525.Az

Universitet yaradıcıları: Rəşid xan Kaplanov


 

BAKI DÖVLƏT UNİVERSİTETİ - 100

Universitet yaradıcıları: <b style="color:red">Rəşid xan Kaplanov </b>

Tanınmış siyasi və dövlət xadimi Rəşid xan Kaplanov Azərbaycanda fəaliyyətə 1919-cu ildə başlamış və cümhuriyyətin inkişafında böyük xidmətlər göstərmişdir.

Milliyyətcə qumıq olan R.Kaplanov 1883-cü ildə Dağıstanın Xassavyurd qəzasının Ağsay kəndində doğulmuşdur. Əlavə edək ki, Rəşid Kaplanovun mənsub olduğu və sayı hazırda 450 minə çatan qumıqlar Şimali Qafqazda yaşayan ən böyük türk etnosudur.

Tədqiqatçı-alim V.Quliyev qumıqlarla azərbaycanlıların əlaqələri haqqında belə bir məlumatı qeyd edir: “Qafqazdakı dil və din qardaşlarımız qumıqları bizə yaxınlaşdıran tarixi qohumluq əlaqələri də mövcuddur. Sonuncu Qarabağ hökmdarı Mehdiqulu xan Cavanşirin qızı, şairə Xurşidbanu Natəvan (1832-1897) Rəşid Kaplanovun doğulduğu Ağsay kəndindən olan knyaz, rus ordusunun general-mayoru Xasay xan Usmiyevlə (1808-1866) ailə qurmuşdur”.

R.Kaplanov Vladiqafqazdakı realnı məktəbdə oxuduqdan sonra Fransaya getmiş, 1910-cu ildə Parisdəki Sorbonna Universitetinin hüquq fakültəsini bitirmişdir. O, sonradan İstanbula getmişdir. İstanbula getməsinin əsas səbəbi iki il əvvəl burada gənc türklər inqilabının qələbəsi, eyni zamanda, Parisdən tanıdığı İttihad və Tərəqqi Partiyasının bir sıra üzvlərinin hökumətdə mühüm vəzifə tutmaları idi.

Digər tərəfdən isə onun əmisi oğlu Əhməd Səid Kaplanov gənc türklərin liderləri arasında tanınırdı.

R.Kaplanov İstanbulda Mülkiyyə məktəbində dövlət hüququndan, Siyasi Elmlər məktəbində isə anayasa hüququndan dərs demiş, Ədliyyə Nazirliyində qanunvericilik islahatları komissiyasında çalışmışdır.

R.Kaplanov 1913-cü ildə atasının təkidi ilə Vladiqafqaza qayıtdıqdan sonra, burada məhkəmə sistemində müvəkkil olaraq çalışmışdır.

R.Kaplanov 1917-ci ilin 1(14)-8(21) may tarixlərində Birləşmiş Dağlıların Müvəqqəti  MK-sının qurultayında iştirak edirdi (həmin qurultayda qurumun adı - Şimali Qafqaz və Dağıstan Dağlıları İttifaqı adlanırdı). Onun mayın 5(18)-də qurultaydakı məruzəsindən və müzakirələrdən sonra Dağlılar İttifaqının yaradılması haqqında qərar qəbul edilmişdi.

1918-ci ilin mayın 11-də Şimali Qafqaz Dağlıları Respublikası (çeçen milyonçusu Ə.Germoyevin başçılığı ilə) yaradıldı və R.Kaplanov da bu hökumətdə təmsil olundu. O, 27 nəfərlik Dağlı Parlamentinin də üzvü idi.

1919-cu ilin martında R.Kaplanov burada yeni hökumət kabineti formalaşdırmağa çalışsa da, bu, mümkün olmadı. 1919-cu ilin mayında Denikin Dağıstanı ələ keçirdi.

R.Kaplanov 1919-cu ilin əvvəllərində Bakıya köçdü, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri N.Yusifbəylinin yaratdığı 4-cü Hökumət kabinetində Maarif  və Dini Etiqad naziri vəzifəsini icra etdi. Onun rəhbərliyi altında Bakıda və Azərbaycanın bir çox şəhərlərində yeni məktəblər açılaraq, fəaliyyətə başladı.

R.Kaplanov N.Yusifbəylinin başçılıq etdiyi 4-cü Hökumət kabinetində Maarif naziri olarkən (14 mart 1919 - 12 dekabr 1919) təhsil sahəsində ciddi inkişaf baş verdi. İlk olaraq, 1919-cu ilin noyabrında Bakı Dövlət Universitetinin açılışı oldu, yüzə qədər tələbə Rusiya, Türkiyə və Avropa universitetlərinə göndərildi. Azərbaycan Hökumətinin böyük dəstək verdiyi bu işlərin reallaşmasında R.Kaplanovun da xidməti olmuşdur.

1919-cu ildə Azərbaycan Hökuməti tədrisi gücləndirmək məqsədi ilə Türkiyədən türk müəllimlərini Bakıya dəvət etdi. Bu dəvətin reallaşdırılmasında Maarif naziri  R.Kaplanovun da əlaqələrindən istifadə olunmuşdu.

1919-cu ilin noyabrında Bakı Dövlət Universitetinin açılmasında R.Kaplanov yaxından iştirak etmiş və bir məlumata görə, o, burada Osmanlı ədəbiyyatı tarixindən mühazirələr oxumuşdur.

R.Kaplanov Azərbaycan Parlamentinin iclaslarında da çıxışlar edirdi. Onun ilk çıxışı parlamentin 1919-cu ilin avqustun 21-də keçirilən 67-ci iclasında oldu.

Parlamentin toplantısında ilk olaraq “Azərbaycan Darülfünunun təşkili haqqında” məsələ müzakirə edildi. Əsas məruzəçi kimi çıxış edən parlamentin katibi Mehdi bəy Hacınski oldu. M.Hacınski bildirdi ki, Darülfünunun yaradılması ilə bağlı Hökumətin yaratdığı komissiyaya professor-cərrah Razumovski (sədr), üzv olaraq iki nəfər qeyri-professor, Maarif Nazirliyindən bir nəfər, Bakı bələdiyyəsi və Neft Şurasının hərəsindən də bir nəfər daxildir. M.Hacınski komissiyanın bununla bağlı bir layihə hazırladığını qeyd etdi. O bildirdi ki, bu məsələyə belə yanaşma vardır: Darülfünun Azərbaycanda olsun, ya olmasın? O qeyd etdi ki, bu barədə iki cərəyan vardır: biri lehinə, digəri isə əleyhinədir. Bəziləri zamanın uyğun olmadığını desələr də, indi Maliyyə-büdcə komissiyasında hamı tərəfdar olduğunu bildirib.

Sonra Darülfünun layihəsi ətrafında müzakirələr başlandı. İlk olaraq Kravçenko (rus dilində), sonra Q.Qarabəyli, M.Ə.Rəsulzadə, Y.Əhmədov, Vonsoviç (rusca danışır), A.Əfəndiyev, S.Ağamalıoğlu, M.Əfəndizadə, Ə.Qarayev çıxış etdilər.

Sonra söz Maarif naziri R.Kaplanova verildi. O dedi: “Bulunduğumuz əsrdə yaşaya bilmək vəsaiti-maddiyyədən ziyadə vəsaiti-mənəviyyə olan elmə müvəffəqdir. Əsasən gözlərimiz önündə cərəyan edən əhval və vüquat bu həqiqəti göstərir. Bəziləri də Avropada elm var deyirlər, elə gözləri önündə olan elmi görmürlər.

Məlumunuzdur ki, hər hansı bir mühüm işə başlandığı vaxt, əvvəla məqsədi-əsliyyəni təhlil etmək lazımdır. Bunun üçün biz əvvəla Darülfünun haqqındakı məqsədi-əslimizi təhlil etməliyik. Biz Darülfünunu yalnız bir neçə müəllimi, bir neçə tələbəni hazırlamaq üçün açmırıq. Və heç də zənn etmirəm ki, bu şəraitlə qəbul edəlim. Bilirsiniz ki, hər mədəni millət və qövm Darülfünun haqqındakı fədakarlıqdan çəkinməz...

Bir çoxları belə güman edirlər ki, Darülfünun açılması Azərbaycanı nəzərlərdə yüksəldər və İstiqlalımızın qəbul və təsdiqi məsələsinin hüsni-həllinə kömək edə bilər”.

R.Kaplanov çıxışında universitet açılmasında tərəddüd edənləri inandırmağa çalışırdı: “Biz Azərbaycan Darülfünunun açılmasında israr edərkən ancaq Azərbaycan dövləti və türk mədəniyyəti-milliyyəsi mənafeyi nöqteyi-nəzərindən edirik. Müstəqil bir millət kimi yaşamaq üçün elani-istiqlal etmək kafi deyildir. Həqiqətən müstəqil yaşaya bilmək və mədəni millətlər ailəsində müəyyən bir mövqe tuta bilmək üçün elə möhkəm bir bünövrə qoymaq lazımdır ki, onun üzərində millətimiz dühayi-milliyyəsini, istedadi-xəllaqiyəsini, xüsusiyyətini ibraz edə bilsin və bununla da öz istiqlalını gələcək imtahanlardan təmin etmiş olsun. Zira mənliyini dərk etmiş bir millət üçün heç bir imtahan qorxunc deyildir”.

R.Kaplanov universitetin açılması ilə bağlı çıxışında inandırıcı fikirlər irəli sürür, bunun vacibliyini əsaslandırırdı: “Budur, Darülfünun açmaqla təqib etdiyimiz əsas məqsəd həmin belə elmi qüvvələri və fənni mərkəzi təsis və hasil etməkdir. Ancaq bu, bizə həqiqi müstəqil həyat yaşamağa imkan verər və milli mədəniyyətimizi möhkəm əsaslar üzərində qoyar. Şübhəsizdir ki, bunun üçün tamamilə milli xüsusata malik bir mərkəzi-fənniyə yaradılmalıdır. Darülfünun tədris və tənimati-fənniyyə üçün dühayi-milliyyə xüsusiyyatı ilə ahəngdar şərait təmin etmək mənasında milli ola bilər və olmalıdır”.

R.Kaplanov qeyd etdi ki, biz milli bir Darülfünun yaratmaq üçün onu Avropa dillərinin birində açmalıyıq. O, Darülfünunun geniş imkanlı olması baxımından rus dilində açılıb, Azərbaycan dövlətinə, türk mədəniyyətinə xidmət etməyininin vacibliyini vurğuladı. O bildirdi ki, Darülfünunda tədricən yeni kafedralar açmaq, türk dilinin tədrisini genişləndirmək və müntəzəm olaraq milliləşdirmək lazımdır.

R.Kaplanov çıxışını təsirli bir məntiqlə yekunlaşdırdı: “Biz müsəlmanlar məscidə gedərkən onun müqəddəsliyinə ehtiramən ayaqqabılarımızı çıxarırıq. Çox istərdim ki, Darülfünunu da belə tədris edərək ona məbəd kimi baxaydıq və onun xüsusunda düşünərkən həqiqi bir elm məbədi yaratmağa xidmət edən mülahizatdan başqa digər fikir və mülahizələri kənara ataydıq. Çünki Darülfünuna bağladığımız ümid və arzulara ancaq bu şərait altında nail ola bilərik”.

Azərbaycan Parlamentinin 1919-cu ilin 25 avqustunda keçirilən 68-ci iclasında isə 16-ya qədər məsələ müzakirə edildi.

Parlament iclasının 1-ci məsələsi Azərbaycan Darülfünunun təşkili haqqında 2-ci oxunuşun müzakirəsi oldu. M.Hacınski Darülfünun haqqındakı qanun layihəsini maddələr üzrə oxudu. Bu oxunuşda türk dilinin Darülfünunda (2-ci maddə) məcburi tədrisi, Darülfünuna muxtariyyət verilməsi, bina ayrılması və digər məsələlər müzakirə edildi.

R.Kaplanov müzakirədə çıxış etdi və Bakıda Darülfünun binasının tikilməsi problemlərindən danışdı. O qeyd etdi ki, Darülfünunun təşkili üçün əvvəl 3 milyon manat yarım nəzərdə tutulsa da, müəyyən əşyalar xaricdən alındığına görə “bunun kifayətsiz olduğu hiss edildiyindən 5 milyona qədər artırıldı”.

Parlamentin 1919-cu ilin sentyabrın 22-də keçirilən 76-cı iclasında 17-yə yaxın qanun layihəsi müzakirəyə çıxarıldı. Birinci məsələ olaraq “Azərbaycan Hökumət Darülfünunun təşkili haqqında qanun layihəsi”nin növbəti müzakirəsi keçirildi. Bu müzakirədə ən çox diqqət edilən Darülfünun Şurasında tələbələrin iştirakı məsələsi oldu. Ə.Pepinov və Q.Qarabəyli Şurada tələbələrin iştirakını vacib saysalar da, Maarif naziri R.Kaplanov etiraz edərək dedi: “Əfəndilər! Əski Rusiyada darülfünunlar bir müəssiseyi-məarifdən ziyadə, bir mərkəzi-siyasət olmuşdu. Ona görə tələbələr siyasət ilə məşğul olurdular. Bunun üçün tələbələr bu maddə əleyhinə çalışarlar. Bizdə isə belə deyildir. Azərbaycan kimi hüquqi-siyasiyyəyi təmin edən bir məmləkətdə tələbələrin hüquqi-siyasiyyələrindən bəhs etmək lazım deyil, bir də siyasət ilə məşğul olan böyük parlamentimiz və siyasi firqələrimiz vardır. Arzu edərdik ki, Darülfünun siyasətdən uzaq olub elm və tədris  ilə məşğul olsun”.

Bu geniş müzakirələrdən sonra 1919-cu ilin noyabrında Bakıda ilk darülfünunun (universitetin) açılış mərasimi oldu.

R.Kaplanov Azərbaycan Cümhuriyyətinin istər Maarif, istərsə də Maliyyə naziri vəzifələrində çalışarkən dövlətin inkişafında önəmli rol oynamışdır.

1920-ci ildə Azərbaycan Rusiya bolşevikləri tərəfindən işğal edildikdən sonra R.Kaplanovun da ağır, təqiblərlə müşahidə edilən həyatı başlandı. R.Kaplanov iyun ayında həbs olundu, azadlığa buraxıldıqdan sonra əvvəl Vladiqafqaza, sonra isə Moskvaya göndərildi. O, Moskvadakı Şərq Xalqları Universitetində Osmanlı imperiyası tarixindən dərs dedi, eyni zamanda, vəkil kimi də fəaliyyət göstərdi.

R.Kaplanovun Bakıda həbsdən azad olunmasında Stalinin köməyi qeyd edilsə də, bu, inandırıcı görünmür. Çünki Stalin Bakıya 1920-ci ilin oktyabrında gəlmişdir.

Digər məqamda isə (bu, daha realdır) R.Kaplanovun həbsdən xilasında Dağıstan İnqilab Komitəsinin Sədri Cəlaləddin Qorxmazovun (onların yaxın dostluq münasibətləri olmuşdur) və Nəriman Nərimanovun rolu qeyd edilir.

R.Kaplanov 1921-ci ildə də Buynaksda bolşeviklər tərəfindən həbs olunmuşdur. Çünki ondan Qafqazı tərk etmək tələb edilmişdi. Bundan sonra o, Moskvada yaşamağa məcbur olmuşdur. O, burada Ənvər Paşa ilə əlaqədə olmuş, 1923-cü ildə “Türkiyə tarixi üzrə mühazirələr” kitabını çap etdirmişdi.

1930-cu ildə R.Kaplanov yenidən həbs edilsə də, bir müddət sonra azadlığa çıxmışdı. O, bir müddət Ümumittifaq Yeni Əlifba Komitəsində hüquq məsləhətçisi olaraq çalışmışdır.

R.Kaplanov 1937-ci ilin oktyabrın 8-də Moskvada həbs edildi. Həmin vaxt o, Özbəkticarət Müvəkkilliyinin Moskvadakı daimi nümayəndəliyində hüquq məsləhətçisi işləyirdi.

1937-ci ilin dekabrın 10-da o, “əksinqilabi hərəkatda, antisovet millətçi terror təşkilatında fəal iştirakına görə” ittiham edilərək güllələndi.

R.Kaplanovun həyat yoldaşı yəhudi əsilli Olqa Arşon idi. R.Kaplanov güllələnəndə oğlu Muradın 22 yaşı vardı. Murad Moskva Energetika İnstitutunu bitirdikdən sonra tanınmış alim S.Korolyovun yaxın həmkarı oldu və “Molniya-1” raket qurğularının hazırlanmasında xidmətlər göstərdi. Ona iki dəfə SSRİ Dövlət Mükafatı təqdim edilmişdir.

 





19.04.2019    çap et  çap et