525.Az

Müsahibə davam edir


 

TƏDRİSİ DİGƏR DİLDƏ APARILAN BÖLMƏDƏ OXUMAQ İSTƏYƏN UŞAQLARIN HƏMİN DİLDƏN ŞİFAHİ NİTQ BACARIQLARI YOXLANILIR

Müsahibə davam edir<b style="color:red"></b>

2019-2020-ci tədris ilində birinci sinifdə digər dildə tədris aparılan bölmə üzrə oxumaq istəyən uşaqlarla müsahibələr davam edir.

Müsahibə zamanı digər dildə tədris aparılan bölmə üzrə uşağın şifahi nitq bacarıqları qiymətləndirilir. Yəni onun dinlədiyini anlamaq, ünsiyyət qurmaq və öz fikrini sadə formada ifadə etmək bacarığının olub-olmaması müəyyən edilir. Aprelin 1-dən start verilən müsahibələr müsahibə komissiyaları tərəfindən aparılır. Müsahibə komissiyalarının tərkibi 3 nəfər müəllimdən ibarətdir. Komissiyaların fəaliyyətinə ümumi rəhbərlik mərkəz rəhbəri tərəfindən həyata keçirilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorunun məlumatına görə, belə komissiyalar Bakının 12 inzibati rayonu üzrə 9 mərkəzdə təşkil edilib. Belə ki, 1 saylı mərkəz 3 nömrəli, 2 saylı mərkəz 12 nömrəli, 3 saylı mərkəz 168 nömrəli, 4 saylı mərkəz 139 nömrəli, 5 saylı mərkəz 72 nömrəli, 6 saylı mərkəz 189-190 nömrəli, 7 saylı mərkəz 95 nömrəli, 8 saylı mərkəz 117 nömrəli, 9 saylı mərkəz 53 nömrəli tam orta məktəblərdə saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir.

Hər bir valideyn övladını yalnız bir dəfə müsahibəyə yazdıra bilər və hər bir uşaq digər dildə tədris aparılan bölmə üzrə müsahibədə yalnız bir dəfə iştirak edə bilər.  Hər uşaq üzrə müsahibənin vaxtı maksimum 7 dəqiqə müəyyənləşdirilib. Müsahibə prosesi zamanı videoçəkiliş aparılır, həmçinin, müsahibədə uşağın valideynlərinin və ya qanuni nümayəndələrinin iştirakına şərait yaradılır.

Şifahi nitq bacarıqlarının qiymətləndirilməsinin nəticəsi haqda məlumat günün sonunda SMS vasitəsilə valideynin qeydiyyatdan keçdiyi mobil nömrəyə göndərilir.

Bakının 12 inzibati rayonu üzrə 9 mərkəzdə fəaliyyət göstərən komissiyaların işi yüksək səviyyədə təşkil edilib.

Müşahidə apardığımız Bakının Binəqədi rayonu 3 nömrəli tam orta məktəbdə müsahibə prosesi lazımi səviyyədə həyata keçirilirdi.  Komissiyanın işi tam şəffaf şəkildə qurulmuşdu. Otaqda fasiləsiz çəkiliş aparan kameralarla yanaşı, valideynin, yaxud qanuni nümayəndənin iştirakı da təmin edilirdi.

Komissiya üzvü olan müəllimlər müsabibəyə gələn uşaqları çətinə salmır, rus dilindən sadə ünsiyyət bacarıqlarını yoxlayırdılar. Onların rus dilində ünsiyyət bacarıqlarını yoxlayır, ətraf mühitlə bağlı müəyyən suallar verirdilər. Onların müəyyən rəngləri, heyvanları tanıyıb-tanımadığını müəyyən edir və ailə üzvlərinin işi barədə qısa məlumat vermələrini istəyirdilər.

Müsahibəyə gələn uşaqlar bir neçə meyar əsasında qiymətləndirilir. Bu meyarlara - "Dinlədiyini anlayır", "Ünsiyyət qurur", "Öz fikrini sadə formada ifadə edə bilir", "Adətən, söz və ya söz birləşmələrinin tələffüzünü düzgün edir", "Özü və ailəsi haqqında qısa məlumat verir" - daxildir.  Beş meyar üzrə dəyərləndirmə apararkən uşağın müvafiq meyar üzrə məqbul aldığı xanada "müsbət", əks halda "mənfi" deyə qeyd edilir. Yalnız bir meyar üzrə "müsbət" qiymətləndirilən uşaqların rus dilindən bacarığı yekun olaraq məqbul hesab edilmir.

Valideynlər müsahibələrin təşkili səviyyəsindən və  komissiya üzvlərindən işindən razılıqlarını bildirdilər.

Valideyn Sevinc Cəfərova deyir ki, övladı ana dilində gözəl danışır. Rus dilində də mükəmməl bilir: "Övladım çox utancaq bir uşaqdır. Narahat idim ki, utanıb ona verilən suallara cavab verə bilməyəcək. Uşaq çox həyəcanlı idi, onunla bərabər otağa keçdik. Komissiya üzvləri uşağı gülərüz və çox mehriban qarşıladılar. Yaşına uyğun suallar verib cavab ala bilmək üçün uşağa rahat, münasib ortam yaratdılar.  O da həyacanı unudub onlarla ünsiyyət qurmağa başladı. Uşaq bütün sualları tam sərbəst, rahat, həyəcan, stress  keçirmədən cavabladı. Mən bir valideyn olaraq komissiya üzvlərinin işindən, ümumilikdə prosesdən çox razı qaldım".

Müsabədə iştirak edən Cəfərsoy Əli Ramil oğlu 6 yaşındadır. 2019-2020-ci tədris ilində birinci sinfə gedəcək. Əli 3 nəfərdən ibarət komissiyanın qarşısında rus dilində oxuyub-yaza bildiyini,  müəllimin ona dediklərini anladığını, başa düşdüyünü, rus dilində danışmağı bacardığını  ayrılan 7 dəqiqə ərzində təsdiq etməyə çalışıb.

Onun sözlərinə görə, imtahana gəldiyini bildiyi üçün çox həyəcanlı imiş: "Otaqdakı müəllimləri tanımadığım üçün həyəcanlı idim. Onlarla bir az danışandan sonra həyacanım keçdi. Yaxşı müəllimlər idi, gülərüz, mehriban.  Sual-cavab yaxşı keçdi. Onların verdiyi bütün suallara düzgün cavab verdim".

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Keyfiyyətə nəzarət sektorunun əməkdaşı Namiq Ağayev Binəqədi rayonu 3 nömrəli tam orta məktəbdə müsahibələrin təşkilinə nəzarət edir. Mərkəz rəhbəri bildirib ki, səhər 9-da başlayan müsahibə komissiyasının işi axşam saat 5-də yekunlaşır. Ayrılan vaxt ərzində qeydiyyatdan keçən hər kəs komissiya tərəfindən qəbul edilir. Mərkəz rəhbəri əlavə edir ki, müsahibə komissiyalarının təşkil olunmasında məqsəd tədrisi digər dildə aparılan bölmədə oxumaq istəyən uşaqların həmin dildən şifahi nitq bacarıqlarının yoxlanılmasıdır: "Müraciət edənlərin özünü sadə formada ifadə etmək bacarıqlarını yoxlayan bu komissiyaların tərkibi 3 peşəkar rus dili müəllimindən ibarətdir. Müsahibə prosesi zamanı videoçəkiliş (səs və görüntü daxil olmaqla) aparılır. Müsahibədə valideynin və yaxud qanuni nümayəndənin iştirakına şərait yaradılır. Müsahibələrin gedişindən narazı qalan valideynlər az olur".

Müsahibə yekunlaşandan sonra komissiyanın uşaqla bağlı qərarı valideynin qeydiyyatdan keçərkən qeyd etdiyi mobil nömrəyə gün ərzində (axşam saatlarında) SMS vasitəsilə göndərilir. Müsahibənin nəticələri ilə razılaşmayanlar aprelin 15-dən başlayaraq apellyasiyaya müraciət edə bilərlər. Apellyasiyadan da uğurla keçə bilmədiyi halda uşaq Azərbaycan bölməsində təhsilinə başlaya bilər. Həmçinin, müvəffəq olmuş şagirdlər də mayın 1-dən etibarən məktəb və müəllim seçimi edə biləcəklər.

Qeyd edək ki, elektron qeydiyyat mektebeqebul.edu.az portalı vasitəsi ilə həyata keçirilir. Bu portal vasitəsilə qeydiyyatdan keçən valideynlər müvafiq müsahibə komissiyalarına yönləndirilir.

S.QARAYEVA

 





19.04.2019    çap et  çap et