525.Az

Antiazərbaycan qüvvələrin və "5-ci kolon"un növbəti çirkin kampaniyası


 

ERMƏNİSTANLA HƏMRƏY OLAN HƏMİN QÜVVƏLƏR AZƏRBAYCANIN AVROPA İTTİFAQI İLƏ SAZİŞİNƏ QARŞI ÇIXIRLAR

Antiazərbaycan qüvvələrin və "5-ci kolon"un növbəti çirkin kampaniyası<b style="color:red"></b>

Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət, əhalinin sosial rifahının yüksəlməsinə yönəlmiş islahatlar, bütün sahələrdə əldə edilmiş müsbət nəticələr təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da yüksək qiymətləndirilir, təqdir olunur.

Bu islahatlar, qəbul edilmiş hər bir qərar ilk növbədə Azərbaycan vətəndaşının daha yaxşı yaşamasına, ölkəmizin inkişafına, güclənməsinə yönəldilib. Bu gün hər bir Azərbaycan vətəndaşı arxasında güclü dövlətin, güclü, nüfuzlu liderin olduğunu hiss edir və əlbəttə ki, bununla həm qürur duyur, həm də sabahına, gələcəyə daha ümidlə, daha arxayın baxır. Yalnız bu il ərzində sosial sahədə atılmış addımlar, qəbul edilmiş qərarlar inqilabi xarakterli adlandırılır. Həqiqətən də görülmüş işlərin miqyası nəinki bir neçə aya, heç illərə belə sığmır. Burada qısaca bir neçə faktı vurğulasaq, qaçqın və məcburi köçkünlər, Qarabağ veteranları, şəhid ailələri üçün yeni mənzillərin istifadəyə verilməsi, təqaüdlərinin artırılması, minimum əmək haqqının, sosial müavinətlərin, pensiyaların artması, problemli kreditlərlə bağlı məsələnin həllini tapması və s. çoxsaylı tədbirləri qeyd etmək olar. Bir sözlə, əminliklə demək olar ki,  2019-cu il sosial inkişaf və rifah ili kimi xalqımızın tarixinə düşəcək.

Son 15 ildə Azərbaycan iqtisadi cəhətdən də güclü, özünü təmin edən, rəqabətədavamlı ölkəyə çevrilib. Mühüm transmilli enerji və nəqliyyat layihələrinin reallaşdırılması ölkəmizin strateji mövqelərini daha da gücləndirib. Azərbaycan mühüm beynəlxalq layihələrin təşəbbüskarı və müəllifidir. Bakı-Tbilisi-Qars, Cənub-Qaz-Dəhlizi kimi vacib əhəmiyyət kəsb edən layihələr təkcə regionda deyil, daha böyük coğrafiyada dəstəklənir və Azərbaycan üçün yalnız iqtisadi yox, həm də böyük siyasi önəm kəsb edir.

Azərbaycan öz müstəqil siyasəti ilə də dünyada, beynəlxalq münasibətlər sistemində böyük nüfuz qazanıb. Azərbaycan dünyanın aparıcı güc mərkəzləri, qonşu dövlətlərlə qarşılıqlı maraqlara əsaslanan sıx əməkdaşlıq əlaqələri qurub, bir sıra regional formatların təşəbbüskarı və fəal iştirakçısıdır. 

Ölkəmiz bir çox Avropa İttifaqı (Aİ) dövlətləri ilə strateji tərəfdaşlıq əlaqələrinə malikdir. Məlumdur ki, Aİ ilə Azərbaycan arasında strateji tərəfdaşlıq sazişinin hazırlanması artıq yekun mərhələyə  qədəm qoyub. Yaxın vaxtlarda saziş üzərində işlərin başa çatması gözlənilir.

Həm daxildə, həm beynəlxalq aləmdə əldə edilmiş uğurlar isə ölkə rəhbəri tərəfindən aparılan uğurlu, müdrik siyasətin nəticəsidir. Azərbaycan xalqı Prezident İlham Əliyevə böyük etimad göstərir, rəğbət bəsləyir, onun siyasətini tam dəstəkləyir. Nüfuzlu "Opinion Way" şirkətinin bu yaxınlarda keçirdiyi sorğu da bunu bir daha təsdiq etdi.

Amma Azərbaycanı istəməyən, onun uğurlarını həzm edə bilməyən bəzi qüvvələr yenə də "narahatlıq" içindədirlər. Ölkəmizin inkişafı, xalqın öz prezidentinə olan dəstəyi Ermənistanı, erməni lobbisini, xaricdəki bəzi antiazərbaycan qüvvələrini ciddi şəkildə narahat edir. Bu qüvvələr Azərbaycanın uğurlarına ləkə yaxmaq, onu nüfuzdan salmaq üçün zaman-zaman, xüsusilə böyük tədbirlər ərəfəsində çirkin kampaniyalar təşkil edirlər. Onların sifarişlərini yerinə yetirən "Trensparency İnternational", "Amnisty İnternational", OCCRP və digər bu kimi qurumlar ölkəmiz, dövlət başçısı və onun ailə üzvləri haqqında yalan, böhtan, dezinformasiya xarakterli məlumatlar yayır, Azərbaycanı beynəlxalq qınaq obyektinə çevirməyə, ölkə daxilində "5-ci kolon" vasitəsilə ictimai narazılıq formalaşdırmağa cəhd göstərirlər.

Azərbaycanın müstəqil siyasət yürüdən güclü dövlətə çevrilməsindən, habelə qarşıdan gələn dövrdə Azərbaycan bir sıra mühüm tədbirlərə ev sahibliyi edəcəyindən, Cənub Qaz Dəhlizi layihəsinin tamamlanacağından, Azərbaycanla Aİ arasında strateji tərəfdaşlıq sazişinin imzalanacağından, ölkəmizin Qoşulmama Hərəkatına sədrlik edəcəyindən ciddi narahat olan həmin qüvvələrin artıq ölkəmizə, onun rəhbərliyinə qarşı növbəti qarayaxma kampaniyası həyata keçirəcəyi ehtimal olunur. Avropa Şurasında bu yaxınlarda qəbul olunmuş qətnamə bunu bir daha sübut edir.

Azərbaycan ictimaiyyəti, ekspertlər xarici antiazərbaycan və daxildəki "5-ci kolon”un bu cəhdlərinin  arxasında hansı maraqların durduğunu yaxşı bilir. Buna görə də bu cür kampaniyalarla Azərbaycana təzyiq göstərmək, onu öz yolundan döndərmək mümkün olmayıb və olmayacaqdır. Azərbaycan ictimaiyyəti bu qüvvələrin bütün iddialarına layiqli cavab verəcəkdir.

Son zamanlar bəzi antimilli ünsürlər müxtəlif platformalarda çıxış edərək tamamilə savadsız şəkildə Azərbaycan ilə Avropa İttifaqı arasında barəsində danışıqlar aparılan saziş layihəsinə əsassız fikirlər irəli sürürlər. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycanın Aİ ilə əməkdaşlığı və yeni saziş barəsində aparılan danışıqlar bilavasitə Ermənistanı narahat edir. Ermənistan hətta Aİ üzv dövlətləri arasında olan havadarları vasitəsilə bu sazişə zərbə vurmağa çalışırlar. Ermənistanla həmrəy olan bəzi antimilli ünsürlər də bu sazişə qarşı çıxırlar. Müxtəlif mərkəzlərdən idarə olunan bu kimi şəxslər müstəqil xarici siyasət aparmağın, ölkənin milli maraqlarının qorunmasının nə olduğunu bilmir və başa düşmürlər.

Birincisi, Azərbaycan-Aİ münasibətləri hər şeydən əvvəl bərabərhüquqlu və qarşılıqlı surətdə faydalı əməkdaşlığa əsaslanır. Digər ölkələrdən fərqli olaraq, Azərbaycan Aİ-nin təqdim etdiyi sənədi olduğu kimi qəbul etmir, əksinə, Azərbaycanın təqdim etdiyi sənəd üzərində, hər iki tərəf üçün məqbul ola biləcək müddəalar müzakirə olunur. Azərbaycan statistik göstərici mahiyyətində sənəd imzalamaq üçün deyil, öz maraqlarına uyğun şəkildə mötəbər bir sazişə nail olmaq məqsədilə müzakirələr aparır.  Məsələn, Cənubi Koreya ilə Aİ arasında saziş bir neçə il davam edib.

İkincisi, diplomatik etika onu tələb edir ki, üzərində danışıqlar aparılan sənəd işçi səviyyədə olduğu halda, onun barəsində geniş ictimaiyyətə məlumat verilmir. Sənəd yekunlaşıb paraflanma səviyyəsinə çatdıqda onun barəsində məlumatın verilməsi həyata keçirilir. Üçüncüsü, Ermənistanı narahat edən əsas məqam sənəddə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının təmin olunmasıdır. Belə bir mövqenin sənəddə təsbit olunması tam təbiidir. Bunu dərk etmək üçün Avropa İttifaqının sənədlərinə baxmaq kifayətdir.

Belə ki, 2017-ci il tarixli Şərq Tərəfdaşlığı Brüssel Zirvə bəyannaməsində tərəfdaş ölkələrin hər birinin suverenliyinin, ərazi bütövlüyünün təmin edilməsi və sərhədlərinin toxunulmazlığı yer alıb. Bu mövqe daha sonra, 2018-ci ildə Aİ ilə Azərbaycan arasında ikitərəfli "Tərəfdaşlıq Prioritetləri" sənədində də təkrarlandı: sözügedən sənəddə qeyd olunur ki, münasibətlər suverenliyin, ərazi bütövlüyünün və beynəlxalq sərhədlərin toxunulmazlığının qarşılıqlı dəstəklənməsi əsasında inkişaf edəcəkdir. 

Nəyahət, Avropa Parlamentinin 2018-ci il dekabrın 12-də qəbul etdiyi, məruzəçiləri Xarici Məsələlər Komitəsinin sədri D.Makalister və Avropa Komissiyasının vitse-prezidenti, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi F.Moqerini olan  "Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik sahəsində ümumi siyasətinə dair" qətnamə tərəfdaşların suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləmək öhdəliyini təsdiq edir, bütün dondurulmuş münaqişələrin beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq həll edilməsi, bu ölkələrin vətəndaşları - məcburi köçkünlər və münaqişələrdən qaynaqlanan qaçqınlara yardımların gücləndirilməsinin vacibliyini vurğulayır. Bu gün də Azərbaycan ilə Aİ arasında müzakirə edilən sənəd məhz bu meyarlar əsasında aparılır.

Dördüncüsü, Avropa İttifaqı Komissiyasının siyasətində ticarət mühüm əhəmiyyət kəsb edir. Ticarət siyasətində məqsəd Avropa İttifaqı üzv dövlətlərinin şirkətləri üçün əlverişli şərtlərlə yeni bazarlar və imkanlar əldə etməkdir. Amma bu hələ preferensial əsasda Avropa bazarlarının Azərbaycan şirkətləri üçün açılması deyil. Azərbaycan bazarının, bu bazarda çalışan yüz minlərlə işçinin iş yerlərini kim qorumalıdır? Başqa bir nümunəni götürək. Fransa Şampan və ya Konyak kimi brendlərini qoruduğu halda, coğrafi identifikasiya prinsipi ilə Azərbaycan niyə öz maraqlarını qorumamalıdır?

Mövzu ilə bağlı danışan millət vəkili Sədaqət Vəliyeva deyib ki, bu cür qüvvələr heç vaxt öz çirkin niyyətlərinə çatmayacaqlar. Birincisi ona görə ki,  Prezident İlham Əliyev ötən 16 il ərzində atdığı bütün addımları ilə hər bir azərbaycanlının prezidenti olduğunu isbatlayır. Bədbəxt hadisələr zamanı çətin vəziyyətə düşmüş vətəndaşların yanında olan, onlara kömək edən, problemlərini həll edən dövlət başçısı hər addımı ilə vətəndaşın yanında olduğunu sübut edir: "Xalqımız öz prezidentini, onun atdığı addımları, daxili və xarici siyasətini tam dəstəkləyir ki, bu birliyi sarsıtmaq, hansısa qarayaxma kampaniyaları ilə nəyəsə nail olmaq mümkün deyil. Xalq-Prezident birliyi Azərbaycan dövlətinin və xalqının düşmənlərinin planlarını həyata keçirməyə heç vaxt imkan verməz və həmin planları pozur. Hansısa məqamlardan sui-istifadə edib öz şəxsi maraqlarını həyata keçirmək istəyən antimilli ünsürlər hər dəfə ifşa olunurlar. Bu cür addımları ilə onlar bir daha xalqdan ayrı olduqlarını, yalnız şəxsi mənafelərini düşündüklərini və insanların taleyinin onları maraqlandırmadığını ortaya qoyurlar".

Deputat deyib ki, Azərbaycan Prezidentinin apardığı xarici siyasət də tam şəkildə dövlətimizin və xalqımızın maraqlarına cavab verir: "Bu siyasət beynəlxalq aləmdə Azərbaycanı söz sahibinə çevirib. Avropa İttifaqı ilə imzalanması gözlənilən saziş əlbəttə ki, dərindən müzakirə edilib və qarşılıqlı, faydalı əməkdaşlıq nəzərə alınaraq hazırlanır. Ölkəmizi istəməyən qüvvələr həmişə olub, təəssüf ki, onlara daxildən və xaricdəki antimilli qüvvələr də dəstək verir. Amma qeyd etdiyim kimi, onlar heç nəyə nail olmayacaqlar".

"Azadlıq Hərəkatçılar Birliyi"nin sədri Təhmasib Novruzov isə deyib ki,  xarici pozucu qüvvələr Azərbaycanda öz məkrli istəklərini həyata keçirmək üçün müxalifət təmsilçilərindən bir vasitə kimi istifadə edirlər: "Xaricidə olan bəzi qüvvələr Azərbaycan dövlətinin inkişafına qısqanclıq hissi ilə yanaşır, əldə olunan uğurlardan narahat olurlar. Ancaq birmənalı şəkildə demək olar ki, nə xaricdə olan bəzi qüvvələrin, nə də ki, daxildə olan müxalifətin ölkəmiz ilə bağlı məkrli istəkləri heç vaxt baş tutmayacaqdır. Çünki müxalifətin xalq tərəfindən heç bir siyasi dəstəyi yoxdur. Bu baxımdan müxalifət liderlərinə ancaq belə mənasız "fəaliyyət" qalacaq". O əlavə edib ki, bir siyasi quruma rəhbərlik edən şəxs ciddi və əxlaqlı siyasət aparmalıdır: "AXCP, Müsavat yetkililəri siyasi etikadan uzaq olmaqla xarici ağalarının sifarişlərini yerinə yetirmiş olurlar. Müxalifət təmsilçiləri özlərini reklam etmək və gündəmdə qalmaqdan ötəri hər cür yaramaz əməllərdən istifadə edirlər. Onlar məhz bu əməllərinə görə xarici qüvvələr tərəfindən maliyyə yardımları alırlar".

AZAD

 





20.04.2019    çap et  çap et