525.Az

ADPU-da Magistrantların II Respublika elmi konfransı


 

ADPU-da Magistrantların II Respublika elmi konfransı <b style="color:red"></b>

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) "Yeni texnologiyalar və tədris prosesinin idarə olunması" Magistrantların II Respublika elmi konfransı öz işinə başlayıb.

Konfransı giriş sözü ilə açan rektor Cəfər Cəfərov bildirib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında böyük keyfiyyət dəyişiklikləri baş verib.

Təhsil sahəsi də sürətli inkişaf yoluna qədəm qoyub. "Təhsil millətin gələcəyi, müstəqil dövlətin təməlidir" deyən Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə təhsil sahəsinin qanunvericilik bazası təkmilləşdirildi, normativ-hüquqi sənədləri hazırlandı, maddi-texniki baza gücləndirildi, təhsilin keyfiyyəti yüksəldi. Ulu öndər Heydər Əliyev yüksəkixtisaslı pedaqoji və elmi-pedaqoji kadrların hazırlanmasına xüsusi diqqət yetirirdi:

"Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyev elm və təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərir. Ölkənin böyük iqtisadi potensialı elm və təhsilin inkişafında mühüm rol oynayır. Bu qayğı və diqqətdən ruhlanan ADPU elm və təhsilimizin inkişafına öz töhfələrini verir. Aparılan islahatlar, həyata keçirilən yeniliklər, layihələr ADPU-nun yeni inkişaf mərhələsinə daxil olmasına şərait yaradıb. 2021-ci ildə ADPU-nun yaradılmasının 100 ili tamam olur. Biz əldə edilmiş uğurlarla kifayətlənməməli, fəaliyyətimizi müasir dünyanın çağırışlarına uyğun qurmalıyıq. Bu baxımdan magistrantlarımızın üzərinə böyük məsuliyyət düşür. Magistrantlarımız daim öz üzərlərində çalışmalı, bilik və bacarıqlarını artırmalı, rəqəmsal bilikləri, dünyanın aparıcı xarici dillərini dərindən öyrənməli, vətənpərvər olmalıdırlar. Hazırda ADPU-da 17 ixtisas, 18 ixtisaslaşma üzrə 707 nəfər magistr təhsili alır".

Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov çıxışında qeyd edib ki, müasir dünyamızda dövlətlərin gücü onların elmi səviyyəsi ilə müəyyən edilir. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə ölkədə "Elm günü"nün təsis edilməsi elmin inkişafı üçün stimul yaradır. Son illər ADPU-da elmi-tədqiqat işlərin səviyyəsi yüksəlib, professor-müəllim heyətinin impakt-faktorlu jurnallarda dərc edilən elmi məqalələrinin sayı artıb, alimlərimiz müxtəlif respublika və beynəlxalq miqyaslı elmi toplantılarda fəal iştirak edirlər.

Qeyd edək ki, 2 gün davam edəcək konfrans aprelin 19-da başa çatacaq. Konfransın yekun iclasında bölmə rəhbərlərinin hesabatları dinləniləcək, müvafiq qərarlar qəbul ediləcək.

S.QARAYEVA

 





19.04.2019    çap et  çap et