525.Az

Aydın Amanov: "Dövlətimiz neft-qaz sahəsində çox düzgün siyasət yürüdür"


 

Aydın Amanov: "Dövlətimiz neft-qaz sahəsində çox düzgün siyasət yürüdür"<b style="color:red"></b>

Nə yalan deyim, onunla müsahibəyə gedəndə qarşımda işləməkdən yorğun düşmüş, uzun illər əllərinə bulaşan neft qədər qaraqabaq bir qocayla qarşılaşacağımı düşünürdüm. Çünki müsahibimin bu yaxınlarda yetmiş yaşı tamam olacaq və o, ömrünün çox böyük hissəsini ölkəmiz üçün ən lazımlı və bir o qədər də çətin sahəyə - neft-qaz sektoruna həsr edib.

Bioqrafiyası ilə tanış olanda gördüyüm uzun əmək yolu mənə bunu düşünməyə əsas verirdi. Ancaq nə qədər yanıldığımı elə içəri girər-girməz soldakı, qapısı açıq otaqdan boylanan ağ saçlı, nurani simalı, dinc və enerjili adamı görəndə anladım. Hələ öz-özümə: "Mənə yanlış məlumat verilib, onun 70 yaşı yoxdur" - da dedim. Amma özü idi - 70 yaşlı, neft-qaz sektorunda tanınmış simalarından biri, "Tərəqqi" medallı Aydın Amanov! Söhbətimizin mövzusu isə onun həyat yolu idi. Hələ suallarıma keçmədən Aydın müəllim qısa tanışlıq üçün danışmağa başlayır: 
 

Hacıbəyov... Rəsulzadə...

Tağıyev... Amanov... 

- 1949-cu ildə Salyan rayonunun Qaraçala qəsəbəsində anadan olmuşam. Orada sakinlərin 99 faizi ruslar idi. Cəmi bir faiz azərbaycanlı bizim ailəmiz idi. Anam aptek müdiri idi.

Babam dahi Üzeyir Hacıbəyovla birgə Konservatoriyada işləyib. Məhəmməd Əmin Rəsulzadəylə dost olublar. Çətin dövrlərdə o da həbs olunub, 10 il həbsdə yatıb. Repressiya zamanında isə yenidən barəsində həbs qərarı çıxıb, sonra necə olubsa, adı siyahıdan çıxarılıb. Əgər ikinci dəfə həbs olunsaydı, onda güllələnməyə gedəcəkdi.

Ana babam isə Zeynalabdin Tağıyevin yanında mühasib işləyib, çox zəngin insan olub, bakılı olublar. Ancaq o çətin zamanlarda həbs olunub sürgünə göndərildi. Ailəsi də Bakıdan uzaqlaşdırılırdı. Anam Tibb İnstitutunu bitirəndə təyinatını Salyana vermişdilər. Orada da atamla qarşılaşıb evlənmişdilər.

Hər ikisi çox bilikli, təhsilli, dövrünün nüfuzlu şəxsiyyətləri olublar. Onlardan bizə qalan da məhz bu adları, elmə, biliyə, mədəniyyətə, yaradıcılığa olan həvəs və sevgidir.

Səkkizillik məktəbi bitirdikdən sonra orta təhsilimi axşam fəhlə gənclər məktəbində davam etdirdim. Axşam məktəbində oxuya-oxuya işləməyə başladım. Ondan əvvəl isə 7-ci sinifdən pambıq yığmışam, ot toplamışam. 15 yaşımdan sovxozda elektrik montyoru və maşın hesablama mərkəzində operator kimi çalışdım, evlərə işıq çəkirdim. 1969-cu ildə Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Neft Akademiyası) daxil oldum. Burada da oxuya-oxuya gecə növbəsində işləyirdim, müxtəlif yerlərdə kirayə qalırdım. Həmin institutun neft və qaz quyularının qazılması üzrə tam kursunu 1974-cü ildə bitirdim. İnstitutu bitirdikdən sonra Salyan rayonuna köçdüm. Səbəb isə valideynlərimin tək olması idi. Müharibə dövrü idi deyə Tümendən, Belarusdan təcrübə təklifləri gəldi, lakin mən ailəmə üstünlük verdim, getmədim.

"Qazmaçı ol..."

- Qaraçalada tatar qonşularımız vardı - Nabiulin. O, bizdən beş-altı yaş böyük idi. Neftçi oldu. Biz hər axşam görürdük ki, əlində  çamadan, sırıqlı paltarda gəlir. Bu da bizim xoşumuza gəlirdi, onun gördüyü işə marağımız yaranırdı.

Akademik Elmira Ramazanovanın həyat yoldaşı Mənsur Əhmədov mənim gəncliyimdə Şirvanda baş mühəndis işləyirdi. Mən hələ universitetə girməmişdim. Futbolla məşğul olurdum. Bir dəfə söhbətlərimizin birində o, mənə dedi ki, get, neftçi ol. Azərbaycana neftçilər lazımdır. Özü də qazmaçı. Çünki əsl neftçilər elə qazmaçılardır. Onlar sırf quyuyla məşğuldurlar. Ona görə də mən rəhmətlik Mənsur müəllimin məsləhətilə bu sahəni seçdim.

Bu yerdə söhbətimizə Aydın müəllimin bayaqdan kənardan bizi maraqla dinləyən həyat yoldaşı Sənubər xanım da qoşulur:

- Necə ki, özü sevdi bu sahəni, oğlumuza da sevdirdi. Oğlum da neftçidir.

Aydın müəllim: "O da qazmaçılığı qurtarıb..."

"Mühəndis alicənab adam olmalıdır..."

- İnstitutda oxuya-oxuya bizi başqa-başqa şəhərlərə təcrübəyə aparırdılar. Mən iki il Belarusda təcrübədə oldum. Bizə professor Azad Mirzəcanzadə dərs deyirdi. O, bizə təkcə auditoriyada keçdiyi fənni deyil, həyatı öyrədirdi. Hər birimizə xüsusi diqqət ayırırdı.

Bir dəfə səhərisi onun imtahanı olacaqdı, mən axşam kinoya getmişdim. Təsadüfən onunla üz-üzə gəldik. Artıq gizlənməyə yer yox idi. Səhər imtahana gəldim, bileti çəkəndə dedi:

- Dayan. Dünən sən harda idin?

Daha yalan danışmağın yeri yox idi. Dedim ki, kinoda. Dedi:

- Hansı kino?

Kinonun adını dedim. Kinodan sual verdi, cavab verdim. Dedi ki, mühəndis hərtərəfli olmalıdır. Ədəbiyyatı da, mədəniyyəti də, kinonu da, memarlığı da bilməlidir. Bacardığın qədər oxu. Bilmədiyin şeyləri gəl soruş. Mühəndis alicənab adam olmalıdır.

Sonra mənə fərqli sahələrdən suallar verdi və qiymətimi yazdı. O, bizə həmişə deyirdi ki, qazma kanalizasiyadan sonra ikinci yerdir, siz istismara keçin. Biz isə keçmədik. Ona görə deyirdi ki, quyu işi çox çətindir, təhlükəlidir, bircə səhv hər şeyi məhv edə bilər.

"Həyat yoldaşım məni belə görəndə gözləri dolurdu"

- Ali təhsilli gənc mütəxəssis kimi Kürsəngi Qazma İşləri İdarəsində işə başladım. Orada qazmaçı, texnoloq, baş texnoloq və baş mühəndis vəzifələrində işlədim. İş rejimim çox ağır idi. Gecəm-gündüzüm olmurdu. Təzə evli vaxtlarım və körpə uşağım olarkən, yaxşı xatırlayıram, işin çoxluğundan beş gecə evə gələ bilmədim. Həyat yoldaşım məni belə yorğun görəndə gözləri dolurdu. Lakin o bilirdi ki, belə olacaq, çünki mühəndislə ailə qurmuşdu.

Sənubər xanım həmin çətin günlərin ən yaxın şahidi və Aydın müəllimin həyatına yol yoldaşlığı etmiş biri kimi o zamanları həm kövrək, həm də qürur hissiylə xatırlayır: "Uzun illər biz də sanki onunla birgə neft-qaz sahəsində işləmişik" - deyir.

Zirvəyə doğru pillə-pillə

- 1974-1981-ci illər ərzində mühəndis işlədiyim müddətdə Kürsəngi Qazma idarəsində  80-100 min metr qazma işləri aparırdıq. İldə 28-30 quyu ortaya çıxarırdıq. Həftədə iki gün evə gedirdim, qalan günləri isə işdə olurdum. Məni tez-tez çöldə qazma işlərinə göndərirdilər. Axırda dözmədim və etiraz etdim ki, mən fəhlə deyiləm, mühəndisəm. Bundan sonra mühəndis vəzifəmdə çalışdım. Bir quyuda fontan vurdu və mən orda böyük işlər gördüm. Bu işləri yaxşı bildiyimi gördülər və mənə "Azneft"də çalışmaq təklif olundu. 1987-ci ilə kimi burada işlədim. 100-ə yaxın qazma briqadası var idi. Kürsəngi, Carlı, İmişli, Abşeron, Siyəzən, Neftçala quyularında çalışdım. 1987-ci ildə Nazirlər Kabinetinin Neft emalı və neft kimyası şöbəsində işə dəvət olundum. Orada işlədiyim beş il müddətində Saatlı-İmişli-Beyləqan, Oğuz-Şəki-Qax, Zaqatala-Balakən, Yevlax, Şəmkir-Gədəbəy və digər istiqamətlərdə 400 kilometrdən çox qaz kəmərlərinin çəkilişinə nəzarət etdim.

Daha sonra "Azəriqaz" İstehsalat Birliyində baş direktorun müavini işlədim. "Azəriqaz" Dövlət Şirkəti yarandı, 1992-ci ilin noyabrından məni ora birinci müavin göndərdilər. 1997-ci ildə Səhmdar Cəmiyyət yarandı, 2006-cı ilə kimi orada baş texnoloq işlədim. 2006-cı ildə heyət yarandı və mən bu heyətin baş mühəndisi oldum. 2009-cu ildə "Azəriqaz" yenə əvvəlki tərkibə qayıtdı. 2011-ci ildə Qaz İxrac Yüksək təzyiqli boru kəmərləri Qaz Əməliyyat idarəsinə keçdi, adı isə Qaz İxrac İdarəsi oldu və ora müavin olaraq getdim. 2018-ci ilə kimi işlədim, hazırda isə təqaüddəyəm.

"Rəhbər öz işçisini təhqir edə bilməz..."

- Rəhbər vəzifədə çalışmaq çox çətindir. Əgər sən o pilləyə fəhləlikdən gəlmisənsə, çətinlik görmüsənsə, onda fəhləni də, işçini də yaxşı başa düşəcəksən, onlarla insan kimi davranmağı biləcəksən. Yox, əgər sən işi, istiqaməti bilmədən, hardansa, gəlib vəzifəyə təyin olunmusansa, onda heç zaman işçini anlaya bilməzsən. Möhtərəm Prezidentimizin də hər zaman məmurlara əsas tapşırığı budur ki, insanlarla, işçilərlə yaxşı davranın, onları incitməyin. Rəhbər vəzifədə oturmaq işçilərlə pis davranmaq səlahiyyəti vermir. Bunun üçün xarakterin, insanlığın yerində olmalıdır.

Mən rəhbər işdə işləyəndə otağımda yuxarı başda oturmurdum. Şikayətçilərlə bir stol arxasında oturur, dinləyir və onlarla birgə gedib məsələni yerində araşdırırdım. "Azəriqaz"da işləyəndə bir işçim vardı. Bilirdim, o, hər zaman mənə pislik etməyə çalışırdı. Mən isə əksinə, ona yaxşılığımdan qalmırdım. Hətta onun torpaq alıb ev tikdirməsinə də kömək etmişdim. Sonra gəlib məndən soruşdu ki, müəllim, mən sizə bu qədər pislik edirəm, siz mənə niyə yaxşılıq edirsiz? Dedim, bax, elə bu sözünə görə.

Mənə çox zaman deyirdilər ki, sən mübahisə edənsən. Deyirdim ki, mən mübahisə etmirəm, haqqın, doğrunun tərəfini tuturam. Bunu da bəziləri sevmir, qəbul etmirlər. Bəziləri sözün düzünü deməyə qorxur.

Bu yerlərə mən lap bünövrədən gəlib çıxmışam. Bu sektorun hər sahəsində işləmişəm. Ən çətini qazma işi idi ki, mən ordan işə başlamışam.

"Neftimiz daim olacaq..."

- Neft-qaz sahəsi hər zaman çətin və əhəmiyyətli sahə olub. İqtisadiyyatımız bilavasitə bu sahələrdən asılıdır. Əvvəllər quyunu 5 metr qazırdılar, daha sonra 500 metr. Hazırda isə 8-9 min metrlik quyular qazılır. Son illərdə həyəcan təbili çalınır ki, Azərbaycanda neft bitir. Əslində isə belə deyil. Bizim neft ehtiyatımızın hələ cəmi yarı hissəsi çıxarılıb, qalanı isə qalıb. Torpağımız zəngindir. Məsələn, deyək ki, Amerikada 90 və ya 95 faiz nefti çıxarırlar. Bizdə isə hələ neft çoxdur. Mən bunu deyə bilərəm ki, neftimiz daim olacaq. Sadəcə onu yeni texnologiyalar ilə çıxarmaq lazımdır.

O vaxtı quyu sırf neft üçün qazılırdı. Qaz isə heç kimi maraqlandırmırdı. İndi isə neftlə qaz paralel əhəmiyyətdədir. Son zamanlar qaz xüsusilə mühümdür. Hazırda respublikanın 96 faizi qazlaşdırılıb. Hər sahədə qazdan istifadə edilir. Dövlətimiz neft-qaz sahəsində çox düzgün siyasət yürüdür. Zəngin qaz yataqlarımız var. Haralarda olduqları da bilinir. Hazır quyular da var. Sadəcə bərpa olunmalıdır.

"Gənclər ümid vəd edirlər..."

- Bu sahəyə gənclərin marağı çox güclüdür. İşlədiyim müddətdə gənclər vardı ki, soruşurdular, öyrənirdilər, təcrübəli mütəxəssislərin biliklərindən yararlanmağa çalışırdılar. Bu gün də məni axtarır, soruşurlar. Gənclərimiz, onların bu sahəyə marağı, sevgisi ümid vəd edir. Əgər onlar diqqətli olsalar, yaxşı mütəxəssis kimi yetişsələr, dünyanın yeni texnologiyalarını öyrənsələr, qaza da, neftə də sahib çıxmağı bacaracaqlar.

Şahanə MÜŞFİQ

 





19.04.2019    çap et  çap et