zaman Ecole des Sciences Politiques məktəbi alisinin son sınıflarında idi. Dərdləşiyorduq. Vətənin istilasından, bolşeviklərin cəhənnəmi idarəsindən konuşuyorduq. Tələbələrimizdə böyük bir həyəcan görüyordum. Rəşid Bəyin nitqini unutmam.

..."Arqadaşlar, görüyorsunuz, yolumuz çətin və məşəqqətlidir. Fəqət qayəmiz yüksəkdir! Vətənimizi tarumar edən, millətimizin ruh və vücudunu zənciri-əsarətdə boğan bir düşmənə boyun əymək yoxdur. Azəri gəncligi şərəfsiz həyatı istəməz. Qürbətin bu acı günlərinə qatlanaraq davamızı sonuna qədər yürüdəcəgiz!" dedi.

Və ehtimal ki şimdi bu fani dünyaya əbədi vida edərkən zavallı Rəşidin son sözü, son vəsiyəti: "Annə bəni yüksək bir yerə gömünüz və qəbirdə üzümü Şərqə, Vətənə doğru çevirniz! Bəlkə oradan Vətənin uca, qarlı, dumanlı dağlarını, Kürün, şimdi həzin-həzin axan dalğalarını görə biləyim" deyərək ölmüşdür.

Qanlı mücadilə, böyük cəladət (igidlik), çoxalan qurbanlar, yeni-yeni qazılan məzarlar... Sibiryanın uzaq buzlu çöllərində, Mərmərənin lakaud sahillərində, Sain nəhrinin yabançı qıyılarında birər-birər qurulan bu ufaq, yaşılı yalnız təpələr...

Azərbaycan hürriyyət yolunu matəmlərlə bəzəmiş bu əziz məzarlar qarşısında böyük hörmət və məhəbbətlə əgilərək gizli-gizli axan göz yaşlarımı zəbtdən acizəm.

Mustafa
"Yeni Qafqasya", 3 kanuni-sani (yanvar) 1927, № 7 

Mustafa Çoğay oğlu. Tanınmış qazax ictimai, siyasi xadimi, publisist, Müstəqil Vahid Türkistan uğrunda mübarizənin idealoqudur. Azərbaycanı candan sevən və burada bir müddət fəaliyyət göstərən şəxsiyyət. Ş.H. 

BU GÜNKİ BAKI 

- 2 - 

Bir Bakı vardır ki onu "Parapet" də, "Malakan bağı"nda, Stansiyon civarında, Əmələ klublarında, 2 şəhər bağında, "Bulvarda" bulvarın içərisində degil, onur arxa, qaranlıq və xəlvət soqaqlarında görmək olur.

Bakı Şurasının inzibat şöbəsi müdürünün dekabrın sonunda, Bakı qəzetlərində verdiyi rəsmi məlumatına görə bu gün Bakı Şurasını məşğul edən məsələlər Bakıda çocuq cinayətləri, əmələ kulublarındakı əxlaqsızlıq, əmələ dairələrində çoxalmaqda olan sərxoşluq və sairədir...

İnzibat işləri müdürünün əlavə etməsinə görə Bakıya mindən ziyadə sahibsiz çocuq gəlmiş və külli miqdarda gəlmək üzərədir. Bu bəlayi-nagəhanidən Bakıyı xilas etmək üçün, Bakı Şurası Bakının ətrafına bir kordon təsisini düşünməkdədir.

Bakı qəzetlərində hər gün oxursunuz: dekabrın 2-də 9 sahibsiz çocuq bir qadına hücum edib əlindən (redikolu) çantasını və başından şapkasını çalmışlardır. 7 dekabrda bir qrup sahibsiz çocuq Birinci İskələyə daxil olub vapura (gəmiyə) keçmiş və makina hissələrini çıxarıb götürmüşlərdir. 13 dekabrda 13 kişidən ibarət bir qrup, bir mağazayı basmış. 1 dekabrda çantalı bir qadına hücum edilmişdir... 15 dekabrda Proletar cəddəsində, 17-də Balaxanı cəddəsində 14-15 adamlıq bir qrup "sahibsizlər" əli çantalı bir qadına hücum edərək soymuşlardır... 19 dekabrda böyük bir "sahibsizlər dəstəsi" şəhərdə müdhiş bir talan, iğtişaş və açıq hücumlar yapmış və nihayət polis tərəfindən mühasirə edilmişdir...

İnzibat müdürünün bəyanatına görə 3-4 günün içərisində bunun kibi 27 mühüm hadisə olmuşdur. "Sahibsiz" adlanan bu çocuqlar 3-4 min miqdarında bir ordudur və şəhərin hər məhəlləsində və hər bucağında mövcuddurlar. 6-7 yaşından ilə 18-19 yaşlarına qədər qız və ərkək cinsdən təşəkkül edən bu ordunun yatacaq yerləri cəddələr, qapı ağızları, qaldırım üstləri və "mərhəmətli qospodin" və ya "barin"lərin evləridir...

Rusiyanın hər tərəfindən Azərbaycana dolan bu səfillər sürüsü haqqında bəyanatlardan maəda, bir də xüsusi müşahidələri təsbid etmək istərsək "Parapet" kibi cəmaət yerləri ətrafında bir iranlı görəcəksiniz ki meyvə satıyor. Siz 10 dəqiqə onu təqib ediniz. 10 dəqiqə müddətində azı 10 qrup oradan keçəcək və hər qrup birər alma və ya sair meyvə alıb keçəcəkdir. Əgər o, zavallı, yoxsul iranlı cürət edib malını müdafiə etmək istərsə, həpsi üzərinə töküləcək, digər bir qrup da meyvə tabağını tamamilə çalmış olacaqdır. Bu bir degil, 2 degil, öylə müdhilş bir şəkildədir ki, zavallı satıcılar bazar dükanlarından əl çəkməgə məcbur oluyorlar. Onlarla polis də bacarmıyor. Yaşları kəmalə ermiş degil ki, cəza görsünlər. Sovet mətbuatı bu xüsusda qanunların dəyişilməsini belə təklif ediyor.

Bu meyvə qəhrəmanları əksəriyyətlə ərkək çocuqlarından ibarətdir. Fəqət axşam üzəri yuxarıda saydığım məhəllələrin birində təsadüfən oturmuş olsanız, sizi sarı altun saçlı, mavi gözlü 10-12 yaşında yalın ayaq, solğun çöhrəli "sahibsiz" qızlar izaç (narahat) edəcəklərdir... Bu qızlar bir loğma əkməgə və ya bir funt əkmək parasına müqabil yalvararaq kəndilərini təslim ediyorlar... Fəqət zənn etməyiz ki, bunlar ancaq "sahibsizlərdir", "sahibli" komsomollar dəxi sıradan geri qalmıyorlar. "Babaların oğullar tərəfindən mühakiməsi" deyə tərtib olunan səhnə Bakının ən calibi-diqqət hadisələrindəndir. Komsomol təşkilatı kəndi məhkəmələrində kəndi üzvülərini müdafiə edər. 12-13 yaşında firengiyə (avropalılara məxsus cinsi xəstəlik) mübtəla olmuş bir qızın anası mühakumə ediliyor: 15 yaşındakı komsomol müddei ümuminin (prokurorun) ittihamnaməsindən anlaşılıyor ki "qadın qızının frenkeyə mübtəla olduğunu anlayınca kəndisini şiddətlə döymüş və müalicəsinə əhəmiyət vermək istəməmişdir".

"Bakinski Raboçi" qəzetəsinin 299-cu nömrəsi təsdiq ediyor ki əmələ kulubları bir "xuliqanlıq mərkəzləri"dir. Qəzetənin nəşr etdigi statistikaya görə oktyabrın 19-da 119 xuliqan tutulmuşdu. Noyabrda 117-si tutuldu, 8 ayın müdətində isə 1.152 xuliqan tutulmuşdur ki bunlardan 150-si əmələ kulublarına mənsubdur".

Siz namuslu bir vətəndaş, ciddi və saf bir əmələ (fəhlə) görməzsiniz ki kəndi ailəsi ilə əmələ kulublarına gəlsin. Bunu artıq hər kəs qeyd etməkdədir. Bu kulub qaçağı əmələlərdən birisi ilə görüşdüm.

Dedi ki:

- Əxlaqlar pozulmuş, həya və namus ortadan qalxmışdr. Bir gün zövcəmlə bərabər kuluba getmişdim. Elmi bir mühazirə vardı. Lektor, elmi və fənni bir çox dəlillər sərd edərək bəkarətlərin mənasızlığını, həya və ismət deyilən məfhumun burjuva etiqadı olduğunu, ailə ocağının lüzumsuzluğu, daimi qarı qocalıq müəssisəsinin komunizm zehniyyətilə qeyri-qabili-təlif olduğunu isbat ediyordu.

Təsəvvür ediniz, kəndim kibi arqadaşlarımdan bir əmələnin həmşirəsi ilə bir ay olmaz ki təəhhül etdim (evləndim) kiçik, fəqət məsud yuvamız vardır. O yuva üçün böylə bir ruh və hava münasibmidir?

Heyrət etməməlidir ki, böylə bir mühid içərisində, bir komunist "xuliqan" gözəl qarısı olan digər bir komunistə müraciət edərək:

- Yoldaş, bu gecəlik "nisfini" (yarını - arvadını) mənə güzəşt etməzmisən? - deyir və rəd cavabı alınca yoldaşın gözünə bir yumuruq endiriyor... Onu mütəaqib zavallı yoldaş saysız yumruqlar yeməyə və nəhaət duyğusuz olaraq yerə düşməyə başlar, bu ümumi qarğaşalıq əsnasında qadın aradan qeyb olur. Ertəsi gün xaraba evlərin birindən bir qadın meyidi bulunur ki, bu dün gecəki faciənin qanlı nəticəsini elan ediyordu.

Xaraba evlərdən bulunan "məsum cənazələr"in macərası yalnız bu şəklə inhisar etməz. Bakı soqaqları daha müdhiş faciələrə və tük ürpətici hadisələrə səhnə olmaqdadır. Cəddə ilə gedən və ya evləri önündə oynamaqda bulunan türk qızları bilirmi ki sahibsiz xuliqanlar tərəfindən çalınmış, sonra o 8-9 yaşlarında olan məsum yavruların qana bulanmış cəsədləri bulunmuşdur.

Keçmişlərdə, amma çox keçmişlərdə "Məhəmmədi bizbiz" hekayələri olurmuş. Böyük annəm nəql edərdi. Ara-sıra çocuqları qorxudur "dışarı çıxmayınız ki cühud alır "Məhəmmədi bizbiz" yapar deyərdi. Şimdi o əfsanə bir həqiqətdir. Şimdi doğrudan da çocuqlar qaçırılıyor, namuslar ləkələniyor, ismətlər çalınıyor, mələk qədər pak və yavru qızlara belə rəhm edilmiyor.

Zalım və müstəbid rusluğun vətənimizə gətirdigi səfalətlərdən ən mühümmi bəncə, bu əxlaq pozğunluğu, rus "sahibsiz"lərinin yaydıqları frengi xəstəliklərdir.

Bu müzur sürüyü Bakıdan çıxarmaq, bir daha Bakıya "sahibsiz" buraxmamaq, cəza qanunları dəyişmək kibi iqdamat təsəvvür olunmaqdadır. Halbuki bu əxlaqsızlıq, namussuzluq və həyasızlığa qarşı bu tədbirlərlə çıxılmaz. Yeganə qəti və faydalı tədbirlər varsa, o da rusların bütün səfahətləri, səfalətləri və əxlaq pozğunculuqları ilə bərabər Bakıdan və Azərbaycandan qovulmalarıdır.

Bakı
Daşdəmir
"Yeni Qafqasya", 17 təşrini əvvəl (oktyabr), 1926, № 2(70) 

TÜRKİSTANDA QƏZETƏÇİLİK TARİXİ 

(Mövzu üzərinə Berlin Darülfünununda sahibi imza tərəfindən bir konferans verilmişdir) 

Qəzetəçilik və ya mətbuat tarixi, heç şübhəsizdir ki bir millətin elmi səviyyəsini və ictimai həyatının müxtəlif səfahətini (lüzumsuzluğunu) göstərən bir miqyas və pək parlaq aynadır. Bu etibarla Türkistan qəzetəçiligi tarixinə girişməzdən müqəddəm türkistanlıların mədəni və ictimai sahələrdə bu günə qədər nə kibi istihalələr (halını dəyişmə) keçirdiklərini mücmələn (xülasəsini) təhlil və izah eyləmək istərəm:

Məlum olduğu vəchilə Türkistan müxtəlif mədəniyyətlərin, xüsusən 3 mədəniyyətin - Çin, İran və Ərəb - qarşılaşdığı sahə və təsir mərkəzi olmuşdur. Bu 3 mədəniyətdən son ikisinin təsirləri daha qüvvətli olaraq kökləşmiş və asarı da hala görülməkdədir.

703 sənəsində Türkistanda başlayan Ərəb istilası, türkistanlılara yeni dini, İslam dinini bəxş edərkən Ərəb harsını da aşılamaq istəmişdir. Ərəblərin din masqası altında Ərəbçilik siyasətini Türkistanda bütün şiddətilə tətbiqə qalxışdıqları bu gün tarixcə müsaid (əlverişli) bir həqiqətdir. Türkistanda bu yeni dinə xalq kütləsi bir dərəcəyə qədər hüsni qəbul göstərmiş isə də mühafizəkar əsilzadə və bəylər sinifi ilə ruhanilər arasında uzun zamanlar mücadilə davam edə gəlmişdi. Bilaaxirə ruhani təbəqənin qalibiyyəti cəmaət zehniyətini dini təəssübə doğru sövq ediyordu. İslam əqidələri və "din ilə millət birdir" düsturu ilə yetişdirilən mədrəsə zehniyətləri Türkistanda milli ənənə və milli ruhun sarsılmasına amil olduğu bir dərəcəyə qədər qəbul oluna bilir. Ərəb istilasından əvvəl Türkistanda davam edib gələn milli bir şəkli-idarə dini bir şəklə təhəvvül etdi. Çingiz Xanların vəz eylədigi bu gün belə bir qiyməti əskəriyə və idariyeyi haiz yasaların yerinə "ehkami-şəriət" qaim olmuşdu. İslam Harsının təsiriylə açılan mədrəsələrdə təhsil tamamən Ərəbcə idi. Qərb dünyasında, XVII əsrlərə gəlincəyə qədər nasıl ki elmi və ədəbi lisan Latınca və Yunanca idi. İslamiyəti qəbul edən bu ölkə camiəsində də Ərəbi və ədəbi lisan farsi idi.

Ərəbcənin elmi lisan olaraq qəbulu ancaq din lisanı olmasındadır. İran mədəniyəti təsirilə Farsi lisanı da Türkistan mədrəsəçiləri arasında adəta ədəbi bir lisan kibi idi. Türkistan mədrəsələrində təhsil görən kimsənin Ərəbi və Farsi bilmədigi pək endərdir. Bu iki lisanın Türkistan kibi bir Türk diyarında təəmmümünə səbəb hər iki mədəniyyətin təsirləri nəticəsidir. Hər nə olursa-olsun İslam mədəniyətinin Türkistan Türklərinə hizmətləri olduğu kibi türkistanlıların, bəlkə də ərəblərdən ziyadə, İslam mədəniyətinə hizmət eylədikləri və onu etilaya çalışdıqları da pək məlum bir həqiqətdir. Türkistanda İslam harsının ən şəşəəli dövrü Samanilər zamanında əsirlərcə davam eyləmiş və böyük xaqan Axsaq Teymurun vəfatından bir qaç zaman sonra sönmüş hesab oluna bilir. İslam dininin mədrəsə zehniyətçilərinin əlində bir mənfəət bazicəsi olaraq qalması cəmaəti mistik və fanatik hala cəlb eyləmişdi. Kəndi mənafeləri üçün dini vasitə edən bu mistik və fanatik mütəəssiblər xalqın bu boğucu girdabdan qurtulmasına və milli mənligini idrak eyləməsinə mühüm mane idilər. İslam mədəniyətindən əvvəldə atəşpərəstlərin dini mərkəzi olan Buxara, İslam aləmində də qüdsi bir "şərif" mövqeini ehraz və 201 mədrəsəsiylə dini bir propağanda mərkəzi sayılmış kibi idi.

İştə Türkistan bu qara təəssüb dövrünün ən mühlik səfhələrini dağınıq mütəəddid xanlıqlar halında, tükənməz daxili mücadilələr içində yaşarkən 1855-də, Şimaldan, müstəmləkəçi və modern texnik ilə mücəhhəz Rus istilasına məruz qaldı. 1868-də Buxara və Xivə xanlıqları Çarın birər vassalı olaraq qaldılar. Uzun mücadilələrin nəticəsində 1884-də Mərvin işğalı ilə nihayətlənən bu qanlı istila Türkistanda mədrəsə əsarətinə bir də Rus əsarəti əlavə etdi. Buxarada isə mədrəsə əsarətini himayə edən və şəriət namı altında pək haqsız və zalimanə icraatlarda bulunan kuruni-vustai (orta əsrlər) əmir dərəbəyliginin idarəsi vardı.

Türkistanın 10-12 milyonluq müçtəmi (əhali) kütləsi arasında yeni üsulda metodik bir məktəb, adi bir mətbəə və qəzetə mövcud olmadığı kibi bunların isimləri də 1905 sənəsinə qədər yabancı idi. Xalqın tənvirinə (nurlandırılmasına) və milli ruhun oyanmasına qədər çalışmaq və ona can və həyat vermək fikirləri daha 1905 sənəsinə qədər Türkistan sərhədlərini aşamamışdı. Çünki yüzdə 80-nini cahil və elmi səviyə etibarilə düşgün və fanatik xalq daha bunu həzm edəcək ləyaqətdə degildi. Türkistanda yerli xalqın kəndi tarix və harsı, yəni milli həyatı haqqında təlqinatda bulunacaq bir əsər yox idi. Daş basmasilə Bombey və İstanbulda bastırılan kitablar əfsanəvi və dini hekayələrdən başqa bir şey degildi.

Rus istilasından sonra Mavərayi Kaspi dəmir yolunun inşaası türkistanlıların Rusya məmalikindən mədəni həyatla təmaslarına və bu surətlə təcəddüdə doğru qeyri-şüuri olaraq təmayüllərinə səbəb olduğu təxmin oluna bilir. Çünki modern münaqilənin hər bir təkamül edəməmiş millətlər üzərində böyük əksi-əməllər vücuda gətirdigi göz önündədir. Türkistanda yenilik və təcəddüdə doğru cərəyanın başlanmasına ən mühüm amillərdən biri də həc yolunun Odessa və Batum xətlərinin birləşdigi məhəlli-iltisaq olan darül-xilafə üzərindən keçməsi və bu münasibətlə türkistanlıların kəndi arqadaşlarıyla təmasda bulunmaları və Türkiyə əsər və mətbuatına meyl göstərmələridir. Fəqət darül-xilafə ilə təmasda bulunan hacılar kütləsi Türkistandakı əzim bir təəssüb maneinə qarşı duramazlardı.

Qəzetəçiligin və mətbuatın bir millətin mədəni təalisinə, o millətin ictimai və iqtisadi həyatının can damarı olduğuna amil olduğunu idrak edəməyən və daha milliyət əqidələrini belə həzimdən aciz olan qara bir mühitdə Qutenberqin o məşhur makinəsindən bixəbər bir diyarda, mətbuat işlərinə nasıl başlamaq olurdu? Cəhalət və təəssüb kibi mənəvi və qüvvətli maneələrə, bu münasibətlə mətbəəsizlik, mürətibsizlik kibi maddi məşəqqətlərə qələbə çalmaq və 10 milyonluq bir kütləyə qarşı sahai-irfanda (bilik meydanında) mücadilə etmək pək əqəliyyətdə olan məhdud münəvvərlər üçün qorxunc və həm də müşküldü.

Türkistanda qəzetəçiligin nə kibi xarici təsirlərlə gəldigini mücmələn zikir ilə Türkistan qəzetəçilik tarixinə keçiyoram. Rus istilasını mütəaqib Türkistan vilayətinin mərkəzi Daşkənddə məhəlli lisan və rusca olaraq rus hökuməti tərəfindən "Türkistan Vilayət qəzetəsi" (Tam adı: "Türkistan Vilayətinin qəzetidir" 1871-də yayınlanmaya başlamışdır) namilə bir qəzetə intişar eyləmişdi. Bu qəzetə Türkistan türklərini ruslaşdırmaq istəyən təşkilatın naşiri-əfkarı, eyni zamanda rus mühacirlərinə məxsus kolonist bir qəzetəydi. Bu qəzetənin müdüri məşhur rus misyoneri və Daşkənddəki rus darülmüəlliminin direktoru Ostroumov idi. Bu qəzetə yerli xalqın kəndi malı olmaqdan ziyadə Çar hökumətinin bir propağanda vərəqəsi idi. Bu nöqteyi-nəzərdən onu Türkistan qəzetəçilik tarixinə idxal edəməyiz.

Təxminimdə yanılmıyorsam 1883 sənəsində Kırımın Baxçasaray şəhərində İsmayıl Bəy Qasprinski namində fədakar bir türk tərəfindən çıxarılan, bütün Rusya türkləri arasında şüurlu fikirlərilə can və həyat yağdıran "Tərcüman" qəzetəsinin Türkistanda da böyük təsirləri görünmüşdü. Rusyalı türklər arasında milli təsanüdü və yeni metodda üsuli-tədrisi və maarifi nəşr və təmim məqsədilə çalışan bu qəzetə sayəsindədir ki, Türkistanda təcəddüdə doğru bir təmayül oyanmağa və türkistanlılar arasında tərəqqipərvərlər yetişməyə başlamışdı. Kırımdan, Azərbaycandan və İstanbuldan gələn qəzetə və kitabların Türkistandakı münəvvərlər tərəfindən mütaliə olunması və yeni fikirlərlə mülhəm olaraq modern, metodik məktəblər açmağa başlamaları mədrəsə zehniyətçilərinin mənafeinə və əqidələrinə sektə vurduğu üçün Türkistanda cədid (tərəqqipərvərlər) və qədim (mürtəcilər) mücadilatı başladı.

İstanbuldakı qəzetələrə əbunə olub Türkistanda və Buxara ölkəsində xalq arasında məzkur qəzetələri oxuyanlar az degildi. Yuxarıdakı izahatdan da anlaşılacağı vəchilə görülüyor ki, Türkistana qəzetəçiligin təsiri biri Kırım, digəri isə İstanbuldan gəlmişdir. Lakin əsas etibarilə Kırım və Şimal türklərinə və dolayısı ilə türkistanlılara təcəddüd və oyanma təsirlərini aşılayan mənbənin İstanbul mühiti-irfanı, Türkiyə olduğunu unutmamaq lazım gəlir.

1905 sənəsində Rusiyadakı inqilab və ümum Rusiya Türklərinin müştərəkən hərəkətlərinə səbəb olması və Türkistanda da şu tarixdən etibarən təcəddüd hərəkatı belirməyə başlaması ilə Türkistanda qəzetəçilik tarixinə girmiş oluyoruz. Demək oluyor ki Türkistan qəzetəçiligi tarixi 1905 kibi pək qısa bir mazidən (keçmişdən) başlıyor.

Türkistandakı risalə və qəzetələr haqqında materyalların nöqsanlığı dolayısı ilə bəzi müntəşir qəzetələrin tarixi-nəşr, məslək və nüsxələrinin ədədini göstərməkdən məzuram.

Türkistan qəzetəçiligi tarixini 3 dövrəyə ayıra biliriz:

1 - 1905 sənəsinin Hərbi-Ümumi bidayətinə (əvvəlinə) qədər sürən dövr;

2 - Hərbi-Ümumidən Rusya inqilabi və istiqlal mücadilələrinə qədərki dövr;

3 - Komunist istilası dövrü. 

Birinci Dövrə 

1905 sənəsində Daşkəntdə ibtidai və mətbəədə kiçik miqyasda tatar-özbək ləhcələrilə tərəqqipərvərlərin başlığı (Rəisi) Münəvvər Qarı tərəfindən "Tərəqqi" ismində həftəlik bir qəzetə nəşr edilmişdi. Bunun yeganə təqib eylədigi məqsəd, təəssübə qarşı mücadilə və tərəqqipərvərligi müdafiə idi. "Tərəqqi"nin qapadılması ilə yenə eyni zat (şəxs) tərəfindən "Xurşid" ismində yalnız özbəkcə bir qəzetə mövqei-intişara qoyulmuş isə də bir müddət sonra Çar senzorları tərəfindən qapadılmışdır. Bilaxirə eyni zat tərəfindən "Şöhrət" ismilə bir qəzetə nəşr edilmişdi. Bu qəzetənin davamı bir az uzun sürdüsə də Çar senzorunun mümamətindən (maneçiligindən) qurtulamadı. Bu qəzetənin naşir və mühərrirləri qəzetəçilik sahəsində yetişmiş mütəxəssislər degil, bəlkə də millətinin təalisini düşünən münəvvərlər (ziyalılar) və həvəskarlar idi.

1908 sənəsində yenə Daşkəntdə "Asya" ismində olduqca mükəmməl bir təşkilat tərəfindən digərlərinə nisbətən müntəzəm yövmi (gündəlik) bir qəzetə nəşr edilmişdi. Bu qəzetənin ömrü yuxarıda zikr etdigimiz qəzetələrdən daha uzun olmuşsa da eyni aqibətə düçar olmaqdan xilas olmamışdır.

Türkistanda tənəvvür (ziyalılaşma) və təcəddüdün (yeniləşmənin) inkişafa və xalqın modern nəzərlərə malik olmasına mane olan Çar senzoru yanında daxili ikinci və qüvvətli bir düşmən dəxi maneçilikdə idi. Qədimlər - Ruhanilər. Türkistan münəvvərləri üçün xarici maneə, rus senzoruna və daxili maneə ruhanilərə qarşı mücadilə yürütmək dövrü idi.

1909 sənəsində, məşrutiyətin elanından bir az sonra, Türkiyədə Avropadan mülhəm (ilhamlanmış) olaraq, türk milliyyətpərvərliginin və turançılığın belirməgə başlaması, digər Rusya türkləri arasında, xüsusən Türkistanda milli mənligi, milli duyğuyu ğələyanə gətirməgə başlamışdı. 1911 sənəsində Səmərqəntdə məşhur Türkistan tərəqqipərvərlərindən mərhum Mahmud Xoca Behbudinin "Ayinə" ismində məcmuəsi intişara başladı. Bu məcmuə bir zamanlar farsi lisanında intişar ediliyordu. Bu məcmuənin həyatı digərlərinə görə, 1-2 sənə davam eyləmiş isə də Çar senzoru bunu da qapamışdır. Çox sürmədən Mahmud Behbudi "Səmərqənt" ismində yövmi (gündəlik) bir qəzetə nəşr etməyə müvəffəq olmuşdu.

Təcəddüd hərəkatının qoxusu ruhanilərin əlində inləyən təəssüb (fanatizm) mərkəzi Buxarada da bəzi cərəyanlara səbəbiyyat vermişdi.

1912 sənəsində "Buxarayi Şərif" ismilə müntəzəm bir təşkilat tərəfindən həftədə 2 dəfə müntəşir bir qəzetə Buxarada çıxarılmışdı. Məətəəssüf ki bu qəzetə məhəlli türk ləhcəsində degil fəqət farsicə idi. Bilaxirə Turançılıq məfkurəsinin bu ölkə münvvərlərindən də böyük bir əksüləməl oyandırmasilə "Buxarayi Şərif" qəzetəsinə əlavə olaraq, həftədə 3 dəfə müntəşir "Turan" ismiylə məfkurəvi bir qəzetə nəşr edilmişdi. Buxara ölkəsi qüdsi məfkurə uğrunda çalışmağa pək müsaid olmaqla bərabər, Çar hökumətinin ruhanilərlə, əmir idarəsinə qüvvətli təsiri nəticəsi olaraq Buxarada ümum yeni metodik məktəblər və qəzetələr sədd edilmiş və bu qüdsi təşəbbüslər iqamətə uğramışdı. Yenə bu sənədə Türkistanda "Fərqanə" ismiylə həftəlik bir qəzetə nəşr olunmuşdu. Bunun da sədd olunması ilə "Sədayi Fərqanə" qəzetəsi ismiylə mövqei-intişara çıxdı, fəqət Çar senzorunun pəncəsindən qurtulamamışdı.

Bu birinci dövrdə müntəşir qəzetələrə qarşı xalq təmayül göstərmiş isə də əhalinin 100-də 80-ni oxumaq bilmədigindən və ruhanilərin zəhərli fikirlərindən qurtaramamasından qəzetələrə "bidad" (ədalətsiz, zülm) nəzəriylə baxmışdır. Çar Rusyasının şüuri və mədrəsə mütəəssiblərinin qeyri-şüuri olaraq türkistanlıların tənəvvürünə mane olmaq siyasətləri adəta bir-birinin mütəmmimi (əlavəsi) kibi idi. Mənəvi və maddi müşkülatlar və daxili təzyiqlərlə çıxarılan bir qaç qəzetəyi öldürən xarici düşmənə yardımçı olduğuna müdrik olmayan xalq qara cəhalət gözü ilə çıxan qəzetələri "bidad" və qəzetə qarelərini (oxucularını) "dinsiz və mürtəd" deyə tələqqi edərdi. 

İkinci Dövrə 

Hərbi-Ümumi bidayətində (əvvəlində) Türkistan münəvvərləri qəzetə intişarı xüsusunda mühüm təşəbbüslərdə bulunmuşlarsa da, əhvali-fövqəladə dolayısilə daha təşdit edilən senzorun əlindən qurtaramamışlardır.

1914 sənəsində Daşkəntdə "Sədayi-Türkistan" ismiylə mükəmməl və yövmi bir qəzetə nəşr edilmişsə də yalnız 6 ay davam edə bilmişdir. Bu dövrdə vəziyəti-hərbiyə, xüsusən Türkiyənin hərbə düxulu dolayısı ilə qəzetə intişarına müsaidə verilmədigi kibi yeni üsul məktəblərin qismi əzəmi qapadılmış və Türkistan münəvvərləri də dəhşətli təqibata məruz qalmışlardı. Bu cəhətdən bu dövrəyə Türkistan qəzetəçiligi tarixində "dövrü fitrət" (durğunluq dövrü) desək daha müvafiq olur. Digər cəhətdən tədqiq edilirsə bu dövrə türkistanlıları qəzetə mütaliəsinə hazırlamış və bu həvəsi qüvvətləndirmişdir.

Çünki Rusyanın türklərlə müharibəyə girişməsi və Çanaqqalada və Qafqas hərb cəbhələrində müharibənin surəti-cərəyanı haqqındakı maraq, xalqı qəzetə mütaliəsinə sövq ediyordu. Türkistanlıların qorxunc düşməni Çar Rusyasının Alman cəbhəsində məğlubiyəti xəbərlərini böyük maraqlarla təqib edən mütəəssiblər çoxdu. Əvvəldən qəzetəyi "küfr" tələqqi edən ruhanilərin kəndiləri Azərbaycan və Şimal Türklərinin qəzetələrinə əbunə olmaqda idilər. Buxaraya qəzetənin idxalı adətən mən (qadağa) edilmişkən bu əsnada bu şəhərdə 300 nüsxəyə qədər Azərbaycan qəzetələrinin oxunduğu görülməkdə idi. İştə şu etibarla 1914-dən 1917 sənəsinə qədər sürən dövrəyə "Türkistan qəzetə mütaliəsinə hazırlıq dövrü" desək doğru söyləmiş oluruz.

1917 sənəsində Çarizmin yıxılması bilaxirə Kerenski hökumətinin mövqei idarəyə gəlməsilə bütün Türkistan mütəcəddid və münəvvərlərində canlı bir həyat dövrəsi görünməyə başladı. Bu əsnada Daşkənddə, "Şurayi İslam" namilə tamamilə hürr və müstəqil yövmi bir qəzetə intişar eylədi. Bu bəklənilməyən inqilabın Türkistan türklərinin istiqlaliyətinə böyük fürsət hazırladığını idrakla qüdsi məfkurə uğrunda fədakaranə çalışmaq zamanı gəlmişdi. Bu zamanda Səmərqəndi Behbudi mərhum tərəfindən "Hürriyət" ismilə yövmi və müntəzəm bir qəzetə nəşr olundu. Çarizmin yıxılması ilə bu fürsətdən istifadə çarələrini xalqa təmim və istiqlal məfkurəsini aşılayan mütəddid cəmiyətlər təşkil edilmişdi. Buxara ölkəsindən xaric Türkistan sahəsində münəvvərlər və ruhanilər birləşmiş kibi idilər. Fəqət Buxara ölkəsi təəssübün və sabiq Çar idarə adamlarının nəşvü-nüma mərkəzi olmuş idi. Buxara əmiri Çar əsarətindən qorxduğu halda Türkistan istiqlaliyətini müdafiə yollarını düşünmədən Çar müməssillərinin əlində bazıcə (oyuncaq) olaraq tamamilə reaksioner bir vəziyətilə Çar siyasətinin sadik bəndəsi olub qalmışdı.

1918 sənəsində Xoqand Cümhuriyyətinin rəisi Mustafa Çoqay Bəy tərəfindən Daşkənddə "Hürr Türkistan" ismiylə yövmi (gündəlik), modern bir qəzetə intişar eyləmişdi. Yenə eyni zamanda, Türkçülər Təşkilatı tərəfindən "Turan" və "Nicat" qəzetələri mövqei-intişara qoyulmuşdu. Digər bir müəssiseyi-elmiyədə "Uluğ Türkistan" ismiylə olduqca mükəmməl və modern yövmi qəzetə nəşr eyləmişdi. Çar Rusyasının Daşkənddə bir milli qəzetənin intişarına müsaidə eylədigi halda 1918 sənəsindəki fürsətli dövrlərdə Daşkənddə 5 yövmi qəzetə tamamən müstəqil olaraq intişara başlamış və ibtidai məktəbin ədədi tək dün olduğu halda bu dövrlərdə 1500 ədədi bulmuş və mütəəddid mərkəzlərdə "Turan Tudəsi" ismiylə məktəb və spor yurdları açılmışdı. Türkiyədə təhsil edib yurdlarına dönən türkistanlı münəvvərlərlə Sibiryadan Türkistana qaçan əsir türk zabitlərinin bu dövrlərdə Türkistan maarifinə unudulmaz böyük hizmətləri olmuşdur. Bu sərbəst zamanın türkistanlılara bəxş eylədigi milli ruh və milli mənlik, bu gün hər bir türkistanlının qəlbində silinməz bir iz buraxmışdır.

Berlin. Türkistanlı Əhməd Naim
"Yeni Qafqasya", 16 kanuni-əvvəl (dekabr) 1926, № 5-6 (73-74), 3 kanun-sani (yanvar) 1927, № 7 (76)

(Ardı var)

 





16.04.2019    çap et  çap et