525.Az

Ana - Leyla Camal yazır


 

Ana - <b style="color:red">Leyla Camal yazır </b>

Bir il daha ötdü. Sənsiz keçən bir il daha tükəndi ömrümdən. Yoxluğunla qarşıladığım on üçüncü bahar cəhənnəmin on üçüncü qapısıdır sanki. Qocaman dünyada təkbaşına, yalqız qalmışam. Ətrafım insanlarla dolu, mənsə sənli xatirələrlə. Nə övlad, nə yar dərdimə dərman olur, ana. Onlar sənin kimi sağalda bilmir yaralarımı. Sənin kimi kimsə əzizləyə bilmir, oxşaya bilmir saçlarımı. Sol yanımdakı boşluq heç nəylə dolmur. Hər açılan səhər cəhənnəm carçısıdır elə bil. Hər düşən gecə səni yuxuda görmək ümidilə dan yerini sökür. Daha yuxularıma da gəlmirsən. Küsmüsən bəlkə də.

Hər doğan günəş yaramın qabıqlarını qurutmaq yerinə duz basır. Yox, yox, unutmaq istəmirəm. Fəqət, heçmi dinməz bu ağrı? Niyə çarəsi yoxdur bu dərdin? Niyə azalmır çiynimdəki yük? Niyə yas dediyin qırx gün deyil, on üç ildir davam edir? Gücümümü sınayırsan? Yoxsa sevgimi?

Məni buralarda təkbaşına buraxdığınamı yanım? Soyuq daşla monoloqumamı? Çoxmu çətindir suallarım? Axı sən sevərdin söhbət etməyi. Dolğun cavabların, gülər üzün, mehriban davranışların, indi niyə yoxdur, ana?

Sən arxamda böyük bir çinardın. O tabuta necə sığdın? Niyə inləmədi yer göy, niyə daşmadı dənizlər? Zamansız gedişin bükdü belimi. Mən dərdimi kimə söyləyim, ana? Ciyərim elə sızlayır ki, kaş ki ömürdən pay vermək mümkün olsaydı.

Sən getdin, arxanca getdi gəncliyim. Hər şey mənasını itirdi. Qapqara geyindi bütün cahan. Yasıma sayğıdanmı, yoxsa kədərdənmi günəş şəfəqlərini gizlətdi. Ay utancaq baxışlarla zifiri buludların arxasından boylandı. Ulduzlar tək-tək yox olmağa başladı.

O gün, aramsız yağan yağışlar on üç ildir yerini gözlərimə verib. Buludlarla yarışıram sanki. Bir dolub bir boşalan təkcə gözlərim deyil. Bir də ürəyimi görsən. Yoxluğun çox yandırır içimi. Sənsiz qalanan on üçüncü Novruz tonqalı. İçimdə ərşə qalxan alovun yanında şam işığıdır.

Eşitdiyim hər "ana" kəlməsi ürəyimdə açılan bir yaradır. Bilsən ürəyim necə dağlanır. Sağalmamış yaralarla doludur bütün varlığım. Səninlə getdi gülüşlərim, sevinclərim. Səninlə yox oldu xoşbəxtlik ümidlərim. Bu bir az çox olmadımı ana? Daha ağır cəza varmı görəsən? Yoxluğun kor bir yanğın parçasıdır. Dəydiyi hər yeri kül edir. Od sadəcə düşdüyü yeri yandırmadı ana. Od həyatımızı xarabalığa döndərdi. Ayaqlarının altı cənnət deyilmiydi? Qıymadınmı bizə ordan bir parça? Övladlarını cəhənnəmə tərk edəcək qədər küsdünmü bizə?

Səsin qulağımdadır amma üzünü deyəsən unuduram. Bunu yaşamaq istəmirəm. Üzünü unutduğum gün dünya başıma yıxılacaq, ana.

Olsun, sən cavab verməsən də, səsimi eşitdiyini bilirəm. Sevincimi, kədərimi səninlə bölüşmək məni rahatladır. Amma bəzən bir ağırlıq hiss edirəm. Gülümsəyərək boylandığın o məzar daşından sanki nəyəsə acıqlanırsan. Yenə danlayırsan məni bəlkə də, yenə nədənsə şikayətçisən.

Bugün geriyə çevrilib baxanda hər şeyimi sənə borcluyam ana. Sərtliyindən, soyuqluğundan, qəddarlığından şikayətlənsəm də, bu tərtəmiz həyatımın memarı sənsən. Sən bizim etalonumuz, sən bizim and yerimizsən. Hər kəsdən qaçıb qoynunda dincəlirəm. Qoynun necə soyuqdur, ana.

Nəfəsinə həsrət qalmışam. Dizinə baş qoya bilmək üçün ömrümün geri qalanını verməyə hazıram. Yetər ki, bircə dəfə sarılım sənə. Sənsiz o qədər darıxmışam ki, hər qapı döyüşü, hər telefon zəngi bir az daha ümidləndirir məni. Fəqət, xəyallarım yenə qırılır, ümidlərim suya düşür. Yabancı səs, yad simalar. Bir gəlmək bilmədin ana. Bu yolun nə yaman sonsuz oldu. Geri dönüşü olmayan bir çıxmazdasan sanki. Heçmi darıxmırsan bizsiz? Mənim burnumun dirəyi sızlayır. Kimsə sən kimi qoxumur ana. Göz qapaqlarımın üstünə çökmüş buludlar mənə ağırlıq edir. Elə borc qoyub getdin ki mənə, ömrümün sonuna qədər çiyinlərimdən enməyəcək. Dərdim şamdır, mənsə pərvanə. Qovuşmaq ehtimalımız mümkünsüzdür.

Mən də anayam artıq. Hər "ana" səslənişinə "can" desəm də, gözüm səni axtarır. O qədər darıxmışam "ana" demək üçün. Tənqidlərin üçün belə darıxmışam.

Səndən öyrəndim mən yıxılarkən qalxa bilməyi. Səndən öyrəndim dəli küləklərlə savaşmağı, güclü olmağı. Səndən öyrəndim qeyrəti, namusu, iffəti. Səndən öyrəndim vicdanı, mərhəməti. Sənin görmək istədiyin qadınam indi. Mənsə sənin şıltaq dəcəl qızın olmaq istəyirəm. Səninlə danışmaq, qoynunda yuxuya getmək, səhəri birgə açmaq istəyirəm. Səni yanımda istəyirəm ana. Sənə nə qədər ehtiyacım olduğunu bilsən, yoxluğundan utanarsan. Yoxluğunu qəbullanmadım heç bir zaman. Sən mənim üçün hər zaman yaşayacaq varlıqsan.

Sənsiz qeyd etdiyimiz on üçüncü ad günündür. Arxanca sürünən dörd qəlb var indi, "ana" demək üçün yanıb tutuşan dörd ürək. Bir qanadımız elə hey qırıq qaldı, ana. Yoxluğun sənə heç yaraşmadı. Səsinlə, gülüşünlə dolardı dörd bir yanımız. İndi yoxluğunun sükutu qulaq deşir.

Pozsan bu orucu, oxunsa azan. İftar vaxtına yaxın susayar ha insan, yoxluğun o cür yandırır bizi. Söyləsənə, nə vaxt oxunar burda azan?

Doğum günün mübarək, ana! Bir gün bir yerlərdə qovuşmaq ümidilə...

 





17.04.2019    çap et  çap et