525.Az

İlbər Ortaylı: "Postsovet ölkələrindən olan türk gənclər daha savadlı, daha mütaliəlidirlər" - Fotolar


 

DÜNYA ŞÖHRƏTLİ TARİXÇİ ALİM İLBƏR ORTAYLININ İMZA GÜNÜNDƏN REPORTAJ

İlbər Ortaylı: "Postsovet ölkələrindən olan türk gənclər daha savadlı, daha mütaliəlidirlər" - <b style="color:red">Fotolar</b>

Türkiyənin dünya şöhrətli tarixçisi İlbər Ortaylının Bakıya gələcəyini biləndə çox sevinmişdim. Heydər Əliyev Mərkəzində baş tutan mühazirəsində təəssüf ki, iştirak edə bilməmişdim. Ona görə də imza gününə mütləq getməliydim. Bundan başqa, aprelin 14-də Cem Adrian beş il aradan sonra ikinci dəfə  Azərbaycana gəlmişdi. Heç cür alınmamışdı konsertə getməyim. Əvəzini bununla çıxmalıydım...

Görüşün keçirildiyi Bakı Kitab Mərkəzinə çatanda gözlərimə inanmadım. Kitabla bağlı tədbirə bu qədər adamın toplaşması əlahiddə vəziyyət idi. Təxminən iki saat qabaq gəlsəm də, artıq mərkəzin salonu dolmuşdu. Bir ucdan da hey gəlirdilər...

Giriş bileti olan kitabı alıb bir kənara çəkildim. Tanış üzlər gözə dəysə də, bu qədər izdihamın içərisində bir yerə toplaşmaq mümkünsüz görünürdü. İmza mərasiminin başlamasına hələ çox qalırdı. Ona görə də hədsiz səs-küyə rəğmən kitabı vərəqləməyə başladım. Türk tarixi araşdırmaçıları arasında ən məşhuru, öyüb-öyüb bitirə bilmədiyimiz, Azərbaycana həmişə məxsusi diqqət, sevgiylə yanaşan İlbər Ortaylı türklərin qızıl dövründən danışırdı kitabda. Təsadüfi bir səhifəni açıb oxuyuram: "... Kimlik bir cəmiyyətin tarix boyu qət etdiyi yol nəticəsində meydana çıxır. Tarixdə qət etdikləri yol baxımından üzərinə ağır yük götürmüş kimliklər var. Türklük də bunlardan biridir. Rus və ərəb kimliyi də bu cür kimliklərdəndir. Bunu yaradan tarix və coğrafiyadır və bunun qarşısını almaq mümkün deyil. Din və dil amilləri bu intişar prosesində xüsusi əhəmiyyətə malikdir. Bunun xalis romalılıq kimi bir təşəkkül prosesi olmadığını bildirməliyik. Hərçənd ki, biz də tariximizin XII əsrdəki mərhələsində rumi (romalılar) ortaq kimliyini mənimsədik. Kimliyin təşəkkülü, tarixin içində əldə etdiyi dəyişikliklər var. Bir də o kimliyin qeydə alınması var. Bunları bir-birindən açıq şəkildə ayırmaq lazımdır..."

... Salonda adam sayı artdıqca uğultu da çoxalır, mütaliəni mümkünsüz edirdi. Kitabı örtüb ətrafa göz gəzdirdim. Hərə öz aləmindəydi. İki gənc, çox güman tələbə oğlan tarix barədə mübahisə edirdi. Mövzu Çaldıran döyüşüydü...

... Hərə əlində bir telefon düşüb İnstaqramın canına. "Stori"lər, "canlı yayım"lar, "bumeranq"lar "göydə uçuşur". Bu saydıqlarım son illərin trendinə oturmuş "selfi"nin də "papuçunu dama atıb", türklər demiş. Aşırı İnstaqram dozasından komaya düşəcəm belə getsə. Sıxlığın yaratdığı ləngliklə çətin də olsa, ikinci mərtəbəyə qalxa bilirik. Burada da az adam yoxdur. Bütün yerlər, hətta pilləkənlər, eyvanlar tutulub. Boş olan təkcə protokol yerləri, bir də ortada qoyulan iri, məxməri kreslodur...

... Nəhayət, kiminsə sevincək qışqırığı eşidilir:

- Gəlir!

Başlar geri çevrilir, fotoqraflar qaçışır, izdihamın arasından daha bir İnstaqram dalğası keçir. Yenə çökməsə yaxşıdır şəbəkə...

Böyük tarixçi başının dəstəsiylə təşrif buyurur. İzdiham ləngərlənir, uğuldayır, böyük coşğuyla İlbər Ortaylını qarşılayır hamı.

Qonaqlar arasında Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, səfirliyin mədəniyyət və tanıtma müşaviri, yazıçı İrfan Çiftçi, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Milli Məclisin deputatı Musa Qasımlı da var.

Hər kəs yerbəyer olandan sonra ətrafa sükut çökür, ən azı, 500 cüt göz İlbər Ortaylını izləyir, onun bircə hərəkətini də qaçırmamağa çalışır.

Tədbiri giriş sözü ilə Bakı Kitab Mərkəzinin direktoru, yazıçı Günel Anarqızı açdı. İlbər Ortaylının türk, eləcə də dünya elmində oynadığı roldan bəhs edən çıxışçı alimi rəhbəri olduğu mərkəzdə qonaq etməkdən qürur duyduqlarını vurğuladı.

Sonra Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral danışdı. Səfir həmyerlisinin bu qədər böyük qələbəliklə qarşılanmasından duyduğu sevinci izhar etdi. Bildirdi ki, İlbər Ortaylı sadəcə, Türkiyənin yox, bütün dünyanın ən önəmli tarixçilərindəndir: "Yazdığı bütün əsərlərdə böyük bir bilgəlik, böyük düha açıq-aşkar görünür".

"Belə bir alimin, tarixçinin yanında uzun danışmaq olmaz. Üstəlik, onun tələbəsisənsə" - deyən səfir üzünü İlbər Ortaylıya tutdu: "Hocam, dünəndən bəri gördüyünüz bu diqqət sizə olan sevginin, hörmətin açıq-aşkar göstəricisidir. Lütf edib gəldiyiniz üçün sizə təşəkkür edirəm". 

Sonra söz İlbər Ortaylıya verildi. Azərbaycanda olmasından sevinc duyduğunu bildirən alim təhsilin milli kimliyimizin formalaşmasındakı rolundan söz açdı. "Təhsil müəssisələrimizi davamlı islah etmək, inkişaf etdirmək məcburiyyətindəyik. Bunu iki əsas səbəbi var. Əvvəla, əhalinin sayı artır, bu say çoxluğunu qarşılaya bilmək üçün. Türk dünyası say cəhətdən genişlənməkdədir. Bir çox inkişaf etmiş ölkələrdə əhalinin sayı artıq, durğundur, yaxud azalmaya doğru gedir. Ən azından hesablanmış, balanslı şəkildə yürüdülür bu siyasət. Amma bizdə əksinədir. Ona görə də siz "dörd uşaq", filan deyənə baxmayın. İki-üç uşaq da yetərlidir. Əgər bu cür olsa, sayımız da normal sayda artar və gələcəkdə demoqrafik partlayış, yaxud aclıq təhlükəsilə üzləşmərik. Bundan başqa,  Türkiyənin əhalisinin əksəriyyəti gənclərdir. Onlara mükəmməl təhsil verməli, sonra işlə təmin etməliyik. Bir məsələ də var ki, türklərin dünyada yayılma arealı genişdir. Başqa ölkələrə axın yüksəkdir. Əlbəttə, belə olmasını istəməzdik. Amma fakt faktlığında qalır. Biz istəsək də-istəməsək də, hələ ki, bunun qarşısını ala bilmirik. Onlar təmizlik işi də görürlər, limanda fəhlə də işləyirlər, həkim də olurlar. Üstəlik, ən yaxşı həkim olurlar. Akademik sahələrdən tutmuş siyasətə qədər yayılan, postsovet ölkələri vətəndaşları, İran azərbaycanlıları, ərəb ölkələrinə üz tutan soydaşlarımız... Bu saydıqlarım bir çox sahədə uğur qazanırlar, gecə-gündüz çalışırlar, amma bir şeyi bacarmırlar - yaşamağı. Əlbəttə, heç kim sizə bütün günü gəzin, gecələr barda, meyxanada vaxt keçirin demir. Yaşamaq bu deyil. Amma bizimkilərin etdiyi kimi qovhaqovda olmaq, nələrsə qazanmaq yolunda dünyanı unutmaq da yaşamaq deyil. Bəzi şeyləri çox yaxşı bilmək məcburiyyətindəyik. Bu siyahının başında gəldiyimiz ölkənin tarixini, mədəniyyətini bilmək, dünyanı anlamaq gəlir. Postsovet ölkələrindən olan türk gənclər daha savadlı, daha mütaliəlidirlər. Ola bilsin, müasir tibb elminin ən son yeniliklərindən xəbərdar deyillər, amma coğrafiyadan, riyaziyyatdan, fizikadan, anatomiyadan anlayışları var. Bunlar çox önəmlidir. Bir xususiyyətləri də xoşuma gəlir, mütləq və mütləq böyük ölçüdə Vətən anlayışına, mənsub olduqları dil qrupuna çox sadiqdirlər, irqçi deyillər, başqa millətlərlə yaxşı keçinirlər. Bununla yanaşı, öz milli kimliklərinə hakimdirlər. Bu mövzularda bizim Anadolu türklərinə yaxşı örnək ola bilərlər. Yeni dünyada yaşayırıq, yeni problemlərlə qarşılaşırıq. Bütün bunlara birlikdə sinə gərməliyik. Dünyanı tanımaq, tarixi bilmək, öyrənmək məcburiyyətindəsiniz. Çünki sizi rahat buraxmayacaqlar, həftə səkkiz mən doqquz qarşınıza yeni iddia atacaqlar. Bunlara cavab verə bilməlisiniz. Getdiyiniz hər yerdə assimilyasiya ola bilməyəcəksiniz. Çünki sayımız çoxdur. Sayca çox olan millətlərin haradasa tamamilə əriyib getməsi mümkün deyil. Bir məsələ də var ki, türklər çox dindar olmasalar belə, dinə sadiqdirlər. Dillərinə, türklüklərinə böyük önəm verirlər. Bütün bu sadaladıqlarımdan dolayı biz özümüzü tanımalıyıq, buna məcburuq. Bu yolda işimizi asanlaşdırmaq, bələdçilik etmək üçün kitab yazdım. Burada olmağımın səbəbi də elə həmin kitabdır".

Alim təəccübünü və sevincini də gizlətmədi: "İmza gününə bu qədər qələbəlik şəkildə gəldiyiniz, saatlarla məni gözlədiyiniz üçün çox minnətdaram".

İmza mərasimi çox uzun çəkdi. Dəqiqələr, saatlara çevriləndə qarşımda onu gördüm. Türk dünyasının ən böyük tarixçisini. Texniki problemlərdən dolayı şəklimiz alınmadı. Amma İlbər Ortaylının cəmi yeddi dəqiqə yarımlıq çıxışında çox şey öyrəndim. Bu qədər məlumatı, analizi, arayışı kiçicik çıxışa sığdırması belə onun dühasından xəbər verir. İlbər Ortaylı çapında alimi canlı görmək, onunla rastlaşmaq, sözlərinə qulaq asmaq özünü, az da olsa, oxumuş hesab edən, dünyanı dəyişə biləcəyinə inanan kəsim üçün lütfdür.

 





17.04.2019    çap et  çap et