525.Az

"Anlamaq dərdi"ni anlamaq dərdi - Cahangir Məmmədli yazır


 

"Anlamaq dərdi"ni anlamaq dərdi - <b style="color:red">Cahangir Məmmədli yazır </b>

Azərbaycanın əksər klassik maarifçi-ziyalıları xalqı, milləti qəflət yuxusundan oyatmaq, millətə xidmət edən estetik ideallarını gerçəkləşdirmək üçün ədəbi yaradıcılığın çoxçeşidli növlərindən yetərincə istifadə etmişlər.

Bu mənada Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli, Məhəmməd Əmin Rəsulzadə, Rəsul Rza, İlyas Əfəndiyev və başqa yaradıcı ziyalıları xatırlamaq kifayətdir. Onlar haçansa yaradıcılığa, məsələn, yazıçı kimi başlayır, daha sonra millətə çatımlı dramaturgiyaya, publisistikaya, jurnalistikaya keçidlər edir və qarşıya bir məqsəd qoyurlar: yaradıcılığın hansı istiqamətində olursa-olsun təki öz ideallarını cəmiyyətə çatdıra bilsinlər. Müasir Azərbaycanın yaradıcı ziyalılarının içərisində də maarifçiliyin və maarifçilərimizin bu klassik ənənələrini ustadcasına davam etdirən yaradıcı şəxsiyyətlərimiz çoxdur. Bu sırada Anar və Elçini ayrıca qeyd etmək gərəkdir. Hər iki ziyalı yaradıcılığa yazıçı kimi başlamış, az sonra publisist, dramaturq, kino xadimi, tədqiqatçı kimi də millətə misilsiz xidmət göstərmiş və göstərməkdədirlər.

Mən bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında" Sərəncamından sonra bir daha düşündüm. Biz jurnalistikamızın, mətbuatımızın, satiramızın və satirik mətbuatımızın, nəsrimizin, dramaturgiyamızın bu böyük korifeyini, necə tədqiq etmişik, onun haqqında həqiqəti deyə bilmişikmi? Bu suala "hə" cavabı verməkdə tərəddüd etmək insafsızlıq olardı. Çünki Cəlil Məmmədquluzadənin Abbas Zamanov, Əziz Şərif, Əziz Mirəhmədov, Nazim Axundov, İsa Həbibbəyli və başqa klassik və müasir tədqiqatçıları var ki, onlar mümkün qədər bu böyük millət fədaisinin yaradıcılığının xeyli tərəfini elmi dövriyyəyə gətirmişlər. Mən Cəlil Məmmədquluzadə yaradıcılığını özünün polifonik - çoxistiqamətli əsərləri ilə bizə təqdim etmiş Anarın adını yuxarıdakı ustad tədqiqatçıların sırasında xüsusi qeyd etmək istərdim. Çünki Anar C.Məmmədquluzadəni bu gün də maraqla tamaşa etdiyimiz "Qəm pəncərəsi" kimi fundamental bir filmdən tutmuş əsərlərinin biblioqrafiyasına ön söz yazmağa qədər böyük işlərlə geniş oxucu kütləsinə tanıdıb. Amma bunlar sonranın işidir, - Anar böyüyüb ustadlaşandan sonrakı illərin işidir. Bəs lap cavan vaxtında nə etdi Anar Mirzə Cəlil haqqında? Mən bu yerdə onun Mirzə Cəlilin şah əsəri olan "Molla Nəsrəddin" jurnalına sevgi dolu bir ürəklə qələmə aldığı "Molla Nəsrəddin-66" əsərini - sovetin qılıncının dalı-qabağı kəsən bir vaxtda Azərbaycanda Mirzə Cəlil obrazının bir az da artıq meydanda olduğunu göstərən bu əsərin də barəsində danışmıram. Mən Anarın lap cavan çağlarında - yenə də sovet-kommunist rejiminin "hər şey gözəldir" prinsipi ilə yazıb-yaratmağı tələb etdiyi ideoloji bir zamanda yazdığı "Anlamaq dərdi" adlı kiçik həcmli, böyük məzmunlu və böyük cəsarət yükü daşıyan bir əsəri haqqında danışmaq istərdim.

Anar bu əsəri 1967-ci ildə 29 yaşında yazıb. Onda mən Universitetin üçüncü kursunda oxuyurdum və essenin filologiya-jurnalistika fakültəsində doğurduğu rezonansı indiki kimi xatırlayıram. Bu, əsl ədəbi hadisə idi. Onun hadisəliliyi Mirzə Cəlillə bağlı həqiqətləri, ona ideoloji basqıları, sovet dövrünün milliliyə, milli düşüncəyə qənim kəsilməsindən doğan acı bir həyatın olduğu kimi təqdimindən, heç nədən qorxub çəkinməyən bir publisist qələminin cəsarətindən doğurdu. Mirzə Cəlilin həyat və yaradıcılığına bütöv bir ömür və elmi yanaşma həsr etmiş və etməkdə olan akademik İsa Həbbibəyli yazır: "Cəlil Məmmədquluzadənin bir şəxsiyyət və qüdrətli sənətkar kimi tədqiqi və təbliğində xalq yazıçısı Anarın mühüm xidmətləri ayrıca qeyd edilməyə layiqdir. Anarın "Sizi deyib gəlmişəm" pyesi, "Qəm pəncərəsi" filmi, böyük demokrat ədibin keşməkeşli həyatının və yaradıcılığının geniş ictimaiyyətə çatdırılmasında mühüm rol oynamışdır. Məhz Anarın təşəbbüsü ilə Cəlil Məmmədquluzadənin əsərləri İldəniz Qurvulanın və Aysun Dəmirəz Günerinin çevirməsində Türkiyə türkcəsində kitab halında nəşr edilmişdir. Hələ 1967-ci ildə (kursiv mənimdir - C.M) yazılmış "Anlamaq dərdi" essesi mükəmməl bədii publisist yönü ilə yanaşı, dəyərli elmi mənbə kimi də mühüm əhəmiyyəti kəsb edir". Akademikin bu sətirlərindəki fikirlərinin öz qiyməti var, amma indiki anda məni daha çox "Anlamaq dərdi"nin yazılma tarixi maraqlandırır: 1967. Əlbəttə, burada yaşın o qədər də fərqi yoxdur. XIX əsrin klassik rus yazıçılarının bəzilərinin ən yaxşı əsərləri 25-30 yaş arasında yazılmışdır. Mənim üçün 1967 rəqəmi sovet ideologiyasının "N.Xruşşovdan sonra qalmış az-çox  demokratiya havası ilə əlaqədardır. Sovet dövrünün ən qəddar tiranı olan İ.Stalinin ölümündən sonra hakimiyyətə gələn Nikita Xruşşov ittifaqda demokratik bir ab-hava yaratmaq istədi. Lakin o dövrün siyasi şahidlərindən biri, sonralar jurnalist kimi məşhurlaşan İ.Burlatskinin belə bir fikri də doğrudur ki, "N.Xruşşov uçurumu iki addıma tullanmaq istədi". Özünü də, yaratmaq istədiyi demokratiya ideyasını da bada verdi. 1964-cü ildən N.Xruşşovun hakimiyyətdən uzaqlaşdırılması ilə sovet idelogiyası yenidən sərt senzuraya qayıtdı. Amma o dövrün "altmışıncılar" adlandırılan yazıçı və şairləri, o sıradan Anar 1950-ci illərin sonu,1960-cı illərin demokratiya "qalıqlarından" məharətlə və cəsarətlə istifadə etdi. "Anlamaq dərdi" sovet dövlət siyasətinin demokratik dövründən yenidən diktatura dövrünə keçid mərhələsinin məhsuludur.

Anar bir yazıçı, bir sənətkar kimi həmişə cəsarət simvolu olub. Onun hər bir əsəri dövrün senzura qadağalarını keçə bilən problemləri qoyur. Zaman oldu ki, ədəbi tənqid Anarı qorumaq xətrinə onun kəskin qrotesk formatında qələmə aldığı "Yaxşı padışahın nağılı" əsərinin üstündən qəsdən sükutla keçdi. "Şəhərin yay günləri" pyesində Anar lirik-psixoloji, lirik-satirik üslubda senzura qadağalarını ötüb keçə bildi və s.

Amma mən yenə də "Anlamaq dərdi"nə qayıdıram. Bu əsər Cəlil Məmmədquluzadəşünaslara bir həqiqət işığı oldu. Bu həqiqət işığı əslində, klassikadan gəlirdi. Amma bu gəlişi Anar tərpətdi və yenidən bizə xatırlatdı. O, böyük Mirzə Cəlilin dahi Mirzə Fətəli Axundzadə barədə dediyi bir fikri bu essedə yada saldı. Cəlil Məmmədquluzadə Mirzə Fətəli haqqında essesini belə başlayır: "Mirzə Fətəli Axundov barəsində ya çox yazmaq lazımdır, ya heç yazmamaq. Mirzə Fətəli Axundov barəsində ya yaxşı yazmaq lazımdır, ya heç yazmamaq lazımdır". Bu tövsiyələr Mirzə Cəlilin özünə də aiddir. Ancaq bu iki tövsiyəyə üçüncüsünü də əlavə etmək gərəkdir. "Mirzə Cəlil Məmmədquluzadə barəsində ya həqiqəti yazmaq lazımdır, ya da heç yazmamaq lazımdır". Anar Mirzə Cəlilin Mirzə Fətəli haqqında dediyi sözlərə özünün üçüncü əlavəsini C.Məmmədquluzadə haqqında bütün əsərlərində və ələlxüsus "Anlamaq dərdi"ində bir and kimi qəbul etmiş və bu böyük millət fədaisi haqqında yalnız həqiqəti yazmışdır. Mən həqiqətlərin ən ağır çətinliklərini elə əsərin özündə olduğu kimi, bu yazının sonuna saxlayıram. Çünki Anarın o ağır senzura şəraitində qələmə aldığı o həqiqətlər Mirzə Cəlilin bütöv taleyinin qismətidir.

Anarın essesi belə başlayır: "Yüz il bundan qabaq Azərbaycan torpağında, qədim Naxçıvanda Mirzə Cəlil Məmmədquluzadə (Molla Nəsrəddin) dünyaya gəldi". Bu anda vacib bir məqamı nabələd oxucuya çatdırmaq lazım gəlir. Uzun müddət C.Məmmədquluzadənin doğum tarixi 1866-cı il hesab edilmişdir. Lakin Mirzə Cəlilin həyat və yaradıcılığının ən müasir və ən mükəmməl tədqiqatçısı akademik İsa Həbibbəyli bu tarixin səhv olduğunu və ədibin 1869-cu ildə doğulduğunu təkzibedilməz faktlarla sübuta yetirmişdir.

Hər halda o vaxtın çox cavan bir yazıçısı "Anlamaq dərdi"ni ədibin 100 illiyinə həsr etmişdir. Yenə xatırladım ki, mən onda universitetin üçüncü kurs tələbəsi idim və bir tələbə kimi bu esse mənə çox güclü təsir etmişdi. Əlbəttə, Anar çox dərin savad sahibidir və bu essedən də hiss olunur ki, C.Məmmədquluzadə haqqında o zamana qədərki bütün araşdırmalara bələd olmuşdur.  Bəs haqqında xeyli sayda tədqiqatın mövcud olduğu bir zamanda Anarı belə bir əsərə məcbur edən nə idi? Bu sualın cavabı "Anlamaq dərdi"nin əsas kontekstini təşkil edir: 1. Anar bir sənətkar kimi publisistikanın daha geniş oxucu kütləsinə təsir etdiyini yaxşı bilir; 2. Bu əsərdə indiyə qədərki tədqiqatlarda özünü cüzi şəkildə göstərən Mirzə Cəlil ağrılarını olduğu kimi gündəmə gətirmək, millətə bildirmək ki, Cəlil Məmmədquluzadə ona xidmət yollarında hansı baryerləri keçməli olmuşdur.

A-4 formatında cəmi 20 natamam səhifəlik əsərdə Anar Cəlil Məmmədquluzadə dünyasının bütöv bir mənzərəsini yaratmışdır. O zaman lap cavan çağlarımızda bu əsərin bizə təsir gücü onun Mirzə Cəlil ustadlığı səviyyəsindəki duyğulu bədii-publisistik ruhu oldu. Əlbəttə, ömür keçir, gün keçir və bəzən adam keçib gedən o cavan çağında ona təsir etmiş əsərlərə bir də qayıdır. Mən Mirzə Cəlilin 150 illiyinin keçirilməsi ilə bağlı Prezident  sərəncamından dərhal sonra bu böyük ədibin barəsindəki əsərləri bir də xatırlayanda  cavanlığımda oxuduğum, sonralar tələbələrimə publisistika nümunəsi kimi dəfələrlə misal çəkdiyim bu əsəri bir daha yenidən vərəqlədim və qəribə hisslər keçirdim. "Anlamaq dərdi"ni yenidən oxuyanda klassik rus rəssamı İvan İvanoviç Şişkinin "Roşşa" əsərini xatırladım. Evimizdə uzun zamandan bəri divardan asdığım və ilk baxışdan çox sadə görünən bu rəsm əsərinə hər dəfə diqqətlə baxanda mütləq nəsə yeni bir detal görürsən və bu mənzərəyə yenidən heyran olursan. Bu barədə bir ədəbiyyatda deyildiyi kimi "adi mənzərinin mürəkkəb anlamı səni yenidən özünə cəlb edir". Etiraf edim ki, "Anlamaq dərdi" yeni oxunuşda, bu ahıl yaşımda mənə daha çox təsir etdi.

Esse Mirzə Cəlilin "Molla Nəsrəddin" ideyasını gerçəkləşdirmək düşüncələri ilə başlayır, bu jurnalın mövzu aləmi, onun müəllifləri, Molla Nəsrəddin ədəbi məktəbinin necə formalaşması, ögey yerdə-Tiflisdə yerləşən bu redaksiyaya, onun əməkdaşlarına senzuranın, tənqid obyektlərinin basqıları, bütün bunlarla belə jurnalın tezliklə məşhurlaşması - Hindistandan Mərakeşə, Dağıstandan Orta Asiyaya qədər təsir göstərməsi qələmə alınır. Bütöv bir aləmə öz tematikasını car çəkən bu jurnala inananlar, etibar edənlər çoxalırdı. "Məhz elə buna görə də ondan qorxurdular və buna görə də jurnalın müxtəlif növlü ölümcül düşmənləri vardı. Çar məmurları da ona nifrət bəsləyirdi, mömin müsəlmanlar da, zənginlər də, "gül-bülbül" şairləri də. Tiflis general-qubernatoru dəfələrlə jurnalı qadağan etmişdi. İran hökuməti gömrük məntəqələrində jurnalı yandırırdı. Bir şəxs Mirzə Cəlili öldürsə, o şəxsin cəzasız olması barəsində fitva verilmişdi". Mən indi bu həqiqətləri yenidən oxuyuram və bu gün də Mirzə Cəlilə hədyan oxumaqda davam edən, internetdə məşhur olmaq kimi bəsit bir məqsəd güdənləri xatırlayıram. Mənə elə gəlir ki, "Anlamaq dərdi" bu mənada hələ də milli dərd kimi yaşamaqdadır. Anlamaq, həqiqətən də bəziləri üçün çətin məsələdir...

Mən bu yerdə Anarın bu gün üçün də çox aktual görünən aşağıdakı sətirlərini yazıya köçürürəm: "Jurnalın düşmənləri arasında başqa növ adamlar da - əhli-qələmlər də var idi. Əgər Kəlküttə və Tehranda, Bakıda və Qazanda, Ufada və Peterburqda, Krımda və Türkiyədə çıxan qəzetlərin səhifələrində "Molla Nəsrəddin"in tənqidi ədəb-ərkan dairəsində idisə, ucuz bulvar qəzetlərində böyük yazıçıya föhş və böhtan, küçə söyüşləri yağdıran cızmaqaraçılar da çömçə bulayırdı. "Səda" qəzeti onu milləti təhqir etməkdə günahlandırırdı. Ümumiyyətlə, ömür boyu Mirzə Cəlil belə "millət qeyrəti çəkənlərdən" çox təhqirlər eşidib. Həmin millət qəhrəmanları öz "milli qeyrətlərini" çox əlverişli bir şəkildə gizli polisə yazdığı donoslarla uyğunlaşdırırdılar".

Anarın bu fikirləri, bu həqiqətləri, əslində, elə birbaşa əsərin qələmə alındığı dövrü də, Mirzə Cəlilə sovet ideoloji hücumunun hələ heç də səngimədiyi 60-cı illər dövrünün də sifətinə sillə təsiri bağışlayırdı. Belə fikirlərə görəydi ki, Anarın min bir əziyyətlə nəşr etdiyi milli qeyrət, milli-mənəvi dəyərlər sisteminin, obyektiv publisist sözünün qibləgahı olan  "Qobustan" toplusuna hücumlar təşkil edirdilər. Bu jurnalın təkcə adındakı "toplu" leksemini dilimizə gətirdiyinə görə "dil fədailəri" ona hücumları səngitmirdilər...

"Anlamaq dərdi" Mirzə Cəlilin həqiqətə, doğruya, vicdanın səsinə sədaqətini belə təqdim edir: Cəlil Məmmədquluzadə "çar hakimiyyəti dövründə, müvəqqəti hökumət dövründə, Müsavat hakimiyyəti illərində, menşevik Gürcüstanında, İran Azərbaycanında yaşamışdır və ömrü boyu bir kəlmə belə olsun yalan söz söyləməmişdir. Kiməsə xoş gəlmək, kiminsə könlünə yatmaq üçün bircə kəlmə də...

O, acı sözlər deyirdi, xoşagəlməz mətləblərdən danışırdı. Və heç vaxt heç kimin qılığına girməyə çalışmırdı..."

Anar Mirzə Cəlili günümüzə gətirən vicdan meyarlarını belə təsvir edir: "Yüksək yaradıcılıq, jurnalistlik, ictimai xadimlik ləyaqətini Cəlil Məmməd-quluzadə qürurla, bütün keşməkeşlərdən, yağlı vədlər və kinli hədələr, anlayışsızlıq səhrası, cəhalət zülməti, fanatizm, riyakarlıq, yalançı vətənpərvərlik girdabı, müstəmləkəçilik zorakılığı və neçə-neçə belə burulğanlar, bataqlıqlar içindən keçirmişdir. Və bizim bu günümüzə pak və ədəbi bir vüqarla gəlmişdir". Bu cümlədə Mirzə Cəlil ömrünün dəqiq bir yol xəritəsi var. O yol xəritəsi ki, onu keçməyə, o ömrü yaşamağa yalnız millət fədaisinin gücü, cəsarəti, qeyrəti çatar.

Anar Mirzə Cəlilin əsərlərini təhlil edərkən çox obyektiv, çox istedadlı və nəzəri cəhətdən çox savadlı bir ədəbiyyatşünas-tənqidçi kimi çıxış edir. Zaman-zaman bəsit "şünasların" mübahisə obyekti olan Danabaş kəndini onun müəllimlik etdiyi Nehrəmlə eyniləşdirənlər üçün bir dərs olacaq aşağıdakı sətirlərinə diqqət edək: "Nehrəm kəndində müəllimlik edərkən, 1894-cü ildə, Mirzə Cəlil ilk nəsr əsəri olan "Danabaş kəndinin əhvəlatları" povestini yazır. Coğrafi xəritələrdə - Danabaş adlı kənd yoxdur. Bu geniş ünvanı hər hansı konkret bir yerə aid etmək istəyənlər ədəbiyyatın ən ilkin şərtlərindən  birini - bədii ümumiləşdirmə şərtini unudurlar. Danabaş inqilabdan əvvəl Azərbaycan kəndinin ümumiləşdirilmiş, bədii cəhətdən kəskinləşdirilmiş obrazıdır. Bu, hər hansı bir Şərq kəndidir (kursiv mənimdir - C.M) və konkret olaraq heç biri deyil".

Bu yerdə mən diqqəti müəllifin "Şərq kəndi" ifadəsinə yönəltmək istərdim. Və Mirzə Cəlili nöqsanları şişirtməkdə günahlandıranlara müasir Şərqin öz diyarını Avropanın diktəsi ilə zülm meydanına çevirən "igidlərini", "işidlərini" xatırlatmaq istərdim. ABŞ-ın silah və dollar təminatı, fransız Sarkozinin Qəddafiyə borclu olduğu 50 milyard dolları qaytarmamaq məqsədilə onun ölümünə fitva verməsini, dünyanın ən obyektiv televiziyası hesab etdiyimiz Bİ-Bİ-Sİ-nin Qəddafi tərəfindən qətlə yetirilmiş on min adamın diri-diri torpağa basdırılması  ilə bağlı yalan informasiyasını və bütün bunların Şərqi viran qoymaq üçün güc dövlətlərinin əlində bəhanə olması faktına göz yumması bu regionun hələ də "danabaşlığına" sübut deyilmi?

İndilərdə Mirzə Cəlili plagiatlıqda suçlayanlara Anar hələ 1967-ci ildə cavab vermişdi. O, "Danabaş kəndinin əhvalatları"nı "mühitin işıqsızlığı, özbaşınalığı, tam "mənəm-mənəmliyi" baxımından bu əsərin XX əsrin əvvəllərində yaşayıb-yaratmış başqa bir yazıçının - Frans Kafkanın "Məhkəmə işi" romanıyla səsləşdiyini" qeyd edir və yazır: "İnsan şəxsiyyətinin mənəvi daş-qalaq edilməsi, ədalətsizliyin və zorakılığın, zülmün və özbaşınalığın ölçüsüz miqyası, alçaldılmış və tapdanmış insan üçün qövr edən yaraların ağrısı, əzici quruluşun dəhşətli ümumiliyi - hər iki əsərin mütaliəsi bu fikirləri, duyğuları oyadır. Əlbəttə, bunlar tamamilə bir-birinə oxşamayan əsərlərdir. Frans Kafkanın qəliz modernist nəsri və Cəlil Məmmədquluzadənin aydın, ənənəvi - realist təhkiyə üsulunu zahiri nişanələrə görə tutuşdurmaq mənasız işdir. Bu əsərlərin daha dərin bir oxşarlığı var - insan mənliyi üçün nigarançılıq. Amma bu nigarançılıqdan çıxarılan nəticələr də müxtəlifdir, yazıçıları ayrı-ayrı səmtlərə aparır. Bu əsərlərin fəlsəfi konsepsiyası, müəlliflərin dünyagörüşü daban-dabana ziddir. Kafkaya görə - bunu dönə-dönə qeyd ediblər - zülm, şər əbədi və əzəlidir, insan varlığı mənasız və puçdur, insan daima və həmişəlik tənhadır, yalqızdır, onun fəryadları, imdada çağırışları hər zaman cavabsız qalacaqdır. Cəlil Məmmədquluzadəyə görə şər, yamanlıq - konkretdir, onların real daşıyıcıları, mücəssəmələri, səbəbləri var və bu səbəblər ictimai quruluşla, ideologiyayla, sinfi münasibətlərlə bağlıdır. Məmmədhəsən əminin Kərbəla arzuları puçdur, ona görə ki, bu arzular real tarixi dövrün şəraitindən doğan avamlıq, cəhalət bəhrələridir. Zeynəbin tənhalığı, köməksizliyi, fəryadlarının cavabsızlığı müsəlman əxlaq qanunlarından, şəriət ehkamlarından - yəni yenə də konkret həyatı, ictimai, dini - ideoloji münasibətlərdən doğur. Və ünvanı konkret olaraq göstərilən yamanlıq, şər daimi, əbədi dünyayla yaşıd, binədən gəlmə ola bilməz. O, dəf ediləsidir və edilməlidir".

O vaxtın cavan Anarının hər iki əsərə bu baxışı və müqayisə tərzi heyrətamiz dərəcədə elmidir, məntiqidir, ədalətlidir, milli yaradıcı şəxsə namuslu münasibət nümunəsidir. İndi kim özünə nə pay götürür götürsün...

Bu əsərdə çox böyük polemika mədəniyyəti var. Müəllifin aşağıdakı fikirləri bəzi ədəbiyyatşünasların "Ölülər"i M.Qoqolun "Müfəttiş"i ilə birbaşa müqayisəsi ilə, birincinin ikincidən iqtibas olunması ilə əlaqədardır. Burada polemika mədəniyyətinə diqqət edək: "Bəzən "Ölülər"i Qoqolun məşhur "Müfəttiş" komediyasıyla müqayisə edirlər. Müqayisə ümumi ideya - vətəndaşlıq pafosu baxımından edildikdə, ona şübhəsiz, haqq qazandırmaq olar. Amma süjetin zahiri əlamətləri baxımından bu müqayisə o qədər də dəqiq deyil, hər iki pyesin fərqi yalnız onda deyil ki, "Ölülər"də müsbət personajlar da var. Əsas fərq, məncə, ondadır ki, "Müfəttiş"də Xlestakov hadisələrin passiv iştirakçısıdır, ona təlqin olunan rolu istər-istəməz oynamalı olur, "Ölülər"də isə Şeyx Nəsrullah hadisələri özü yönəldir, vəziyyəti özü yaradır. Mirzə Cəlil dəhşətlə görür və göstərir: baxın, belə bir Şeyx Nəsrullahın fikri-zikri şəhvət olmayıb, başqa, daha da təhlükəli ictimai-siyasi səmtlərdə fəaliyyət göstərsəydi, insanlıq nə hala düşərdi?!"

"Ölülər"i təhlildə daha bir polemika mədəniyyəti: "İsgəndəri müsbət qəhrəman adlandırmaq çətindir. Onun bütün mayası inkardan yoğrulub. O, atasının mühitini qəbul etmir, Şeyx Nəsrullahın iç üzünü görür. O, hər şeyi anlayır, hiddətlənir, ittiham edir, amma fəaliyyət göstərmir, içir. Butün ağıllı nitqlərinə baxmayaraq, o, gücsüzdür, ona görə də tənhadır, tənhadır, ona görə də gücsüzdür, ona görə də təsəllisini yalnız sərxoşluqda tapır. İsgəndərin içkibazlığını taktiki vasitə hesab edənlər, yəni İsgəndərin dediklərini deyə bilmək üçün özünü bir növ Hamletvari dəliliyə vurmuş adam kimi mənalandıranlar, zənnimcə, yanılırlar, Yox, İsgəndərin kefliliyi - ağrıdan, çıxılmazlığındandır, gücsüzlükdən, dərddəndir, hiylədən, fənddən deyil".

"Anlamaq dərdi". C.Məmmədquluzadənin bütün yaradıcılığında estetik ideal səviyyəsinə yüksələn anlamaq dərdi amalının bədii-publisistik ifadəsidir.

"Anlamaq dərdi" təsdiq edir ki, C.Məmmədquluzadənin yaradıcılıq dünyası, onun tematikası çox genişdir. Bu tematika xalqın milli azadlıq problemindən tutmuş millətin sivil xalqlar sırasına çıxmasına qədər böyük bir sahəni əhatə edir. Bu mənada müəllif onun bədii nəsrini, publisistikası və dramaturgiyasını təhlilə çəkir. Bu böyük ədibin əsərlərində özünü göstərən bir məsələni - bu milləti ruslaşdırma siyasətini tənqid edən nöqtələri cəsarətlə ortaya qoyur. Bu mənada "Anamın kitabı" pyesinin müdafiə etdiyi milli dil məsələsini, "Qurbanəli bəy" hekayəsindəki "nökər mahiyyətli bəy obrazını", bu obrazın rus zabitləri qarşısında quyruq bulamasını "miskinlik və rəzalət" adlandırır.

Anar Cəlil Məmmədquluzadə haqqında həqiqəti axıradək yazacağını essedə xüsusi vəd edir. Çünki o, yalnız həqiqəti yazan bir millət fədaisindən bəhs edir. Ona görə də sovet senzurasının təhlükəsi qarşısında belə Mirzə Cəlil haqqında həqiqətləri qələmə alır. "Həqiqət isə ondan ibarətdir ki, son illərində Cəlil Məmmədquluzadə təqiblər, anlaşılmazlıq şəraitində yaşayıb-yaratmışdı. Onun kimi söz sərrafını, yarımçıq yazıçılar dil pintiliyində təqsirləndirirdilər. Onun kimi təpədən-dırnağa vətənpərvər bir sənətkarı nöqsan cəhətləri şişirtməkdə günahlandırırdılar. "İnqilab və mədəniyyət" jurnalında N.Dubinski "qəribə bir faktı" qeyd edirdi: "Sovet Azərbaycanında liberal və azadxah "Molla Nəsrəddin" jurnalı çap olunur. Jurnalın nəşri üçün kifayət qədər pul buraxılır. Əslində isə bu jurnal yalnız onun redaktorunun orqanıdır. Zənn edirik ki, buna son qoyulacaqdır". 

Mirzə Cəlilə hücumlar o qədər artır ki, o özü "Molla Nəsrəddin"i nəşr etməkdən əl çəkir və 1926-cı ildən jurnal onun imzası olmadan çıxır. Anar yazır: "1931-ci ildə "Molla Nəsrəddin"in nəşrinin 25 illiyi tamam olur. Həmidə xanım soruşanda ki, neyçin bu yubiley qeyd olunmur, Mirzə Cəlil belə cavab verir: "25 illiyi qeyd etmək tezdir, Allah qoysa, 75 illiyini qeyd edərlər". Bu, kinayə idi".

Qəribədir, mən indi, bu anda Anarın hələ 1967-ci ildə Mirzə Cəlilin bu kinayəsinin sonralar necə bir həqiqətə çevrildiyini həm də Allahın bir lütfü hesab edirəm: Jurnalın 25 illiyini qəsdən unudan bir hakimiyyətin əksinə olaraq müstəqil Azərbaycan 2006-cı ildə onun 100 illiyini təntənə ilə qeyd etdi. 2016-cı ildə bu yubiley qeydi yenidən gündəmə gəldi. Və... indi, 2019-cu il yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında" xüsusi Sərəncam imzaladı. Və o Sərəncamda belə bir həqiqət  öz möhtəşəm əksini tapdı: "Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış və bütöv bir ədəbi məktəb formalaşdırmış qüdrətli şəxsiyyətdir. Vətəndaş yazıçının bədii nailiyyətlərlə zəngin irsində azərbaycançılıq məfkurəsi dövrünün ictimai-siyasi fikrinin aparıcı amili kimi dolğun ifadəsini tapmışdır. Sənətkar həyat həqiqətlərini, ictimai mühiti hərtərəfli əks etdirən və bədii-estetik dəyər daşıyıcısına çevirən rəngarəng obrazlar qaleriyası yaratmışdır. Ana dilinin saflığı uğrunda  daim mübarizə aparmış Cəlil Məmmədquluzadə meydana gətirdiyi qiymətli dram və nəsr əsərləri, parlaq publisistika dərin humanist məzmuna malik olub, özündə milli və ümumbəşəri dəyərlərin vəhdətini ehtiva edir. Azərbaycanda və onun hüdudlarından kənarda geniş yayılaraq milli oyanışa, yeniləşmə hərəkatına yol açan və azadlıq ideyalarının inkişafına qüdrətli təsir göstərən "Molla Nəsrəddin" jurnalı məhz Mirzə Cəlil dühasının məhsuludur".

Bu günü - Mirzə Cəlilin böyüklük gücünün haçansa mütləq özünü göstərəcəyini düz 52 il bundan öncə onun ədəbi məktəbinin yorulmaz davamçısı Anar da aydınca görürdü: "Mən onun haqqında hörmətlə və ehtiramla, amma həm də məhrəm, ilıq bir nəvazişlə düşünürəm. Mən onun haqqında babam kimi, atam kimi, qardaşım, oğlum, nəvəm kimi düşünürəm. "Qardaşım, oğlum, nəvəm" dediyim üçün məni günahlandırmağa tələsməyin. Böyük yazıçılar bütün nəsillərinin yaşıdıdırlar. Cəlil Məmmədquluzadə babalarımızın, atalarımızın mənəvi yaşıdı idi. Bizim nəsil də ona öz yaşıdı kimi, bizim mənəvi problemlərimizə cavab verən müdrik qardaşı kimi baxır. Mən bilirəm ki, bizim nəsil də gedəcək, hamımız öləcəyik, amma o qalacaq və oğlumun yaşıdı olacaqdır. Bütün zamanların övladıdır o, hər nəslin yol yaddaşıdır. Və bizdən sonra gələn nəsillər onu yenidən kəşf edəcək, öz yaşıdları, müasirləri kimi tanıyacaq və övladlarına bəxş edib gedəcəklər.

Bütün bunlara görə mən Cəlil Məmmədquluzadənin - keşməkeşli ömrünü anlamaq dərdi ilə yaşamış bu böyük sənətkarımızın xoşbəxt taleyinə sevinirəm".

Lap bu yaxınlarda Milli Elmlər Akademiyası kitabxanasının möhtəşəm salonunda Filologiya elmləri doktoru, professor Yeganə xanım İsmayılovanın "Anarın Dədə Qorqud yaradıcılığı" kitabının təqdimatı keçirilirdi. Yeri gəlmişkən deyim ki, professor Yeganə xanım İsmayılova Anar yaradıcılığının bu istiqamətini ciddi elmi üslubda çox maraqlı bir tədqiqata çevirmişdir. Bu əsərdə də Anarın milli təəssübkeşlik xarakteri yüksək ifadəsini tapmışdır. Təqdimatı akademik İsa Həbibbəyli aparırdı. Mirzə Cəlil yaradıcılığının ən müqtədir tədqiqatçısı olan bu böyük alim giriş sözündə Anarın "Anlamaq dərdi"ni Cəlil Məmmədquluzadəşünaslığın "şah əsəri" kimi qiymətləndirdi. Və əgər Mirzə Cəlili axıradək tədqiq etmiş, bu sahədə ən qaranlıq mətləblərə aydınlıq gətirmiş, onu müasirlərimizə bütöv təqdim etmiş bir alim bu esseni Cəlil Məmmədquluzadəşünaslığın "şah əsəri" adlandırırsa, bizə ancaq onu etiraf etmək, qəbul etmək qalır.

 





18.04.2019    çap et  çap et