525.Az

Xamenei: "ABŞ-ın SEPAH əleyhinə atdığı addım çirkli addımdır"


 

Xamenei: "ABŞ-ın SEPAH əleyhinə atdığı addım çirkli addımdır"<b style="color:red"></b>

İranın ali dini lideri Ayətullah Seyid Əli Xamenei bu gün İran İslam Respublikası Ordusu Günü ərəfəsində ordu komandanlarından, nümunəvi hərbi kadrlardan, Bəsic Təşkilatının kiçik şəhərlərdəki nümayəndəliklərinin üzvlərindən, habelə hərbçilərin ailə üzvlərindən bir qrupu ilə görüşüb.

ONA-nın Tehran bürosunun məlumatına görə, Ayətullah Xamenei ABŞ-ın İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) əleyhinə atdığı addımı “çirkli addım” adlandırıb və bildirib ki,  düşməni əsəbləşdirən hər bir iş yaxşı və düzgün işdir: “Azadlıq və insan haqları iddiasında olan bir çox ölkələrdə silahlı qüvvələr diktatorların güc ünsürü və xalqa qarşı bir vasitədir.  Lakin İran İslam Respublikasında Silahlı Qüvvələr xalq üçün etibarlı hasar kimidir. Silahlı Qüvvələrimiz  müharibə zamanı  düşmən qarşısında  elmi, təcrübəsi və fədakarlığı ilə sinəsini sipər edir və düşməni geri otuzdurur.  Sülh zamanı tam hazırlığı ilə  xalqın  sabitliyini təmin edir.  Bu səbəbdəndir ki, düşmənlər silahlı qüvvələri qorxaq göstərməklə xalqın sabitliyini pozmağa çalışır”.

Ayətullah Xamenei bildirib ki, əgər İran ordusu və SEPAH  İŞİD-lə mübarizəyə qoşulmasaydı, bu gün region ölkələrinin durumu yaxşı olmayacaqdı: “Əlbəttə, terrorçularla mübarizədə həmin ölkələr özləri də mübarizə apardı və lazimi addımları atdı, lakin  İran Silahlı Qüvvələrinin rolu  danılmazdır”.

ABŞ-ın İran əleyhinə  əsassız sözlərinin məqsədinin  ictimai ruhu zəiflətmək olduğunu bildirən Ayətullah Xamenei qeyd edib ki,  ABŞ-ın milyardlarla dollar borcu var: “ABŞ müxtəlif bölgələrdə baş vermiş tufan və seldən  bir neçə il keçməsinə baxmayaraq, hələ də oradakı problemləri həll və kompensasiya edə bilməyib, lakin  İran xalqının ruhunu zəfilətmək üçün boşboğazlıq edir”.

 





17.04.2019    çap et  çap et