525.Az

Mediasiya xidməti sayəsində 300 ailə nikahın pozulmasından imtina edib


 

Mediasiya xidməti sayəsində 300 ailə nikahın pozulmasından imtina edib<b style="color:red"></b>

Ədliyyə Nazirliyində mediasiya institutunun tətbiqinə dair dəyirmi masa keçirilib.

ONA-nın xəbərinə görə, nazirliyin və Mətbuat Şurasının rəhbər şəxslərinin, ədliyyə naziri yanında İctimai Komitə üzvlərinin, vətəndaş cəmiyyəti, media nümayəndələrinin, vəkil və psixoloqların iştirakı ilə keçirilən tədbirdə mübahisələrin məhkəmədən kənar həllində mediasiyanın rolu, bununla bağlı qəbul olunmuş "Mediasiya haqqında" yeni qanunun mahiyyəti və əhəmiyyəti, həyata keçirilən tədbirlər və layihələr, bu sahədə beynəlxalq təcrübədən irəli gələn məsələlər barədə fikir mübadiləsi aparılıb.

Bildirilib ki, mediasiya institutu mülki işlər və iqtisadi, ailə, əmək və inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəməyə getmədən tərəflərin qarşılıqlı razılığı ilə həlli məqsədi daşıyır. Həmin institut hazırda bir çox inkişaf etmiş ölkələrdə geniş tətbiq olunur. Ölkəmizdə də mediasiya institutunun yaradılması gündəlikdə olub, bu məqsədlə ötən dövrdə bir sıra addımlar atılıb, o cümlədən beynəlxalq təcrübə öyrənilib və Azərbaycan üçün potensial mediasiya modelinə dair təkliflər hazırlanıb.

Çıxışlarda "Mediasiya haqqında" qanundan irəli gələn məsələlərdən, bu sahədə beynəlxalq təcrübədən danışılıb.

Məlumat verilib ki, ötən dövrdə ailə institutunun inkişafına və nikah münasibətlərinin möhkəmlənməsinə dəstək verilməsi, nikahın pozulması hallarının mümkün qədər qarşısının alınması məqsədilə mediasiya xidmətinin göstərilməsinə dair vətəndaş cəmiyyəti institutları ilə birgə layihələr həyata keçirilib. Bakı şəhərinin rayon və “ASAN xidmət" mərkəzlərindəki qeydiyyat şöbələrində bu xidmətlərə müraciət edənlərdən 1900-dən çox şəxs psixoloqla söhbətə cəlb olunub və onlardan 300-ə yaxın ailə nikahın pozulmasından imtina edib.

Tədbirdə mediasiyanın düzgün və səmərəli tətbiqinin həm də məhkəmələrdə iş yükünün xeyli azalmasına səbəb olacağı vurğulanıb, mövzu ətrafında faydalı diskussiyalar keçirilib, bir sıra təkliflər səsləndirilib.

 





17.04.2019    çap et  çap et