525.Az

Yusif Seyidov təkrarsızlığı


 

GÖRKƏMLİ DİLÇİ ALİMİMİZİN 90 İLLİYİNƏ

Yusif Seyidov təkrarsızlığı<b style="color:red"></b>

Bütöv bir dilçi alimlər nəslinin ustadı sayılan Yusif Seyidov Azərbaycan dilinin görkəmli tədqiqatçılarından idi.

O, morfologiya, söz birləşmələri problemləri ilə məşğul olub və öz sözünü müstəsna səviyyədə deyib. Misilsiz tədqiqatları ilə Azərbaycan dilçiliyinə fərqli bir nəfəs gətirib. Hər bir alimin elmi fəaliyyətinin ana xətti olur. Həmin istiqamət tədqiqatçını daha çox düşündürür, zəngin axtarışlarla məşğul edir. O, "Nəsimi və onun dili" haqqında kitabında Azərbaycan dilinin inkişafı tarixində Nəsiminin rolunu müəyyən etməyə çalışıb. Nəsimi dilini klassik şeir dilimizin başlanğıc nümunələrindən biri kimi araşdırıb.

Özünün də qeyd etdiyi kimi: "Əsər üzərində işlərkən hərdən Nəsimin fikir dünyasına daxil olmaq arzusunda olurdum. Bunun üçün təkcə Nəsiminin şeirlərini dəfələrlə, həm də düşünə-düşünə oxumaqla kifayətlənmirdim".

Yusif Seyidov həyatını dilçilik elminin, Azərbaycan təhsilinin inkişafına həsr etmişdi. Onun zəngin elmi yaradıcılığı vardır.

Dilimizin hərtərəfli inkişafı hər şeydən əvvəl onun elmi cəhətdən dərindən tədqiqini tələb edir. Azərbaycan dilinin elmi məsələləri içərisində qrammatika məsələləri xüsusi yer tutur. Professor Yusif Seyidov apardığı tədqiqatlar sahəsində kifayət qədər maraqlı nəticələr əldə etmişdi. Yusif müəllimin mühazirələri dərin elmi əsaslara malik idi, eyni zamanda, mühazirələrində güclü emosiya özünü göstərirdi.

Tələbə vaxtı bizə mühazirələrini yazdırarkən söyləyirdi ki, bunlar gələcəkdə kitab formasında çap olunacaq. Bu gün minlərlə tələbə Yusif müəllimin həmin kitablarından faydalanır.

O, həm də orta məktəb dərsliklərinin əsas müəlliflərindəndi. Y.Seyidovun "Seçilmiş əsərləri" on cilddə çap olunub. Bu kitablar alimin gərgin əməyinin nəticəsidir. 

Y.Seyidov haqqında xatirələr, yaddaşdakı xoş anlar çoxdur. O, gözəl dilçi-alim, ədəbiyyatşünas, publisist olmaqla yanaşı, həm də fərqli müəllim idi. Uzun illər Bakı Dövlət Universitetində "Azərbaycan dili və onun tədrisi metodikası" kafedrasının müdiri vəzifəsində çalışmışdı.

Bütün varlığı ilə universitetlə bağlı olan, onun tədris həyatı ilə nəfəs alan Yusif Seyidov dilçilik elminin inkişafında çox işlər gördü. Allah ona bir insan kimi çox şey vermişdi: insanlıq, təmiz ürək, xeyirxahlıq və başqa müsbət xüsusiyyətlər. Ona görə də  Azərbaycan ictimaiyyəti onu təkcə bir müəllim kimi yox, həm də bir şəxsiyyət kimi qəbul edir və sevirdi.

Y.Seyidov" Azərbaycan dilinin qrammatikası" kitabının müəllifi idi. Həmin əsər elmi və sadə bir dildə yazılıb. Morfoloji kateqoriyaları o, sistem şəklində tədqiq edib.

Azərbaycan dilində söz birləşmələri məsələsi Y.Seyidovu bütün yaradıcılığı boyu məşğul etmişdi. Hər bir elm sahəsində olduğu kimi, söz birləşmələrinin hərtərəfli və düzgün izahı üçün onların təsnif edərək qruplaşdırılması mühüm əhəmiyyətə malikdir. Söz birləşmələri müxtəlif xüsusiyyətləri ilə, müxtəlif formalarda özünü göstərir. Buna görə də söz birləşmələrinə müxtəlif cəhətdən yanaşmaq, qruplaşdırmaq və izah etmək Yusif Seyidovun tədqiqatlarında aparıcı yeri tutur.

Yusif Seyidov hər şeydən əvvəl dilə, sözə bir şair, yazıçı gözü ilə baxır, həm də sözdən bir müəllim kimi bəhs edirdi. O, Azərbaycan ədəbiyyatı tarixini çox yaxşı bilirdi. Professor ədəbiyyat tarixini vərəqləyir,  Rəsul Rza, Məmməd Araz, Bəxtiyar Vahabzadə, Əli Tudə və  Cabir Novruz yaradıcılığına öz münasibətini bildirirdi.

Y.Seyidov "Şairin dərdi" adlı kitabını Azərbaycanın qüdrətli şairi Səməd Vurğuna həsr edib. Dahi şairi "Azərbaycan poeziyasının sərkərdəsi" adlandırıb.

Y.Seyidov bu kitabı S.Vurğunu tanımaq, onu qiymətləndirmək baxımından çox şey deyir.

Yusif müəllimin 90 illik yubileyi tələbəlik illərimi yadıma saldı. Bəli, indi dönüb o illəri xəyalımdan keçirəndə deyirəm, nə yaxşı ki, Yusif Seyidov kimi müəllimimiz olub. Yusif müəllim işıqlı bir şəxsiyyət idi. Onu hər zaman minnətdarlıqla xatırlayırıq. O, mənim düşüncələrimdə, hafizəmdə daha çox müəllim kimi qalıb. Çünki təkcə auditoriyaya girib dərs aparması ilə deyil, bütün varlığı ilə müəllim idi. Onun əsərlərində belə müəllim nəfəsi, müəllim kəlamı, müəllim təlimi var. Təbiətən sakit, mülayim və qayğıkeş idi. İnsanlara, tələbələrinə səmimi münasibət bəslərdi. Tələbələrinin şəxsi keyfiyyətinə, savadına, intizamına xüsusi diqqət göstərərdi. Onun həyat yolu və yaradıcılığı böyük bir məktəbdir.

Y.Seyidovun publisistikaya güclü meyli çoxşaxəli fəaliyyətinin əsas cəhətlərindəndir. Onun publisistikası elmi yaradıcılığını tamamlayırdı.

Görkəmli alimimiz elə bir Yusif Seyidov ömrü yaşayıb ki, nəsillər daima ondan nümunə götürəcək.

90 illik yubileyində mərhum alim, unudulmaz şəxsiyyət Yusif Seyidovu bir daha ehtiramla anır, ruhuna rəhmət diləyirəm.

Təranə ŞÜKÜRLÜ
Filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri

 





19.04.2019    çap et  çap et