525.Az

"Bir xatirə dəftərinə bənzəyir ömrüm" kitabı təqdim edildi


 

"Bir xatirə dəftərinə bənzəyir ömrüm" kitabı təqdim edildi <b style="color:red"></b>

Dünən Milli Kitabxanada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Xatirə Kitabı redaksiyasının və "Bakı-Xəbər" qəzetinin birgə layihəsi əsasında çap olunmuş "Bir xatirə dəftərinə bənzəyir ömrüm" adlı kitabın təqdimat mərasimi keçirilib.

Tədbiri Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov açaraq qonaqları salamlayıb, Naxçıvan MR Sədərək rayonunun ilk şəhidi, xüsusi təyinatlı polis əməkdaşı İlkin Seyidovun həyat və döyüş yoluna işıq tutan bu kitabın ölkəmizdə, xüsusilə müharibə getdiyi, torpaqlarımızın işğal altında olduğu bir zamanda vətənpərvərlik tərbiyəsinin təbliğində çox böyük əhəmiyyət daşıyan əyani vəsait olduğunu bildirib, şəhidlərimizin əbədiyyətə qovuşması, adlarının tarixdə qalması üçün bu cür kitabların nəşrinin təqdirə layiq olduğunu söyləyib.

Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev çıxışında şəhidlərin canlarından keçməklə xalqın qəhrəmanlıq dastanını, azadlığını canı ilə qazanıb qanı ilə yazdıqlarını söyləmiş, xalqına, vətəninə, yurduna bağlılıq prizmasından kıtabın qəhrəmanı, şəhid polis əməkdaşı İlkin Seyidovun həyat yolunun mübaliğəsiz bir örnək olduğunu bildirib, kitabın müəllifinə, redaksiyaya, onun ərsəyə gəlməsində rolu olan hər kəsə təşəkkür edib.

Əməkdar elm xadimi, professor Solmaz Rüstəmova-Tohidi, millət vəkili Aydın Mirzəzadə, DİN-nin polkovniki Əflatun Həsənov, Müdafiə Nazirliyinin polkovniki, Əməkdar incəsənət xadimi Abdulla Qurbani, "Bakı-xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, filologiya elmləri doktoru, professor Maarifə Hacıyeva, Əməkdar jurnalist Azər Həsrət, DTX-nin əməkdaşı, yazıçı-publisist Azər Səlimov, şair Kəmaləddin Qədim, fəlsəfə doktoru, jurnalist, publisist Zemfira Məhərrəmova, polkovnik-leytenant, tədqiqatçı Şəmistan Nəzirli və digərləri adını vətənpərvərlik tariximizə yazdırmış, şəhidlik zirvəsinə yüksəlmiş İlkin Seyidovun şücaətindən danışıb, kitabın ərsəyə gəlməsində xidməti olan hər bir insana təşəkkür edib, qəhrəmanlarımız haqqında bu cür çoxsaylı kitabların yazılmasını yüksək qiymətləndirib, torpaqlarımızın bütövlüyü, düşmən tapdağından azad olunması uğrunda cismani həyatını itirmiş igid oğul və qızlarımız haqqında qələmə alınaraq nəşr olunmuş bu cür kitabların hər bir məktəblinin stolüstü kitabına çevrilməli olduğunu qeyd ediblər.

Şəhidin ailə üzvləri həm müəllifə, həm də redaksiyaya çəkilmiş zəhmətə və diqqətə görə təşəkkürlərini bildiriblər.

Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova çıxış edərək kitabın müəllifi Fəridə Rəhimlinin Azərbaycana minlərlə igidlər, vətənpərvərlər və əvəzsiz şəxsiyyətlər bəxş etmiş Naxçıvanın tarixinə nəzər salmaqla yanaşı, şəhid xüsusi təyinatlı İlkin Seyidovun həyat dastanı haqqında bütün məlumatları toplayaraq yazıya çevirdiyini, kitabın "Şəhidlər ölməz, Vətən bölünməz" nidalı kitablar seriyasından II nəşri olduğunu söyləyib, tədbirdə iştirak və çıxış edən hər kəsə minnətdarlığını bildirib.

 





19.04.2019    çap et  çap et