525.Az

İlbər Ortaylı ilə tarix kimi qarışıq gün... - Fotolar


 

İlbər Ortaylı ilə tarix kimi qarışıq gün... - <b style="color:red">Fotolar </b>

Türkiyəli tarixçi alim, professor İlbər Ortaylını mən də sizin kimi əvvəlcə zövqünə, intellektinə güvəndiyim insanların söhbətlərindən, sonra məqalələrindən, sonra televiziya verilişlərində və internet kanallarındakı çıxışlarından tanımışam.

Onun türklüyə, türkçülüyə, ümumi Qafqaz tarixinə və bu tarixin içərisində yer alan (və əlbəttə ki, bir azərbaycanlı kimi ən çox diqqətimi çəkən) Azərbaycana olan özünəməxsus münasibəti mənim də marağıma səbəb olmuşdu. Heç unutmadığım fikirlərindən biri isə belədir: "Gördünüz ki, oxuduğunuz kitab sizi inandıra bilmir, bağlayıb atın kənara. Hər kitaba inanmayın, xüsusən də tarix kitablarına". 

Bir ay öncədən onun Azərbaycana gələcəyini eşidəndə həyəcanlanmışdım. Bütün dünyanın heyranlıqla dinlədiyi, kitablarını əl-əl gəzdirdiyi alimi canlı görmək, hələ qismət olsa, kitab imzalatdıra bilmək şansının yarana biləcəyinə isə sevinmişdim. Ətrafımdakı və sosial şəbəkədəki ajotajı müşahidə edəndə bu həyəcanı və sevinci yaşayan tək insan olmadığımın fərqinə vardım. Xüsusən, gənclər çox canfəşanlıq göstərir, onun yolunu böyük səbrsizliklə gözləyirdilər. Hə, dünyaca məşhur alim gəlirdi!  

Gənclərin sevgisi... 

Nəhayət, gəldi! Hələ də paytaxtımızda qonaqdır.

Oxucularıyla ilk görüşü Heydər Əliyev Mərkəzində keçirildi. Həmin görüşdə iştirak etmədim. Səhəri gün Bakı Kitab Mərkəzində növbəti görüşü və imza mərasimi keçiriləcəkdi. Mən də orda olacaqdım. Amma öncə ilk görüş haqqındakı təəssüratlarla maraqlanırdıq. Görüşün əsk-sədası, heyf ki, heç də ürəkaçıcı olmadı. İştirak edənlərin dediyinə görə, alim öncələrdə də dəfələrlə danışdıqlarını, az qala, hamımızın əzbərinə çevrildiyi mülahizələrini yenə də təkrarlayıb, Qafqaz tarixindən ümumi şəkildə bəhs edib. Bəlkə də, burda professorun günahı yoxdur, qoyulan mövzu elə imiş, ancaq yenə də görüş iştirakçılarının dediyinə görə, hoca heç suallara da doğru-düzgün cavab vermək istəmir, sanki danışmağa ərinirmiş. Necə deyərlər, mən də deyənlərin yalançısıyam. Bəlkə, kimlərsə razı qalmışdır, bəlkə də, narazı. Baxır kim hansı xəyallar və ümidlərlə bu görüşə hazırlaşırmış. Amma fakt odur ki, dünyaca məşhur alim burdadır və gəncliyimiz onu bu dərəcədə sevir.

Gəncliyin onu nə qədər sevdiyini öz gözlərimizlə aprelin 15-i Bakı Kitab Mərkəzində də gördük. Başlayaq elə ən əvvəldən...

Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi, "Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər" İctimai Birliyinin (TÜİB) təşkilatçılığı ilə Azərbaycana dəvət olunan görkəmli türkiyəli tarixçi alim, professor İlbər Ortaylı ilə görüşün həyəcanı hələ günün birinci yarısı, redaksiyadan başlamışdı. Qəzetimizin baş redaktoru Rəşad Məcid görüşlə bağlı geniş reportaj yazmağı tapşırmışdı. Görüşün saat 18:30-da olacağını bilsək də, Rəşad müəllim bir neçə dəfə xatırlatmaq ehtiyacı duymuşdu: "Vaxtından əvvəl gedin, orda adam çox olacaq, nəinki oturmağa yer tapmaq, heç içəri də keçə bilməyəcəksiz. Siz ən yaxşısı bir saat qabaqdan orda olun artıq". 

Düzü, bunu əvvəldən düşünsəm də, o qədər də tez getmək fikrim yox idi. Amma Rəşad müəllimin sözlərindən sonra həyəcanım daha da artdı. Doğru deyir, birdən yer tapmasam? Ona görə də redaksiyadan lap tez çıxıb Bakı Kitab Mərkəzinin yolunu tutdum.

Mən ora çatanda hələ vaxta bir saatdan da artıq qalırdı. Bəlkə də bu vaxta kimi yeganə görüş idi ki, nəinki gecikmək, hətta vaxtdan da xeyli tez gəlmişdim. Amma görünür, məndən də çox tələsənlər varmış.

Qapıdan içəri girərkən gördüyüm mənzərə bir anlıq ayaq saxlamağıma səbəb oldu. Geniş, işıqlı mərkəzin boş sahəsi, daha doğrusu, ikinci mərtəbəyə qalxan pilləkanların aşağısı artıq adamla dolu idi. Hamı kassaya yaxınlaşıb alimin ilk dəfədir Azərbaycan dilində çap olunan "Türklərin qızıl dövrü" kitabını alıb pilləkanın aşağısında yerini tuturdu. İçəri qısa nəzər salandan sonra mən də kitab alıb gözləməyə başladım. Adətimdir, çox insan olan yerdə ətrafa elə də baxmamağa çalışıram. Ona görə burada tanışların da olacağını bilsəm də, başımı qaldırıb kiməsə baxmağa həvəsim yox idi. Aram-aram əlimdəki kitabı vərəqləyirdim. Kitab mərkəzi isə heç zaman görmədiyi izdihama qucaq açmaqda davam edirdi. İnsanların sayı çoxaldıqca nisbətən kiçik salon daha da havasızlaşır, hər kəs pilləkana daha yaxın olmaq üçün bir-birini itələyirdi. Bir daha ürəyimdə "ax, növbə mədəniyyəti" deyə düşündüm.  

Tarixçi ilə görüşə bilməyən tarix tələbələri 

Pilləkanın ayrı-ayrı pillələrində dayanan nəzarətçilər İlbər hocanın kitabını yuxarı qaldırıb tez-tez elan edirdilər: "Dostlar, bu kitabın hər biri bir giriş biletidir. Bunu almayan yuxarı buraxılmayacaq". Bayaq da qeyd etdiyim kimi, mən onsuz da içəri girər-girməz kitabı almışdım. Amma həm mediada, həm də sosial şəbəkədə elanı yerləşdirərkən, bir nüans xüsusi vurğulanmışdı: "İlbər Ortaylı ilə görüş pulsuzdur!" Çoxu tələbə olan bu gənclər məhz bir az da bunun həvəsinə sevimli tarixçilərinin görüşünə gəlmişdilər.

Dediyimiz kimi, İlbər hocanı dinləməyə gələnlərin əksəriyyəti gənclər idi. Orta və yaşlı nəslin "kitab oxumurlar, elmə maraq göstərmirlər, zayları çıxıb" dedikləri o gənclər. Onların çoxu isə tarix fakültəsinin tələbələri idi. Tələbənin aldığı təqaüd hər kəsə məlumdur. Onların hər deyəndə kitab almağa imkanları olmur. Əvvəlcədən bu "möhtəşəm şərt" elan olunmadığından hazırlıqsız gələnlər də vardı. Deməli, İlbər Ortaylını ən çox dinləməli olan tarix fakültəsi tələbələri gəldiyi kimi də geri qayıtmağa məcbur idilər.   

"Qafqaz bizim üçün bir tarixdir"  

Bu ətrafda söhbəti çox uzatmağa gərək yoxdur. Keçək görüşə...

Ayaqüstündəki uzun gözləmələrdən sonra nəhayət, alqış sədaları altında İlbər Ortaylı göründü. Üzündən həm yorğun, həm də bu "kalabalık"dan məmnun görünən hoca onun üçün ayrılmış kresloda yerini rahatladıqdan sonra Bakı Kitab Mərkəzinin direktoru, yazıçı Günel Anarqızı mikrofon qarşısına keçdi. İnsanların, xüsusən gənclərin elmə, kitaba, alimə bu qədər maraq göstərməyindən məmnunluq duyduğunu deyən Günel xanım, "Tarixlə üz-üzə" layihəsi çərçivəsində keçirilən bu görüşü gənclərin, tarix həvəskarlarının şansı kimi dəyərləndirdi.

Daha sonra Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral həm qonağı, həm də gəncləri salamladı. O da gördüyü mənzərədən çox məmnun idi.

Görünürdü ki, hər kəs bu izdihamın səbəbkarı İlbər Ortaylının çıxışını gözləyir. Nəhayət, söz ona verildi. Alim də bu diqqətə və sevgiyə görə hər kəsə təşəkkür etdi. Türklərin tarixi keçmişi, bu tarixdə azərbaycanlıların izi haqqında danışdı. Dedi ki, Qafqaz bizim üçün bir tarixdir. Qısa şəkildə Qafqazın keşməkeşli tarixini xatırlayan alim bunları birbaşa şəkildə yaşamış, dəfələrlə işğallara məruz qalsa da, heç zaman öz türklüyündən zərrə də olsun itirməyən Azərbaycanın Qafqazda hazırki mövqeyini vurğuladı.

"Dünyada eyni dili danışanlar eyni yerdə yaşamasalar da mənən, ruhən birdirlər", - deyən professor İlbər Ortaylı Azərbaycan və Türkiyə qardaşlığını bir daha qürurla xatırlatdı, burada özünü heç zaman yad hiss etmədiyini dedi.

Qısa çıxışdan sonra növbə imza mərasiminə çatdı. Qonaq imza üçün ayrılmış guşəyə keçərkən yenidən zalda bir xaos yarandı. Hər kəs həmin guşəyə tez çatmaq, alimin imzasını daha tez əldə etmək üçün yarışa girmişdi sanki. Tünlüyə baxanda insan ora nə vaxtsa gedib çata biləcəyinə ümidlərini itirirdi.

Tələsmədən qonaqlara göz yetirdim. "Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər" İctimai Birliyinin (TÜİB) sədri Hüseyn Büyükfırat, millət vəkili Musa Qasımlı, Xalq yazıçısı Anar da onların arasında idilər.

Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri İrfan Çiftçini hələ tədbir başlamazdan görmüşdüm. Yaxınlaşdım, salamlaşdıq. Ətrafındakılara İlbər Ortaylının elmindən, dəyərindən bəhs edirdi. Söhbətlərindən az-çox mən də eşitdim. Onu dinlərkən bir tərəfdən də İrfan bəyin həm Türkiyə, həm də Azərbaycan mədəniyyəti, elmi, ədəbiyyatı üçün gördüyü işləri yada salıb necə də ürəklə, bitməyən enerjisi ilə çalışdığını düşünürdüm. O, hər iki xalqı eyni məhəbbətlə sevən, mənim gördüyüm çox az insanlardandır.  

"Hocam, tarih de mi böyle karışık?" 

İzdiham azalmaq yerinə daha da artırdı, "üfüqdə" isə İlbər Ortaylı görünmürdü. Görüşün belə qısa çəkməsinə, türklər demiş "direk" imza mərasiminə keçilməsinə üzülmüşdüm, əslində. Ona verəcəyim suallar vardı. Urartululardan, Qafqazda İslam tarixindən, dilin ədəbiyyatdakı "təzahüründən" və sair. Amma heç birini soruşa bilmədim. Ümid imzalı kitabına qalmışdı. Jurnalist həmkarlarımla birgə tünlüyün içərisində addım-addım irəliləyərək düz bir saatdan sonra İlbər Ortaylıya "ulaşa" bildik. O, tələsik kitaba imza atarkən, adımı yazmasını xahiş etdim.

- İsmin ne?

- Şahanə.

Hər kəsin, xüsusən, türklərin adımı eşidərkən göstərdiyi ilk reaksiyanı tarixçi alim də "iki daşın arasında" göstərmək imkanı tapdı:

- Şahane? Ooo... güzel...

- Hocam, tarih de mi böyle karışık?

- Çok daha fazlası, kızım...

Bu qısa dialoqdan sonra imzalı kitabımı da götürüb çıxışa doğru getdim. Bütün çətinliklərinə, narazılıqlarımıza baxmayaraq, gözəl və tarixi gün idi. Tarix qoxulu gün...

Şübhəsiz ki, bu cür izdihamlı imza günü bizim üçün ilk idi. İlklərdəki çatışmazlıqlar isə təbiidir. Bütün hallarda bizi belə bir əfsanəvi şəxslə görüşdürdüklərinə görə təşkilatçılara və Bakı Kitab Mərkəzinə təşəkkür edirik!

 





17.04.2019    çap et  çap et