525.Az

Və Notr-Dam yandı... - Pərvin yazır


 

Və Notr-Dam yandı... - <b style="color:red">Pərvin yazır </b>

Ötən gün Paris Notr-Dam kilsəsi yandı. Kilsənin ən uca nöqtəsindən başlayan yanğın 9 saat çəkdi və tüstüsü - xəbəri hər yana yayıldı...

Bir az dərinə gedək. Deməli, Avropanın mərkəzində, dünyanın texnika ilə ibtidailiyə meydan oxuduğu zamanda, sürət əsrində, balaca bir küçüyün də məsuliyyətinin daşındığı, hər daşın öpüb göz üstünə qoyulduğu bir vaxtda yüz-yüz illərdir, nələrdən-nələrdən keçmiş - ən azı iki dünya müharibəsi ötüşdürmüş abidə yanıb heç oldu. Yəni doğrudanmı dünya Notr-Dam de Parini qorumaq, yanğını zamanında söndürmək gücündə deyil?! Stanislavski demiş - İNANMIRAM! Yəni real baxanda inanmıram. Dərinə gedəndə, ya da ayaqları yerdən azacıq üzəndə, kiçicik bir qanad çalıb yanğına - hadisəyə doğru qalxanda çox şeylər aydın olur. Aydın olur ki, həyat, zaman heç də yer qanunları ilə idarə edilmir. Və yerdəkilər o gözəgörünməz qanunları, yazılmamış qaydaları unudanda yuxarıdakılar onları silkələməli olurlar. Dünya ruhsuzlaşa-ruhsuzlaşa gedir, zaman müqəddəs nə varsa, hamısından imtina edir, hər şey maddi şəkil, hətta eybəcər forma alır. Və yuxarıdakılar baxıb deyirlər - neynirsiz ki, kilsəni?!  Əlbəttə, mən bütün real səbəblərin fərqindəyəm və heç bir şəkildə Dərvişin Parisi partlatmasına inana bilmərəm... Amma dəqiq bilirəm ki, burda mistika da olmamış deyil. Və bu hadisənin haqqında düşündürən həm də Parisin illərdir formalaşan obrazı, xarakteridir.

Qəribədir, Notr-Damın yandığını biləndə hər şeydən əvvəl Hüqo yada düşdü və Hüqodan başlayan siyahı Nazım Hikmətdən, Mirzə Fətəli Axundzadədən, Əbdürrəhim bəy Haqverdiyevdən keçib bu günə gəldi. Sosial şəbəkələrə... Mopasanın nifrət etdiyi Eyfel indi azadlıq simvoluna, sevgi abidəsinə çevrilib. Sadəcə, internet məkanında "Eyfel" sözünü axtarışa vermək kifayətdir ki, əl-ələ tutmuş sevgililərin cəngində olan "dəmir-metal konstruksiyanı" görəsən. Bu qəribə ifadə ilə Eyfeli aşağılamaq niyyətim yoxdur. Sadəcə, sevgi və əl-ələ tutmaq varsa, bütün gözəlliklər və abidələr dəmir-metal konstruksiyaya dönür. Amma insafən deyək ki, bu sevgililərə qucaq açan və onlarda azadlıq ovqatını yaradan Parisdir axı... Hə, ona görə də Mirzə Fətəlinin oxumaq - buxovlardan azad olmaq və nişanlısına incə örpəklər gətirmək istəyən Şahbazı Parisə can atırdı... Hələ Əbdürrəhim bəy Haqverdiyevin qəhrəmanı Parisin kafeşantanlarının, ordakı madam-madmuazellərin həsrətiylə alışıb yanır, göz yaşı içində xatirələrini danışırdı və dostu Şamil birdən oxumağa başlayırdı: "Mənimçün elə bura da yaxşıdır, bura da gözəldir... Ya gərək sevəsən, ya da seviləsən. Sevgi olan yerdə həyat da gözəldir..." Bu, sadədən sadə ifadələrdə dərin həyat həqiqətləri var... Hə, dünya sevgisizləşirsə, hər yer, hər şey mənasını itirir, hətta Paris Notr-Dam kilsəsi də. Ona görə yuxarıdakılar baxıb deyirlər - neynirsiz ki, kilsəni?! Bir vaxt ən ülvi, ən incə hisslərin məkanına çevrilmiş abidə yandı və bunu simvol kimi qəbul edəndə adamın ürəyi partlamağa gəlir. Axı, Hüqo nəhəngliyində sənətkarın buranı məkan seçməsi təsadüf ola bilməzdi. Hər şeyin müqəddəs olduğu yerdə qozbel Kvazimodo da sevə və gözəl Esmeraldo uğrunda mübarizə apara bilər... İndi isə Notr-Dam yandı və mən Nazım Hikməti düşünüb sənətin öncəgörüm "bacarığına" heyrət edirəm:

Related image

Henüz vakit varken, gülüm
Paris yanıp yıkılmadan,
henüz vakit varken, gülüm
yüreğim dalındayken henüz,
ben bir gece, şu Mayıs gecelerinden biri
Volter Rıhtımı'nda dayayıp seni duvara
öpmeliyim ağzından
sonra dönüp yüzümüzü Notrdam'a
çiçeğini seyretmeliyiz onun,
birden bana sarılmalısın, gülüm
korkudan, hayretten, sevinçten
ve de sessiz sessiz ağlamalısın,
yıldızlar da çisemeli
incecikten bir yağmurla karışarak.

Ürəyi xəstə şair öz vaxtının azlığından danışır əslində, sabaha ümidsizliyini bölüşür. Burda əsas olan  "ürəyim budağından qopmamış sevişək" ideyasıdır. Amma indi, son hadisələrin ovqatında bu şeir ayrı cür qavranır. Vaxt var ikən - Paris, Notr-Dam yanıb-yaxılmadan yaşamaq lazımdır... Notr-Dam yandı artıq, yaşamağa DAVAM! 

 





16.04.2019    çap et  çap et