525.Az

Qubada ikigünlük seminar-müşavirə


 

Qubada ikigünlük seminar-müşavirə<b style="color:red"></b>

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Quba Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə keçirilən "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda ikigünlük seminar-müşavirə öz işinə başlayıb.

Quba rayon Heydər Əliyev Mərkəzində baş tutan seminar-müşavirədə DQİDK-nın rəhbərliyi, Quba RİH başçısı Aparatının rəsmisi, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, eyni zamanda ziyalılar, gənclər, dini icma sədrləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İkigünlük seminar-müşavirəni giriş sözü ilə açan Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov ölkəmizdə dövlət-din münasibətlərinin düzgün tənzimlənməsi istiqamətində görülən işlər barədə danışaraq bu sahədə keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı bildirib  ki, hazırda Azərbaycanda milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına xüsusi önəm verilir, dini qurumların dini ayin və mərasimləri sərbəst yerinə yetirmələri üçün lazımi şərait yaradılıb və bütün dini konfessiyalara  qayğı göstərilir. Sədrin birinci müavini qeyd edib ki, müasir dövrdə dövlətin qarşısında duran əsas vəzifələrdən biri də  mənəvi dəyərlərin, tolerantlıq ənənəsinin qorunması və gənc nəslə aşılanmasıdır. S.Salahlı bu baxımdan sağlam dini maarifləndirmənin aparılması istiqamətində səylərin daha da gücləndirilməsinin əhəmiyyətinə toxunub. Cəmiyyətimizin, xüsusilə, gənclərin radikal təsirlərdən qorunmasında hər kəsin üzərinə böyük məsuliyyət düşdüyünü diqqətə çatdıran sədrin birinci müavini hər kəsi dini maarifləndirmə prosesinin aktiv iştirakçısı olmağa səsləyib.

QMİ-nin Quba bölgəsi üzrə qazısı Naib Səttarov isə çıxışında gənclərin dini və mənəvi-əxlaqi dəyərlərimizə yad olan radikal təriqətlərin təsirindən qorunmasında din xadimlərinin üzərinə mühüm vəzifə düşdüyünü qeyd edib. Həmçinin dini radikalizmlə mübarizədə maarifçilik işinin təşkilinə xüsusi önəm verilməsinin vacibliyini diqqətə çatdırıb.

Seminar-müşavirə aprelin 19-da işini davam etdirəcək.

S.QARAYEVA

 





18.04.2019    çap et  çap et