525.Az

Tanıyaq və tanıdaq: Nadir Əzhəri


 

Tanıyaq və tanıdaq: <b style="color:red">Nadir Əzhəri </b>

Əziz oxucular, "525-ci qəzet"də "Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya" adlı guşə açılıb.

Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana dilində fərqli janr və üslublarda qələmə aldığı şeir və poemalara, yaxud da həmin əsərlərdən müəyyən hissələrə yer verəcəyik. Bu əsərlər günümüzün Güney ədəbiyyatında baş verən yeniliklərin, ədəbi prosesin incəliklərini bir az da yaxından izləmək, həyata, insanlığa, yazarların ictimai-siyasi və milli məsələlərə baxışlarını öyrənmək baxımından diqqətəlayiqdir... 

Türkiyənin ünlü filosof-yazarı Cəmil Meriç "Qərb kültürün vətənidir, Şərq irfanın. Nə Qərbi tanıyırıq, nə Şərqi, ən az tanıdığımız isə özümüz..." deyirdi. Güney Azərbaycanda son çağın dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab mədəniyyəti, sözyaratma qüdrətinin nə qədər yüksək olduğu yansıyır. Möhtəşəm mədəniyyət yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...

Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün, dəyərli yazarların yaratdıqları bənzərsiz poetik dünyanın qapıları üzünüzə açılır, əziz oxucular!


Esmira Fuad
Filologiya elmləri doktoru

Nadir ƏZHƏRİ

1965-ci ildə Tehranda ərdəbilli bir ailədə dünyaya gəlib. 8 yaşında ailəsi yenidən Ərdəbilə qayıdıb. İlk və orta təhsilini burada alıb. 1979-cu il İran İslam İnqilabı dövründə yaranmış ictimai-siyasi durum onun ali təhsil almasına mane olub. 2002-ci ildə şairə Negin Nəvadərəzi ilə ailə həyatı qurub. Hazırda Təbrizdə özəl bir şirkətdə çalışır.

Bir neçə şeir kitabı, "Ayaqüstü xatirələr" romanı və "Yelena" adlı poeması, həmçinin, türkcədən farscaya tərcümə kitabları Ərdəbil və Təbrizin fərqli yayım evlərində nəşr olunub.

Tapılmayan sərxoş

Necə olduğumu sorma,
məni bayırlarda yağış götürüb
və bu şəhərdən pasportun
itirmiş bir yabancı tək
tələsirəm getməyə.
Necə olduğumu s orma,
Sanki içimdə ölümə gedir birisi,
məndə bir nisgil,
məndə bir ölən var, qırxı çıxmayır!
Necə olduğumu sorma,
məndə bir fərari yaşayır...
Gahdan gecələr
beynimdəki dağlarla-daşlarla
atışır,
tutuşur,
gahdan yuxudan oyadır məni,
sigara istir!
Mənə ey tapılmayan sərxoş,
Mənə ey tapılmayan dostum,
Bardağından bir qurtum,
Siqarından bir nəfəs saxla...

Məktub

Sara, salam!
İndi ki ayrılıq əlifbasıdır barmaqların
Yağışlı bir cümədən yazıram
- və aşiqin cüməsi yoxdur!-
Sara, nə var?
Qorxun budur adın düyün düşə
birdən adıma?
Yel olsam da özgə iliyəcək səni.
Sara, yetiş!
Xəyalından da göyçək gələ bilərsən
Və nə qədər ağlamışam
ki, sabahım da cumculuq görünür
- böylədir məndə sevgi durumu -
Sara, susum?
Payız axşamı kəlmələr mahna axtarır
Və səslərə xırxım sərinib
Nə deyir lal yağışın barmaqları?
Nə edim?
Sanki ipdə qalan
köynəyimdə qalıb qollarım
Nə edim gəlməyinə?
Sara, çağır,
Sara, yetiş,
Yağışlı bir cümədən yazıram
Dumanlı adresimi!

Buyurun, gözəl düşmənlərim

Adamsız deyiləm, canım,
mən yanğınların atasıyam
siqaramı ildırım alıştırır,
atəşlər adresimi göstərir
və dünyadakı yağışlar
qapıma gəlir...!
Dolu gözlərim
yarım çetverim,
buyurun,
gözəl
düşmənlərim!
Və alnı açıq
sözlərin saçı yeldə,
sözlərinin saçı çöldəydi
(indi üfüqdən naməhrəm baxır...!)
bizi heç bir sabah,
bizi heç bir işıq
əmizdirmədi.
Yaşasın ac duyğularım,
bu əllərini ağzına təpmış duyğularım
burnu fırtıqlı uşaqlar kimi
nə qədər amma məsum yaşadım...!
Özümdən uzaqda yaşadım
əllərimdən də xəbərsiz
təkcə dodaqlarımı tapdım:
bu mənəm - çirkinlərin böyüyü
qıhalar mənim,
buyurun, gözəl düşmənlərim!

Yanıq fotolar

Dönüm-dönümüdü dənizlə dağ arası
Maşın hızlı, xatirə hızlı...
Tüneldən uşaq çıxdım!
Maşın enirdi Xəzərə, Savalandan
Tüneldən də qoca çıxdım!
Çıxırdı Savalana, Xəzərdən də maşın
...Və doyunca fotomu çəkdim özüm
Dəniz titrədi, dağ titrədi, mən titrədim
Kimsə əlimin titrəməyini
belə bilmədi...
Və səni
Dağ sordu,
Dəniz sordu,
Adamlar sordu...
(-...Anası xəstəymiş...
...Toplantısı varmış...
...Gələn səfər gələcək, deyibdir...)
Özüm də üstəlik
Unutdurmaq olmur kimsəyə səni...
Və doyunca fotomu çəkdim özüm...
Dağ yandı,
Dəniz yandı,
Mən neçə yerdə yandım
Bir fotomu çəkən olmadı.
Sənsiz
Fotolarım da yandı.

Təbrizin yelləri

Gecə əsəndə yelləri Təbrizin
dostların get-gəlindən əmin oluram
"və yelin gətirdiyi səsdə
itməyəcəyimə də..."*
Gözlərim qaranlığa öyrənməmiş
qələmi nərdivan kimi saxlayıram,
nıqqıldayaraq çiyninə çıxıram
sözcüklərın
heyrət adlı tozlu bacadan göz qoyuram:
...gedib-gəlir də ayaqqabıları,
yoldaşların...!
Hərəklərindən Ərkin asılıdır hələ də
yüz illik asılmışları, Təbrizin,
əlim çatmır endirəm yoldaşımı, hələ də...
Gecə əsəndə yelləri Təbrizın
qurşunun səsində buluram birisini.
Gecə əsəndə yelləri Təbrizin
dosların get-gəlindən Ah
əmin oluram...!

*Bu misra Nigin Nəvadərəziyə məxsusdur.

 





19.04.2019    çap et  çap et