525.Az

Vinod Kumar: “Azərbaycanın yerləşdiyi geosiyasi mövqe Hindistan üçün əhəmiyyətlidir”


 

Vinod Kumar: “Azərbaycanın yerləşdiyi geosiyasi mövqe Hindistan üçün əhəmiyyətlidir” <b style="color:red"></b>

Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vinod Kumar “525-ci qəzet”ə müsahibəsində iki ölkə arasında əməkdaşlığın vəziyyəti, perspektivləri, müxtəlif sahələrdə görülən işlərdən danışıb. 

–Cənab səfir, öncə iki ölkə arasında münasibətlərin durumu barədə fikirlərinizi bilmək maraqlı olardı. Siz əməkdaşlığın hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?

– Hindistanla Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir və müxtəlif sahələrdə əlaqələrimiz inkişaf etməkdədir. Keçən il Hindistandan Bakıya dörd nazir səfər edib, eyni sayda Azərbaycan naziri də Dehliyə gedib. Bundan əlavə, bir neçə geniştərkibli nümayəndə heyətləri də qarşılıqlı səfərdə olublar. Xüsusilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun may ayının birinci həftəsində Hindistana səfəri daha yaddaqalandır. Çünki həmin səfər zamanı ölkələrimiz arasında bir sıra sazişlər imzalandı. Biz də çalışırıq ki, həmin sazişlərin sayı daha çox olsun. Bu ilin sonunadək hər iki ölkədən digər yüksək səviyyəli rəsmi səfərlər də nəzərdə tutulub.

– Hindistan həm də dünyada informasiya texnologiyalarının inkişaf etdiyi ölkə kimi ad çıxarıb.... – Hindistan sənaye, kənd təsərrüfatı, əczaçılıq, elektron və sair kimi kosmik sənaye sahələrini də uğurla inkişaf etdirə bilib. Bu gün hindistanlı mütəxəssislər, hətta Fransa və Almaniya kimi güclü sənaye dövlətlərinə öz peyklərini kosmosa çıxarmağa kömək göstərir. Hətta google, facebook və sair internet şəbəkələrinin də daxil olduğu sistemlərdə hindistanlı mütəxəssislərin sayı kifayət qədərdir. Yeri gəlmişkən, adıçəkilən şirkətlərin bir çoxunun tədqiqat mərkəzləri məhz Hindistanda yerləşir ki, orada çalışanların əksəriyyəti hind alimləridir.

–Siz bayaq ölkələrimiz arasında rəsmi heyətlərin qarşılıqlı səfərlərini qeyd etdiniz. Bu səfərlər əlaqələrimizin inkişafına nə kimi kömək göstərdi?

–Qeyd etdiyim kimi səfərlər zamanı müxtəlif sazişlər imzalanır ki, bu da münasibətlərimizin inkişafına mühüm təsir göstərir. Biz də çalışırıq ki, həmin sazişlərin sayı daha çox olsun. İqtisadi sferada da əlaqələrimiz sürətli inkişaf mərhələsindədir. Yəqin xəbəriniz var ki, artıq hind şirkəti Azərbaycanın neft-qaz sektorunda iştirak etməkdədir. Bildiyimizə görə, bu şirkətin Azərbaycana qoyduğu sərmayənin miqdarı 1 milyard dollara yaxındır. Ümumiyyətlə, ölkələrimiz arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensial mövcuddur və çalışmaq lazımdır ki, bu şansdan maksimum yararlanaq.

– 2013-cü ilin sonunadək hər iki ölkədən olmaqla, hansı yüksək səviyyəli dövlət və hökumət nümayəndələrinin səfəri gözlənilir?

–. İlk növbədə, neft-qaz sahəsinə baxan nazirin səfərini təşkil etmək fikrimiz var. Eləcə də Pəncab vilayətinin yüksək səviyyəli nümayəndə heyəti Azərbaycanda olmaq istəyir. Eləcə də Azərbaycan rabitə və informasiya texnologiyaları nazirinin Hindistana səfəri nəzərdə tutulub. Bundan əlavə, Hindistan-Azərbaycan hökumətlərarası komissiyasının sayca 4-cü iclasının keçirilməsi də gündəmdədir. Həmin iclasa qatılacaq təbii sərvətlər və ekologiya naziri Hüseynqulu Bağırovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin Dehliyə səfəri dekabradək baş tutacaq. Bildirim ki, Pəncab ştatında kənd təsərrüfatı güclü inkişaf edib. Xüsusilə südçülük, əkinçilik, xüsusilə də taxılçılıq və tərəvəz yetişdirilməsi orada böyük uğur qazanıb. Azərbaycanın da kənd təsərrüfatı üçün keyfiyyətli torpağı və əlverişli iqlimi var. Bunu nəzərə alsaq Pəncabla Azərbaycan arasında əməkdaşlıq hər iki tərəfə xeyir gətirə bilər. Hətta arzulanarsa mən Hindistandan Azərbaycana həmin sahələrin mütəxəssis qruplarını gətirə bilərəm.

– Elədirsə, Azərbaycan düyüyə və çaya tələbatını xaricdən idxal hesabına ödəyir. Hansı ki, burada hələ qədimdən çay plantasiyaları da var, çəltik də əkilir. Hind iş adamları bu sahələrin müasir səviyyədə inkişafına dəstək ola bilərlərmi?

– Hindistanlı iş adamları hər bir ölkə ilə əməkdaşlıq etməyə hazırdır. Məsələn, onlar hazırda Afrika ölkələrində kənd təsərrüfatı sahələrinin inkişafında böyük rol oynayırlar. Azərbaycana gəldikdə isə, bayaq da vurğuladığım kimi, bir sıra texniki problemlər aradan qaldırılmalıdır. Məsələn, vizaların verilməsi şərtləri yüngülləşdirilməli və birbaşa aviareys açılmalıdır. Çünki tranzit uçuşlar həm insanların vaxtını alır, həm də daha çox maddi ziyana düşməsinə səbəb olur.

– Bayaq dediniz, neft-qaz sahəsinə hind sərmayəsi yatırılıb. Bu barədə daha geniş məlumat verə bilərsiniz?

 – Bilirsiniz, Azərbaycan zəngin neft və qaz ehtiyatlarına malikdir, Hindistan isə həmin yanacaq məhsullarını xaricdən alır. Ümumiyyətlə, ölkəmiz istehlak etdiyi yanacağın 75 faizini xaricdən idxal edir. Mən ötən ay Hindistanda olanda əlaqədər qurumlarda, o cümlədən bu sahədə fəaliyyət göstərən şirkətdə oldum. Onlar da təsdiqlədilər ki, Azərbaycanla neft-qaz sahəsində əlaqələri gücləndirmək lazımdır. Məsələn, bayaq Hindistan şirkətinin Azərbaycanın yanacaq sektoruna 1 milyard dollar yatırdığını qeyd etdim, bu başlanğıc sayıla bilər.

– Ümumiyyətlə, nə qədər yanacaq xammalı alırsınız Azərbaycandan?

– Ötən ilin hesabatına görə, il ərzində Hindistanla Azərbaycan arasında ticarətin həcmi 1,9 milyard dollar olub. Bunun da 1,8 milyard dolları Hindistanın Azərbaycandan məhsul idxalının payına düşür və həmin 1,8 milyard dollardan 1,75 milyard dollar yalnız yanacaq xammalı almaq üçün xərclənib. Onu da deyim, Hindistan əvvəllər nefti dünya bazarından alırdı. Amma son vaxtlar bu yanacağı birbaşa Azərbaycandan alırıq. Səbəb isə budur ki, Hindistan hökuməti artıq Azərbaycanda neftin qiymətinin sabit olduğunu başa düşür və Bakının etibarına arxalanır. Ümumiyyətlə desək, Hindistan ildən-ilə sürətlə inkişaf edir və bu prosesin nəticəsi olaraq enerjiyə tələbatı da artır. Bu mənada Azərbaycanla əməkdaşlığa ehtiyacımız da böyüməkdədir.

– Yeri gəlmişkən, əhalisinin sayına görə dünyanın ikinci iri dövləti olan Hindistanla Azərbaycan arasında birbaşa hava reyslərinin olmaması məntiqə sığmır. Ölkələrimizin vətəndaşları nə vaxtadək tranzit yolla səfər edəcəklər?

– Hindistanla Azərbaycan arasında hələlik, birbaşa hava reysləri fəaliyyət göstərmir. Baxmayaraq ki, bütün vacib sənədlər imzalanmaq üçün hazırdır. Hər halda ümidlərimizi üzmürük, əminik ki, yaxın vaxtlarda birbaşa hava reyslərinin açıldığının şahidi olacağıq. Bununla da Azərbaycanı görmək istəyən hindistanlılar və təbii ki, Hindistanda olmaq istəyən azərbaycanlılar bu səfərdən yararlanacaq. Nəticədə gediş-gəliş artacaq. Onu da nəzərə alın ki, Azərbaycan əvvəlki illərlə müqayisədə bu gün beynəlxalq səviyyələrdə daha çox tanınmağa başlayıb. Şöhrəti yayıldıqca, bundan xəbər tutan insanlar təbii olaraq ölkənizi görməyə tələsəcəklər. Viza problemi də həllini taparsa, Azərbaycanın xaricdən daha çox turist cəlb edəcəyinə əminəm. Onu da nəzərinizə çatdırım ki, Azərbaycanın yerləşdiyi geosiyasi mövqe Hindistan üçün əhəmiyyətlidir. Ölkəniz Şimal-Cənub dəhlizi üzərində körpü rolunu oynayır. Məsələn, Hindistandan Avropaya daşınan yüklər İran vasitəsilə Azərbaycana, buradan isə Rusiyaya, daha sonra da Avropaya daşınır. Bu isə bizim ölkə üçün əlverişlidir. Eyni zamanda, Hindistanla Azərbaycan nəinki ikitərəfli, hətta üçüncü ölkədə də birgə fəaliyyət qura bilərlər.

Pərvanə

 





24.09.2013    çap et  çap et