525.Az

Məğlubluq kompleksi - Türkan Turan yazır


 

Məğlubluq kompleksi - <b style="color:red">Türkan Turan yazır </b>

Nə az-nə çox, düz 17 gündür dünyanın gözü Türkiyədədir. Məlum olduğu kimi, martın 31-də qardaş ölkədə bələdiyyə seçkiləri keçirilmişdi. Doğrudur, seçki ölkənin bütün ərazilərinə şamil olunmuşdu. Amma həmişə olduğu kimi, yenə bütün gözlər İstanbula dikilmişdi.

İstanbul Böyük Şəhər Bələdiyyəsi başqanlığına namizəd kimi rəqiblər Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu ilə Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırım idi. Gərgin mübarizədən sonra seçki başa çatdı. Ali Seçki Qurumu (YSK) Əkrəm İmamoğlunun 26 min səs fərqi ilə qalib gəldiyini açıqladı. O gündən bu yana şəhər uğrunda bir savaş açılıb, gəl görəsən. Ağız deyəni qulaq eşitmir! Qopan hay-küy qapıbir qonşudan gəlirmiş kimi sərhədin bu tayında eşidilir. Yox, bu, hələ hamısı deyil. AKP seçkinin nəticələrinə etiraz edib və bir çox rayonda səslər yenidən sayılıb. İndiyədək sayılma prosesi davam edir. Gərginlik isə bitmir ki, bitmir! Əkrəm İmamoğlu "Mandatımı verin" deyir, Binəli Yıldırım "Bu seçki mundar olub" söyləyir. Prosesləri yaxından izləyərkən maraqlı məqamlara şahid olursan. Tərəflərin üz cizgilərinə, davranışlarına, vücuduna, danışıq tərzlərinə fikir verəndə heyrətlənirsən. Birinin üzündə sakitlik müşahidə edilir, digərində gərginlik. Bir tərəf meydanlardan, insanların arasından çıxmır, digər tərəf seçkidən sonra görünməməyə çalışır. Biri danışanda səsi çağlayır, o birininki isə zorla eşidilir. Öz-özünə fikirləşirsən ki, gör, məğlubluq hissi insanı nə hala salır. Hansısa sənəd üzərində elan edilməsinə gərək yoxdur, qaçan gözlərdən, topuq vuran dildən, titrəyən səsdən özünü bəlli edir. Məqsədim siyasətdən yazmaq və ya Türkiyənin mövcud durumunu analiz etmək deyil. Məni maraqlandıran məğlubiyyət kompleksinin insana yaşatdıqlarıdır.

Təkcə siyasətdə yox, həyatımızın istənilən məqamında bu hissi avtomobil qəzası kimi bir-birimizə çırpılaraq yaşayırıq. Gah rulu çeviririk, gah əyləcə güc gəlirik, baş verməməsi üçün dirənirik, dirəndikcə çabalayır, çabaladıqca uçurumun dibinə düşürük. Çox vaxt hadisələr bu intervalla davam edir. Guya, yenilməkdənsə ölməyi üstün tutan insanlar yoxdur? Az olub, qadının sevgilisi tərəfdən məruz qaldığı xəyanətə görə intihar etməyi? Ya da, kişinin tərk edildikdən sonra özünü asaraq həyatına son qoymağına neçə dəfə şahid olmuşuq? Hansımız özümüzü çox sevdiyimiz insanların həyatına yüz illik çinar ağacı kimi bərkitməyə çalışmamışıq? Münasibətlərdə şir pozisiyasında olduğumuz halda, az olub, "gedərəm ha" sözünü eşidib pişiyə dönməyimiz? Yaxşı işimiz, ad-sanımız, dəbdəbəli həyat tərzimiz, tabeçiliyimizdə onlarla işçi olduğu halda, evdə arvadın qarşısında dizlərimizin tir-tir titrəməsi heç olmayıb? Əlbəttə olub! Çünki hamımızın dirəndiyi bir divar var: "Məğlub olmaq və itirmək" adlı kələ-kötür, boz, hündür divar...

Bu, dəhşətli kompleksdir. Biz yenilmək hissini yaşamamaq üçün nələrə göz yummuruq, İlahi! Riyakarlığa kor oluruq, sevgisizliyə susuruq, özümüzü yalana inandırırıq. Həyatımızı "üç meymun"un ürəyinə yükləyirik: görməmişik, eşitməmişik, bilmirik prinsipinə qüsursuz şəkildə əməl edirik. Nə olur olsun, bircə o hissi yaşamayaq deyə hər hoqqadan çıxırıq.

Başımıza sığal çəkib boynumuzdan vurmağa hazır olanlara söykənirik. İtirməyək deyə çalınan hər havaya oynamağa hazır oluruq. Uduzmaq hissi beyni bütün əzablardan daha çox incidir. İnsanın üzündə yazıq sima yaradır, acizləşdirir, gücsüz görkəm verir. Yaşadığımız ağrıların, problemlərin əksəriyyətinin səbəbi bundan qaynaqlanır.

Bax, münasibətlərimiz pozulanda da belə davranırıq. Hadisələr elə gətirir ki, vaxtı ilə bir baxış, ürək çırpıntısı ilə bağlandığımız insanların həyatına zəncirləsələr də, dözüb dayana bilməyəcək vəziyyətə gəlirik. Ayrılıq məqamı yetişir, havalanırıq, ağrı içində qalır, yerlə yeksan oluruq. Həmin bircə getməsin deyə ağılasığmayan hər şeyi reallaşdırmaq istəyirik. Bu münasibətlə o qədər dartışıb, çəkişirik ki, vücudumuzun sınıq-salxaq vəziyyətə düşdüyünü görə bilmirik. Ayılanda fərq edirik ki, təkcə bədənimiz yox, ruhumuz da şikəst qalıb. Bizi bu vəziyyətə qədər gətirib çıxardan səbəb qəbul etməyi bacarmamağımızdır.

İnsan alışqanlıqlarından əl çəkəcək qədər cəsarətli deyil. Hələ əgər bu işə xeyli enerji xərcləyibsə, üz çevirib getməyə ürəyi gəlmir. Yox olmağa, hər gün bir az tükənməyə razı olur, amma əl çəkmir. Çoxumuz beləyik. Hər şey bitir, amma biz ucundan tutub ucuzluğa getməyə davam edirik. Sevgi ölür, cəsədini özümüzlə aşağı-yuxarı daşıyırıq. İş qabiliyyətimizi itiririk, israrla üz-gözümüzə bulaşdıra-bulaşdıra əlləşməyə davam edirik. Çarəsiz, qayğılı ruh halına bürünürük. Vəziyyəti faciələşdirib dağ boyda edirik, gözümüz o qədər bağlı olur ki, axırda o dağın altında qalacağımızı da görə bilmirik. Özümüzü yaratdığımız labirintin, dolanbac yolların içərisinə atırıq. Bilinməzliyin ortasında var-gəl edirik. Halbuki qəbul etsək, hər şey qaydasına düşəcək. Amma bacarmırıq! Bu isə düyün düşmüş yumağı daha qarışıq hala salır. İstənmədiyimizi bilə-bilə cilddən-cildə giririk. Yenidən diqqət çəkək, bizi qəbul etsinlər deyə baş vurmadığımız axmaqlıq qalmır. Şəxsiyyətimizdə haçalanma da elə bu ərəfələrdə yaranır. Beləliklə, özümüzü həm gözdən, həm könüldən salırıq. Yıxılan xəyallarımızın yerinə daha tutarlılarını qoysaq, yenidən başlaya bilərik. Bunun üçün isə reallığı görə bilmək şərtdir. Qəbul etmək boyun əymək deyil, mövcud vəziyyətin şərtlərinə ağılla uya bilməkdir.

 





17.04.2019    çap et  çap et