525.Az

Paşinyanın vəd etdiyi "inqilaba bərabər islahatlar"dan narazılıq artır


 

PARLAMENT FRAKSİYALARI OPTİMALLAŞDIRMA SİYASƏTİNİ SƏRT TƏNQİD EDİRLƏR

Paşinyanın vəd etdiyi "inqilaba bərabər islahatlar"dan narazılıq artır<b style="color:red"></b>

Ermənistanda Paşinyan hakimiyyətindən narazılıq artmaqdadır. Baş nazir postunda olduğu bir ilə yaxın müddət ərzində Paşinyan və onun komandası nəinki erməni xalqının sosial rifahının artması, həyat şəraitinin yaxşılaşması, ölkənin inkişafı, iqtisadi islahatların aparılması və digər müstəvilərdə hər hansı irəliləyişə nail olub, əksinə, vəziyyət daha da ağırlaşıb.

Paşinyan vəd etdiyi "inqilaba bərabər islahatlar" özünü iş yerlərinin ixtisarında, dövlət strukturlarının ləğvində, qiymət artımında, əmək haqqı, təqaüd və pensiyaların vaxtında verilməməsində göstərməkdədir. Digər tərəfdən, Ermənistan ordusunda da özbaşınalıq, xaos davam edir. Hər ay 10-a yaxın hərbçi ya öldürülür, ya da ağır bədən xəsarətləri alır. Bir neçə gün əvvəl Yerevan yaxınlığında hərbi hissələrdən birində Ermənistan ordusunun hərbçisi güllələnib, xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Bu faktların özü ölkədə sabitliyin olmadığını, xaos, anarxiyanın davam etdiyini göstərir.

Mövcud vəziyyət Ermənistan parlamentində də ciddi tənqid olunmaqdadır. Parlamentdəki "Çiçəklənən Ermənistan" və "Parlaq Ermənistan" fraksiyaları təmsilçiləri Paşinyan hakimiyyətinin əslində, keçmiş prezident Serj Sarkisyanın formalaşdırdığı hökumət strukturunu saxladığını düşünürlər.

"Parlaq Ermənistan" partiyasının və parlament fraksiyasının rəhbəri Edmon Marukyan bildirib ki, ölkədəki dövlət idarəçiliyinin hazırkı strukturu Serj Sarkisyanın "kostyumu" adını alıb və  super-baş nazirlik sistemidir: "Parlamentə bu kostyumdan bir neçə düymənin çıxarılmasına bənzəyən bir layihə gətirmisiniz. Və deyirsiniz ki, indi "kostyum əyinə yaxşı oturur?"

Marukyan hətta hökumətin nə etdiyini göstərmək üçün pencəyini də çıxarıb. O, hökumətin optimallaşdırma ilə bağlı təqdim etdiyi və guya "yeni" olan sistemin Serj Sarkisyanın sistemi olduğunu da bəyan edib: "İki düyməni sildiniz, lakin baş nazir Milli Təhlükəsizlik Xidmətinin, Dövlət Gəlirləri Komitəsinin rəhbəri olaraq qalır. Bu strukturlar üçün məsuliyyət daşıyacaq əlaqələndirici yoxdur".

Məlumat üçün bildirək ki, "Parlaq Ermənistan"ın hökumət strukturunda dəyişiklikləri nəzərdə tutan layihəsində optimallaşdırmadan sonra hökumətin baş nazirdən, 2 vitse-baş nazir və 12 nazirdən ibarət olacağı təklif edilirdi. Bi neçə gün əvvəl parlamentin hökumət strukturuna dəyişiklik edilməsi barədə qəbul etdiyi qanun layihəsinə "Parlaq Ermənistan" və "Çiçəklənən Ermənistan" fraksiyaları səs verməyib. Yalnız Paşinyanın "Mənim addımım" fraksiyası layihənin lehinə səs verib və onlar parlamentdə çoxluq təşkil etdikləri üçün sənəd 70 səs lehinə, 40 əleyhinə olmaqla qəbul edilib.

Sənəddə nazirliklərin sayının 17-dən 12-ə endirmək təklif edilir. Ermənistan müxalifəti hakimiyyətin iş yerlərinin ixtisarı ilə bağlı hər hansı rəqəm açıqlamamasından da narahatlığını ifadə edib.

"Joxovurd" nəşri isə optimallaşdırma nəticəsində nə qədər insanın işsiz qalacağı barədə yazıb. Məlumata görə, ləğv edilmiş Kənd Təsərrüfatı Nazirliyində 130, Mədəniyyət Nazirliyində 110, Diaspor Nazirliyində 80, İdman və Gənclik Nazirliyində eyni sayda iş yerləri var. Yəni hələ bu da işsizlərin tam mənzərəsini əks etdirmir. Müxalifət fraksiyaları nümayəndələrinin fikrincə, qanun layihəsinə əsasən, hökumət icra hakimiyyəti strukturunun  səmərəliliyinin artırılmasına nail ola bilməyəcək.

Qeyd edək ki, qanun layihəsinə əsasən Ermənistanda Kənd Təsərrüfatı, Enerji İnfrastrukturu və Təbii Sərvətlər, Mədəniyyət, İdman və Gənclik, Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri ləğv edilir.

Marukyan Paşinyan hökumətini plagiatçılıqda da ittiham edib. O deyib ki,  parlamentdə müzakirəsi keçirilən hərbi qulluqçuların  sağlamlığının və sosial təminatının qorunması ilə bağlı qanun layihəsi "Parlaq Ermənistan" tərəfindən parlamentə təqdim edilib. Lakin hökumət əvvəl bu təklifi rədd edib, daha sonra onu olduğu kimi özünün sənədi olaraq qəbul edib. Marukyan həmkarlarını ideyalardan istifadə edərkən fraksiyanın müəllifliyini ifadə etməyə çağırıb. Əlavə edib ki, parlamentdə olan plagiatlıq artıq hökumət səviyyəsində inkişaf edir.

"Çiçəklənən Ermənistan" partiyasının sədri, parlament fraksiyasının rəhbəri Qaqik Tsarukyan da Paşinyan hökumətindən narazılığını ifadə edib. Onun sözlərinə görə, yeni hökumət gözləntiləri doğrultmayıb. Belə ki, inqilabdan sonra hər kəs Ermənistana qayıtmağa hazırlaşırdı, immiqrasiya gözlənilirdi. Amma artıq hər şey bitdi, diasporun nümayəndələrindən soruşa bilərsiniz, onlar əyləclərə basdılar. Onun sözlərinə görə, immiqrasiya üçün əlverişli şərait olmadığı müddətdə əhali geri qayıtmayacaq: "Biz hər birimiz insanların qayıtmaq istədiklərini bilirdik. Amma onlar görürlər ki, iş yerləri, hər hansı imkanlar yoxdur, mənzil problemi mövcuddur, regional və şəhər idarələrində artıq 30%  ixtisar edilib. Bütün bunlara görə də qayıdış prosesi dayandırılıb".

PƏRVANƏ

 





20.04.2019    çap et  çap et