525.Az

Vətənpərvər insan ömrü


 

Vətənpərvər insan ömrü<b style="color:red"></b>

Uzun illər Azərbaycanın daxili işlər orqanlarında çalışmış Famil Yunis oğlu Vəliyev martın 19-da dünyasını dəyişib. O, hüquq-mühafizə strukturlarında müxtəlif vəzifələrdə 29 il ərzində səmərəli fəaliyyət göstərib.

F.Vəliyevin tərcümeyi-halına nəzər saldıqda göz önündə təkcə peşəkar polis zabiti yox,  həm də vətənpərvər, təəssübkeş insan ömrü canlanır.

1930-cu il martın 8-də Ağdamın Şelli kəndində anadan olan F.Vəliyev Müəllimlər İnstitutunu bitirdikdən sonra əmək fəaliyyətinə başlayıb. Bir müddət doğulub-boya başa çatdığı kənddə tarix müəllimi işlədikdən sonra Ağdam komsomol komitəsində, rayon partiya komitəsində instruktor vəzifəsində çalışıb.

Fərdi keyfiyyət və bacarıqları sayəsində F.Vəliyev 1960-cı ildə daxili işlər orqanlarına işə qəbul olunub. Qısa müddət ərzində xidməti fəaliyyətində fərqlənərək bir sıra rəhbər vəzifələrə təyinat alıb. 1960-1968-ci illərdə Ağdam rayonunda yerləşən 8 saylı ciddi rejimli Cəzaçəkmə müəssisəsində direktor vəzifəsində işləyən F.Vəliyev 1968-ci ildə Daxili İşlər Nazirliyinin Şuşa həbsxanasında baş əməliyyat müvəkkili vəzifəsinə təyin edilib. Vəzifəsinə məsuliyyətlə yanaşan, tələbkarlığı ilə seçilən F.Vəliyev hüquq-mühafizə orqanlarında idarəçilik qabiliyyətini yüksək peşəkarlıqla nümayiş etdirə bilib. Təsadüfi deyil ki, 1970-ci ildən Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyən F.Vəliyev qısa müddət sonra - 1972-ci ildə Tərtər rayonunda Daxili İşlər Şöbəsi nəzdində Xüsusi Komendaturaya rəis təyin olunub. 1974-1975-ci illərdə isə Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsində Növbətçi Hissə rəisi işləyən F.Vəliyev daha sonra ardıcıl olaraq Tərtər, Mingəçevir və Şəmkir rayonlarında Daxili İşlər Şöbəsi nəzdində Xüsusi Komendatura rəisi vəzifəsində çalışıb. 1979-1981-ci illərdə Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər Şöbəsində rəis müavini işləyən F.Vəliyev 1981-1985-ci illərdə Şuşa həbsxanasının rəisi olub. 1985-1989-cu illərdə isə Ağdam rayonunun Paravənd kəndində yerləşən Daxili İşlər Nazirliyi nəzdində 3 saylı Cəzaçəkmə məntəqəsində rəis vəzifəsində çalışıb, oradan fərdi təqaüdə çıxıb.

Camaat arasında sayılıb-seçilən, böyük hörmət sahibi olan F.Vəliyev Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirdiyi, münaqişənin alovlandığı dövrlərdə cərəyan edən hadisələrin mərkəzi - Ağdamın müdafiəsi üçün əlindən gələn köməyi göstərib. Mövcud dövlətini qədim Azərbaycan torpaqları üzərində qurmuş Ermənistan ölkəmizin daha bir ərazisini - Dağlıq Qarabağı işğal etmək məqsədi ilə 1988-ci ilin fevralından başladığı müharibəyə ilk olaraq məhz Ağdam cəlb olunub, hadisələrin ilk günlərindən ən böyük ağırlıq rayonun, onun əhalisinin üzərinə düşüb. Həmin ilin son aylarında Ermənistandan - öz ata-baba yurdlarından, daha sonra keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən, doğma, isti ocaqlarından silah gücünə amansız vəhşiliklə qovulub didərgin salınan on minlərlə azərbaycanlı da Ağdam rayonuna pənah gətirmişdi. Bu hadisələrin fonunda F.Vəliyev öz hesabına 1 ədəd “Ural” maşını üzərində BM-21 markalı “Qrad” raket qurğusu, 1 ədəd BMP-1 markalı Piyadaların Döyüş Maşını, 2 ədəd uzaqməsafəli artilleriya döyüş topu, 1 ədəd Minaatan Döyüş Maşını alaraq istifadə edilməsi üçün hərbi hissələrə aktla təhvil verib. Yenicə müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin hakimiyyət böhranı yaşadığı, orduda vahid komandanlığın hələ formalaşmadığı dövrdə Ağdam və ətraf ərazilərdə yaşayan dinc əhalinin amansız müharibədə daha çox itki verməsinin qarşısının alınmasında məhz bu cür dəstək - hərbi-texniki yardımlar müstəsna əhəmiyyət kəsb edib. Şübhəsiz ki, Vətən, xalq, müstəqil dövlətimizin ərazi bütövlüyü naminə heç bir təmənna güdmədən bütün imkanlarını səfərbər edən, qəhrəman döyüşçülərimizə hər cür dəstək olan insanlar unudulmur, daim qəlblərdə yaşayırlar. Bu mənada qədirbilən Qarabağ camaatı F.Vəliyevin xidmətlərini heç vaxt yaddan çıxarmır, onun xatirəsini həmişə əziz tutur.

Allah rəhmət eləsin!

 





19.04.2019    çap et  çap et